Mir Həmzə Seyid Nigari Qarabaği: şair və mücahid şeyx

MÖVLUDUNUN 220, VƏFATININ 140 İLLİYİNƏ

 

(Əvvəli ötən sayımızda)

 

XIX əsrin ortalarında Qafqazda rus istilasına qarşı meydana gələn Cihadın ilk ideya müəlliflərindən biri Mir Həmzə olub. Ruslar onu özləri üçün Şeyx Şamil qədər təhlükəli sayıb, daim həyatına son verməyə çalışıb, lakin Allahın izni, sədaqətli qorumaları, müridlərinin sayıqlığı ilə salamat qalıb, namərdlərə fürsət verməyib.

Şuşadakı Xan sarayına yerləşmiş rus xəfiyyələri onun Şəki xanına məktubunu ələ keçirib, bir neçə əqidə yoldaşı tutulsa da, Mir Həmzə müridlərinin köməyi ilə Arazı keçib özünü Təbrizə yetirib, rus, fars xəfiyyələri onu burada həbs edib, ancaq Osmanlı səltənətinə gizli bağlılığı olan Təbriz valisinin yardımı sayəsində qaçırılıb. 1866-cı ildə Osmanlı dövlətinə - Ərzuruma keçirilib, mühafizəsi təşkil olunub, ona yetərli qədər maaş kəsilib. Bir müddət sonra xanımı və oğlunu da yanına gətirdib. Dəvət aldığı İstanbul sarayında ona hər cür maddi təminatlı vəzifələr təklif edilsə də, imtina edib yenidən vətənə yaxın olan Ərzuruma gəlib, 1867-ci ilə qədər Ərzurumda yaşayıb, həcc ziyarətində olub, Şam, Qüdsü gəzib, haqq dərgahına üz tutmaqda olan Şeyxi İsmayıl Şirvaninin vəsiyyəti ilə onun yerini tutmaq üçün Amasyaya gəlib, təfsir və hədis dərsləri deyib, fəal təsəvvüfi fəaliyyəti ilə də məşğul olub. Onun artan nüfuzu, nəqşibəndi təriqətinin sürətlə yayılması həm hakimiyyət dairələrini, həm də yaxın ətrafdakı digər məzhəb mənsublarını rahatsız edib, sultan sarayına çoxlu şikayətlər göndərilib, təzyiqlər səbəbi ilə bir qisim müridi ilə birlikdə əvvəlcə Samsuna, sonra da Harputa sürgün edilib.

Mir Həmzə Nigari həzrətlərinin 1885-ci il sentyabrın 29-da vəfat edib, cənazəsi vəsiyyətinə uyğun olaraq Harputdan Amasyaya aparılıb, 7 gün sürən yolçuluqdan sonra Amasyaya gəlib çatan cəsədi məzara qoyulmaq üçün təkrar yuyulduğunda cisminin, üz-gözünün nurunun heç pozulmadığı hər kəsi, məmurları da, müridlərini də heyrətə gətirib, hətta, onun mumiyalanmış olmasına dair şübhələr də yoxlanıb, əsassızlığı aşkar olub, bu əhvalat çoxsaylı mənbələrdə, İstanbul sarayına göndərilən rəsmi raporlarda da əksini tapıb.

Həmzə əfəndinin müridi, Qazaxlı Hacı Mahmud əfəndinin səyi ilə Qarabağ, Qazax və Borçalıdakı müridlərdən toplanan ianə ilə türbəsi, türbənin yanında da bir məscid inşa edilib. Bu məscid Amasyada indi də "Azerilər" və "Şirvanlı camisi" adı ilə tanınır. 1934 və 44-cü illər də daxil, dəfələrlə baş vermiş zəlzələlər bu şəhərdəki bütün tikililəri, o cümlədən, məscidləri uçursa da, "Şirvanlı camisi"nə xətər toxunmayıb. Son illər İstanbulda yaşayan Zəngəzur kökənli inanclı xeyirxah insanın vəsaiti hesabına məscid və ətrafı abadlaşıb.

Amasyada Qarabağ, Zəngəzur, Şəki, Şirvan, Qazax, Borçalı mahallarından taleyin hökmü ilə üz tutub pənah gətirən çox sayda dindarın əsas ziyarətgahlarından biri Şeyxin cismi uyuyan bu məsciddir.

İlahi eşq Nigarinin əsas ilham mənbəyi, yaradıcılığının ana xətti, baş mövzusudur. Mürşidi Şeyx İsmayıl Şirvani onun haqqında belə söyləyib: "Mir Həmzə ilahi eşqlə məhvi-vücud olmuşdur. Onun mürşidi eşqdir".

Eyni fikri Türk ədəbiyyat tarixçisi İskəndər Pala Nigarinin divanının Türkiyədəki nəşrinin ön sözündə yazıb: "Mir Həmzə Nigari adlı lüğətdə bir söz olsaydı, qarşısında mütləq "eşq" yazılardı. Ömrünü bir tək eşqə, bir Tək eşqinə sərf etmiş bu könül dərinliyi olan şeyx heç şübhə yoxdur ki, XIX əsr türk təsəvvüf mühit və ədəbiyyatının da öndə gələn isimlərindəndir. Həyatının çoxunu keçirdiyi Şərqi Anadolu və Şimali Azərbaycanda hələ də analar övladlarına onun eşq şeirlərindən laylalar söyləyirlər".

Yaradıcılığında Hz.Məhəmmədi, Hz.Əlini, Hz.Hüseyni, Hz.Öməri, Hz.Osmanı sevgi ilə vəsf edən Şeyx Mir Həmzə Peyğəmbər soyuna düşmən olan Əbu Süfyan, Muaviyə, Yezid, Mərvan kimilərinə qəzəbini də ifadə edib, ömrünün sonunadək bu düşüncələrində sabit qalıb.

Nəqşibəndi təriqətinə cani-könüldən bağlılığı, bu yolda fəaliyyətləri səbəbi ilə Qafqazda sünni təbliğində, Anadoluda şiəliyin təbliğində suçlanıb təzyiqlərə məruz qalıb, nüfuzunun genişlənməsindən qorxuya düşən ruhanilərin paxıllığı, hökumət orqanlarına basqılara ucbatından tez-tez Anadolunun müxtəlif yerlərinə köçməyə, yerini dəyişməyə məcbur qalıb.

Təsəvvüf tərbiyəsini tamamlayıb kamil mürşid məqamına yetişən Şeyx həyat və yaradıcılığında Allah sevgisini hər zaman ən uca məqamda tutub.

Seyid Nigari sufi, təsəvvüf şairidir. Bu gün də keçmişdə olduğu kimi, Qafqazda, Anadoluda səma məclislərində mövləvi və nəqşibəndilərin ayinlərində, zikrlərində Mövlana Cəlaləddin Rumidən sonra ən çox Seyid Nigarinin insanlara İlahi sevgisi bəxş edən şeirləri oxunur, ifa edilir, rituallarda səslənir.

Əlhəmdülillah, Əlhəmdülillah,

Söylər vücudum tamamən Allah.

Görsəm bir bəla, zikrim hüveyda,

Əlhökmü lillah, əlhökmü lillah.

Olmasın canım, olmasam hər dəm

Fikrinlə, Allah, zikrinlə, Allah.

Sovet-KQB rejiminin meydan suladığı illərdə sevilən yazıçımız İsmayıl Şıxlının "Dəli Kür"də Nigarini, nəqşbəndiliyi yaddaşlara gətirməsini minnətdarlıqla xatırlamaq lazımdır. Bu gün də Qafqaz və Anadolunun bir çox guşələrində nəqşibəndi təriqətinə mənsub çox sayda dindar insanlar vardır, onlar həm də Allaha ibadətin, haqqa qovuşmağın musiqili ritmik zikr yolunu seçiblər, o yola sadiqdirlər.

Şeyxin dini görüşünün əsasında Allaha, Həzrəti-Peyğəmbərə (s.ə.s) və onun əhli-beytinə sonsuz məhəbbət durur. Əksər şeirlərində də könül verdiyi bu ulu məhəbbəti vəsf edib, özünün nəqşibəndi olduğunu da fəxarətlə vurğulayıb:

Nəsli-Məhəmmədi sevmək, istəmək

Haqqın bizə başqa kəramətidir.

Əlmədəd, üftadəyəm, ya dəstgir,

Ya Məhəmməd, ya Əli, ya Nəqşibənd!

Göründüyü kimi, Həzrəti Məhəmmədi (s.ə.s), Həzrəti Əli ilə birlikdə bu təriqətin yaradıcısı Bəhaəddin Nəqşibəndini də piri saydığını söyləyib.

Çoxlu şeirində Kərbəla, İmam Hüseyn şəhadətliyini sevgi, ürək ağrısı ilə vəsf edib.

Kərbəla atəşi, ey vah, cigərgahimdən

Baş verib, dil yağılar, sinə yanar, can ağlar.

 

Tək Azərbaycanda deyil, bütün islam aləmində bu gün ən qorxulu meyl islam düşmənləri tərəfindən çoxsaylı təriqətlərin meydana gəlməsi-gətirilməsidir, digər təriqətlərə qarşı barışmaz düşmənçilikdir, qütbləşmədir, islamın siyasilər əlində vasitəyə çevrilməsidir. Şeyx Mirhəmzə Nigarinin dini görüşləri, vəsiyyətləri müqəddəs islam dinimizin birləşdirici mahiyyətinə, birliyə, bütünləşməyə, qardaşlaşmağa, güclənməyə vəsilədir.

Nigari yaradıcılığının ikinci əsas xətti dünyəvi eşqidir - sevib qovuşmadığı Nigara qarşı bitib tükənməyən sevgisidir. Onların ilk görüşü haqqında da mənbələrdə şahid xatirələri qalır... Qarabağı nüfuzlu Qarapirim bəyinin qızı olan Nigar röyasında gördüyü Mir Həmzənin onun dərgahına yaxınlaşdığını duyur, ətrafındakılarla birlikdə onu qarşılamağa çıxır, göz-gözə gəldiklərində hər ikisinin nitqi tutulur, lal sükut içərisində durub dayanırlar. Nigar Mir Həmzəyə: - Məni gördüyün yuxu yadındamı?-sualını verir və cavab gözləmədən baxışları göz-gözə dayananda hər ikisi huşunu itirir. Mənalar aləmində görüb aşiq olduğu, ancaq qovuşmadığı bu eşq əhli özünə Nigari təxəllüsünü seçir, daha çox bu adla tanınır. "Nigarnamə" məsnəvisi başdan-başa sanki bir sevgi dastanıdır.

 

Alıbdır canımı qəmzə,

düşübdür könlümə lərzə,

Hər bir aşiq Seyid Həmzə,

hər bir dilbər Nigar olmaz.

 

Çox sayda qəzəlində, "Ey cununi-Leyla, aşiqi-şeyda", "Ey istəyən yari, sevən dildari", "Ey dili-pursovda, talibi-Ənqa", "Şamu səhər, ey dil, vəchi-dildarə" kimi qoşma, "Aşıq oldum gene tazə", "Əqlimi ey guli-xəndan" gəraylılarında Nigara eşqini rəvan, həzin, sadə, səmimi bir dildə vəsf edib.

 

Dərdü möhnətin, ey sənəm, sənəm,

Eşq ilə çəkən, bir mənəm, mənəm.

Arü-varini rahi-mehrdə,

Tarümar edən bir mənəm, mənəm.

Çəkmişəm cəfa, eylə bir vəfa,

Sən də ələta can sənə fəda,

Rahi-mehrdə zari-binəva

Tarükül vətən bir mənəm, mənəm.

 

Mir Həmzə Nigari yaradıcılığında Qarabağ mövzusu, Qarabağ həsrəti üçüncü əsas xətdir. Şair doğma vətəni Qarabağa çox böyük məhəbbət bəsləyib. Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şeirində bu faciəli hadisənin sinəsinə saplanan xəncər kimi onu iztiraba qərq etdiyini ifadə edib, Dağıstan şiri Şeyx Şamilin mücadiləsini vəsf edib.

 

Mərdi-mərdanə o qaplansifəti-Moskof ilən

Eyləmək cəngü cədəl şiri-Dağıstanə düşər.

 

(Ardı var)

Hacı NƏRİMANOĞLU,

"Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet .- 2025.- 7 avqust(№138).- S.7.