İmre Kertes: "Ömrümü
mütləq bir yanlışlıq içində
yaşamışam”
"İnsanlara güvəncini bircə anlıq
itirdinsə, ömürlük yalqızlığa məhkumsan"
Ədəbiyyat üzrə Nobel
mükafatçısı (2002) olan macarıstanlı
yazıçı İmre Kertes ilə geniş söhbətlərdən
ibarət "Dosye K." kitabından fraqmentlərdir.
İ.Kertes özü həmin kitabın necə ərsəyə
gəldiyi, eləcə də janr təyinatı barədə
vaxtilə bunları yazıb: "Mənimlə "dərininə
bir müsahibə" aparmaq istəyən dostum və redaktorum
Zoltan Hafnerlə 2003-2004-cü illər arasındakı
söhbətlərimiz 10-12 səsyazma lentini doldurmuşdu.
Yazıya alınıb sahmanlanmış materialın daxil
olduğu qovluq İsveçrənin kiçik şəhərlərindən
Gistaaddakı bir hoteldə əlimə düşdü. Elə
ilk cümlələri oxuduqdan sonra qalın qovluğu bir tərəfə
qoydum və instinktiv adlandıra biləcəyim
davranışla kompüterimi açdım. İçimdən
gələn istəklə yox, kənar təsirlə
yazılmış, bir növ avtobioqrafik səciyyəli
saydığım və bənzər tərzdə ilk işim
olan bu kitab bax belə yarandı. Əgər Nitsşenin
"roman janrının tarixi Platonun "Dialoqlar"ından
başlanır" məzmunlu tezisini qəbul etsək, indi əlinizdə
olan bu kitab gerçək bir romandır".
- "İflas" romanında yazırsan: "On
dörd yaş yarımlıq ikən, inanılmaz dərəcədə
səfeh şərtlərin cəmlənməsi səbəbindən,
mənə tuşlanıb atəşə hazır vəziyyətə
gətirilmiş yüngül avtomat silahın lüləsi ilə,
təxminən, yarım saat ərzində göz-gözə
dayandım". Zənnimcə, bu hadisə jandarm
kazarmasının həyətində başına gəlmişdi.
"Talesizlik"də bu mövzuya niyə yer vermədin?
- Roman prizmasından baxıldıqda, bu, adi əhvalat
tipli epizoddur, ona görə romanda yeri yoxdur.
- Amma həyat yolun baxımından səciyyəvi bir
epizod ola bilərdi.
- Yəni heç açıb-bükmək istəmədiyim
məqamları indi söyləməyə məcburammı?
- Bir halda ki, belədir, onda niyə yazırdın?
- Bəlkə, sırf o barədə danışmamaq
üçün.
- Bu qədərmi ağır gəlir sənə?
- Bilirsən, bu, bir az Spilberqin vaxtilə ölümdən
qurtarılmış ahıllarla söhbətlər silsiləsində
(məşhur rejissor Stiven Spilberqin yaratdığı fond yəhudi
soyqırımından xilas olmuş insanlarla silsilə
müsahibələr təşkil edib - tərc.)
danışılanlara bənzəyir: "Bizi bir tövləyə
doldurdular...", "Bizi bir həyətə
topladılar...", "Bizi Budakalasdakı kərpic zavoduna
apardılar..." tipli cümlələrdən zəhləm
gedir.
- Niyə ki? Belə etməyiblərmi?
- Romanda, hə. Amma roman bir qurmacadır.
- Axı bildiyimə görə, sənin romanın
gerçəklərə əsaslanır! Yaxşı, jandarm
kazarmasının o darısqal həyətinə nə cür
girmişdin?
- Eynən "Talesizlik"də yazdığım
kimi... Gecəyarısı - mən kürəyimi arxamda
oturanın qatlanmış dizlərinə söykəmişdim,
önümdəki də mənim dizlərimə -
daldığım dərin yuxudan tükürpədici
çığır-bağıra və fit səslərinə
oyandım. Bir dəqiqə keçdi, baxdım ki, həmin həyətdəyəm.
Ay işığı ətrafı
aydınlatmışdı, göydə bir-birinin ardınca
bombardmançı təyyarələr uçurdu. Həyətin
ətrafındakı alçaq divarların üstündə
yanpörtü oturmuş sərxoş jandarmlar pulemyotların
lüləsini bizə - o həyətə topladıqları
insan yığınına tuşlamışdılar.
Bunları indi danışmağın yeri yoxdur,
"İflas" romanımda daha yaxşı təsvir
etmişəm.
- Elədir, amma o romanındakı oğlanın sanki
heç nədən xəbəri yoxdur, oraya necə, niyə
gəldiyini bilmir.
- Əslində, elə idi onsuz da.
- Yaxşı, bu səhnənin - deyək ki, tarixi
planda - pərdəarxası qətiyyən
maraqlandırmayıbmı səni?
- Maraqlandırmaya bilərmi? Amma sənə də bəllidir
ki, şərtlər o qədər də bəsit deyildi.
- Yəni qurmacadan yox, gerçəklərdən
söhbət gedir...
- Mən bu ikisini bir-birindən kəskin fərqləndirmirəm.
Amma indi məsələ bunda deyil. Əvvəla, Kadar rejimində
sənədlərə yol tapmaq son dərəcə çətin
idi, xüsusən də "Talesizlik" romanımı
yazdığım 1960-cı illərdə. Nasistlər dönəminə
bağlılıqları varmış kimi, bütün sənədləri
gizlətmişdilər. Küncdə-bucaqda qalan,
alayarımçıq sənədləri əldə etmək
üçün də günlərcə kitabxanaların tozlu
rəflərini eşələmək lazım gəlirdi. Elə
bil o dövrün nəsriyyatları keçmişin
önünə bir pərdə çəkib gizlətmişdi.
Uzun araşdırmalardan sonra, nəhayət, həmin vaxt mənim
də tutulmağımla nəticələnmiş olayın
arxa planında 1944-cü il iyunun sonlarına planlaşdırılan
jandarm hərbi çevrilişinin dayandığını
aşkarlaya bildim. Əslində, o çevrilişdən məqsəd
Budapeştdəki yəhudilərin də Almaniyaya
sürgününü başlatmaqmış. Bilirik ki,
Mikloş Horti (sözügedən dövrdə Macarıstana
formal rəhbərlik edən hərb və dövlət xadimi
- tərc.) müharibənin gedişatının fərqinə
varmış, müttəfiqlərin "Avropada yəhudi
soyqırımına dəstək verən hər kəslə
haqq-hesab çəkiləcəyi"ni bildirən bəyanatını
ciddi qəbul etmiş və - öz məhdud yetkisindən
yararlanmaqla - yəhudilərin Budapeştdən
çıxarılıb aparılmasını
yasaqlamışdı. Jandarm da bax bu yasağı aradan
qaldırmaq istəyibmiş. İlk addım olaraq, bir sübh
çağı Budapeşti mühasirəyə alıb,
şəhərin kənarındakı inzibati-idarəçilik
qurumlarını ələ keçiriblər. Məlumdur ki, o
vaxtlar Budapeşt jandarmın deyil, xüsusi polis dəstələrinin
səlahiyyət dairəsinə daxil idi. Jandarm hansısa yolla
polisi də ələ almağı bacarıb və o gün
polislər Budapeşt hüdudlarını keçən - məxsusi
icazə ilə olsa belə - hər kəsi həbs ediblər.
Mən də 17 yoldaşımla birlikdə o əsnada tutuldum,
hamımız 15 yaşın içində idik, şəhərdən
kənarda, "Şell"in Çepeldəki neftayırma
zavodunda çalışırdıq...
- Olanları yazmısan ki! Niyə israrla
"qurmaca" deyib durursan?
- Bax bu, məndən ötrü köklü bir
problemdir. Üstündən onlarca il keçəndən sonra
bunu yazmağa qərar verdikdə romanla avtobioqrafik hekayət,
yəni "xatirələr" arasındakı sərhədi
öz yəqinimdə aşkar bəlirləməliydim. Ən
azı, o vaxtacan - 60-cı illərədək - artıq
bütöv bir kitabxananı dolduracaq qədər
çoxalmış... ədəbiyyata eynilə birini də əlavə
etməmək üçün...
- ...Holokost ədəbiyyatınamı demək istədin?
- Hə, günümüzdə belə
adlandırılır. O zaman - 60-ların əvvəlində -
isə "Holokost" kəlməsini bilən yox idi hələ.
Sonralar işlətməyə başladılar və buradaca
deyim ki, heç də düzgün olmadı bu. Aha, indi
yadıma düşdü: "Konslager ədəbiyyatı"
deyilirdi bir vaxtlar.
- Qurmaca ilə avtobioqrafik mətn arasındakı fərq
indi məni daha çox maraqlandırır. Bilirsən, istər,
oxucular, istərsə də, tənqidçilər
"Talesizlik" barəsində "avtobioqrafik
romandır" deyirlər...
- Səhvə yol verirlər. Belə bir ədəbi
janr mövcud deyil. Ya avtobioqrafik mətn deyilməlidir, ya da
roman! Əgər avtobioqrafik olacaqsa, keçmişini
xatırlayırsan, yaddaşındakılara mümkün qədər
bağlı və sadiq qalır, olub-keçənləri
gerçəyəuyğun şəkildə, yəni əhvalatlara,
hadisələrə başqa nəsə
qarışdırmadan yazırsan.
Səviyyəli bir avtobioqrafik mətn sənədli
film kimidir, yaşanmış dönəmin "mötəbər
təsvir"idir. Halbuki romanda ən mühümü
gerçək hadisələr deyil, onlara əlavə edilənlərdir.
- Amma mən bilən, sənin romanının təməlində
- özünün də söhbətlərdə dəfələrlə
təsdiqlədiyin kimi - məhz gerçəklər
dayanır, təsvir etdiklərinin hamısı sənədlərə
əsaslanır.
- Bu, qurmacanı inkar etmir ki! Tam əksinə,
"İflas" adlı romanımda keçmişi yenidən
canlandıra, konslagerlərin atmosferinə girə bilmək
üçün nələrə əl atdığımdan
söz açıram.
- Saatının qayışını iyləyirmişsən...
- Hə, çünki yeni aşılanmış dərinin
iyi Auşvitzdəki baraklar arasında yayılan qoxunu
xatırladırdı. Bu cür gerçəklik
qırıntıları, əlbəttə, qurmaca
üçün də son dərəcə önəmlidir.
Amma ən vacib fərq budur: avtobioqrafik mətn nələrisə
xatırlamaq, qurmaca əsər isə bir dünya
yaratmaqdır.
- Məncə, nələrisə xatırlamaq da
dünyanın bir qismini yenidən yaratmaqdır.
- Ancaq dünyanın bu biri qismini aşıb-keçmədən.
Halbuki qurmacada əsas iş elə budur. Qurmaca
bütövlükdə ayrı bir dünyadır,
yazıçının zehnində yaranır və sənətin,
ədəbiyyatın qaydalarına əsaslanır. Bax bu
böyük fərq əsərin formasında, dilində və
süjetində də əks olunur.
- Hər halda "Auşvitzi mən icad etdim" demək
fikrin yoxdur...
- Bəlli bir anlamda məhz belədir, əslində!
Romanda Auşvitzi mən icad etməli və
yaratmalıydım. Romana dəxli olmayan tarixi hadisələrə
əsaslana bilməzdim. Hər şey hermetik bir biçimdə,
dilin, yazının sehri ilə ərsəyə gəlməliydi.
Kitaba bu yöndən baxmağı yoxla bir: elə ilk cümlələri
oxuyan kimi özünü əcaib, tamamən
başlı-başına qalmış bir dünyada hiss edəcəksən:
daha doğrusu, hər şeyin, nə yolla olur-olsun, hansısa
formada baş verə biləcəyi dünyada! Hadisələr
inkişaf etdikcə oxucuda fanilik hissi güclənir,
üstündə dayandığı torpağın tədricən
sürüşüb ayaq altından çəkildiyi kimi bir
duyğuya qapılır.
- Hə, Dördi Şpiro "Tale yoxdur" adlı məşhur
yazısında bunu çox yaxşı ifadə edib.
"Talesizlik" romanı haqqında ilk və həqiqətən
ciddi təhlil də elə bu oldu. Amma biz mövzumuzdan
çox yayındıq, haqqında
danışdığımız kazarma həyətindən
xeyli uzaqlaşdıq. Jandarmlarda qalmışdıq...
- Onlar dedilər ki, bizim - at tövləsində
şam yandırmaqla - ingilis təyyarələrinə işarə
verdiyimizi görüblər.
- Zarafat olar bu...
- Yox, qətiyyən. Doğrudan, belə dedilər.
Əvvəlcə mən də zarafat bildim, sonra gördüm
ki, zarafatdan keçib. Yaxınlığa bircə bomba
düşsə, hamımızı gəbərdəcəklərini
söylədilər və o bombanın düşməsini nə
qədər çox arzuladıqları da
davranışlarından bilinirdi. Öldürmə ehtirası
qabarmışdı içlərində, çoxu zır
kefli idi, qan qoxusu almış çaqqallara bənzəyirdilər.
Əslində, müdhiş səhnə idi, amma
"Talesizlik"lə uyuşmurdu. Buna çox təəssüflənmişdim.
Görürsənmi, qurmacanın belə sərt qaydaları
var. Amma sonralar - "İflas"da - bu səhnəyə yer
verdim.
- Necə bu qədər... bu qədər...
- "Sinikcəsinəmi" deyəcəkdin?
- Demək istəmədim...
- Deyə bilərsən, xətrimə dəyməz. Həyatıma
romanlarım üçün xammal mənbəyi kimi
baxıram. Belə düşünməyim məni
bütün komplekslərdən qurtarır.
- Yaxşı, belədirsə, onda soruşuram: o gecə,
baş verənlərə indiki kimi uzaqdan baxmadığın
anlarda, yəni - sinizm yerinə, ironiya deyim - bax bugünkü
ironiyan yox ikən nə hiss edirdin? Ölümlə üzə-üzə
gəlmişdin, qorxmurdunmu?
- Yəqin ki, qorxmuşam. İndi xatırlamıram
artıq. Ancaq başqa bir duyğunun mahiyyətinə varmaq məndən
ötrü daha önəmli oldu və bu duyğunu illər
keçəndən sonra "İflas"da ifadə edə
bildim: "Anladım ki, yaşadığım kainatın bəsit
bir sirri varmış - istənilən an hardasa bir yerdə
öldürülə bilərəm".
- Qorxunc məqamdır...
- Həm elədir, həm də yox. Bilirsənmi, on
beş yaşlı uşağın - üstəlik də,
yoldaşları, onunla eyni qisməti bölüşən
yaşıdları ilə birlikdədirsə - yaşamaq
sevincini əlindən almaq o qədər də asan deyil. Məsum
bir sadəlövhlüyü olur və bu onu tam ümidsizliyə
yuvarlanmaqdan, axırının çatdığı
düşüncəsinə qapılmaqdan qoruyur. Yetkin insan, bu
cəhətdən, daha kövrəkdir.
- Bu mülahizən sənin öz təcrübələrinə
əsaslanır, yoxsa sonradan eşitdiklərinə,
oxuduqlarına?
- Öz təcrübələrimə də, sonradan
oxuduqlarıma da. Açıq danışaq: nasist ölüm
düşərgələrində yaşanan bənzərsiz təcrübələri
oxşar mövzuda yazılmış
yığın-yığın kitablardan çox az qismi
doğru-dürüst əks etdirə bilir. Belə nadir müəlliflər
arasında bu mövzuda ən dolğun təsəvvür
yaradan, bəlkə də, Jan Ameridir, onun esseləridir. Onun son
dərəcə yerinə düşən bir ifadəsi var:
"Weltvert-rauen" - "Dünyaya güvənmək".
Jan Ameri bax bu güvəncsiz yaşamağın çətinliyindən
bəhs edib. Bu duyğunu bircə anlığa itirdinsə,
insanlar arasında ömürlük yalqızlığa məhkumsan
artıq. Belə bir insan qarşısındakını hər
zaman düşmən qismində görür. Ameri bu güvəncini
Belçikadakı zindana çevrilmiş bir qalada Gestaponun
işgəncələrinə məruz qaldığı
günlərdə itirmişdi. Auşvitzdən - ölüm
düşərgəsindən sağ çıxa bildi, ancaq
illər keçəndən sonra edam hökmünü öz əlləri
ilə yerinə yetirdi - canına qəsd etdi.
Zənnimcə, məndə bu güvənc hissi -
tükənmiş kimi görünən anlarda belə, parlaq
şəkildə olmasa da - hələ vardı.
"Böyüklər aləmi məni buradan
çıxarmağa, sağ-salamat evə dönməyim
üçün yol açmağa məcburdur", - deyirdim
öz-özümə. İndi bu, bir qədər
gülünc səslənə bilər, amma doğrudan, belə
hisslər keçirirdim. Qurtuluşumu məhz bu sadəlövh
güvəncimə borclu olduğuma əminəm.
- Halbuki o aralar saysız-hesabsız uşaq...
- ...öldü. Hə, istisna olmaq asan deyil.
- Avtobusdan səninlə birlikdə
düşürülən və sonra Auşvitzə
aparılan digər 17 uşaqdan sağ qalanlar oldumu?
- Xeyr. Hamısı öldü.
- Əminsən? Araşdırmısanmı?
- Müharibədən sonra anam bir elan vermişdi. Səs-soraq
çıxmadı. 1944-ün yazında da belə bir elan
verib, Çepel bölgəsi hüdudunda qeybə çəkilən
uşaqların ailələrini arayıbmış.
- Almanların işğalı altındakı
Macarıstanda belə elanlar vermək olurmuş?
- Deməli, mümkünmüş. Anam bundan da
artıq cəsarət tələb edən işlərə
girişib o vaxt. Tərpənib Hərbi Nazirliyə - o dövrdə
belə adlanırdı, yanılmıramsa - gedibmiş,
özü də qiyafəsini dəyişmədən, sinəsində
"sarı ulduz"la.
- Çox cəsur qadınmış, həqiqətən.
- Əlbəttə, cəsur idi, amma ətrafda baş
verənlərdən hali deyildi, əslində. Onun
"dünyaya güvən"i axıra qədər qəti
sarsılmadı. Gözəl qadın idi anam, qəşəng
geyinər, heç bir maneə tanımazdı. "Sarı
ulduz"lu qiyafədə, "təlimat"a əsasən,
tramvayın ən arxa hissəsinə qalxdıqda, kişilər
dik qalxıb ona yer verirmişlər. O dövrün məşhur
aktrisası Anna Tökesə bənzəməsilə
öyünürdü. Bəzən küçədə
ondan imza istəyənlər də olurmuş. Anam baş verənləri
əsla qəbul etməməkdə, təhlükənin
böyüklüyünü anlamamaqda israrlıydı.
Ağlıma yatmır, doğrusu: necə olub ki, yüksək
rütbəli bir zabitin - kapitanınmı, mayorunmu - kabinetinə
girə bilib! Zabit ona: "Xanım, heç olmasa,
paltarınızdakı bu "sarı ulduz"u
çıxaraydınız...", - deyibmiş. Təsəvvür
edirsən, anam "oğlunun elə indi ona verilməsini, ya da
haraya aparıldığının, başına nə iş
gəldiyinin dərhal açıqlanmasını" istəyib.
Zabit elə o dəqiqə vəziyyəti öyrənib, anama
"oğlunun, yanındakı yoldaşları ilə birlikdə,
Transilvaniyaya, "ağackəsmə işləri"
üçün Meşəçilik İdarəsinin sərəncamına
göndərildiyini" bildirib. Hərçənd o an verilən
bu məlumat anamı tam arxayın salmayıb, amma buna, müvəqqəti
də olsa, inanıb, çünki inanmaq istəyib. O zaman
insanlar, çarəsizlikdən, "dürüst bir dünya
sistemi" ilə bağlı xəyallara
sığınırdılar.
- İnanılası iş deyil! Amma bu məqam sənin
kitablarını oxuyandan bəri beynimdə hərlənən
bir sualı yenə yadıma saldı: Macarıstan yəhudiləri
baş verənlərdən, doğrudanmı, bu qədər xəbərsiz
olublar? Onları nələr gözlədiyi barədə
heç düşünməyiblərmi?
- Mən, sadəcə, Budapeştdə, öz məhdud
ailə mühitimizdə, tanışlarımız arasında
müşahidə etdiklərimi deyə bilərəm.
Heç birinin heç nədən xəbəri yox idi.
Auşvitzin adını da eşitməmişdim mən.
"Radiolarınızı təhvil verin" əmri
yayılana qədər hər bir yəhudi evində gizli-gizli
BBC-yə qulaq asır və radiodan onların nikbinliyinə
kölgə salacaq hansısa xəbər eşitdikdə
"boş şeydir" mənasında əllərini yelləyib:
"Nə gözləyəsən, ingilis təbliğatıdır
da", - deyirdilər.
- Maraqlıdır, ailən necə idi,
uşaqlığın nə cür keçib? Məsələn,
atan haqqında heç danışmamısan. Anan barədə
dediklərini nəzərə alanda, onun kimi qəribə
qadın hər halda adi bir adamın eşqinə düşməzdi.
- "Eşq-məşq... O nədir elə?..", -
deyir Geza Ottlik özünün "Budda" adlı
kitabında. Atam, yəqin ki, anamı çox sevirdi və bunu
qorxunc qısqanclığıyla da göstərirdi. Anama
qalanda, görünür, ərə getməklə Molnar
küçəsindəki o cansıxıcı ailə
yuvasından - üç bacısından və ögey
anasından, maddi müşküllərlə əlləşən
atasından qurtulmaq istəmişdi. O çağlar - 1920-ci
illərdən danışıram - qızları sərbəstliyə
aparan yol, adətən, ya ərə getməkdən
keçirdi, ya da işə düzəlməkdən. Anam hələ
16 yaşındaykən bir şirkətdə işə
başlayıb: "Xüsusi əməkdaş"
deyilirmiş o vaxtlar.
- Deməli, sevgi əsasında evlənməyibmişlər?
- Bilirsən, ata-anasının sevgi söhbətini
qurdalamaq bir övlad üçün son dərəcə
çətindir. Amma aralarındakı münasibət məni
bir xeyli incidib...
- ...Sonra isə boşandılar...
- Onda da çanaq mənim başımda
çatladı. Bir internat məktəbə qoydular məni.
- "Doğulmayacaq uşaq üçün dua"
kitabında o internatın hansı olduğu bilinir, elə
deyilmi?
- Bir az üstünə düşülsə, hə.
- Sanki bu mövzuda çox danışmaq istəmirsən...
- Nə dəxli var? İnsan daima
uşaqlığını məhəbbətlə
xatırlayır - nə qədər ağrı-acılı
keçsə də.
- Soyağacını haracan izləyə bilirsən?
- Çox yaxşı sual verdin. Amma bu, məni
heç vaxt maraqlandırmayıb. Beynimə nə qədər
güc versəm də, elə nənələrimdə,
babalarımda ilişib qalıram. Bildiyimə görə, ulu
babalarım yəhudilikdən assimilyasiya olunan sadə
adamlarmış, bir qismi də kəndli...
- Kəndli?
- Niyə təəccübləndin? Atamın
atası, yəhudi də olsa, kasıb bir kəndliymiş.
Günlərin birində "dünyanı görməyə"
qərar verib. Ailəmizdə oturuşmuş rəvayətə
əsasən, bir gün Kezteli yaxınlığındakı
Pacza kəndindən payi-piyada yola düşərək
Budapeştə gəlib... Mən onu gördüyüm vaxt
yazıq kişi "Jozefvaroş" səmtinin ən yoxsul
hissəsində, Tömo küçəsindəki bir otaq və
mətbəxdən ibarət mənzildə
yaşayırdı.
- Soyadını macarlaşdıranın o olduğuna
toxunmusan bir yerdə.
- Hə. Babamın soyadı, əslində, Kleyn olub. Hələ
Birinci Dünya müharibəsindən əvvəl
macarlaşdırıb soyadını. Niyə Kertes
soyadını götürüb, bir Allah bilir. "Adolf Kertes.
Xırda-xuruş satılır. Nisyə mal verilmir"
dükanından belə bir lövhə asıldığı
yadımdadır... Kəndlilərə xas
danışığını əsla tərgitmədi.
Ömründə həkimə getmədi, tramvaya minmədi,
qıslıq palto geyinmədi... Onun haqqında saatlarca
danışa bilərəm...
- İndi də Molnar küçəsinə -
ananın ata evinə keçək.
- Mən Molnar küçəsindəki evə
heç getməmişəm, ünvanı da, sadəcə,
anamdan eşitmişəm.
- Nə ilə bağlı?
- Bəzən gəncliyindən söz açardı
anam. Molnar küçəsi bir kabus kimiydi ondan ötrü:
evin darısqallığı xatirələrində xüsusi
yer tuturdu, sanki qapalı yerdə qalmaq qorxusu kimi bir hiss
yaşamışdı.
- Uşaqlığı oradamı keçib?
- Kolosvardan (indiki adı Kluj - tərc.) Budapeştə
köçəndə bir müddət orada qalıblar... Mor
Jakab adlı ana babam Kolosvarda bank işçisi olub.
Hüznlü təbəssümü, səliqəli
bığı olan sakit, yaraşıqlı bir kişi idi.
Ətrafına həmişə gözəl bir qoxu
yayılardı: ürək nasazlığı üzündən
daima pencəyinin cibində gəzdirdiyi yaşıl dilaltı
həblərin qoxusu.
- O biri babandan tam fərqli - xoşqılıq, amma
fağır bir adam gəldi gözlərimin önünə.
- Zənnimcə, bunda haqlısan. Anamdan eşitdiklərimi
bir yerə cəmləyəndə, mənə də elə gəlir
ki, heç tanımadığım ana nənəmin hökmü
o ailədə daha keçərliymiş. Amma bu mövzuda o qədər
az şey bilirəm ki... Görürsənmi, insan, həyatı
boyunca, ailə əhvalatlarından bezikir, amma bir gün -
bunlara ehtiyac duyanda - bələd olmadığı
keçmişini boş yerə elə hey eşələyir.
- Yazılarından anladığıma görə,
boğucu ailə sirlərini, ümumən ailə həyatını
çox da xoşlamamısan.
- "Ailələr, sizdən zəhləm gedir",
- Andre Jidin sözüdür. Hə, bir ara bütün ruhi xəstəliklərin
- hardasa bütün xəstəliklər ruhla əlaqəlidir
- səbəbinin ailədə olduğunu
düşünmüşdüm: sənin də dediyin kimi, o
boğucu ailə həyatında, ömürləri
çürüdən o geniş, yumşaq, kəsif qoxulu ailə
yatağında.
- Daha belə düşünmürsən ki?
- Bax ikinci arvadım Maqdanın bir oğlu var,
oğlunun da sevimli arvadı, qızı və oğlu...
- Yəni bunlar səni nisbətən mülayimləşməyə
sövq edib?
- İnkar etmirəm.
- Atanla münasibətini daha aydın göstərən
hər bir detal məndən ötrü maraqlıdır.
"Doğulmayacaq uşaq üçün dua"
kitabında atan haqqında çox ağır məqamlar yer
alıb.
- İnsan daim atasına münasibətdə
haqsızlığa yol verir. Adətən, müşküllərimizi,
xətalarımızı təmizə çıxarmaq
üçün kiməsə - bu isə çox zaman
atamız olur - qarşı üsyan edirik. Bir dəfə
Praqaya getmişdim. Orada Kafkanın atasının fotosunu
gördüm...
- Aha...
- Xossifət kişiymiş. Siması rəğbət
oyadır. Di gəl "Atama məktub"dakını
xatırla...
- Bir çoxları sənin düşüncə tərzinə
bədbinliyin hakim olduğu fikrindədirlər.
- Bunun nə mənada deyildiyini bilmirəm. Problemləri
axıracan düşünməmək nikbinlik deyil,
qorxaqlıqdır. Hə, deyək ki, bunu anladım, amma bədbin
kimi, nikbin də ölməyəcəkmi? Ölümü
gözüyumulu qarşılayaq, yaxud onunla göz-gözə
gələk - nəticə etibarilə fərqi yoxdur. Mən
ölümlə göz-gözə gəlmək istərdim.
Fikrimcə, həyatım məhz o halda bütünlüklə
yaşanmış, tamamlanmış olacaq, daha artıq sevinc bəxş
edəcək.
- Düşərgənin azad olunduğu günü
necə xatırlayırsan?
- "Talesizlik"də yazmışam bunu. O ərəfədə
günlərimiz çox gərgin keçirdi. Hər gün
"Yəhudilər toplantı yerinə
yığışsınlar" əmri verilirdi. Uzaqdakı
düşərgələrə "ölüm
yürüşləri" başlanmışdı. Hər
gecə hava hücumuna görə xəbərdarlıq
siqnalları səslənirdi. Bombardmanlardan əlavə,
artilleriya atəşləri də eşidilirdi artıq. Son
iki-üç gündə düşərgənin
yollarında "SS"çilərin çəkmələrinin
tappıltısından qulaq tutulurdu. Bağırtılar və
silah səsləri bir-birinə qarışmışdı. Nəhayət,
bir günorta çağı səsucaldanla bir əmr
yayıldı: "Bütün "SS"çilər
düşərgəni tərk etsinlər! Dərhal!" Bu əmrin
üstündən bir neçə saat keçmişdi ki,
general Pattonun müzəffər tank bölmələrinin sədaları
eşidildi. Elə o gecə hər yatağa bir lay
"Hershey" markalı şokoladla bir qutu "Lucky
Strike" siqareti qoyuldu. Mətbəxdə qatı bir
qulyaş bişirildi. Ac qurdlar kimi daraşdıq şorbaya,
amma bu ağır yemək bir çoxlarının
ölümünə səbəb oldu. Aprelin 11-i idi.
Yan-yörəmdəkilər elə hey bu tarixi
pıçıldayırdılar. "SS"çilərin əmrlərinin
yayıldığı səsucaldana qoşulmuş BBC radiosu
Veymar yaxınlığındakı Buhenvald konslagerindəkilərin
azad edildiyini xəbər verdi. Buhenvalddan kiminsə radioda həyəcanlı
və təsirli səslə o düşərgə
haqqında dediklərini dinləmək tamam qeyri-adi bir hiss
oyadırdı. İnsanlıq dünyasına geri dönməyimiz
qəribə gəlmişdi...
- Bu dediklərinin arxasındakı gizli məzmunu təsəvvür
etməyə çalışıram. Deməli, yolu
Auşvitzdən, Buhenvalddan keçən 16 yaşlı
yeniyetmə məktəbə qayıdır və
buraxılış imtahanlarına hazırlaşır. Amma
kabuslar hələ də yaxasından əl çəkmir...
- Yox, yox, kabus-filan görmürdüm. Bir-iki dəfə
səhərlər oyananda "düşərgə
toplantısına gecikirəm" qorxusuna qapılmağım
oldu, ancaq... bilmirəm necə izah edim... "içimdəki
saat", o sirli mənəvi "mexanizm" tez nizama
düşdü. Baxışlarından sezirəm ki, nəsə
basqa cür danışacağımı gözləyirdin,
daha pis şeylər eşitmək istərdin.
- Bax bu dəfə "qara yumor"un heç
xoşuma gəlmədi. O kitabları yazmasaydın,
ölüm düşərgələrində yaşadıqlarını
ciddiyə almadığını düşünərdim.
- Amma beləliklə, tam səmimiyyətlə
danışmaq haqqı qazandım. Bu gerçəkliyi də
unutma ki, 1946 və ya 1947-də yox, məhz indi söhbətləşirik.
Yəni aradakı müddətdə kitablarımı
yazmışam və bu, şübhəsiz, xatirələrimin
dəyişilməsinə səbəb olub. Deyək ki,
başqa bir keyfiyyət qazanıb xatirələrim: bəlkə
də, üstündən ötən zamanla da bağlı
olmadan, soluxub. Üstəlik, yazıçı olmağım
da özüməməxsus bir təbiətim olduğunu
göstərir. Hər halda həqiqətə münasibətdə
başqalarından fərqli bir "metabolizm"im var.
İnsanların çoxunun həzm edə bilməyəcəkləri
hadisələr məndə roman mövzusuna çevrilir, mən
də yazıya alıb, dilə gətirib onlardan qurtuluram. Bu, əlbəttə,
şüurlu şəkildə gördüyüm bir iş
deyil. Gəncliyimdə də bu, hər halda instinkt kimi məndə
olub. İndi - 60 il sonra - ondakı halımı
xatırladıqca, əslində, həyatı dolğun
biçimdə yaşayan, buna kimsənin əngəl törətməsinə
yol verməyən bir gənc görürəm. Həmin gənc,
əlbəttə, başına gələn hər şeyi
xatırlayır, amma necə deyərlər, olub-keçənləri
öz məcrasına yerləşdirir.
Yaşadıqlarını soyuqqanlı tərzdə, öz
halına acımadan, bir çoxları kimi, "bunlar nəyə
görə məhz mənim başıma gəldi?" demədən
dilə gətirir, bunlarla qürrələnmir, amma bir az...
bilmirəm necə deyim... bir az qürur duyurmuş kimi olur. Nə
demək istədiyimi anlayırsanmı? Hətta daha qəribə
bir cəhəti də deyim sənə: həyatını
davam etdirmək üçün bütün bunlardan güc
alır...
- Jurnalistikaya "yanıldığın
üçün" gəldiyini demişdin...
- Mən hər işi yanıldığım
üçün görmüşəm. Ömrümü
mütləq bir yanlışlıq içində
yaşamışam. Amma jurnalistika, ən azı,
maraqlıymış kimi görünmüşdü mənə.
- Hardan ağlına gəldi jurnalist olmaq?
- Sənə demişdim axı, onda gecələr bir
pyes yazırdım. Bundan çox tez vaz keçdim. Amma
yazmağın dadını almışdım artıq.
Üstəlik, özünü bir anda "xalis sosializm"in
qucağında görən, ipə-sapa yatmaz bir romantik idim,
belə şəraitdə başqa nə
çıxış yolum qalırdı ki?
- Aydındır, amma jurnalist işi romantika ilə
çox da əlaqəli deyil, yox?
- Haqlısan, jurnalistikaya bələd olub praktik fəaliyyətə
başladınsa, sən deyəndir. Amma məni özünə
çəkən sırf bu sahəyə xas həyat tərzi
oldu... O zamanlar bir jurnalist tipi vardı, "biləndər
adam" obrazında: ağıllı, taleyi ilə
barışmış, bəs qədər məlumatlı,
kafenin bir küncündə oturub pəncərədən
çöldəki həyatı müşahidə edən və
arada hansısa qəzet üçün yazı yazan... Bax mən
də eynilə bu cür yaşamaq istəyirdi.
- "İngilis bayrağı" hekayəndə bu
barədə yazmısan: "Jurnalistdən həyatı təsvir
edəndə yalan danışmaq tələb olunurdu. Amma yalan
danışan, əslində, gerçəyin necə
olduğunu anlayır axı, mən də həyatla
bağlı yalan danışa bilmək üçün gərək
- qismən də olsa - gerçəyi öyrənəydim.
Halbuki həyata dair gerçəyi nə qismən bilirdim, nə
də bütünlüklə". Deməli, nə yalan
danışa, nə də gerçəyi deyə bildin.
- Eynilə! Dalana dirənmişdim. Baxırdım ki,
elə "dürüst" adamlar var, su içirmiş kimi
rahatca yalan danışırlar. Mən isə bunu
bacarmırdım.
"Dünya ədəbiyyatı" jurnalı (2024,
№1)
Seyfəddin Hüseynlinin tərcüməsində
525-ci qəzet .- 2025.- 9 avqust(№140).- S.18-19.