Fətəli xan Qacar
Qacarların yenidən dirçəliş
çağları on səkkizinci yüzilliyin iyirminci illərində
bu sülalənin görkəmli nümayəndəsi,
Aşağıbaş tayfasının başçısı
Fətəli xan Qacar Qovanlu dövründə oldu. O, Dovalu
qacarlarını, yəni Yuxarıbaş tayfasını
özünə tabe edəndən sonra Astrabad vilayətinin
hakimliyini ələ aldı və özünü xan elan edərək
ərazisini sürətlə genişləndirməyə
başladı.
Həmin vaxt isə İranda hərc-mərclik baş
alıb-gedirdi. Bir tərəfdən qonşu türkmən
tayfaları tez-tez hücum edərək ölkə əhalisini
soyub-talayır, digər tərəfdən isə rus
qoşunları Gilanı tutub, ətraf yerləri zəbt eləməyə
hazırlaşırdılar. Üstəlik də, bu
qarmaqarışıqlıqdan istifadə edən osmanlılar
qərbdən İran ərazisinə girmiş, Təbrizdən
Həmədana və Kirmanşaha qədər
torpaqlarını işğal altına almışdılar.
Bir sözlə, Səfəvi dövləti həm siyasi, həm
də iqtisadi böhran içində çabalayır, tənəzzülə
doğru gedirdi. Ölkənin hər yerində yadellilərə
qarşı ara-sıra üsyanlar qalxsa da, heç bir nəticəsi
olmurdu, əksinə, dövlətin vəziyyətini daha da
ağırlaşdırırdı.
Əfqanlar da demək olar ki, süquta uğramaqda olan
bu "yağlı ölkə"ni əldən buraxmaq istəmirdilər.
Və nəhayət, 1721-ci ildə Mahmud Əfqanın iki min
beş yüz nəfərlik seçmə qoşunu hücuma
keçərək ölkənin böyük bir hissəsini
asanlıqla tutub, İranın paytaxtı İsfahan üzərinə
yeridi, şəhəri mühasirəyə almaqla ətrafdan
kömək gələ biləcək yolları tamamilə kəsdi.
Mahmud Əfqanın qoşunları şəhəri demək
olar ki, üç ay gecə-gündüz mühasirədə
saxladılar, lakin ala bilmədilər.
Həmin vaxt Astrabad qacarlarının
başçısı Fətəli xan Qacar iki-üç min
nəfərlik bir dəstə ilə İran şahı Sultan
Hüseynə köməyə gəldi, gecəykən
mühasirə həlqəsini yarıb, İsfahana daxil oldu, əfqanlara
qarşı qanlı döyüşlər apardı, şəxsi
qəhrəmanlıq göstərdi. Şah Sultan Hüseyn ona
kömək gəlməsindən çox sevindi və Fətəli
xanla sarayında görüşdü. Şahın göstərdiyi
ehtirama, əhalinin onu sevinclə
qarşıladığına görə Fətəli xan da öz növbəsində, əfqanların
İsfahandan tamamilə çıxarılması
üçün əlindən gələni edəcəyini
bildirdi. Və ertəsi gün tezdən əfqanlar üzərinə
hücuma keçdi, bütün günü döyüş
meydanından çıxmadı, min nəfərdən
çox düşmən əsgərini məhv elədi və
özü də ayağından yaralandı. Mühasirədən
əl çəkib, qalib kimi İsfahana qayıtdı,
bütün şəhər əhli Fətəli xanın bu
uğurunu alqışladı.
Bu döyüş bir tərəfdən Qacar
qoşununun qəhrəmanlığını, digər tərəfdən
isə əfqanların və onların
komandanlığının səriştəsizliyini və
bacarıqsızlığını göstərirdi. Fətəli
xan Qacar ümid edirdi ki, Şah Sultan Hüseyn əfqanları
ölkədən tamamilə vurub-çıxarmaq
üçün ona hərbi yardım verəcək. Lakin
"kənar bir adam"ın qazandığı qələbələr
bəzi saray əyanlarının ürəklərindəki
paxıllıq və həsəd hisslərini daha da
çoşdururdu. Onlar elə düşünürdülər
ki, Fətəli xan bu gün-sabah sarayda kiminsə yerini tutar bilər. Ona görə də saray əyanları Fətəli
xanı Sultan Hüseynin gözündən salmaq
üçün şaha onun haqqında böhtan dolu yalan məlumatlar
çatdırmağa başladılar: guya, Fətəli xan
Qacar döyüşlərə olduqca inamlı halda gedir,
özünü İranın gələcək şahı
kimi aparır və guya, əfqanlarla haqq-hesabı
çürüdəndən sonra silahını şaha
qarşı çevirəcək.
Şah Sultan Hüseyn əyanlarının sözlərinə
inanaraq Fətəli xan Qacarın həbs edilib, zindana
atılmasını əmr elədi. Saray xidmətçilərindən
olan qacarların biri isə bu xəbəri dərhal ona
çatdırdı. Həyatının
təhlükədə olduğunu görən Fətəli
xan döyüşçülərini də
götürüb, İsfahanı tərk eləyərək
Astrabada üz tutdu. Bununla da, İsfahanın ağır
günləri yenidən başlandı. Fətəli xanın
qoşunu ilə çıxıb, getməsini eşidən
Mahmud Əfqan İsfahanın mühasirəsini davam etdirməyə
başladı.
Şah Sultan Hüseyn əfqan qoşunları
qarşısında aciz qalaraq təslim olmaqdan başqa,
çıxış yolu tapmadı. 1722-ci il sentyabr
ayının 24-də əfqanların ordugahına getdi və
İran dövlətinin adına tarixi bir ləkə gətirərək
tacını götürüb, öz əli ilə Mahmud
Əfqanın başına qoydu. Və həmin gündən
İsfahanı əfqanlara döyüşsüz təslim elədi.
Beləliklə, Mazandaran vilayətindən başqa, ölkənin
mərkəzi və şərq hissələri də əfqan
işğalı altında qaldı. Fətəli xan Qacar isə
Şah Sultan Hüseynin bu biabırçı hərəkətindən
çox məyus oldu və gələcək mübarizələr
üçün hakimiyyətini daha da möhkəmləndirməyə
başladı (Mehman Süleymanov. "Nadir şah", səh.
82).
Mahmud Əfqan İsfahanda rahatca oturub, hökmranlıq
edirdi. Şah Sultan Hüseynin oğlu Təhmasib Mirzə ölkəni əfqanlardan təmizləmək
üçün naəlac qalıb, ruslardan və
osmanlılardan hərbi kömək istədi. Bunu bilən əfqanlar
Əmənulla xanın başçılığı ilə
altı minlik qoşunla onun üzərinə yeridi. Təhmasib
Mirzə gücsüzlüyünü hiss eləyib, Təbrizə
qədər geri çəkildi. Əfqan qoşunları isə
Tehranı, Qəzvini, Qumu, Kaşanı tutdular. Onlara
qarşı səfəvilərə kömək vermək əvəzinə
isə ruslar və türklər bütün Qafqazı
Mazandarana qədər işğal elədilər.
Şahlıq kürsüsündə oturan Mahmud
Əfqan Təhmasib Mirzəni aradan götürmək
üçün Tehran üzərinə qoşun çəkdi.
Şah Təhmasib məğlub olub, Mazandarana - Fətəli xan Qacara pənah
apardı, Sari şəhərində onunla birləşdi.
"Şah Təhmasib Mazandarana çatarkən Astrabad, Mazandaran
və türkmən tayfalarının hakimi Fətəli xan
Qacar onu qarşılayıb, cürbəcür qonaqlıq təşkil
elədi. Bir qədər orda qalan Şah Təhmasib qoşun
toplayıb, Fətəli xanın məsləhəti ilə
Xorasana yolladı ki, oranı fəth etdikdən sonra əfqan
Əşrəfin işini bitirsin. Qoşun yollanıb Məşhədin
mühasirəsi ilə məşğul oldu" (Yan Tadeuş
Kruşinski. "Xristian səyyahın tarixi", Bakı,
"Azərnəşr", 1993-cü il, səh.89-90). Fətəli
xan Şah Təhmasibə iki min nəfərlik qoşun da verdi
və 1723-cü il noyabrın 25-də şahzadə II Şah
Təhmasib adı ilə İran taxtına
çıxdı (1723-1732).
Ölkənin yeni hökmdarı igidliyinə, dar günlərdə
ona köməyini əsirgəmədiyinə və şəxsi
keyfiyyətlərinə görə öz ordusunda baş sərkərdəlik
vəzifəsini Fətəli xan Qacara etibar elədi.
Təhmasib Mirzə Səfəvi hakimiyyətini bərpa
eləməyə çox cəhd göstərirdi, ancaq buna
real imkan tapa bilmirdi. Lakin Fətəli xan Qacarla birləşib
güclənəndən sonra dədə-baba dövlətinin
bərpası uğrunda mübarizəyə başladı. Təhmasib
Mirzə baş sərkərdəsini yenidən əfqanlarla
döyüşə göndərdi. Fətəli xan Tehran
yaxınlığındakı İbrahimabadda düşmənlə
döyüşə girdi, amma bu dəfə ağır məğlubiyyətə
uğrayıb geri - Mazandarana çəkildi və ordan da
Damğana yollandı. Bu məğlubiyyət şahla onun
arasında inciklik yaratdı, münasibətləri kəskinləşdirdi.
Təhmasib Mirzə Zülfüqar bəy adlı sərkərdəsini qoşunla Fətəli xanın
üzərinə göndərməyə
hazırlaşdı. Bunu eşidən Fətəli xan Qacar
şah qoşununu qabaqlayıb, onun üzərinə hücuma
keçdi, Təhmasib Mirzənin qoşununu geri oturdandan sonra
Damğanı tamamilə nəzarəti altına alaraq Mazandarandakı
şah qüvvələrinə zərbə endirmək və
oranı da ələ keçirmək üçün yola
düşdü.
1726-cı ilin may ayında Əşrəf adlanan məntəqə
yaxınlığında Təhmasib Mirzənin və Fətəli
xanın qoşunları qarşılaşdı. Və bu dəfə qacar qoşunu
üstünlüyü ələ alaraq döyüşdən
qalib çıxdı. Bu məğlubiyyətdən
sonra Təhmasib Mirzə vəziyyəti öz xeyrinə dəyişdirmək
üçün qullarağası Məhəmmədəli
xanın başçılığı ilə bir neçə
sərkərdəsini Astrabadın şimal-şərqində
məskunlaşmış türkmən tayfalarından kömək
almağa göndərdi. Lakin bundan xəbər tutan Fətəli
xan havayı yerdən döyüşməkdənsə,
barışığa üstünlük verdi. Təhmasib Mirzə
ilə görüşüb, barışmağı və
bağışlanılmasını xahiş elədi.
Atası kimi yumşaq xarakterli və qətiyyətsiz bir adam
olan Şah Təhmasib Mirzə Fətəli xan Qacarı və
onun yaxınlarını bağışladı, onlara toxunmayacağına and
içdi...
Fətəli xan Qacarı Təhmasib Mirzə ilə
yenidən birləşməyə məcbur eləyən amillər
daha çox onun gələcək planları ilə
bağlı idi. O, yaxşı dərk edirdi ki, əfqanlar tərəfindən
devrilən Səfəvi xanədanını istəyənlər
daha çoxdur. Özü də Səfəvi tərəfdarı
olan Fətəli xan Qacar yaxşı başa
düşürdü ki, bu tərəfdarları şahın ətrafına
asanlıqla toplayıb, düşmənə qarşı
mübarizəni genişləndirməklə və səfəvilərin
hakimiyyətini bərpa etməklə əvvəlki nüfuzunu
qaytarmaq olar. Belə olan halda, sarayda onun da nüfuzu və
imkanları xeyli genişlənə bilər.
Kifayət qədər bacarıqlı, təcrübəli,
öz tayfası arasında nüfuz sahibi olan Fətəli xan
Qacarla birləşmək, əlbəttə, Təhmasib Mirzəyə
əl verir və onun imkanlarını xeyli
artırırdı. Ona görə də şah ona qacarlar, gəraylılar,
hacılılar, kətullular içərisindən qoşun
toplamağı tapşırdı və Fətəli xan az
müddət ərzində döyüşçülərinin
sayını on səkkiz minə çatdırdı. Təhmasib Mirzə xidmətlərinə
görə onu "vəkilüddövlə" titulu ilə
təltif elədi və digər qacar başçıları
daha yaxşı vəzifələrə irəli çəkildilər.
Fətəli xan Qacar artıq həmin vaxtdan dövlət vəkili,
yəni, dövlətin şahdan sonra ikinci şəxsi hesab
olunurdu. Eyni zamanda o, şah qoşunlarının sipəhdarı
- baş komandanı vəzifəsinə təyin edildi.
Bütün bunlardan sonra Təhmasib Mirzə Məlik Mahmudun
üstünə getmək üçün Fətəli
xanı dilə tutmağa başladı və onlar qüvvələrini
birləşdirib, Məşhədə doğru yollandılar.
Fətəli xan Qacar tutduğu bu vəzifədən
istifadə edərək çox çəkmədən Təhmasib
Mirzəni öz təsiri altına altı. O, artıq şah
sarayında söz sahibi idi və onun fikri həmişə Təhmasib
Mirzə tərəfindən qəbul
olunurdu. Fətəli xanın şahın yanında
böyük hörmət-izzət, nüfuz sahibi olması bəzi saray adamlarının
heç də ürəyincə deyildi. Onlar bu qacar
övladını gələcəkdə özlərinə
böyük təhlükə hesab edirdilər. Ona görə
də saray adamları ilə Fətəli xan arasında gizli
çəkişmələr gedirdi.
Həmin vaxt İranın gələcək
şahı, vaxtilə özbəklərin əsir
götürdüyü Nadirqulu onların əlindən qurtulub
qaçdı. Başına kiçik bir dəstə
toplayıb, əfqanlara qarşı vuruşaraq Xorasan əyalətinin
bir hissəsini ələ keçirdi. O vaxtdan da Təhmasib
Mirzə ilə Nadirqulunun əlaqələrinin
başlanğıcı quruldu. Bu, həmin dövrdür ki, Təhmasib
Mirzə məcburiyyət qarşısında qalaraq Mazandarana
çəkilib gələcək döyüşlər
üçün Fətəli xanla birlikdə qoşun
toplayırdı. Elə həmin vaxtlarda da Nadirqulunun igidliyinin
səsi-sorağı İranın şimal əyalətlərinə
də yayılmışdı. Ona görə də Təhmasib
Mirzə məirbaşı Həsənəli bəyi Xorasana
hücum etmək ərəfəsində Nadirqulunun yanına
göndərib, onu öz xidmətinə dəvət elədi.
Nadirqulu bu təklifi məmnuniyyətlə qəbul eləyib,
şahın Fətəli xanla birlikdə Şahrud və Bəstam
ətrafında Mahmud Əfqana qarşı yürüş
etdiyi vaxt əfşarlardan və kürdlərdən ibarət
üç minlik dəstəsi ilə gəlib-çıxdı.
Elə bu köməyinə və şücaiyətinə
görə Şah Təhmasib ona "Səltənətin
naibi" titulunu verib, Əbivərdə hakim təyin elədi.
Bundan istifadə eləyən Nadirqulu düşmənlərini
böyük məharətlə bir-bir aradan götürməyə
başladı. Eyni zamanda şahın yanında böyük
hörmət qazandı, tez bir zamanda onun şəxsi
müşaviri oldu. Bu da düşmənlərinin
başını yemək üçün ona yeni bir şərait
yaratdı.
Nadirqulu görürdü ki, Təhmasib Mirzə də
atası Sultan Hüseyn kimi karsız, zəif, verdiyi vədə
əməl eləməyən, başqalarının
sözü ilə oturub-duran bir adamdır. Eyni zamanda onu da
bilirdi ki, əfqanlarla döyüşlərdə böyük
şücaət göstərmiş Fətəli xan Qacar
get-gedə şahın gözündə ucalır və onun Təhmasib
Mirzəyə təsir qüvvəsi artır. Üstəlik,
bir çoxları kimi Fətəli xanın da səfəvilərin
taxt-tacında gözü var və o, hakimiyyəti ələ
almaq üçün əlverişli fürsət gözləyir.
Bütün bunlar Nadirqulunu bərk narahat edirdi,
özünün gələcəyə gedən hakimiyyət
yollarında xüsusilə Fətəli
xan Qacarı böyük bir maneə kimi görürdü. Ona
görə də o, əsas rəqibini aradan götürmək
üçün dəridən-qabıqdan çıxıb,
müxtəlif yollar və fürsət axtarırdı. Belə
bir fürsət isə tezliklə ələ
düşdü...
Nadirqulu ilə Fətəli
xan arasında gərginlik getdikcə artırdı. Bu
münasibət liderlik uğrunda artıq ölüm-dirim
mübarizəsinə çevrilmişdi. Məlum idi ki, zəif
xarakterli Təhmasib Mirzəyə kim daha çox təsir
göstərə bilsə, o da mütləq qalib olacaq.
Görünür, Fətəli xanın bəzi hərəkətləri
şaha xoş gəlmirdi və elə buna görə də
onun rəqibinə münasibəti daha yaxşı idi.
Nadirqulu isə bu vəziyyətdən ustalıqla istifadə
edərək şahı inandırmağa
çalışırdı ki, Fətəli xanla Məlik
Mahmud birlikdə ona sui-qəsd hazırlayıblar. Hətta
inandırıcı çıxmaq üçün
özündən bir tarix də quraşdırıb, dedi ki, bu
iş yaxınlarda - oktyabr ayının 11-də baş
tutmalıdır.
Elə həmin vaxt Fətəli xan Qacar kürd
qoşunlarının başçısı Nəcəfqulu bəy
Şadlıya öz əsgərləri ilə birlikdə Məşhəd
üzərinə hücuma keçməyi əmr eləmişdi.
Qoşun başçısı isə Nadirqulunun qurması ilə
bu tapşırığı yerinə yetirməmişdi. Ona
görə də Fətəli xan onu edam etdirdi. Nəcəfqulu
bəyin qoşunları Nadirqulunun dəstəsi ilə birləşdi
və Nadirqulu Fətəli xan
Qacarı kürdlərin də gözündən salmaq
üçün hər yana çar çəkdirdi ki, Nəcəfqulu
bəyi Fətəli xan öldürtdürüb. Bununla da, hər
iki tərəf arasında düşmənçilik toxumu səpdi
və kürdləri ona qarşı qaldırdı.
1726-cı il sentyabr ayının 21-də Təhmasib
Mirzə Xorasana hücuma hazırlaşmağa başladı.
Hücum ərəfəsində Məşhəddə Xacə
Rəbi məqbərəsinin yaxınlığında Fətəli
xanla Nadirqulu arasında kəskin narazılıq yarandı və
bu da xoşagəlməz ixtilaflara səbəb oldu.
Döyüşlərin qızğın çağında
uduzacağını görən Fətəli xan Qacar təzə
qoşun toplayıb gətirməyin vacibliyi fikrini şaha
bildirdi. Yaranmış bu şəraitdən yenə də məharətlə
istifadə edən Nadirqulu Təhmasib Mirzənin
qulağını elə doldurdu ki, o, deyilənlərin
hamısına inandı. Şah Təhmasib də
götür-qoy etmədən, Nadirquluya Fətəli xanı
öldürməyi əmr elədi. Şahın bu qərarı
Nadirqulunun ürəyincə oldu, amma o, yenə hiyləyə əl
atıb, yalandan dedi ki, Fətəli xan öldürülsə,
Qacarlar qızılbaşlara qarşı çıxarlar və
bu da ölkə üçün yaxşı nəticə
verməz. Yaxşısı budur ki, onu həbs eləyib,
zindana salsınlar...
Şah Nadirqulunun bu təklifini qəbul elədi. Ancaq
Nadirqulu əl altından gizli və məkrli niyyətini həyata
keçirdi. 1726-ci il oktyabrın 12-də elə Xacə Rəbi adlanan həmin
yerdə Yuxarıbaş qacarlarından olan və Fətəli
xana düşmənçilik eləyən Yuxarıbaş
qacarlarının başçısı Məhəmməd
Hüseyn xanın oğlu Məhəmməd Zaman xan adlı
bir nəfərin yaxından iştirakı ilə Fətəli
xan Qacar qətlə yetirildi. Qacarlar üsyan eləməsinlər
deyə, Nadirqulu tayfanın başçılarından
Qasım ağanı, Rəhim xan Gəraylını, Niyazqulu
bəyi, Yusif bəyi, Şərafətdin bəyi həbsə
aldırdı. Xidmətinə görə isə Məhəmməd
Zaman bəyi Astrabada hakim təyin elədi...
Vasif QULİYEV
525-ci qəzet .- 2025.- 9 avqust(¹140).- S.20;21.