Yoros qalası
Yolum Anadolu yaxasında, Boğazın Qara dəniz
girişinin şərq istiqamətində yerləşən
Yoros qalasınadır. Rumeli kavağı üzərindəki
İmros qalası ilə birlikdə boğaza
giriş-çıxışa nəzarət etmək məqsədi
ilə qurulub. Adı "müqəddəs yer" mənasını
verən Hierondan gəlir. Bəzi mənbələrdə isə
yunanca "dağ" anlamına gələn "oros"dan,
ya da "xoş rüzgarlar" mənasını verən
"ourios"dan götürüldüyü ehtimal edilir.
Əldən-ələ keçən qala
Əslində bəzi mənbələrdə
qalanı Ceneviz abidəsi kimi tanıdırlar. Çünki
abidə 100 il onların hakimiyyəti altında qalıb. Ancaq
bu, tamamilə yanlış məlumatdır. Çünki qala
üzərindəki kərpic kitabələrin üzərində
yunan əlifbası ilə yazılan sözlərdən
açıq-aydın görünür ki, o, Bizans abidəsidir.
Qala 1261-ci ildə imperator səkkizinci Michael Paleologos tərəfindən
inşa edilib. Abidəni 1305-ci ildə Şilə qalası ilə
birlikdə türklər ələ keçirirlər, ancaq
uzun müddət əllərində saxlaya bilmirlər. Aradan
43 il keçir, Qara dəniz ticarət yoluna nəzarət edən
Cenevizlilər qalaya hakim olurlar. XIV əsrin sonlarına
doğru isə qala Boğaziçinin Anadolu yaxasına tamamilə
hakim olan Osmanlılar tərəfindən təkrar fəth
edilir. Yoros qalası tarix boyu dəfələrlə əldən-ələ
keçib. Hətta Ceneviz idarəsinə dair bir kitabda Multedo
adlı professor tərəfindən qalanın qapısı
üstündə latınca "cenevizli Vincenzo Lercarinin
müqəddəs boğaz üstündəki qalanı təmir
etdirdi" bildirilir.
Bəyazidin savaş mərkəzi
Yorosu İldırım Bəyazid alır. 1391-ci ildə
Qocaəlindən böyük bir ordu ilə gəlib Yorosa
çıxır, buradan da Yahşi bəyi göndərərək
Şilə Hasarını təslim aldırlar. Elə bundan
sonra Bəyazid Yoros qalasını savaş strategiya mərkəzi
olaraq istifadə edir. Ardınca Gözəlhisar deyilən yerdə,
yəni Ruməli hisarının əks tərəfində
Anadolu hisarını inşa etdirir. Bu gedişat Konstantinopolu fəth
etmə yolundakı hazırlıqların ən önəmli
ayaq səsləri sayılırdı. Qalanın
yaxınlığındakı meşəlik bölgədə
ərazinin zəbti ərəfəsində şəhid olanlara
aid məzarlıq da var.
Qaynayan xronologiya
Qala 500 metr yüksəklikdə yerləşir, eni 60 və
130 metrdir. 1402-ci ildəki Ankara
savaşından sonra I Bəyazidin oğullarındn Çələbi
Mehmed, qardaşı Musaya qarşı hərəkatı
üçün 1414-cü ildə Trakyaya keçmək üçün
Bizans imperatorundan kömək istəyir, özü də
Bursadan çıxaraq gəlib Yorosda qalır. 1391-1414-cü
illər arasında Yoros qalası türklərin əlində
olur. Bu qısa xronologiyadan da bəlli olur ki, abidə
İstanbul fəth edilənə qədər heç boş
qalmır. Günümüzdə Ruməli Hisarı daha cazibədar
görünə bilər, ancaq qızıl
çağlarında Yoros qalası onun iki qatı
böyüklüyü ilə Boğazdakı ən
böyük qala imiş. Gəzəndə də görürsən
ki, vaxtilə ərazisi xeyli yerə yayılıb.
Müəmmalı zəncir
İspaniya kralının elçisi Tumurun yanına
göndərilən Ruy Qonzales de Klavijo, Qaradənizə üzərkən
gördüyü qalanı "El Guirol de la Turquia" olaraq
adlandırmışdı. O, eyni zamanda buranın yaxşı
vəziyyətdə olduğunu və içərisində
türk qarnizonunun yerləşdiyini bildirmişdi. Halbuki
qarşısındakı qala xarab və tərkedilmiş vəziyyətdə
idi, təpənin ətəyində, ətrafında divarlardan
əsər-əlamət qalmamışdı. Hətta Klavijon
qeyd etmişdi ki, bu qaladan qarşı sahildəki qalaya zəncir
gərilib. Ancaq ondan başqa həmin zənciri nə bilən
var, nə də görən.
Yorosun osmanlılaşması
İstanbulun fəthi ilə Yoros tamamilə türk
hakimiyyəti altına keçir. Osmanlı dövləti sahil
boyunca yerləşən qalaları, eləcə də
buranı təmir etdirir. II Bəyazid isə qalanın tərkibində
Yoros məscidi adlı ibadət yeri inşa etdirir. Sonralar qala
qoruyucusu olan Mehmed Ağa da bir dənə hamam inşa etdirir.
Əslində Osmanlı arxivindəki 1576-cı ilə aid sənədlərdə
burada qala ilə birlikdə məscid, çeşmə və
hamamın təmir edildiyinə dair rəsmi məlumat var. Ancaq
indi onların izi də yoxdur. Hətta alman səyyah Brettenli
Heberer 1580-ci ildə İstanbula gələndə qalanı
yaxşı vəziyyətdə görür və səyahətnaməsinə
həqiqətə uyğun bir də qravüra qoyur.
Xarabalığa çevrilmədən əvvəl qala
içərisində 25 evlik türk məhəlləsi
olduğu bildirilir. Bundan əlavə, 20 nəfərlik
mühafizəçisinin olduğu məlumdur.
Zeus: göylərin tanrısı
Ötən saylarımızdan birində Yuşa təpəsindən
bəhs etmişdik. Həmin təpənin sirrinin bir az da Yoros
qalası ilə əlaqəli olduğundan bəhs etmişdik.
Belə ki, bundan min illər əvvəl bu təpələr
şəhərdə yaşayanlar tərəfindən müqəddəs
qəbul edilirmiş. Tarixin bir çox səhifəsində,
buranın Zeus məbədi olduğu yazılır.
Çünki Yuşadan əvvəl fərqli sivilizasiyalardan
olan insanlar əraziyə öz inanclarına uyğun məbəd
və tapınaqlar inşa ediblər. Antik yunanlar təpəni
Zeus tapınağı olaraq istifadə ediblər. Qalanın da
Zeusla əlaqəsi olduğu iddia edilir, təbii ki, bu,
mübahisəli məsələdir. Hətta qalanın
önündəki bir ağaca iplər, parçalar,
bağlanıb. Deməli, buranın müqəddəs
olduğuna xeyli inanan var. Sırf dilək üçün
Yuşa təpəsinə gedirlər, aralarında 10-15 dəqiqəlik
məsafə var. Ona görə də, bəzilər
Yuşanın əslində Zeus olduğunu iddia edir. Amma vəziyyətə
baxanda əmin olursan ki, bu iddiaların hansının
yanlış, hansının doğru olduğu heç vaxt
bilinməyəcək.
Qalanın gözəlliyinə gəldikdə isə,
buranın elə bir mənzərəsi var ki, insan az qalır
oturub bütün dünyanı sorğulasın. Betona
çevrilmiş İstanbulda hər tərəfi
yamyaşıl, qocaman ağaclarla dolu olan bir yer görmək, əlbəttə,
insanı çaş-baş qoyar. Ancaq təəssüf ki, bu
cür qədim, qiymətli abidənin daşları rəngli
spreylərlə divara yazılan adlar, "sevgi" sözləri
ilə doludur. Gələnlər ətrafı ciddi şəkildə
zibilləyiblər. Halbuki bura o qədər gözəldir ki,
yerə bir dənə çöp atmaq belə insanın əlini,
qolunu qurudar deyə düşünürsən.
Anadolu kavağı
Təpənin aşağısı balıq evləri,
dar küçələr, iç-içə keçmiş
yollar, yoxuşu, enişi, yaşıllığın hakim
olduğu, havası gözəl, göyü təmiz, dənizi
duru, Qara dəniz ilə Boğazı birləşdirən
Anadolu kavağıdır. Şəhər xətləri bərələrin
son dayanma nöqtəsidir. Buranı görəndə sənə
elə gəlir ki, sanki İstanbul içindən bambaşqa
bir İstanbul var. Gördüyümüz yer, şəhərlə
daban dabana ziddir. Bütün bunlar az deyilmiş kimi, bir də
səssizlik, sakitlik hökm sürür. Tıxacdan söhbət
gedə bilməz, çünki buralarda maşın gözə
dəymir. Ətrafda bircə dənə də olsun taksi yoxdur.
Sadəcə bir avtobus işləyir, o da elə uzun
aralıqlarla hərəkət edir ki, dayanacaqda nə
üçün dayandığını unudursan. Evlərin
böyük hasarları yoxdur, həyətlər ya dəmir
barmaqlıqlarla əhatələnib, ya da gül-çiçəklə.
Balığı ilə zəngindir, Çünki
balıqçılar Qaradənizdən tutduqları
balıqları sahildəki restoranlara satırlar, ona görə
də, burada qiymətlər digər yerlərə nisbətən
xeyli ucuzdur. Onu da öyrənirəm ki, Osmanlılar balıq
sevmirmişlər, ərazidə balıq
kültürünün bu qədər populyar olması isə
Bizans və Cenevizlilərdən qalmadır. Osmanlı
zamanında balıqlar kasıb yeməyi hesab edilirmiş. Alt təbəqənin
əsas qidası sayılırmış. Hətta dənizdən
tutulan balıqlar o qədər bol olurmuş ki, qaytarıb dənizə
geri atırmışlar. Təsəvvür edirsiniz, bu gün
lüks sayılan bu sağlıqlı nemət tullantı
hesab edilirmiş.
Marko Paşaya söylə ki...
Anadolu kavağının ən məşhur yerlərindən
biri də Marko Paşa köşküdür. Rəvayətə
görə, Anadolu kavağında donanmaya məxsus ərazidəki
bu köşk, Sultan Əbdüləzizin baş həkiminə
aid imiş. Marko Paşa xalq arasında dərd dinləməklə
də məşhur imiş. Sultan Əbdülhəmid dönəmində
həkim Məclisi Ayanda xalqın problemlərini dinləməklə
bağlı vəzifəyə gətirilir. İnsanlar qəbuluna
dərdini sözlü və yazılı şəkildə
demək üçün gedirmişlər. Bu problemlərin hamısı
həllini tapmırdı. Paşadan bu günümüzə gəlib
çatan "get dərdini Marko Paşaya söylə"
sözü qalıb, bir də bu gözəl sənət əsəri.
Əslində Paşa dərdini söyləyəni dinləməz,
dinləyirmiş kimi göstərirmiş, nəticəyə
bağlamadan da söhbəti dəyişirmiş. Yeni
dünyada çoxları Marko Paşanın yolunu gedir,
tanımaqları şərt deyil.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 9 avqust(№140).- S.17.