Rəqsin ömrün mənasına
çevrildiyi an...
O, ilk dəfə səhnəyə çıxanda,
üzündə bir uşaq təbəssümü, qəlbində
isə sonsuz bir həyəcan var idi. Gözlərindəki
işıq, sanki içində gizlənən bir tale
yazısının ilk şərtlərinin
yazılacağı anın yetişdiyini hiss edirdi... Onda hələ
o qızcığaz bilmirdi ki, bu işıq 60 illik
ömrünün mənasına çevriləcək, o ilk
uşaqlıq arzusunun atəşi bir an belə sönməyək.
Çünki o, yalnız səhnəyə
çıxmamışdı - o, sadəcə
özünü səhnədən
kənarda təsəvvür eləmədi bu illər ərzində.
İndi Təranə Muradovanın adı çəkiləndə
göz önünə rəqs gəlir. Amma bu rəqs nə
sadəcə ahəngli bir hərəkət, nə də
göz oxşayan libaslarla gözəlləşən, təsirli
olan bir jest idi. Bu rəqs – bir həyat tərzi, bir kimlik, bir əqidə
savaşı idi, bapbalaca bir qızın ürəyində
tumurcuqlanan rəqs adlı bir dünyanın ilk cücərtiləri
idi. O, bədən dilini milli yaddaşın sözünə
çevirmək üçün gəlmişdi dünyaya!
Ən çətin anlarında belə: “Mən bunu bacaracam” -
inadı ilə çalışırdı.
Uşaqlıq illərindən bəri musiqi və hərəkətin
bir ahəngdə yaratdığı sirli güc onu necə əfsunlamışdısa,
ötən illərin belə bu sevgini üstələməyə
gücü çatmamışdı. Ailəsi, ətrafı
onun bu marağını hiss edir, bəzən o dövr
üçün o qədər də məqbul sayılmayan
artistlik - peşəkar rəqqas olmaq arzusu təqdir olunmurdu...
Amma Təranə də inadından əl çəkmirdi. Və
onda heç kəs bilmirdi ki, bu maraq zamanla bir missiyaya
çevriləcək və Təranə Muradovanı
bütün Azərbaycana, yaxın uzaq ölkələrə
tanıdacaq.
Orta məktəbi bitirdikdən sonra ali sənət təhsili
alan Təranə xanım, akademik bazasını gücləndirməklə
bərabər, xalq rəqslərinin fəlsəfəsinə -
genetik yaddaşını mənimsəməyə çalışdı. O, sadəcə
öyrənmədi - rəqslərin mənəvi
dünyasını, fəlsəfi yozumunu dərk etməyə
çalışdı.
Onunla müxtəlif xarici səfərlərdə
olmuşam, nə gizlədim, hər dəfə də daha
çox onun çıxışını gözləmişəm,
özü də həyəcanla, maraqla. Çünki mən
səhnədə titrəyən o Ruhu - milli rəqsimizin dilində
danışan sənətkarın yeni bir hekayə söyləyəcəyinə
əmin idim.
Çünki bilirdim ki, Təranə Muradovanın
ifasında hər rəqs bir tamaşaya çevrilir, eyni rəqsi
hər konsert axşamı başqa bir ovqatda, başqa bir
şövqlə ifa edəcək. Onun səhnədəki hər
addımı – bir mətləb, bir duyğu, bir sədaqət
idi. "Uzundərə", "Tərəkəmə",
"Naz eləmə", "Qazaxı",
"İnnabı", "Xançobanı" – hər biri
onun ifasında milli dəyərin səhnədəki canlı
inikasına çevrilirdi.
Təranə xanımın bütün rəqsləri
gözəldir, təkrarsızdır, amma bir dəfə Vətəndən
çox-çox uzaqda keçirilən "Azərbaycan Mədəniyyət
günləri" çərçivəsində onun ifa
etdiyi "Uzun dərə" rəqsini xatırlayanda göz
yaşlarımı saxlaya bilmirəm. İlahi, musiqi, rəqs,
Təranə xanımın titrək qollarının
çırpıntısı, düyünlənmiş
dodaqlarının titrəyişi, həsrətdən,
intizardan qıvrılan bədəninin gərginliyi öndərin
sükutun içərisində yalnız şərurlu musiqi
ilə sarmaş dolaş olan bir xanımın
danışdığı sevgi, həsrət, ayrılıq
hekayəsi bütün salondakıları necə sehirləmişdisə,
nağıllarda deyildiyi kimi, "barmaqlarını kəssəydin,
xəbərləri olmazdı"! Bu idi bizim musiqimizin qüdrəti
və rəqs etməyi ömrünün mənası sayan bir
azərbaycanlı gözəlin "söylədiyi"
nağılın sehri!
Təranə xanım sadəcə rəqs etmirdi, o, duyğusal bir vurğunluqla o hekayəni,
rəqsin məzmununu, mənasını yaşayırdı.
Elə bil bir qadının intizar dolu illəri, könlündə
gizlənmiş ayrılıq, sevdadan doğan həsrət –
hamısı o çırpınan qollarda, o titrək ayaq hərəkətlərində
şəkil-şəkil canlanırdı. Tamaşaçı
baxmırdı – hiss edirdi. Və bəlkə də ona görə
o boyda salon bir anlıq nəfəsini tutur, son akkordları
vurulandan bir müddət sonra ayağa qalxaraq "Bravooo!"
nidaları ilə rəqsi deyil, onun sənətkar qəlbini
alqışlayırdılar. Bu, onun səhnə arxasındakı
görünməyən zəhmətinə verilən
tamaşaçı qiyməti idi.
Təranə xanım üçün səhnəyə
çıxmaq - sadəcə gözəllik nümayişi
deyildi. Bu, illərin məşqi, bədənin öyrədilməsi,
iradənin cilalanması, ağrının gücə
çevrilməsi idi. O, ayaq barmaqlarında hiss etdiyi
ağrını, bəzən nəfəs kəsən məşqləri,
səhərdən gecəyə qədər təkrarlanan
partnyor tapdanışlarını heç vaxt ağır zəhmət
kimi görmədi. Bu, onun seçdiyi sənətin
ömür boyu yaradacağı zəhmət, ömrün
ayrılmaz qayğısına çevrilən sevdiyi işin
artıq onun həyat tərzinə çevrilməsi idi.
Heç bir uğur, heç bir orden, diplom onun məsuliyyət
hissini azaltmadı. Əksinə, daha da artırdı. Təranə
Muradova uğurdan arxayınlaşan sənətkar deyildi. Onun
üçün hər yeni çıxış bir
imtahandı.
“Səhnə bir andır - amma o anda minlərlə
baxış sənə yönəlir. Orada sən tək
deyilsən – orada millət var, mədəniyyət var, tarix
var” - deyir özü. Bu, onun sənət fəlsəfəsi,
həyat düşüncəsidir.
Azərbaycan xalqının milli ruhunu dünyaya
tanıtmaq, sənət
meydanlarına daşımaq təbliğ etmək,
yaşatmaq Təranə xanımın ən böyük
missiyası olub həmişə. O, təkcə Azərbaycan səhnəsinin
deyil, Azərbaycan mədəniyyətinin, bizim milli ruhumuzun təmsilçisidir.
Onun rəqsi təkcə Bakının, Gəncənin,
Şuşanın yox, Berlinin, Parisin, İstanbulun, Tokionun,
Moskvanın ən prestijli səhnələrində də sevgi
ilə qarşılanıb.
Hər bir çıxışında o,
xalqının milli-mənəvi varlığının
daşıyıcısı, təbliğatçısıdır.
Hər rəqsin asıldığı ruha,
daşıdığı hekayənin təsirini gücləndirən
fikrə uyğun milli geyimlərdə çıxışlar
zamanı etdiyi hər dönüş, qollarının hərəkəti,
əllərinin zərif titrəyişi, hər hərəkətin,
hər incə toxunuşun ifadəliliyi,
göyə doğru uzanan qolların
çırpıntısı - rəqsi təsirli və
yaddaqalan edən hər hərəkət, ani fırlanma belə
– bir xalqın varlığına çağırış
nidasıdır Sənətkar üçün! O qərib
ölkələrdə, yad şəhərlərdə səhnəyə çıxanda,
elə bilirsən ki, bütün Azərbaycan dünyaya:
"Mən varam, mən buradayam!" - deyir.
Əziz dostum Təranə xanımın daha bir
missiyası da var: Sənətkarın məktəbi - Gənclərin
yanında bir ustad kimi öyrədici rolunu, müəllim
missiyasını yerinə yetirmək!
Bu gün də Təranə Muradova gənclərin
yanındadır. O, onlara yalnız rəqs deyil - səhnəyə
çıxmağın mənəvi məsuliyyətini də
öyrədir. Onun dərsində təkcə ritm yox, ruh var. Təranə
xanım tələbələrinə özündə bir
ömür boyu yaşatdığı bir həqiqəti
aşılayır: “Rəqs - sadəcə hərəkət
deyil. Rəqs - yaşantıdır. Əgər hiss etmirsinizsə,
oynamayın”.
Onun yetirmələri bu gün dünyanın müxtəlif
səhnələrində Azərbaycan rəqslərini ləyaqətlə
təmsil edirlər. Və onların hamısı bilir - bu
yolda ilk addımı Təranə müəllimlə birgə
atıblar. Onların hər birinin uğurunda Ustadın əməyi
var!
Bu zəhmətin, iradənin, əməyin,
böyük uğurlara, sənətin zirvəsinə gedən
yolun bələdçisi isə Təranə Muradovadır.
60 yaşını ailəsinin, sənət
dostlarının, yetirmələrinin əhatəsində qeyd
edən Təranə
xanımın ömrü - sadəcə bir insanın deyil, bir
xalqın sənət salnaməsidir. O, səhnəyə
sığmayan, illərə sığışmayan,
alqışlarla süslənən, dövlətimiz və
hökumətimiz tərəfindən yüksək səviyyədə
qiymətlədirilmiş şərəfli bir iz qoyub sənətdə.
O, Azərbaycan qadınının mədəniyyətə, sənətə
və xalqa olan fədakarlığının simvoludur.
Təranə Muradova - bir ömrü rəqsə
çevirmiş qadın.
60 yaşınız mübarək olsun, səhnənin
zəriflik və gözəllik Şahzadəsi, sevdiyi və
bütün ömrü boyu sadiq qaldığı Rəqs sənətinin
möhtəşəm
qalası! Günün mübarək!..
Sevgilər və səmimi təbriklərlə,
Telli Pənahqızı
525-ci qəzet .- 2025.- 7 avqust(¹138).- S.6.