Mir Həmzə Seyid
Nigari Qarabaği: şair və mücahid şeyx
MÖVLUDUNUN 220, VƏFATININ 140 İLLİYİNƏ
(Əvvəli ötən sayımızda)
Qarabaği adını özünə ikinci təxəllüs
götürən Şeyx yaşadığı əsrdə,
həm də sanki 100 il sonra da Qarabağın təkrar ruslar tərəfindən
işğal olunub talan ediləcəyini İlahidən gələn
fəhm ilə hiss edib, yadların gətirdiyi qəza-qədəri
görüb, qarabağlıların
ağrı-acılarını da heyrətamiz hissiyyatla duyub və
çox sayda şeirində nəzmə çevirib:
Eşqin kanı Qarabağdır məkanım,
Bülbülü-şeydayam, cənnət yerimdir.
Sinəmə çəkilən qara
dağımdır,
Qara bağrım qanlı Qarabağımdır.
lll
Qan əkər, odlar tökər Miri-Nigari məgər,
Yad qılıbdır yenə Qarabağ
torpağını.
Mir Həmzə Qarabaği çox şeirində Azərbaycan,
Şirvan, Qarabağa məhəbbətini ifadə edib, o
torpağın yer-yurd adlarını xatırlayıb, gözəlliklərini
ustalıqla canlandırıb.
Əzm eylə diyar-ı Şirvanı
Qət eylə rəh-i Azərbaycanı.
Bir yer diyəm ismi Qarabağ
Cənnət yeri vü abı şir ü qaymağ.
"Çaynamə" məsnəvisinin bir
başlığı "Dər bəyani-mənqəbəti-gülgəşti-vilayəti-Qarabağ"
adlanır. Vətənsevər şair sevgi və eşq ilə
Qarabağı belə tərif edib:
Bir mövzii-xoş, fərəhfəzadır,
Dünyayə behişt desəm, səzadır.
Bir mülki-vəsi,səvadi-əzəm,
Sünbülləri piç-piçü dirhəm.
Qərbiyyəsi-Gögçə, gahi-xuban
Şərqiyyəsi Badikubi-Şirvan.
Sərhəddi-Cənubisi-Ərəsdir
Gürcudi Şimali, xoş nəfəsdir.
...Hər canibi səbz, hər tərəf bağ
Anın üçün ismidir Qarabağ.
Sığmaz buna, lazım, ey bəradər
Vəsfi-Qarabağa özgə dəftər.
Bu başlığın sonu da dəyərlidir:
Öp xakini, fəth qıl kəlamı,
Torpağına bizdən et səlamı.
Əzm eylə diyari-Şirvani,
Qət eylə rəhi-Azərbaycani.
Bir yerdəyəm, ismidir Qarabağ
Cənnət yeri, abi şirü qaymaq.
Şeyx şeirlərində uşaqlıq, gənclik
illərinin keçdiyi Bərgüşad-Bərşad, Həkəri,
Kür, Ərəş-Araz, Tərtər, Xaçın
çaylarını "Nedəyim" rədifli qəzəlində
tək-tək xatırlayır, bu çayların suyununbirlikdə
ürəyinə düşən Qarabağ odunu, həsrətini
söndürə bilməyəcəyini söyləyir.
Eyləməz faidə suzanimə
çayi-Xaçın,
Çayi-Tərtər dəxi söndürməz o
narı, nedəyim?
Şeyx 30 il sürmüş dərdlərimizdən
agahmış kimi, illər uzunu həsrət
qaldığımız, səsimiz, ünümüz yetməyən,
babalarımızın bizdən incik ruhları dolaşan Zəngəzur,
Qarabağ ellərimizin ağrı-acısını da
üzüntü ilə qələmə alıb, qara yellərin
doğulub boya-başa çatdığı, ayaq
açıb ilk yeridiyi, könül verib ilk sevdiyi yerlərdən
uzaq olmasını da Ulu Yaradandan diləyib:
Canıma çəkmiş fələk Bərgüşadın
dağını,
Sönməz atəşi, ursan Həkəri
irmağını.
lll
Ol dairədə Həkəri, Bərşad,
Eşqin yeridir, buyurdu ustad.
Şeyx Mir Həmzə Seyid Nigari Qarabağ ellərinin
bir zaman azadlığa qovuşacağını da
görüb, duyub, 2020-ci ilin 44 günlük Vətən
müharibəsində döyüşlərlə Qarabağ,
Zəngəzur ellərinin, torpaqlarımızın
işğaldan azad olunmasının xeyir-duasını verib:
Bir qönçə gülünün
tarımarıyam,
Görüm abad olsun ol Qarabağı.
Bir gözəl ceyranın giriftarıyam,
Şənlik olsun dağı, bağı,
ovlağı.
lll
Ey Nigari, ömrün erişdipayə,
Salmadı başıma ol sərv sayə.
Can qurban eylərəm peyki səbayə,
Xəbər versə bir gün ol Qarabağdan.
Nigari həyatında yurd həsrəti, qəriblik
ağrısı ilə yanaşı, şəxsi ailə faciəsini
də ürəyində daşıyıb. İlk nubarına
- oğluna ustadı Mövlana İsmayıl Siracəddin
Şirvaninin adını qoyub. 1851-52-ci ildə Ərzurumda
yaşayarkən adam göndərib bu ana-balanı Qarabağdan
bura yanına gətirtmişdi. Lakin taleyin acı qisməti ilə
Siracəddin xəstələnib ölür, bu ağrı
Şeyxi ömrünün sonuna qədər tərk etmir,
ağır üzüntü ilə yada salır. Təəssüflər
olsun ki, cəmi 20 il ömür sürmüş, şeirləri
ilə Seyid Əzim Şirvani, Sədi Sani Qarabağinin də
diqqətini cəlb etmiş Siracihaqqında, demək olar ki,
müasir Azərbaycan oxucusunun məlumatı olmayıb. Hətta
Seyid Nigari haqqında son illər çıxan kitablarda,
yazılan məqalələrdə də onun həyatdan
vaxtsız getmiş bu istəkli övladının
yaradıcılığı barədə məlumat verilməyib.
Halbuki Osmanlı dövründə də, Türkiyədə
də çıxan bir çox külliyyatlarda onun şeirləri
toplanıb, haqqında bilgilər verilib, ancaq əslən azəri
türkü, Seyid Nigari cisminin parçası-övladı,
yadigarı olması qeyd edilməyib.
İstanbul Universitetinin professoru, ədəbiyyatımızın
gözəl bilicisi və yorulmaz tədqiqatçı, təbliğatçısı
olmuş Əhməd Cəfəroğlu yazırdı ki, ona
Amasyada yaşamış Hacı Mahmud Əfəndizadə tərəfindən
bağışlanan Sədi Qarabaği divanının sonunda
Seyid Nigari, İbrahim Veysibəylə birlikdə Siraci şeirlərinin
də 8 səhifəlik əlyazmaları da var idi, həm də
bu tanıtma ilə: "Seyid Nigari oğlu olan Mövlanazadə
Siracəddin əfəndi həzrətləri
Qarabağlıdır". Amasya tarixinin tədqiqatçısı
Hüsaməddin bəyə görə Siracəddin 1858-ci ildə
Qarabağda dünyaya gəlib 1877-ci ildə vəfat edib.
Şeirlərindən görünür ki, güclü təbi
varmış, dilin və şeirin qayda-qanunlarını
gözəl bilirmiş.
Dostu Sədi, Siracinin 13 qəzəlini, 2 müxəmməsini
və 1 natamam tərkibbəndini öz divanının sonuna
köçürməklə nə qədər böyük
xeyirxahlıq etmiş olduğunu heç düşünməzdi.
Əgər Sədi Qarabağinin bu zəhmətinin bəhrəsi
olmasaydı, heç həmin şeirlər də gəlib
günümüzə çatmazdı.
Ə.Cəfəroğlu həmin şeirləri 1932-ci
ildə İstanbulda latın əlifbasıyla kiçik bir
kitabçada nəşr etdirib. Kitabçanın titul vərəqində
isə yazıb: "Azəri ədəbiyyatının
materiallarını ilk dəfə toplayan mərhum Firidun
Köçərlinin əziz ruhuna ithaf edirəm". Siracinin
şeirləri dövrünün bir çox şairlərindən
fərqli olaraq sadəliyi, rəvanlığı ilə
seçilir, ərəb-fars sözləri ilə yüklənməyib,
Qarabağda gen-bol işlənən söz, ifadələrlə
zəngindir, həm də bu şeirlərdə gənc
yaşdakı Siracinin poetik təfəkkür sahibi olduğu
görünür.
Ziyaəddin Fəxri bəy də "Ərzurum
şairləri" adlı kitabına (İstanbul, 1927)
Siracinin şeirlərini daxil edib, ancaq bu zaman səhvən
"Ərzurumlu şair Osman Siracəddin" adıyla verib.
İnanırıq ki, Siracəddin Mir Həmzə Seyid
Nigari oğlunun şeirləri də toplu halında Azərbaycanda
nəşr ediləcək.
...Özülü 140 il əvvəl Qarabağ-Zəngəzur-Şirvan-Qazaxdan
Amasyaya açılan könül körpüsü son illər
daha da möhkəmlənir, Azərbaycan ilə Türkiyə
arasında bütün sahələrdə günbəgün
genişlənməkdə olan əlaqələrdən
"şahzadələr şəhəri" Amasyaya da bir qol
ayrılır, get-gəllər yaranır. İndibu şəhərdə
Azərbaycan-Türkiyə qardaşlığı dərnəyi,
muzeyi fəaliyyət göstərir. Bir neçə il əvvəl
Mir Həmzə soyundan olan xeyirxah insanların maddi, mənəvi
dəstəyi ilə Amasyada keçirilən bir
görüşdə 3500 nəfər "azeri kökenli"
insan iştirak etmişdi. Birgə konfranslar, simpoziumlar ulu
şeyxin ədəbi, mənəvi irsinin öyrənilməsi,
təbliği ilə yanaşı, həm də Qafqaz və
Anadolu türklərinin daha da yaxınlaşmasına, bir-birinə
qovuşmasına yardımçı olur. Amasyadan Qazax,
Şamaxı, Ağsuya bu torpaqlardan çıxanların nəticələri,
nəqşibəndi təriqətinin mənsubları təyyarə
və avtobuslarla ziyarətə gəlirlər. Bu sətirlərin
müəllifi, şeyxbabamız haqqında bir neçə
elmi, publisistik məqalənin müəllifi olaraq hər
gedişimdə Azərbaycan, Qarabağ, Zəngəzur
adının Amasyada nə qədər içdən gələn
sevgi ilə, məhəbbətlə çəkildiyinin
şahidi olub. Onların sözlərinə görə xeyli
amasyalının soy kökü Qafqazlara gedib çatır.
Şəhər ətrafında çox sayda kəndlər var
ki yalnız Azərbaycan türkləri tərəfindən
salınıb, Osmanlı dövləti Qafqazdan gələnlər
üçün onların həm də ruslara qarşı
savaşdığını da nəzərə alaraq
münbit torpaqlarda el-oba, kənd salmağa izin verib, hər
cür şərait yaradıb.Kürdəmirli Mövlanə
İsmayıl Siracəddin Şirvani (1782-1848) və Şeyx
Mir Həmzə Seyid Nigari Qarabaği adının nuru ilə
Amasyaya üz tutan yüzlərlə ailədən
çıxan yetkin insanlardan biri Şirvanzade Mehmet
Rüştü Paşa sultan Əbdüləziz dönəmində
Osmanlı dövlətinin sədrəzəmi, 3 dəfə
maliyyə nəzarəti naziri olub. Amasyadan Türkiyə
Böyük Millət Məclisinə millət vəkili
seçilmiş azəri əsilli 6 nəfərin adı bəllidir.
Dövlət idarələrində çalışanların
sayı daha çoxdur. Amasyanın iki dönəm bələdiyyə
başqanı Zəngəzurun Laçın bölgəsindən
gələn Qafqaz türklərindən olub. Düzdür,
şəhərin genişlənməsi, yeni yaşayış
massivlərinin salınması ilə Qarabağ, əsas da Zəngəzurdan
gələnlərin sıx məskunlaşdığı məhəllələr
sökülsə də, ancaq hələ də
"laçınlılar" ifadəsi dillərdə,
yaddaşlarda qalıb. Şeyx Mir Həmzə Nigarinin
"Şahzadələr şəhəri" Amasyadakı məscid,
türbə, məzarı ətraf bölgə sakinlərinin,
Türkiyə, Azərbaycan, Gürcüstan,
Dağıstanlı nəqşibəndilərin ziyarətgahıdır.
Türkiyə və Azərbaycan arasında iki əsrdir mənəvi
körpü olan Şeyx Mir Həmzə Seyid Nigari
Qarabağinin adı Zəngəzur ellərimizdə,
Laçın, Qubadlıda əbədiləşəcəkdir.
Mücahid Şeyximizin ömür yolu və
yaradıcılığı bundan sonra da insanları irfana, əxlaqi-mənəvi
kamilliyə, Anadolu və Qafqazdakı eyni dilə, dinə,
soy-kökə malik qardaş xalqlarımızıbirlik və
bərabərliyə sövq edəcəkdir.
Hacı NƏRİMANOĞLU,
"Zəngəzur" Cəmiyyətləri Birliyinin
sədri, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 8 avqust(№139).- S.6.