Qız əhvalatı
Hekayə
Ucqar Mindam kəndindən olan iki qohum: Səmədlə
Qasım şəhər bazarında meyvələrini satıb
qurtaranda artıq gün xeyli əyilmişdi. Dekabrın bu
vaxtında axşamın düşməsi qaşla göz
arasındaydı. Qaranlığa qalmasınlar deyə
mallarının çoxunu ucuzuna satmışdılar. Səməd
bazara qızıləhmədi alma və zaharı armud,
Qasımsa xanlıq şabalıd gətirmişdi. Bu meyvələri
qışın oğlan çağınatan saxlamaq hər
kişinin işi deyildi, ancaq bu mindamlılar meyvələri hətta
Novruz bayramından sonraya da saxlamağın bacarıqlı
ustalarıydı.
Tələsməklərinə səbəb
qaranlığa düşmək qorxusuydu. Axı Mindam kəndi
şəhər mərkəzindən otuz kilometr
aralıdaydı. Yolları da kələ-kötür,
daşlı-kəsəkli olduğuna görə
gündüzün günorta çağı oraya
maşın tapmaq müşküldü. Qaranlıq
düşəndən sonra kəndə getməyi bacaran hər
kəs Allahın bəxtəvəri sayılırdı.
...Artıq üç saatdı ki, Səmədlə
Qasım yol ayrıcındakı çinarın altında dayanıb Mindama gedəsi
maşını gözləyirdilər. Gün çoxdan
batmışdı. Qar ələkdən
tökülürmüşcəsinə səpələyirdi.
Heç birinin əlcəyi yoxdu. Soyuqdan donmuş əllərini
hovxurmaqla qızdırmağa çalışırdılar.
Bir ara tonqal qalamaq istədilər, ancaq kibritləri olmadı.
Çəkən deyildilər deyə alışqanları da
yoxdu. Gecələmək üçün şəhər
"qəsdin"inə getdilər. Orada yer olmadı. Geri
döndülər. Maşın tapmaqdan umudlarını kəsdilər.
Gecəni burada keçirməyə məcburdular. Birdən
Qasımın yadına düşdü ki, axı Gülgəz
xalası bu şəhərdə ərdədir. Tez
özündən çox böyük Səmədə üz
tutdu:
- Səməd dayı, gəlsənə Gülgəz
xalamgilə gedək. Mənim xalamdır, sənə də yad
deyil - gəlininin əmisi qızıdır. Onlarda həm
qızınarıq, həm çörək yeyərik, həm
də gecəni qalıb səhər tezdən durub kəndə
gedərik.
Bu təklif Səmədin ürəyindən oldu,
çünki soyuq kələyini kəsmişdi. O, həmişəki
kimi kəkələyə-kəkələyə dedi:
- Vvvvallah düz ddddeyirsən. Xxxxalanın kişisi
Kkkkərəmov da ppppis adam döyül.
Yolda Qasımın yadına xalası
qızının əhvalatı düşdü. Gülgəzin
əri - polis kapitanı Kərəmov qızı Güneli yaxın dostu olan polis rəisi
Mərdanovun oğlu Qurbana vermək istəmiş, qızı
zorla ona nişanlamışdı. Qurban həm Güneldən
on yaş böyükdü, həm də özündən
razı lovğanın və yaramazın birisiydi. Ömründə
bir kitabı sonadək oxumamışdı. Atasının
puluna doqquz ilə "Narxoz"u qiyabi bitirmişdi.
İş-gücü şəhərin çayxanalarında
veyillənməkdi. Qumarbazdı. İynələndiyini də
deyirdilər. Universiteti fərqlənmə diplomuyla
bitirmiş, üç-dörd dildə sərbəst
yazıb-danışan Günelin belə birisiylə
yaşaması əsla ağlasığan deyildi. Həm də
onun ürəkdən bağlandığı əhd-peymanlı
sevdalısı vardı. Orxan namuslu bir ailədən
çıxmışdı. Atası mühəndis, anası
həkimdi. Onlar yeganə övladlarını halal
çörəklə böyütmüşdülər.
Orxan universitetdə Günellə bir yerdə oxumuş, elə
o vaxtdan bir-birini sevmişdilər. Ali məktəbi bitirən
kimi Güneli təyinatla öz rayonlarına, Orxanı isə
Bakıya müəllim göndərmişdilər. Bir-birindən
aralı düşsələr də, daim məktublaşır,
zəngləşirdilər.
Atası bunu bilsə də, qızının
"lüt, ac-gicik bir müəllimə" getməsinə
qətiyyən razı olmamış, dostu polis rəisinə
"kişi sözü" verdiyini deyərək
qızını ağına-bozuna baxmadan Qurbana
nişanlamışdı. Təntənəli nişan mərasiminin
ertəsi günü Günel Orxana xəbər
yollamışdı. Orxan təcili rayona gələrək
Güneli Bakıya aparmışdı. Qızının
başqasına qoşulub getdiyini eşidən kapitan Kərəmovu
az qala iflic vuracaqdı. O, hirsindən qapı-pəncərəni
qırıb-tökmüş, evdə
sındırmadığı qab-qacaq qoymamışdı.
Arvadı Gülgəzə dişinin dibindən
çıxanı demişdi.
Kapitan Kərəmov qohum-əqrəbanın,
dost-tanışın yanında onun "papağını yerə
soxmuş" Güneli qızlıqdan sildiyini bildirmiş,
hamıya demişdi ki, daha mənim o adda övladım yoxdur.
Heç mənim ölümün də üstünə gəlməsin.
Bu əhvalatdan bir il keçsə də, Günellə
Orxanın bir oğlu olsa da, hikkəli Kərəmovun qəzəbi
azacıq da soyumamışdı. Hər dəfə
qızından söz düşəndə özündən
çıxır, yanındakı arvad-uşağa belə
baxmadan biədəb söyüşlər
yağdırırdı.
Qasım əhvalatı anasından incəliyinədək
öyrənmişdi. Kərəmovun qəzəbindən də
xəbərdardı. Ancaq kənddə çəpər
qonşusu olan Səmədə də yaxşı bələddi.
Bilirdi ki, qohumunun çənəsinin qaltaq-qantarğası
yoxdur. Onu kənddə hamı ağzıboş gəvəzə
kimi tanıyırdı, çünki sözünün yerini
bilən deyildi. Qasımı qorxu bürüdü ki, birdən
Səməd qızın qoşulub getməsini yada salar, ortaya
qanqaralığı düşər. Bunu etməsin deyə o,
əhvalatı Səmədə başdan-ayağa
danışdı, işin qəlizliyini anlatmağa
çalışdı. Ona dönə-dönə
tapşırdı ki, xalamgildə olduğumuz müddətdə
nəbadə qızı Kərəmovun yadına salasan ha,
başımıza iş açarsan.
Səməd ağzını möhkəm
tutacağına söz verdi. Buna baxmayaraq, ürəyi səksəkəli
qalan Qasım xalasıgilin qapısına çatanda
tapşırığını bir də təkrarladı.
Gülgəz xala da, kapitan Kərəmov da,
uşaqları da qonaqları gülər üzlə, çox
səmimi qarşıladılar. Bacısı oğlunu
qucaqlayıb bağrına basan xalası onun hər iki
yanağından öpdü. Kərəmov isə qonaqların
gəlişindən sevindiyini, onlara hörmətini göstərmək
üçün qonaqlara çayı özü süzdü.
Onların artıq qızındığını
görüb nərdtaxtanı masanın üstünə qoydu.
Qasımla bir tas oynadılar.
Qasım usta nərd oyunçusuydu. Onu hər adam uda
bilməzdi. Mahir zər cütləməyi vardı. Ancaq ev yiyəsinin
kefinə dəyməmək üçün qəsdən ona
iki marsla uduzdu. Bu marslardan Kərəmovun kefi əməlli-başlı
kökəldi. Şənlənmişdi. Ürəkdən qəhqəhə
çəkərək deyib-gülürdü. Bu müddətdə
Gülgəz xala da süfrəni hər cür naz-nemətlə
bəzəmişdi.
Kərəmov bir az aralıda kresloda oturub oyuna baxan Səmədin
qolundan tutub süfrəyə yaxın gətirdi:
- Qayınananız sizi çox istəyir. Mən də
işdən elə yenicə gəlmişdim. Qismətimdə
axşam yeməyini sizin kimi əziz qohumlarımla yemək
varmış. Siz Allah özünüzü qonaq saymayın.
Öz evinizdir, heç nədən çəkinməyn.
Yeyin-için, rahatca yatın. İnşallah, sabah özüm
sizi maşınla kəndə yola salacağam.
Qasım gördü ki, Səməd ağzını
açıb nəsə demək istəyir. Tez gedib onun
yanında oturdu. Onun ayağını yüngülcə
tapdalamaqla susmaq tapşırığını
xatırlatdı.
Yeməyə başladılar. Gülgəz xala bu
darmacalda kənd toyuqlarından çox dadlı
çığırtma bişirmişdi. Toyuğun budu
Qasımın ağzında yerini yenicə tutmuşdu ki, Səməd
özünü saxlaya bilməyib üzbəüzündə
oturmuş Kərəmova dedi:
- Hə, qqqqohum, qqqqız da belə ggggetdi da...
Son söz onun ağzından çıxınca elə
bil ki, evdə bomba partladı. "Qız"
sözünü eşidən Kərəmov necə bir təpik
ilşdirdisə yemək masası qonaqların üstünə
aşdı. Xörək dolu boşqablar havada uçuşdu,
qarşı divara çırpılaraq çilik-çilik
oldu. Toyuğun budu az qala Qasımın boğazına gedəcəkdi.
Boğulmaq ərəfəsində birtəhər dartıb
çıxardı. Çığırtmanın suyu Səmədin
sifətinə və üst-başına dağıldı.
Kərəmov elə bağırdı ki, Gülgəz
xala da, qonaqlar da qorxudan büzüşdülər. Onun
qışqırığını bəlkə də şəhərin
mərkəzində eşidirdilər:
- Ay qız yiyəsinin də, sizin də, yeddi arxa
dönənizin də atası belə, anası belə,
var-yoxu belə. Allah qıza da lənət eləsin, sizin
ölüb-itənlərinizə də lənət eləsin.
Yeddi kişinin belindən gələnlər, durun cəhənnəm
olun, bir də ayağınız bu evə dəyməsin.
...Səmədlə Qasım evdən xeyli
uzaqlaşsalar da, Kərəmovun dodaq uçuqladan
söyüşləri hələ də davam edirdi.
Qonaqlar evdən necə tələsik
qaçmışdılarsa bir də gördülər ki,
ayaqqabıları əllərindədir. Heç geyməyə
də macal tapmamışdılar.
...Mindam yolunun ağzına çatanda Qasım bir
daşın qarını təmizləyib üstündə
oturdu. Səməd onun üzünə baxmağa
utanırdı. Ancaq Qasımın onunla işi yoxdu - olan
olmuş, keçən keçmişdi. Bundan sonra deyiləcək
söz qalmamışdı.
...Soyuqdan donmuş ac-susuz iki mindamlı səhərəcən
kürək-kürəyə söykəyib günün
çıxmasını gözləyirdi...
04.08.2025.
Xırxatala
Ədalət TAHİRZADƏ
Bakı Avrasiya Universitetinin professoru
525-ci qəzet .- 2025.- 9 avqust(№140).- S.21.