Bir ömürlük vətən andı

 

 Qazi-həkim Amil Şirinovun əziz xatirəsinə həsr olunur

 

 

Şuşa. Bu görüş üçün düz otuz il gözləmişdi. Xan qızı Natəvanın viran qalmış sarayının qarşısında dayanıb xəyallara dalmışdı. Bir vaxtlar məktəbdən çıxıb dostları ilə keçdiyi bu küçələr... İndi yenə o yollardaydı.

4 nömrəli məktəbin yerində indi ancaq daş-kəsək, xarabalıq qalmışdı. Olimpiadada birincilik sevincini yaşadığı sinif otağından da əsər-əlamət yox idi.

Tibb institutuna qəbul olunanda ilk işi müəllimlərinin yanına gəlib bu xoş xəbəri onlarla bölüşmək olmuşdu. Elə bu şəhərə - Şuşaya qayıtmaq üçün getmişdi Bakıya. Oxuyub, püxtələşib, doğma yurda həkim kimi qayıtmaq üçün.

Və qayıtmışdı da. Şuşa Rayon Mərkəzi Xəstəxanasında işə başlamışdı - şəhərin ilk anestezioloqu kimi. Həm böyük məsuliyyət, həm də qürur idi.

2023-cü ilin payız günü, qazi-həkim Amil Şirinov Şuşanın dağlarına baxa-baxa keçmişi xatırlayırdı. Uşaqlığı, gəncliyi, arzuları - hamısı bu dağların qoynunda qalmışdı...

Uşaqlıq illəri...

1958-ci il oktyabrın 6-sı Şuşada doğulmuşdu. 1965-ci ildə H.Hacıyev adına 4 nömrəli məktəbin birinci sinfinə getmişdi. Dərslərdə həmişə seçilərdi. Olimpiadalarda şəhər, vilayət, hətta respublika üzrə qaliblər sırasında olmuşdu.

1975-ci ildə məktəbi bitirib, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olundu.

1981-ci ildə Şuşa rayon xəstəxanasında işə başladı. 1983-cü ildə şəhərin anestezioloji- reanimatoloji xidmətin təşkilatçısı və şəhərin ilk anestezioloqu oldu. Anesteziologiya şöbəsində xüsusi qrupun rəhbərliyini də ona tapşırdılar.

Böyük yolun başlanğıcı...

1988-ci ildə klinik ordinaturaya qəbul üçün Bakıya gəldi. 1990-cı ildə İranda zəlzələ baş verəndə tibbi briqadanın tərkibində ora yollandı, yüzlərlə insana yardım göstərdi.

Yurd sevgisini ömür boyu ürəyində daşıyan Amil həkim Qarabağ hadisələri zamanı bu məsələnin həlli üçün Moskvaya yola düşən ilk nümayəndə heyətinin rəhbəri idi.

Birinci Qarabağ müharibəsi başlayanda Travmatologiya və Ortopediya İnstitutunda əməliyyatxana şöbəsinin müdiri kimi çalışırdı. Həyat yoldaşı reanimatoloq - həkim Yeganə Abbasova ilə iki qız böyüdürdülər. Amma Amil həkim hadisələri kənardan izləməyə razı olmadı və könüllü cəbhəyə yollandı.

Yeganə xanım o günləri belə xatırlayır:

"Qızlarımız hələ çox balaca idi. Amma bilirdim ki, bu, təkcə bizim yox, bütün xalqın imtahanıdır. Amil getməliydi. Burada ikinci seçim ola bilməzdi".

Həyatını insanlara kömək etməyə həsr etmiş bir fədakar həkim kimi Yeganə xanım anlayırdı ki, bu dəfə həyat yoldaşı yalnız cərrah yox, həm silahı, həm də skalpeli eyni vaxtda daşıyan bir əsgərdir - Vətənin əsgəri.

"Biz vətənpərvər ailədə böyümüşdük. Mən ona qürurla dəstək oldum. Vətən üçün döyüşmək onun ruhuna yazılmışdı".

Cəbhə həyatı...

İnstitutdakı vəzifəsini vətənin sıravi əsgəri olmağa dəyişən Amil həkim neçə-neçə döyüş əməliyyatında iştirak edir, müharibənin ən qaynar nöqtələrində döyüşür. Qısa müddətdə onun təşkilatçılıq bacarığı və peşəkarlığı sayəsində respublika üzrə ilk tədris-tibbi rotası yaradıldı.

Ağdərə rayonunda düşmənlə mübarizə daha kəskin oldu. Ağdərə hospitalınin tibbi xidmət rəisi olan Amil Şirinov xilasetmə əməliyyatlarında fəallıq göstərdi, yüzlərlə yaralını həyata qaytardı. "Şuşa" qəzetinin "Xalq öz oğullarına güvənir" məqaləsində qeyd edildiyi kimi, tək bir il ərzində tibb xidmətinin kapitanı Amil Şirinovun rəhbərliyi və iştirakı ilə döyüş meydanlarından 575 yaralı, 28 şəhid çıxarılmışdı.

1992-ci il 28 oktyabr. Drambon kəndinin üstünü qara duman almışdı. Kəndin hər tərəfində güllə səsləri əks-səda verirdi.

Birdən hospitala xəbər gəldi ki, tibb bacıları meşədə mühasirədə qalıb. Amil həkim heç nə demədən maşının sükanı arxasına keçdi. Yollar mina ilə dolu, meşəyə gedən cığırlar düşmənin hədəfindəydi.

Bir anda, qarşıdan düşmən tankı atəş açdı. Maşın çevrildi. Amil həkim maşının altında qaldı, ağır yaralandı.

Komandir Məhər Əmiraslanov hadisəni eşidən kimi dərhal tədbir gördü. Yaralı həkim təcili Bakıya göndərildi.

Amma müalicədən sonra o, yenidən cəbhəyə qayıtdı. Halbuki xəbərdarlıq olunmuşdu ki, geri dönüş onun üçün son dərəcə təhlükəli ola bilər, belə ki, reanimasiya həkimləri düşmənin hədəfindədir.

Amma qazi-həkim "Orada insan var, həyat var" deyə geri qayıtmaqda qərarlı idi.

Ölüm-dirim yollarında

Tankların iz saldığı qarlı yollar... Yuxarı kəndlərin birində bir körpənin həyatı təhlükədə idi. Amil həkim təcili köməyə çatdı.

Qar dizədək, şaxta amansız. Körpəni qucağına alıb aşağı kəndə endi. Yollar təhlükəliydi, amma o, bunun fərqində deyildi. Çünki bu yolun sonunda bir körpənin həyatı vardı.

O günü heç vaxt unutmadı, nə körpənin titrəyən nəfəsini, nə də qarı yara-yara keçdiyi o səssiz mübarizəni...

2 saylı səhra hospitalında Amil Şirinovla birgə xidmət edən Qulam Rzayev onu belə xatırlayır:

"Son dərəcə cəsarətli idi. Çətinlikdən qorxmazdı. Savadlı, işini dərindən bilən mütəxəssis idi. Öz fikri vardı, liderlik qabiliyyəti ilə seçilirdi. Azərbaycanda ilk dəfə sanitar-instruktor hazırlığı sistemini o qurdu. Cəbhə xəttinə sanitar təlimçilər göndərdi, özü də onlarla birgə ön xətdə xidmət etdi. Pozitiv idi, yenilməz ruhu vardı. Hospitalın tibbi rotasını mühasirədən çıxaran zaman qolu sındı, kəllə-beyin travması aldı, amma yenə də xidmətə davam etdi. Hamı kimi, onun da ən böyük arzusu doğma yurda - Şuşaya qayıtmaq idi. Yaxşı ki, bu arzusunun gerçəkləşdiyini gördü. Amma heyiflər olsun ki, indi onun haqqında keçmiş zamanda danışıram... Amil həkim son gününə qədər pozitiv və güclü ruhlu insan idi".

"General Əsədov" mükafatı ilə təltif olundu

Amil Şirinovun xidmətləri rəsmi sənədlərdə də öz əksini tapıb. Komandiri, polkovnik Qurbanov G.D. onun haqqında belə yazırdı:

"Yüksək ixtisaslı həkim, vətənpərvər və savadlı zabitdir. Döyüşlərdə iştirak etmiş, şəxsən 575 yaralını və 28 şəhidin nəşini çıxarmışdır. Döyüşlərdə yaralanmış, göstərdiyi qəhrəmanlıq və cəsarətə görə "General Əsədov" mükafatı ilə təltif olunmuşdur. Ən çətin anlarda belə soyuqqanlılığını qoruyub, prinsipial və vətənpərvər mövqeyi ilə seçilib".

Qarabağ müharibəsinin insan talelərinə təsiri araşdıran latviyalı jurnalist Tatyana Çaladzenin "Qarabağ: müharibə üzlərdə" adlı kitabında Amil Şirinovun da siması var.

Qəlpə yaraları onu ömür boyu tərk etmədi. Amma o, bu izləri giley etmədən, qürurla daşıdı.

Sonralar Beynəlxalq Qırmızı Xaç Komitəsində çalışdı. Sudanda cərrah kimi fəaliyyət göstərdi, münaqişə bölgələrində insanlara yardım etdi.

Yeganə xanım deyir:

"Qarabağ azad olunanda elə bil bütün o illərin ağrısı, həsrəti bitdi. Amil həkim şəhidlərə böyük hörmətlə yanaşırdı, onların müqəddəs ruhu qarşısında baş əyirdi. Qarabağın azadlığı barədə danışanda, bu zəfəri yaşadan Ali Baş Komandana - Prezidentə dərin təşəkkürünü bildirirdi. Deyirdi ki, bu xalq bir daha tarix yazdı, torpağını sevən, canını əsirgəməyən oğulları ilə fəxr edə bilər. Şuşanı yenidən görəndə isə sanki ömrünün tamamını yaşadı. Deyirdi: "İsa bulağını, Cıdır düzünü gördümsə, artıq mənə həyatda başqa heç nə lazım deyil".

Və nəhayət...

2023-cü il. Budur, doğma şəhərdə - Şuşadadır. Amma artıq o, nə məktəbdən çıxıb evə tələsən uşaqdır, nə də qurub-yaratmaq arzusu ilə yanan gənc həkim. İndi o, müharibənin yaralarını illərlə daşıyan, içində sağalmayan ağrılarla yurd yerinə dönən yorğun, amma qürurlu bir adamdır. İndi o bilir ki, bu günün işığını görmək üçün bütün ağrılara dözməyə dəyərdi.

Nə olursa olsun, o, artıq vətəndədir. "Vətənə gəldim... Ölsəm də, qəm yemərəm".

Həkim, zabit, Vətən sevdalısı Amil Şirinov Famil oğlu 2025-ci ilin 8 iyulunda əbədiyyətə qovuşdu. Amma yaddaşlarda, xatirələrdə, qürurlu tarixdə yaşamağa davam edir. Onun üçün vətənpərvərlik yalnız döyüş meydanı deyildi, hər gün yaşanmalı bir dəyər idi.

Və bu dəyərlə də yaşadı. Elin qəlbinə yazıldı...

 

 

Günel NATİQ

525-ci qəzet .- 2025.- 8 avqust(№139).- S.7.