"Bizdə kino sahəsi fədakarlıq
üzərində qurulub"
Rejissor Pərviz Həsənov: "Mən sevdiyim
işlə məşğulam, yaşadıqlarımı əziyyət
hesab etmirəm"
Müsahibimiz rejissor Pərviz Həsənovdur. O,
"Qırmızı bağ", "Üçüncü
günün adamı", "Yoxdu belə söhbət",
"İnikas", "Siqnal", "100 kağız"
kimi filmlərin ikinci rejissoru, "Ayaqqabı əməliyyatı",
"Qulyabani", "Soraq", "Tahirə" kimi filmlərin
quruluşçu rejissorudur.
Rejissor Pərviz Həsənov ilə söhbəti təqdim
edirik.
- Pərviz bəy, Azərbaycan Kinematoqrafçılar
İttifaqının mükafatına layiq
görülmüsünüz. Bu münasibətlə sizi təbrik
edirəm. Bilmək istərdim, belə mükafatlar fəaliyyətinizə
hansı töhfələr verir?
- Sadəcə stimul verir. İnsan əməyinə az
da olsa qiymət verildiyini görəndə, kimsə
"sağ ol" deyəndə, bu, çox yaxşı təsir
edir. Bizim cəmiyyətdə "dəyər verən
yoxdur" kimi fikirlər çox səslənir, amma zaman-zaman
belə təşəkkürlər eşidəndə insan
sevinir.
- Uzun illər ikinci rejissor kimi fəaliyyət göstərmisiniz.
Yığdığınız təcrübə ilə
rejissor kimi ilk işinizdə gözlədiyiniz nəticəni
ala bildinizmi?
- Sənətdə yüzdə yüz istədiyini
almaq çox nadir hallarda mümkün olur, xüsusən də
kino sahəsi bizim kimi hələ tam formalaşmamış
ölkələrdə. Xarici ölkələrdə bu,
mümkündür, çünki sistem fərqlidir.
Düzdür, bizdə nəzəri cəhətdən öyrəndiklərimiz
beynəlxalq standartlarla üst-üstə düşür,
amma orada proses sona qədər işləyir. Məsələn,
Hollivudda bir film üçün əvvəlcə 63 milyon
dollar ayrılmışdı, amma çəkiliş prosesi
zamanı məlum oldu ki, bu büdcə kifayət etmir və məbləğ
90 milyona qaldırıldı. Bizdə bunu təsəvvür
belə etmək çətindir (Gülür). Bu, yalnız
maliyyə məsələsi deyil, ümumi sistem məsələsidir.
Bir işi tam və keyfiyyətli görmək
üçün həm şəxsi hazırlıq, həm də
komanda, prodakşn və kino sistemi buna hazır
olmalıdır.
Bizdə kino sahəsi əsasən fədakarlıq
üzərində qurulub. Sistemin zəifliyinə baxmayaraq, əgər
yaxşı nəticə istəyiriksə,
çalışmalıyıq. Çətinlikdən
qaçmaqla irəli gedə bilmərik. Əgər sonda
uğursuz olacaqsa, onda niyə buradayıq? Mən
"İkinci pərdə" filmini yazandan altı il sonra
qonorarımı aldım. Nə edə bilərdim? Həm də
biz yeni bir film ərsəyə gətirmək istəyirdik. Həmin
dövrdə hamı komediya çəkirdi. Sənət
adamının işi yön verməkdir. Biz istəyirdik ki,
artıq fərqli janrlara müraciət olunsun. Çətin
oldu, kassadan geridönüş olmadı. Yolda qarşına
daş çıxanda geri qayıdırsan? Yox, o daşı
götürüb yoluna davam eləməlisən.
- Sovet dövründə ikinci rejissoru "qərargah
rəisi" adlandırırdılar. İşi çox olsa
da, maaşı yaxşı olurdu. Bu gün ikinci rejissor o
vaxtkı funksiyasını davam etdirə bilirmi?
- Sovet dövründə ikinci rejissor həm maaş
alırdı, həm də qonorar. Sistem tam fərqli idi. Sovet
İttifaqı dağılandan sonra bu sistem ləğv olundu və
qonorar əsaslı iş rejiminə keçildi.
Mənim ikinci rejissor olmağımın da əsas səbəbi
maliyyə idi. Film çəkmək istəyirdim, amma büdcəm
yox idi. Uzun müddət ikinci rejissor kimi fəaliyyət
göstərdim. Maliyyə baxımından rahat idim, amma
yaradıcılığa vaxt ayıra bilmirdim. Məsələn,
"Yoxdu belə söhbət" filmində ikinci rejissor
idim. Gündüz çəkilişdə idim, gecə isə
Emil Quliyevlə bir kafedə oturub "İkinci pərdə"nin
ssenarisini yazırdıq. Çay almağa belə pulumuz yox
idi. Stəkanı 20 qəpiyə çay verirdilər, ona görə
həmin kafeyə gedirdik (Gülür). İkimiz də ailəli
adam idik, amma nə edə bilərdik? Gecə saat 12-də kafe
bağlanırdı, biz də düşüb
aşağıda skamyada oturub yazırdıq.
- Çəkdiyiniz əziyyətə dəydi?
- Mən bu yaşadıqlarımı əziyyət
hesab etmirəm, sevdiyim işlə məşğulam. Mən
döyüşürəm, son nəticədə qələbə
qazanıb-qazanmadığım o qədər də önəmli
deyil. Ən azından biz cəhd etdik. Maddi baxımdan qələbə
olmasa da, mənəvi baxımdan qazandıq.
- Bir çox kino adamı sahədəki problemləri
dilə gətirəndə "Azərbaycanfilm" kinostudiyasının
bina problemini vurğulayır. Həqiqətən, bir bina məsələsinin
həlli kinodakı problemləri həll edə bilərmi?
- Həm dəyişəcəkdi, həm də yox.
Baxın, bu balaca otaqda biz nə qədər iş
görürük - iki serialın montajı burada həyata
keçirilir. Bura həm ofisimizdir, həm də
görüş yerimiz. İş görmək istəyən
üçün məkanın böyüklüyü o qədər
də vacib deyil.
Amma "Azərbaycanfilm" kinostudiyası Azərbaycanda
ixtisaslaşmış yeganə dövlət
studiyasıdır. Bu studiyada vaxtilə çox peşəkar
kadrlar yetişib. Mən demirəm ki, oranı sadəcə təmir
edib muzey kimi saxlasınlar. Xeyr. Orada ofislər olmalıdır,
müasir şərait yaradılmalıdır. Ora bizim kino
üçün bir məbəddir. Orada yenidən real işlər
görülməlidir. Oranı sənaye obyektinə
çevirmək lazımdır. Bu, bizim görə biləcəyimiz
iş deyil, konkret dövlət qərarları və
islahatlarla olmalıdır. Həm də kino sahəsində elə
ixtisaslar var ki, bizim universitetlərdə onlar tədris olunmur -
məsələn, səs rejissoru, ikinci rejissor, qrim rəssamı,
dekor rəssamı və s. Bütün bu kadrlar kinostudiyada yetişirdi.
Buna görə də studiyanın saxlanması vacibdir.
- Bu gün Azərbaycanda müharibə filmi çəkmək
məsələsində hansı çətinliklər var?
- Birinci Qarabağ müharibəsi dövründə
film çəkməmək müəyyən qədər
başadüşülən idi. Məğlub ruhla qalibiyyət
ruhunda film çəkmək mümkün deyildi. Amma buna
baxmayaraq, həmin dövrdə də keyfiyyətli işlər
ərsəyə gəldi. Məsələn, "Fəryad",
"Sarı gəlin", "Nabat" - bu filmlər hər
hansı torpağı işğal olunmuş ölkəyə
uyğunlaşdırılsa, yerinə düşər. Onlar
ümumbəşəri mövzulardır. Müharibə filmi
sadəcə döyüş səhnələrindən ibarət
deyil. Döyüşsüz də müharibə filmi çəkmək
olar. Məsələn, "Tütək səsi" filmində
partlayış varmı? Yoxdur. Amma sən qəhrəmanın
yerinə özünü qoyursan və düşünürsən
ki, bu insan geri qayıtdığında arxada
qoyduqlarını necə tapacaq? Hər insanın öz hekayəsi
var, müharibənin yaratdığı travmalar var. Bu, ciddi
bir prosesdir və filmlər davamlı şəkildə çəkilməlidir.
Bizdə bu proses bir qədər ləng gedir. Proses
dayandıqca yük insanların çiynində qalır.
Maşın hərəkət etməyəndə
düşüb onu itələmək lazım gəlir.
İnsanlar o qədər fədakar olmalıdırlar ki, nə
qədər çətin olsa da, bu işi davam etdirsinlər.
Əgər biri bu işi yarımçıq qoysa, digərinin
boynuna artıq iki nəfərlik yük düşür.
Əks halda ləngimə qaçılmaz olur. Amma bədbin
deyiləm. Yaxşı filmlər hələ çəkiləcək.
- Azərbaycan kinosunda real dəyişikliklərin
baş verməsi üçün ilk növbədə
hansı üç addım atılmalıdır?
- Birincisi, siyasi qərar verilməlidir. İkincisi,
"Kino haqqında" qanun layihəsi qəbul
olunmalıdır. Üçüncüsü isə bu sahəyə
kino şirkətləri və investorlar cəlb edilməlidir.
Qanun layihəsində əhəmiyyətli məqamlar yer
almalıdır. Güzəştlərdən tutmuş, bu sahəyə
stimul verəcək məsələlərə qədər.
Tanıdığım elə peşəkar kino mütəxəssisləri
var ki, bu gün kino sahəsindən kənarda, tamam başqa
sahələrdə çalışırlar. Azərbaycanda
heç kim onları buna görə qınaya bilməz.
Axı onlara nə vaxt uyğun şərait yaradılıb
ki, burada qala bilsinlər? Onlar məcburiyyət
qarşısında belə bir yol seçiblər,
çünki reallıq bunu tələb edir.
- Kino sahəsi ilə bağlı tez-tez tənqidi
fikirlər səsləndirir, yazılar yazırsınız. Bu
sizə çətinlik və ya maneələr
yaratmırmı?
- Olub, əlbəttə, amma olsun da. Mən
özümə güvənirəm. İnsan həm
özünə, həm də məşğul olduğu sahəyə
inanmalıdır. Özünə sual verməlidir: "Mən
bu işi bacarırammı?" Əgər sən
gördüyün işə ciddi yanaşmırsansa, bu, təkcə
sənə deyil, həm də ətrafındakı həmkarlarına
ziyandır. Mənim yaxşı film çəkməyim digər
rejissorlar üçün də müsbət nümunə ola
bilər. Tənqid məsələsinə gəlincə, mən
heç vaxt haqsız və əsassız fikir bildirməmişəm.
Məsələn, bir dəfə yazdığıma görə
nazir müavini zəng etmişdi. Mən də dedim ki, nazir
müavini o qədər boşdur ki, bir rejissorun
yazısını güdür? Əgər bu qədər
boş vaxtı varsa, getsin başqa işlə məşğul
olsun. İndi şükür, belə hallar azalıb, amma əvvəllər
olurdu. Mənə mane olmağa çalışıblar, lakin
bu, məni yolumdan döndərməyib.
Əgər rejissorluq alınmasa, gedib ssenari yazacağam.
O da olmasa, sənədli film çəkəcəyəm. Bəli,
bəzən prosesləri gecikdirə bilərlər, amma nə
olsun? Üç gün sonra olar, əsas odur ki, dayanmaq yox,
mübarizə aparmaq lazımdır. Rəsmi olaraq AzTV-nin
işçisiyəm, amma eyni zamanda Xəzər TV və
İctimai TV üçün seriallar hazırlayıram. Yəni
biri alınmasa, digəri olacaq. İnsan daim öz üzərində
işləməlidir. Bütün günü şikayət
etməklə, deyinməklə heç nəyə nail olmaq
mümkün deyil.
- Sənədli film sahəsinə marağınız
haradan yaranıb? Bu janrda işləmək sizin
üçün nə ifadə edir?
- Əgər mənim ixtiyarımda olsa, daha çox sənədli
film çəkərdim, çünki bu janra özümü
daha yaxın hiss edirəm. Sənədli film mənə
görə həyatın özü qədər
maraqlıdır - realdır, uydurmursan, hekayənin və qəhrəmanın
izinə düşürsən, hadisələri daha dərindən
hiss edirsən.
"Başlıbel" sənədli filmini iki ilə
çəkdik. O illər ərzində həmin faciənin
qurbanlarını tapdıq. Onların ən böyük
problemi o idi ki, hər yerə səpələnmişdilər:
10 ailə Gəncədə, 3 ailə Mingəçevirdə,
5 ailə isə Ağdamda yaşayırdı. Onları tapmaq
və razı salmaq uzun və çətin proses oldu. Daha sonra
onları Başlıbelə apardıq. Ora müharibədən
yeni çıxmış bir kənd idi, nə işıq
vardı, nə qaz. Üstəlik, Başlıbel Kəlbəcərin
sonuncu kəndi idi, ondan sonra artıq Ermənistan gəlirdi.
Ora sonuncu dəfə 1993-cü ildə ayaq dəymişdi. Ailələr
arasında danışmaqdan imtina edənlər oldu, amma
hamısını razı saldıq. Çünki bir mövzu
üzərində elə işləmək lazımdır ki,
sonrakı nəsillər bir də həmin məsələyə
qayıtmağa ehtiyac duymasın. Sənədli filmin
gücü də bundadır - o, arxivdir. Başlıbel
dirçələcək, ailələr geri qayıdacaq, orada
uşaqlar doğulacaq, bir də o işğal dövrü
yaşanmayacaq. Bax, həmin zaman bu sənədli film çox
böyük dəyər kəsb edəcək.
Şuşa azad ediləndə hər kəs oraya
böyük həvəslə getdi. Mən isə tamam fərqli
bir film çəkmək istədim. Orada qədim bir türmə
var. Xurşidbanu Natəvan tikdirib, sonradan sovet dövründə
həbsxanaya çevrilib. Şuşa işğal olunduqdan
sonra həmin yerdə hərbi əsirlər saxlanılıb.
Mən iki hərbi və bir mülki əsiri tapdım, onlar
1994-cü ildə həmin türmədən əsir kimi
çıxmışdılar. İndi isə azad ölkənin
vətəndaşı kimi ora qayıtdılar.
Hazırda hər şey daha yaxşıya doğru
gedir. Sənədli filmlər isə ona görə vacibdir ki,
yaddaş funksiyası daşıyır və tarixdə
baş verənlərin unudulmasının
qarşısını alır. Birinci Qarabağ müharibəsindən
çox az material əldə etmişik. Cəmi bir neçə
nəfər - Çingiz Mustafayev, Seyidağa Mövsüm və
bir neçə başqası o dövrü lentə alıb.
Yaxşı ki çəkiblər - bu, böyük fədakarlıq
idi. Onların sayəsində biz o hadisələr haqqında
bu gün danışa bilirik.
Şuşada film çəkəndə bir zabitlə
tanış oldum. Söhbət zamanı dedi ki, uşaq olanda
iki filmə baxırmış: "Dolu" və
"Üçüncü günün adamı". Deyirdi,
biz də qaçqın olmuşuq və mən bu filmlərə
baxıb qərara gəlmişdim ki, zabit olacağam.
Çünki evimizə qayıtmalıydıq. Filmin təsiri
budur, o, insanlara yol göstərir, cəmiyyətin hadisələri
unutmasına imkan vermir.
Bəli, bizim müharibəmiz dünya tarixində
kiçik bir müharibə sayılır - cəmi 44 gün.
Amma o 44 gün ərzində biz böyük bir iş
gördük. Bu isə sənədli filmlərlə daha yaxşı
yadda qalacaq.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 9 avqust(№140).- S.16.