Ölməzliyə qovuşan əbədiyaşar
şəxsiyyət
Xalq
yazıçısı Elçin haqqında bir neçə
söz
Xalqı, milyonlarla oxucuları tərəfindən
sevilən sənətkarlar heç vaxt ölmürlər,
onlar dünyalarını dəyişirlər, əbədiyyətə
qovuşurlar, öz əsərləri ilə,
yaratdıqları ilə əsrlər, qərinələr
keçdikcə yeni-yeni nəsillərin sevgisini qazanırlar,
onların müasirlərinə və kumirlərinə
çevrilirlər. Çoxşaxəli
yaradıcılığı ilə, dadlı-duzlu hekayələri
ilə, tarixi romanları ilə, biri-birindən maraqlı pyesləri
ilə, işıq üzü görən andaca böyük ədəbiyyat
hadisəsinə çevrilən ədəbi-tənqidi
yazıları və əsərləri ilə daima
yaddaşlarda yaşayacaq Xalq yazıçısı
Elçin məhz belə sənətkarlarımızdandır.
Ölüm haqdır, bir gün yaranan, bir gün
köç etməlidir bu dünyadan! Lakin onun bu vəfasız
dünyadan köç etməsi qəfildən, gözlənilməz
oldu! Necə deyərlər "Ömür vəfa etmədi",
neçə-neçə yarımçıq əsərləri
qaldı, bitməmiş romanı, poeması, pyesi qaldı
Elçin müəllimin! Heç kim bilməsə də, mən
bilirəm ki, o, nələri yazmaq istəyirdi.
Dünya xalqlarının bir neçə dillərində
çap olunan məşhur "Baş" romanının
premyerasını çox böyük həvəslə və
səbirsizliklə gözləyirdi Elçin müəllim!
Öz şakərinə və atası rəhmətlik
İlyas müəllimin şakərinə uyğun olaraq məşqləri
çox böyük həvəslə seyr edirdi,
iradlarını və fikirlərini bildirirdi, məsləhətlərini
verirdi. Elçin müəllim pyeslərinin tamaşaya
qoyulmasından çox sevinirdi və bunu böyük fəxrlə
dilə gətirirdi. Hələ 2013-cü ildə biz onun
birinci biblioqrafiyasını nəşrə hazırlayarkən
mən təklif etdim ki, Elçin müəllin, gəlin Sizin
səhnəyə qoyulmuş əsərlərinizin
siyahısını biblioqrafiyaya əlavə edək. Çox
sevindi və dedi ki, "Kərim, ürəyimdən xəbər
verdin, İlhama deyin (İlham Rəhimli), onda tam siyahı var.
Axı mənim pyeslərim həm Bakı və həm də
bölgə teatrlarında kifayət qədər
oynanılıb!"
İndi Elçin müəllim aramızda yoxdur, əbədiyyətə
qovuşub. Ancaq doğmalarından sonra bir mən bilirəm ki,
əcəl onu vaxtsız haqladı, hələ çox
şeyləri yazıb bitirməyə macal vermədi!
Tez-tez zəng edirdi ki, "...bağışla, sənə
yenə əziyyət verəcəm, gör filan məsələ
barədə nə tapa bilərsən, məncə, filan
kitabda bu barədə nəsə olmalıdır, səhv etmirəmsə
və yaddaşım məni aldatmırsa!" Ancaq çox
gözəl yaddaşı vardı, heç zaman onu
aldatmırdı!
Son vaxtlar Mircəfər Bağırov haqqında nəsə
sanballı bir şey yazırdı, deyirdi ki, "...kifayət
qədər sanballı materiallar toplamışam, arxiv
materialları əldə etmişəm və sanballı bir əsər
yazacam! Sən isə mənə o dövrdə dövri mətbuatda
M.Bağırov haqqında yazılan materiallarla kömək elə".
Mənə elə gəlir ki, artıq bu mövzuda onun
yarımçıq qalmış sanballı əlyazmaları
olmalıdır. Çox məhsuldar işləyirdi və bəlkə
də gözəgörünməz qüvvə ona nə isə
pıçıldamışdı, ona nə isə agah
olmuşdu! Hərdən deyirdim ki, Elçin müəllim, bir
az ehtiyatlı olun, çox materiallar istəyirsiniz, onların
hamısını birdən yazırsınız? Xəfifcə
gülərək deyirdi ki, "Kərim, yazı-pozu vaxta
baxmır, sən dediklərimi hazırla,
sürücünü göndərəcəm".
Son vaxtlar mənə böyük bir siyahı göndərdi
və dedi ki, Kərim, Mədəniyyət Nazirliyi mənim
ikicildlik "Seçilmiş əsərlərimi"
çapa hazırlayır, siyahıda göstərilən pyeslərin
mətninin elektron variantını mənə göndərə
bilərsiniz? Dedim baş üstə, Elçin müəllim!
Bir saatdan sonra zəng etdim ki, Elçin müəllim,
hazırdır, ancaq ilki pyesiniz kiril əlifbasındadır,
onları gərək yenidən yığdıram. Dedim
elektron poçt ünvanı verin, göndərim nəşriyyata
hazır olanları. Dedi ki, Kərim, maşallah, siz lap avtomat
kimi işləyirsiniz ki! Amma yox, özümə göndər,
bir də baxacam, birdən səhv olar! Çox ehtiyatlı və
dəqiq insan idi, hər şeyi zərgər dəqiqliyi ilə
yoxlayırdı!
Elçin müəllim həm də Milli
Kitabxananın ən yaxın dostu və himayədarı idi, bu
kitabxananı çox sevirdi və 100 illik yubileyimizdə ilk
"Fəxri oxucu" biletini də ona təqdim etmişdik. Hər
dəfə bizim kitabxanaya gələndə gülümsəyərək
deyirdi: "Kərim, bilmirəm nəyə görəsə,
həmişə bu kitabxanaya, sizin tədbirlərinizə
çox böyük məmnuniyyətlə, həvəslə
gəlirəm! Hər nə vacib işim olsa da, onu kənara
qoyub sizə gəlirəm!" Mən isə cavabında
deyirdim: "Elçin müəllim, bura Sizin doğma
ocağınızdır, burada nə yaxşı və
yeniliklər görürsünüzsə, bütün onlar
Sizin Milli Kitabxanaya diqqətinizin, sevginizin, dəstəyinizin bəhrəsidir!
2021-ci ilin yanvarında "Qarabağa kitabla gedək"
layihəsinin təqdimat mərasimində ilk kitab təqdim edən
ziyalımız, yazıçımız kimi Milli Kitabxanaya gələrkən
3-cü mərtəbədəki "humanitar elmlər
zalı"na baş çəkməyi məndən xahiş
etdi. Qalxdıq baxdıq və çox nostalji hisslər
yaşayaraq dedi: "Kərim, mənim bu zalla bağlı
çox kövrək xatirələrim var, mən arxada pəncərənin
qarşısında küncdə paltoya bürünüb
oturaraq "Baladadaşın ilk məhəbbəti"ni
burada yazmışam! İndi isə burada istilikdən pəncərəni
açırlar". Mən isə cavabında: "Elçin
müəllim, bu da Sizin xidmətinizin bəhrəsidir!"
dedim.
Və bir gəlişi zamanı ona təqribən 19 il
öncə baş verən bir əhvalatı da
danışdım: "2006-cı ilin sentyabrında Siz məndən
bir neçə kitaba baxmaq üçün onları Sizə
gətirməyi xahiş etmişdiniz. Və yanınızda
olanda məndən soruşdunuz ki, Kərim, sirr deyilsə, nə
qədər maaş alırsan? Mən Sizə o vaxt da çox
gülməli görünən bir rəqəm dedim, Siz isə
çox təəccüblənərək "Yox əşi,
ola bilməz, o boyda Milli Kitabxananın direktoru bu qədər
maaş alır? Bəs onda işçiləriniz nə qədər
alır, bəs "milli status" aldınız, o, sizə nə
verdi?" sualınıza verdiyim cavab Sizi heyrətə gətirdi.
"Cavan oğlansan, yeni gəlmisən təşəbbüs
qaldır, nə isə bir yenilik elə, qoy kollektiv və
ictimaiyyət səni dəstəkləsin, nə lazım olsa
mən də dəstək verərəm" dediniz.
"Yadıma gəlmir, bəs axırı nə oldu?
dediniz". Axırı o oldu ki, Siz o vaxtkı mədəniyyət
naziri Ə.Qarayevə, maliyyə naziri Ə.Ələkbərova
və əmək və əhalinin sosial müdafiəsi naziri
Ə.Nağıyevə zəng vuraraq tapşırdınız
ki, "Milli Kitabxananın yeni direktoru cavan oğlandır, yeni
təklifləri var, yanınıza gələcək ona
kömək etmək, dəstək vermək
lazımdır" dediniz və Sizin təqdimatınız əsasında
2008-ci ilin yanvarından Milli Kitabxana çox hörmətli
Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə
Dövlət büdcəsindən ayrıca maddədə
maliyyələşdirildi və Nazirlər Kabinetinin sərəncamı
ilə 2008-ci il yanvarın 1-dən Milli Kitabxananın əməkdaşlarının
əmək haqlarına çox böyük əlavələr
müəyyən edildi. Əməkdaşlarımız Sizin
sayənizdə bu gün də həmin əlavəni
alırlar!" Elçin müəllim "Kərim, mən qəhrəmanlıq
eləməmişəm, sadəcə vəzifə borcumu yerinə
yetirmişəm" dedi.
Ancaq Elçin müəllim 25 il Baş nazirin
müavini vəzifəsində işləyərkən
bütövlükdə Azərbaycan mədəniyyətinə,
Azərbaycan ədəbiyyatına, Azərbaycan mənəviyyatına,
kitaba xidmət edib, ədəbiyyatımıza,
mədəniyyətimizə, incəsənətimizə
böyük töhfələr verib!
Heyif Elçin müəllimdən!
Hamımızın kisəsindən, xalqımızın,
elimizin, mədəniyyətimizin, ədəbiyyatımızın
kisəsindən getdi! Və vaxtsız, qəfildən, gözlənilmədən
getdi! Hamımızı da nigaran qoydu getdi! Dünyasını
dəyişməklə Ölməzliyə qovuşdu!
Hamımızın, doğmalarının, onu sevənlərin
qəlbində əbədi heykəlini yaratdı getdi! Sovetlər
dönəminin məşhur
"Altmışıncılar" nəslinin cəsarətli
nümayəndəsi kimi ədəbiyyata gələn gənc
Elçin, yalnız əsərlərinin siyahısı 100 səhifədən
çox olan ədəbi, bədii və dramaturji
yaradıcılığı ilə sağlığında
özünə "Əbədiyaşar sənətkar"
heykəlini ucaldaraq bu dünyadan köçdü və
ölməzliyə qovuşdu.
Məkanı cənnət olsun, Qəbri nurla dolsun!..
Kərim TAHİROV
M.F.Axundov adına Milli Kitabxananın direktoru, professor
525-ci qəzet .- 2025.- 7 avqust(№138).- S.5.