Qadınlar həyatı
bəzədiyi kimi, tarixdə də fərqlənmişlər
(Əvvəli ötən şənbə
sayımızda)
İzabella öz əmisi oğlu Ferdinand Araqonluya
1469-cu ildə ərə getdi. Kardinal Rodriges Borcia, sonralar o,
papa VI Aleksaandr oldu, onların nikahına papanın
razılığını almaqda kömək etdi. 1474-cü
ildə Henri öləndə İzabella Kastiliyanın
kraliçası elan olundu. Bu vaxt Ferdinand da Araqon kralı oldu
və hər ikisi bərabər hakimiyyətlə bu cüt səltənəti
idarə edib, İspaniyanı birləşdirdilər.
İzabella və Ferdinand İspan inkvizisiyasını
yaratdıqlarına görə, 1480-ci ildə onlara katolik
monarxlar titulu verildi.
Onlar bütün İspaniyanı birləşdirmək
istəyirdilər, mavrları ölkədən qovmağa cəhd
edirdilər. 1492-ci ilin əvvəlində sonuncu Qranada müsəlman
krallığı da süqut etdi.
Xristofor Kolumb Yeni Dünyanı kəşf etdiyinə
görə Kastiliyada çox məşhurlaşmışdı.
Katolik monarxlar da öz sərhədlərini genişləndirmək
istəyirdi. Bunu nəzərə alaraq, İspaniya Kolumbun səfərinə
sponsorluq etmişdi. Ölkədə cinayətkarlıq da
artdığına görə, İzabella həm də
qanunlarda islahatlar apardı. 1500 quldur əyalətdən
qovuldu. Saray xərcləri də xeyli
azaldılmışdı, çünki Henrinin
krallığı dövründə ölkə ağır
borc içərisində idi.
1492-ci ildə Rekonkista (müsəlmanların
İspaniyadan qovulması uğrunda mübarizə) sona
çatdı. Bu mübarizəyə hələ VIII əsrdə,
mavrlar Andalusiyaya müdaxilə edəndə
başlanmışdı. 2 yanvar 1492-ci ildə İzabella və
Ferdinand sonuncu ərəb dövləti olan Qranadanı, şəhərin
açarlarını əldə etməklə tutdular.
Müharibədə İzabella həm də yüksək sərkərdəlik
qabiliyyəti nümayiş etdirmişdi.
Kolumb da məhz həmin 1492-ci ilin 12 oktyabrında Yeni
Dünyanın torpağına qədəm basmışdı.
1494-cü il Tordesiliya müqaviləsi ilə Avropadan kənarda
olan dünya əraziləri İspaniya və Portuqaliya
arasında bölündü. İspanlar Cənubi Amerikada
ağalıq mövqeyi tutdular. 1492-ci ildə həm də yəhudilər
İspaniyadan qovuldular.
1504-cü ilin sentyabrında İzabella xəstəliyinə
görə hökmranlıqdan geri çəkildi və
noyabrın 26-da öldü. Təkcə Amerikaların kəşfinə
himayəçilik etdiyinə görə, İzabella
ölümündən sonra daha böyük hörmətə
yiyələndi.
Rusiya imperatriçəsi II Yekaterina
II Yekaterina və ya Böyük Yekaterina, ərə
getməmişdən əvvəl Sofiya Avqusta Tserbskaya
adını daşıyırdı. O, 1729-cu ildə
Prussiyadakı Ştettində anadan olmuş, 1796-cı ildə
Sankt-Peterburqda ölmüşdü. 1762-1796-cı illərdə
Rusiya imperiyasında hökmranlıq etmişdi. O, həm də
İsveç-Prussiya krallarının qohumu idi. Karl Tserbskinin
qızı olmaqla, Yekaterina öz əri III Pyotrun saray
çevrilişi nəticəsində devrilməsindən sonra
Rusiya dövlətinin taxt-tacına yiyələnmişdi.
Əri isə müəyyən olunmamış şəraitdə
həlak olmuşdu, yəqin ki,
öldürülmüşdü.
Yekaterina epoxası kəndlilərin maksimum dərəcədə
istismarı, dvoryanların idarə etmədə
iştiraklarının hərtərəfli genişlənməsi
dövrü idi. Böyük Yekaterinanın hakimiyyəti
dövründə həm də Rusiya imperiyasının sərhədi,
Reçi Pospolitanın bölünməsi hesabına qərbə
tərəf genişlənmişdi. İmperiyaya Novorossiya,
Krım yarımadası daxil edilmişdi. Həmçinin
Qafqazın bir hissəsi zəbt edilmişdi.
II Yekaterinanın dövründə dövlət idarəçilik
sistemi ilk dəfə olaraq islahata
uğradılmışdı, Senat altı departamentə
bölünmüşdü və qanunvericilik hüququndan məhrum
edilmişdi. Həm də quberniya islahatı
keçirilmişdi, onları namestniklər (valilər) idarə
edirdi. Bu vaxt həm də favoritizm inkişaf etdirildi, onları
saxlamağa dövlət büdcəsindən on milyonlarla rubl
məbləğində pul ayrılırdı. Bir sıra
Avropa ölkələrində sənaye inqilabının getməsi
ilə yanaşı, Rusiyada heç də ciddi inkişaf
getmirdi. Yeni texnika tətbiq edilmədiyindən yalnız əl
əməyindən istifadə olunurdu. Büdcə mədaxilinin 80-90 faizi idxal
hesabına gətirilən xarici sənaye mallarının
satışından əldə edilirdi.
II Yekaterinanın hakimiyyətinin sonunda Rusiya həm də
aqrar iqtisadi böhranda idi, maliyyə sistemi
dağılmışdı. Onun aldığı borclar
yalnız iki əsr sonra, 1991-ci ildə tamamilə ödənilmişdi.
İmperatriçənin əxlaqı ciddi qüsurlara
malik idi, onun onlarla məşuqu vardı və bu, heç də
gizlədilmirdi. Qərb mətbuatı indiyədək bu
mövzunu geniş təbliğ etməyi unutmur. Məşuqlardan
bəziləri Yekaterinaya böyük təsir göstərirdilər.
Çariçanın əxlaqsızlığı
açıq, özü də nümayişkaranə surətdə
baş verirdi və bu davranış saray mühitində əxlaqın
pozulmasına xidmət edirdi. Hersoq Tserbskinin ailəsində
böyüyən Yekaterina ev təhsili almışdı,
ingilis, fransız və italyan dillərini öyrənmişdi.
Bir sıra elmlərə, həmçinin musiqiyə və rəqsə
həvəs göstərirdi.
1743-cü ildə Rusiya imperatriçəsi Yelizaveta
Petrovna öz varisi, gələcək imperator III Pyotra gəlin
seçəndə, öz seçimini alman qızı Sofya
üzərində saxladı. Tezliklə qız öz gələcək
əri Pyotr Fyodoroviçi gördü. 21 avqust 1745-ci ildə
16 yaşlı Yekaterina Pyotra ərə getdi, oğlanın bu
vaxt 17 yaşı var idi. Ailə həyatının ilk illərində
Pyotr öz arvadı ilə heç cür maraqlanmırdı
və onların arasında ər-arvad münasibətləri
yox idi. Bu barədə Yekaterina sonralar özü
yazmışdı ki, əri onu heç sevməmişdi də.
O, Kerr adlı bir qıza vurulmuşdu.
Tənhalığa qapılan Yekaterina təhsili ilə
məşğul olmağını davam etdirir, tarixə, fəlsəfəyə,
hüquq elminə dair kitablar oxuyurdu. Onu daha çox Tatsitin,
Bekonun, Volterin, Monteskyüenin əsərləri
maraqlandırırdı.
İki dəfəlik uğursuz hamiləliyindən
sonra, 1754-cü ilin sentyabrında o, oğlu Paveli doğdu.
İmperatriçə Yelizaveta Petrovnanın göstərişi
ilə uşağı anasından ayırdılar, o, körpəni
nadir hallarda görürdü. Uşağın həqiqi
atası isə Yekaterinanın məşuqu S.V.Saltıkov idi.
Ərinin laqeydliyindən onun məşuqları meydana gəlirdi.
Sofiya artıq şahzadənin arvadı kimi Yekaterina
Alekseyevnaya çevrilmişdi. O, qızlıq dövründə
görmədiyi dəbdəbəli bir mühitə, bolluq aləminə
düşmüşdü. İmperatriçə Yelizaveta dəbdəbəni
sevirdi, gəlinin atası evi isə Avropanın ucqarında
olmaqla, gözü kor edən nəhəng sarayla müqayisədə,
onun tam əksi sayıla bilərdi. Ona görə də
Rusiyaya gələn Sofiya hamıya xoş gəlməyə
çalışırdı və bunu ustalıqla
bacarmışdı.
Qayınanası Yekaterinadan uzun müddət uşağının
olmamasının səbəbini soruşduqda, o, cavab
vermişdi kim, uşağın doğulması
üçün səbəbin özü yoxdur. Nikahdan on il
sonra doğulan Pavel Petroviç əslində onun məşuqu
ilə yaxınlığının bəhrəsi idi. Lakin
Pavel, III Pyotru öz atası
hesab edirdi, taxt-taca çıxdıqdan sonra ona böyük
ehtiram göstərmişdi.
III Pyotr çar olduqdan sonra ərlə
arvadının münasibəti tamam pozuldu və aralarında
münaqişə başlandı. Yekaterina qərarlar qəbul
edilməsindən və imperatorun özündən
uzaqlaşdırıldı. Axı Pyotr özünə məşuqə
saxlayırdı. Arvadının isə Saltıkovla
yanaşı, Polşa kralı Ponyatovski ilə də hələ
əvvəldən intim münasibəti var idi.
Yeni imperator Yeddi illik müharibədə rus ordusunun
Böyük Fridrixin Prussiya qoşunları üzərindəki
qələbəsinin üstündən xətt çəkdi,
düşmən Prussiya isə Rusiyanın müttəfiqinə
çevrildi.
III Pyotr taxt-tacda cəmi 6 ay oldu. O, dvoryanlara sərbəstlik
verdi, monastır torpaqlarını dünyəvi mülkiyyətə
çevirdi. Kilsəyə açıq nifrətlə
yanaşırdı. Arvadı isə əksinə, pravoslav kilsəsinə
daim yaxşı münasibət bəsləmişdi. Onun ən
böyük fərasəti özünü zabitlərlə əhatə
etməsi idi, özü də qvardiya polkunun mundirini geyinirdi.
Qvardiya kapitanı Qriqori Orlovla gur eşq macərası
yaşamışdı.
1762-ci ilin iyununda Pyotr qvardiyaçıların
xoşuna gəlmədiyinə görə taxt-tacdan məhrum
edildi, bir həftə sonra isə o, qəflətən
öldü.
Bütün Rusiya imperatorları kimi, Yekaterinanın da
ölkəni total qaydada yenidən qurmaq imkanları var idi. O,
özünü Böyük Pyotrun varisi hesab edirdi. Ölkədə
vətəndaş maariflənməsinin qızıl
dövrünü yaratmağı düşünürdü və
bunu daim təbliğ edirdi. Qərbin görkəmli
ziyalıları ilə məktublaşırdı.
Onun bir xüsusiyyəti də özü haqqında
yüksək fikirdə olması idi. Böyük Pyotrun işlərini
başa çatdırmaq istəyirdi. Şair Suvarokrov
yazırdı ki, "Pyotr bizə varlıq, Yekaterina isə
könül vermişdir". I Pyotr Avropa qaydalarını tətbiq
edirdi, Yekaterina isə öz təbəələrindən yeni
insan cinsi yaratmaq istəyirdi. Bu məqsədlə teatrla, jurnal
dərci ilə, təhsillə məşğul olurdu. Oğlu
Pavel səhnədə oynamağı sevmədiyindən, gələcək
çarın hər şeyi bacarmalı olduğunu
vurğulamışdı. O, yeni kadet məktəbi yaratdı,
universiteti islahata uğratdı, Smolnı institutunun əsasını
qoydu, axırıncıda qızlar yeni qaydada tərbiyə
ovunurdular ki, ana olanda öz uşaqlarını da bu qaydada
böyütsünlər. Akademiyanın rəhbərliyinə,
direktor kimi rəfiqəsi Yekaterina Daşkovanı gətirmişdi.
Ölkədə baş verən Yemelyan Puqaçov
üsyanı çariçanı qorxutmuşdu. Çox vaxt
mülkədarlar öz kəndliləri tərəfindən
bıçaqlanıb öldürülürdülər. Bu
Puqaçov üsyanına gətirib çıxardı və
üç il ərzində dövlət qüvvələri
onunla bacara bilmirdi. Bu çariçanı məcbur etdi ki,
bürokratiya sistemini islahata uğratsın, namestniklər,
quberniyalar, uyezdlər yaratdı, general-qubernatorlar vəzifəsini
təsis etdi. Lakin Yekaterina bilirdi ki, təhkimçiliyi ləğv
etməyin özü yeni problemlər yaradacaqdır. O deyirdi
ki, azad kəndli kotandan yapışmaq əvəzinə, əlinə
bıçaq götürəcəkdir. Puqaçov
üsyanı nəhayət, xeyli cəhdlərlə
yatırıldı.
Əvvəlki dövrdə Yekaterinanın ekspansiya
planı yox idi. 1768-ci ildə Osmanlı imperiyası ilə
birinci rus-türk müharibəsi başlayanda Zoporojye
kazakları bir neçə türk şəhərini qarət
etdi. Yekaterina üzr istəsə də, bunun köməkliyi
olmadı. Bu müharibədə işlər Rusiyanın xeyrinə
gedirdi. Osmanlı ərazisinin bir hissəsini ruslar ələ
keçirdilər. 1770-ci ildə Peterburqdan çıxıb,
Atlantik okeanı ilə Aralıq dənizinə keçən
rus donanması Çesmen döyüşündə türk donanmasını
darmadağın etdi və bir sıra adanı Rusiyaya birləşdirdi.
Sarayın hazırladığı Yunan layihəsi ilə
Osmanlı Krımını işğal edib, Rusiya tərkibinə
keçirmək nəzərlə tutulurdu. 1783-cü ildə
çariçanın keçmiş favoriti Qriqori Potyomkin dinc
qaydada, heç bir döyüş aparmadan yarımadanı
Rusiyaya birləşdirdi. Krım xanının özü bu
xahiş ilə Yekaterinaya müraciət etmişdi. II
Rus-türk müharibəsi başlansa da, Krım şimal
imperiyasına qaldı.
Yekaterina rus imperiyası tarixində ən fəal
ekspansionist olaraq qalır. Sonralar Stalin də bu praktikanı
davam etdirməyə müvəffəq olmuşdu. Lakin
çariçanın oğlu və nəvələri onun
layihələrinə heç də müsbət
yanaşmırdılar.
Yekaterina favoritlərinin olmasını, hətta
çoxluğunu gizlətmək istəmirdi. Onun bir
düjün favoriti var idi və onları tez-tez dəyişirdi.
Son favoriti Platon Zubov əvvəlkilərdən fərqli olaraq,
dövlətçilik istedadına malik deyildi. Favoritlərdən
Qriqori və onun kiçik qardaşı Aleksey Orlovlar, həmçinin
Qriqori Potyomkin ərazilər işğal etməklə,
Rusiyaya böyük xidmət göstərmişdilər.
Yekaterina hətta Potyomkinlə gizlincə evlənmişdi.
Favoritlər Yekaterinaya xidmət göstərməyə
çalışırdılar. Lakin çariça ölkəni
təkbaşına idarə edirdi. Torpaq, ərazi mülkiyyətini
o, Rusiya üçün vacib hesab edirdi. Oğlu Pavellə
ananın münasibətləri dramatik xarakter
daşıyırdı, onların arasında etimad və
yaxınlıq yox idi. Anası Pavelə şübhə ilə
yanaşırdı, ona görə də əsas diqqəti nəvəsi,
gələcək imperator I Aleksandra verirdi.
Yekaterina 1796-cı ildə ürək tutmasından
öldü və Pavel taxt-taca çıxdı. Yeni çar,
atası III Pyotru təntənəli qaydada yenidən dəfn
etdi, mərasimdə onun tabutunun arxasınca gedən dəstəyə
vaxtilə onun qatili olmuş Aleksey Orlov
başçılıq edirdi. 1801-ci ildə Pavelin özü
də qətlə yetirildi və I Aleksandr yeni çar oldu.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 9 avqust(№140).- S.22.