Ana dilimizin böyük heyranı və
təəəssübkeşi
Bəxtiyar Vahabzadə -
100
Bu günlərdə Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi - Xalq şairi, Dövlət
mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin
100 illiyi tamam olacaq. Bu yubiley münasibətilə ölkə
Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamda
oxuyuruq: "Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti
və çoxşaxəli fəaliyyəti ilə XX əsrin
ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai
fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli
simalardandır. Onun Vətənə, millətə və
doğma ana dilinə sonsuz məhəbbət ifadə edən,
dərin poetik-fəlsəfi düşüncələrlə
zəngin irsi daimmədəni-mənəvi dəyərlərə
ehtiram, milli azadlıq ideallarına bağlılıq və
istiqlal məfkurəsinə sədaqət hissi
aşılamışdır".
B.Vahabzadəni fenomenə çevirən əsas
reallıqlar da bunlardır. Mən bir neçə dəfə
dahi şairimizlə söhbətləşən xoşbəxtlərdənəm.
Hər dəfə onu dinlədikcə, əsərlərini
oxuduqca "Nəsimi" filmində deyildiyi kimi, bu
"cılız bədəndə" o boyda Vətən,
millət, ana dili sevgisinin, poetik-fəlsəfi
düşüncələrin necə yerləşdiyinə təəccüb
edirdim. Bunun bircə səbəbi ola bilərdi: Vətənə,
millətə, ana dilinə, milli-mənəvi dəyərlərə
ilahi məhəbbət, sonsuz ehtiram və sədaqət!
Milli dil, mili qürur, milli təəssübkeşlik,
milli dəyər, milli mənafe, milli düşüncə -
bütün bunlar Bəxtiyar müəllimin nəfəs
aldığı sahələr, amillər idi. Görkəmli
şairimiz dili millətin varlığının ilkin təzahürlərindən
sayırdı. Deyirdi ki, "Dil olmayınca, millət də
olmaz". O, "Ana dili", "Oğluma", "Latın
dili", "Uzun illər boyu öz vətənindən",
"Mənim ana dilim", "Özümdən özümə
şikayət", "Fəxriyyə", "Özgə",
"Mənim anam", "Hara gedir sabahımız" və
başqa şeirlərində, həmçinin bir sıra məqalələrində
ana dilinin əhəmiyyəti, milli düşüncənin
formalaşmasında onun rolu barədə öz
görüşlərini əks etdirib. B.Vahabzadə yazır
ki, "Hər xalqın dili o xalqın ruhudur,
psixologiyasıdır, mənəviyyatıdır, tarixidir,
tarix boyu keçib gəldiyi yollardır. Xalqın dilini yaradan
sözlər, o sözləri bir-biri ilə birləşdirən
şəkilçilər, feillər, sifətlər, təyinlər
quru sözlər deyil, hecalarında xalqın nəbzi vuran
canlı ürəkdir, düşünən beyindir. Onlar
bizimlə birgə yaşayır, düşünür, həmçinin
bizləri də yaşadır və
düşündürür. Hər xalqın övladı
öz xalqının yaratdığı dillə
düşünür və həmin dillə öz ürəyinin
yanğısını, beyninin fikrini ifadə edir".
Şeirlərinin birində deyir: "Övladları yer
üzünə səpələnsə, pərən-pərən
düşənlərin vəhdətidir ana dili".
Hər bir millətin "bəqasına baş səbəb"
olan dilin varlığı, mövcudluğu onun istifadəsi və
nə dərəcədə qorunub yaşadılması ilə
bağlıdır. Ona görə də şair dili
qorumağı və yaşatmağı həyati məsələ
hesab edirdi. Öz dilini "ana köküm" adlandıran
B.Vahabzadə ata-babalardan miras qalan ana dilini göz bəbəyi
kimi qorumağı, onu "öz dadı-tamı və təmizliyi
ilə gələcək nəsillərə təhvil verməyi"
hamının müqəddəs borcu hesab edirdi. Dil sevgisi
yolunda yazdıqlarına "epiqraf"
adlandırılan"Ana dili" şeirində şair
yazır:
Bu dil tanıtmış bizə bu dünyada hər
şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
"Öz dilim yaşarsa, millətim yaşar" deyən
B.Vahabzadə hər bir azərbaycanlıdan ana dilini mükəmməl
öyrənməyi və bilməyi tələb edirdi. Onun
fikrincə, "...dil yalnız ondan istifadə edəndə, həmin
dildə danışanda yaşayır və inkişaf edir. Həm
də dil təkcə məişət mövzusunda
danışanda, sadəcə olaraq ondan istifadə edəndə
yox, ondan dövlət dili kimi istifadə edəndə
yaşayır".
"Ana dilim-ana köküm" məqaləsində
də ana dilini yaxşı bilməyin zəruriliyindən
söz açır, öz dilini bilməyənlər
haqqında yazır: "Axı sən xalqın dilini bilmirsənsə,
demək, millətin ruhuna, mənəviyyatına yadsan. Demək,
bu millətə övlad deyilsən". Şair "doğma
dilində danışmağı ar bilənlər"ə
müraciətlə deyir:
Ey öz doğma dilində
danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi
Sizlərə qənim olsun!
Ana dilimizə qarşı biganə münasibət
şairi çox qəzəbləndirib. Öz əsərlərində
xarici dillərdə danışmağı yüksək mədəniyyət
göstəricisi sayıb, özünü mədəni
göstərən ziyalıların ana dilinə laqeydliyini və
biganəliyini kəskin tənqid edib, doğma dilinə yad
olan, ondan üz döndərənləri, ziyalıları
(xüsusən məmurları) qınayıb. Hələ sovet
dövründə - 1967-ci ildə yazdığı
"Riyakar" şeirində xalqın övladlarına ana
dilində dərs verən, lakin öz övladlarını rus
məktəblərində oxudan müəllimlər tənqid
olunur. "Gəlin açıq danışaq"
kitabında isə şair bütün ziyalıların
mövqeyinə, dilin yaşadılması və inkişaf
etdirilməsində onların roluna
münasibət bildirərək yazıb ki,
"Ziyalısı ana dilində danışmayan xalqın nəinki
dili, özü də ölümə məhkumdur".
"Ana dilim-ana köküm" məqaləsində o,
"bizim obrazovannılar" haqqında deyir: "Hansı
dilin zərurətindən danışsaq, bizi
alqışlayır və beynəlmiləlçi
adlandırırlar. Amma "çaşıb" ana dilinin zərurətindən
danışan kimi, anasının dilini bilməyən, ona həqarətlə
baxanlar bizə şübhə ilə yanaşır, ən
yaxşı halda bizi "geri qalmış adam",
özünü isə irəli getmiş, mədəni və
müasir adam hesab edir". Şairin "Özümdən
özümə şikayət" şeirində isə
müstəqillik illərində dilimizə olan biganəlik və
laqeydlik tənqid olunur.
Azərbaycan ədəbiyyat tarixinin "ana dili
şairi" adlandırılan B.Vahabzadə ana dilimizin
saflığı məsələsinə, bu dilin yad sözlərdən
(təbii alınmalardan söhbət getmir) təmizlənməsinə
xüsusi əhəmiyyət verirdi. O, qəzet və jurnallarda
dərc etdirdiyi "Tarix, dil, ənənə", "Ana
dili", "Dil haqqında sorğu", "Bir daha ana dili
haqqında", "Dil və əlifba", "Dilimiz-ədəbiyyatımız",
"Dildə təbiilik və gözəllik", "Ana dili
- dövlət dili" və s. kimi məqalələrində
dilin sərhədlərini, saflığını qoruyan bir
silahlı əsgər kimi çıxış edirdi. Öz
dilində yersiz əcnəbi sözləri işlədənləri,
heç ustad Şəhriyarı da
bağışlamırdı:
Məni bağışlasın, Şəhriyarım
da
Otuz il özgəyə "bəradər" dedi.
Öz doğma yurdunda, öz diyarında
Doğma anasına o, "madər" dedi.
Elə ki yumruğu yerə dirəndi,
Dərhal yada düşdü doğmaca kəndi.
Ana dilini öyrənməyin və onu qoruyub
saxlamağın əsas yolunun məktəblərdə tədrisin
ana dilində aparılmasında görən dahi şairimizin
anadilli məktəb və ana dilinin tədrisi barədəki
fikir və düşüncələri də olduqca
aktualdır. O hələ sovet hakimiyyəti illərində qələmə
aldığı "İftiraya cavab" adlı məqaləsində
anadilli məktəb problemi ilə bağlı məsələyə
özünün münasibətini bildirərək yazıb:
"Milli dildə məktəblərin və uşaq
bağçalarının açılmasını tələb
etmək hər bir xalqın ən adi və haqlı tələbi
deyilmi? Əgər xalqın öz ana dilində tərbiyə
almaq və oxumaq haqqı da yoxsa, o nə xalqdır?"
Müsahibələrinin birində müxbirin "Dilimizin
hakimiyyətini qorumaq üçün nə etmək
lazımdır? - sualına belə cavab vermişdi: "Bu dərdin
müalicəsini bağçalardan, məktəblərdən
başlamaq lazımdır".
B.Vahabzadə azərbaycanlıların kütləvi
şəkildə rus məktəblərində təhsil
alması ilə barışa bilmirdi. Deyirdi ki, öz ana dilinə
biganə olanlar xalqa da, onun ruhuna da, ənənəsinə də,
tarixinə də biganə olacaq və bu xalqı özündən
çox aşağı hesab edəcəklər.
Onu da deyək ki, özü də bir neçə
xarici dil bilən akademik - B.Vahabzadə heç vaxt çox
dil bilməyin əleyhinə olmamışdı. O,uşaqları
dünyagörüşlərinin formalaşdığı
dövrdə kökdən, milli ruhdan ayırmağın,
xarici dilləri öyrənməyin doğma dilin unudulması
hesabına olmasının, uşaqları özgə ruhda
böyütməyin əleyhinə idi. "Azərbaycan dilinin
rus dili ilə əvəz edilməsi ömrüm boyu məni
ağrıtmışdır", - deyən B.Vahabzadə
"Azərbaycan müəllimi" qəzetinə müsahibələrinin
birində söyləyib: "Ana dilini mükəmməl bilmədən
başqa dili yaxşı qavramaq çətindir.
çünki ana dilini yaxşı bilən uşaq öyrənmək
istədiyi ikinci dili ana dilinin qanunları ilə müqayisədə
əyani olaraq dərk edə bilər". O yazırdı ki,
hər bir millətin övladı orta təhsilini ana dilində
almalı, ana dilini yaxşı öyrənəndən sonra
xarici dilləri öyrənməlidir. Çünki
uşaqların genetik dil kodu 12 yaşından sonra
formalaşır. Şair misal kimi öz ailəsini göstərirdi:
"Mənim övladlarım və nəvələrim ana
dilində təhsil alsalar da, ingilis və rus dillərini bilirlər.
Övladımın biri isə bunlardan başqa, fars dilini də
mükəmməl bilir. Əcnəbi dilləri bilmək
vacibdir. Amma xarici dil bilmək xoşbəxtlikdirsə, ana
dilini bilməmək bədbəxtlikdir. Ana dilini bilməyən
lap beş xarici dil bilsə də, ondan xalqa, Vətənə
xeyir gəlməz".
Şairimiz gənclərimizin ana dilinə laqeydliyini
bağışlaya bilmirdi. Onun fikrincə, "ən ürək
ağrıdan cəhət burasıdır ki, sovet dönəmində
rus dilini mükəmməl bilməyənləri işə
götürmürdülərsə, indi də ingilis dilini bilməyənləri
qapı arxasında qoyurlar". Bu mənada B.Vahabzadə
tanınmış türk alimləri O.Sinanoğlunun
"Əgər bir milləti məhv etmək istəyirsinizsə,
onun təhsilini yabançılaşdırın!" və
F.Q.Timurtaşın "Dil məsələsi bir milli
müdafiə məsələsidir. Dilimizi qorumaq vətən
və milləti qorumaqla birdir. Çünki dil Vətən qədər,
tarix qədər, gələcək qədər əzizdir. Dil
də bayraq kimi müqəddəs atdandır" fikirlərinə
haqq qazandırırdı.
Görkəmli ədibin dilimizin keşiyində
ayıq-sayıq durmasına, ona qarşı haqsız
hücumlara sinə gərərək öldürücü
cavablar verməsinə dair çox nümunələr göstərmək
olar. Biz bir nümunə ilə kifayətlənəcəyik. Məsələn,
B.Vahabzadə Cənubi Azərbaycanda milli
varlığımızı danan, dilimizi yad kökə
bağlamaq istəyən milliyyətcə "azərbaycanlı"
olan Yəhya Zəkaya "Cavab" adlı şeirində
layiqli qarşılıq verərək yazmışdı:
Ey özündən əmin, özündən
razı,
Yalanı söylədin kimin adından?
Ananın laylası, atanın sazı
Babanın ocağı çıxdı yadından?
Şübhəsiz ki, 100 illiyi tamam olan B.Vahabzadənin
fikir və düşüncələri, görüşləri,
əzəmətli və möhtəşəm əsərləri
Azərbaycan içtimai fikrinin, elminin, təhsilinin, dil və ədəbiyyatının
inkişafına bu gün də güclü təkan verməkdə
davam edir, olub-bitənlərdən dərs almağın
vacibliyini təkrar-təkrar xatırladır.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 9 avqust(№140).- S.23.