Ucalıqda
Aida Tağızadənin əziz xatirəsinə
ehtiramla
Azərbaycan musiqi mədəniyyətinə, musiqi
elminə və təhsilinə ağır itki üz verib.
Avqustun 6-da görkəmli musiqişünas alim, pedaqoq Aida
Tağızadə dünyasını dəyişib.
A.Tağızadə professor, Əməkdar incəsənət
xadimi, Prezidentin fərdi təqaüdçüsü, uzun illər
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının (hazırkı Bakı Musiqi
Akademiyası) musiqi tarixi kafedrasının müdiri, bir
neçə sanballı monoqrafiyanın müəllifi, lakin
ilk növbədə həmkarlarının və tələbələrinin
ehtiramını qazanmış alim, pedaqoq, həqiqi nüfuz
sahibi idi.
A.Tağızadə geniş profilli mütəxəssis
idi. Lakin Aida xanımı həmişə müasir musiqi cəlb
edib. Onu XX əsr musiqisinin ilhamlı salnaməçisi
adlandırmaq olar. Bir alim kimi o,
bədii hadisələri geniş tarixi və estetik
kontekstdə tədqiq etmək bacarığı ilə
seçilirdi.
Aida xanım 1934-cü ildə Bakıda anadan olsa da,
şəxsiyyətinin formalaşdığı ilkin məktəb
illəri doğma Şuşada keçmişdi. İki ali təhsil
ocağının məzunu olan anası Sayalı xanım
Hacıyeva həyatını ailəsinə həsr
etmişdi. Atası Zeynal Tağızadə elmlər doktoru, Azərbaycan
Xarici Dillər İnstitutunun professoru, geniş
dünyagörüşlü dilçi alim idi.
Ən əziz uşaqlıq xatirələrindən
biri Bakının 2 saylı musiqi məktəbində
Üzeyir Hacıbəyli ilə görüşüdür.
Üzeyir bəy məktəbə gələrək onun da
iştirak etdiyi səkkiz əlli ansamblın
çıxışını dinləmiş və gənc
pianoçuların istedadını qiymətləndirərək
onlara musiqi təhsilini davam etdirməyi tövsiyə
etmişdir.
A.Zeynallı adına Musiqi Texnikumunu pianoçu kimi
bitirən A.Tağızadə 1951-ci ildə konservatoriyaya daxil
olur. Əllərinin xəstəliyi ucbatından
ixtisasını dəyişmək məcburiyyətində
qalsa da, heç vaxt piano ilə əlaqəsini kəsməyib:
əsl Musiqi adamı kimi mühazirə oxuyarkən royalın
arxasına keçib, müvafiq parçaları əzbərdən,
böyük şövqlə ifa edib.
Tarix-nəzəriyyə fakültəsində təhsilini
davam etdirən Aida Tağızadənin taleyində görkəmli
musiqişünas İzabella Abezqauzun rolu əvəzolunmazdır.
Onun rəhbərliyi altında gənc alim S.Prokofyevin "Romeo
və Cülyetta" baletinə həsr olunmuş diplom işini
yerinə yetirib.
1958-ci ildən A.Tağızadə konservatoriyada
çalışmağa başlayır, adi müəllimdən
professor (1986) vəzifəsinəcən yüksəlir. 1969-cu
ildə "Soltan Hacıbəyovun yaradıcılıq
üslubunun xüsusiyyətləri" mövzusunda
dissertasiyasını müdafiə edir. 1976-1989-cu illərdə
musiqi tarixi kafedrasına rəhbərlik edir. 1988-ci ildə Azərbaycanın
Əməkdar incəsənət xadimi fəxri adına layiq
görülür.
Aida xanım yaradıcılıq yoluna əlamətdar
bir dövrdə - ötən əsrin 50-ci illərinin
sonu-60-cı illərinin əvvəlində qədəm
basmışdır. Altmışıncılar nəslinin
layiqli təmsilçisi olan A.Tağızadə məqalələrindən
birində yazır ki, "yeni zaman sənətkarlarımız
qarşısında yeni mövzular və onlara müvafiq olan
yeni forma axtarışları zərurətini
doğurmuşdur. Onların təcəssümü
üçün əvvəlki dil resursları bəzən
kifayət deyil".
A.Tağızadə musiqi əsərlərinin tarixdə
mövqeyini dəqiq müəyyənləşdirir,
onların yaradıcılarının - Cövdət
Hacıyev, Soltan Hacıbəyov, Aqşin Əlizadə kimi sənətkarların
adlarını mədəni yaddaşda bərqərar edirdi.
Beləliklə, onu haqlı olaraq XX əsr Azərbaycan
musiqisinin inkişafının elmi mənzərəsini yaradan
alimlər sırasına daxil etmək olar.
A.Tağızadənin Cövdət Hacıyev
haqqında monoqrafiyası (1979) XX əsrin görkəmli
simalarından birinin bədii nailiyyətlərinə həsr
olunub. Alim hər bir əsərin, xüsusilə hər bir
simfoniyanın dramaturji həllinin orijinallığını bədii
fikrin xüsusiyyətləri ilə sıx əlaqədə
göstərməyə müvəffəq olub.
Soltan Hacıbəyov haqqında monoqrafiya (1985) sənətkarın
kamil portretini təqdim edir,
yaradıcılığının bütün cəhətlərini
əhatə edir. Əsas diqqətini bəstəkarın
orkestri təşkil etmək bacarığına yönəldən
alim tembr dramaturgiyasını qurmaq, orkestr palitrasının rənglərindən
istifadə edib əsrarəngiz musiqi lövhələri
yaratmaq bacarığını vurğulayır.
Aqşin Əlizadə haqqında monoqrafiya (1986) bəstəkarın
məxsusi üslubunu milli musiqi sənəti ilə Stravinski və
Bartokdan əxz olunmuş təcrübənin üzvi sintezi nəticəsində
yaranmış yeni bədii keyfiyyət kimi səciyyələndirir.
A.Tağızadənin məqalələri onun
müasir musiqi prosesinə dərindən varmaq kimi xüsusiyyətini
əks etdirir və qiymətləndirmələrin
prinsipiallığı ilə fərqlənir. Alimin tənqidi-publisistik
irsinin əsas hissəsi "XX əsr Azərbaycan musiqisi"
kitabında (2011) dərc olunub. Ü.Hacıbəyli, Q.Qarayev,
F.Əmirov, C.Hacıyev, S.Hacıbəyov, A.Məlikov, X.Mirzəzadə,
A.Əlizadə, M.Quliyev haqqında məqalələri oxuyarkən
biz XX əsr Azərbaycan musiqisinin çoxrəngli
panoramını aydın təsəvvür edirik. Bu
ustadların, həmçinin kitabda nəzərdən
keçirilən T.Quliyev, Ə.Abbasov, R.Hacıyevin
timsalında hər dövrün irəli sürdüyü bədii
vəzifələr dəqiq
vurğulanır və ən əsası Ü.Hacıbəylidən
başlayaraq onun davamçılarına qədər uzanan
yaradıcı kəşflərin estafeti izlənilir.
Konservatoriyada kafedra müdiri olduğu illərdə
A.Tağızadə "Azərbaycan musiqi tarixi" kursunu
xeyli təkmilləşdirmişdir. Həmkarları ilə
birgə iki cilddən ibarət müntəxabat
hazırlamış (1968; 1985), "Azərbaycan musiqi
tarixi" dərsliyinin (1992) müəlliflərindən
olmuşdur. Onun rəhbərliyi ilə tədris planı yeni fənlər
- "Musiqi tənqidi",
"Müasir musiqi", "Asiya və Afrika
xalqlarının musiqi mədəniyyəti", "Orkestr
üslubunun əsasları", "Teatr tarixi" - hesabına
xeyli genişləndirilmişdir.
A.Tağızadə bütöv bir musiqişünas nəsli
yetişdirib. Onun yetirmələri arasında F.Əliyeva, K.Nəsirova,
İ.Pazıçeva, S.Rzayeva (namizədlik dissertasiyaları),
N.Əfəndiyeva, H.Babayeva, N.Ələkbərova,
İ.Köçərli, E.Hüseynova kimi tanınmış
musiqişünaslar var. Firəngiz
Əlizadə Aida xanımı "hamımızın müəllimi"
adlandırırdı.
Burada A.Tağızadənin daim gələcək
haqqında düşüncələrlə
yaşamasını, yeni kadrlar hesabına kafedranın
işini canlandırmaq istəyini qeyd edərdim. Cavan mütəxəssisi
kafedraya dəvət edərkən Aida xanım istedad, zəhmətkeşlik,
gəncin ümumi işə nə dərəcədə səmərəli
ola bilməsi meyarlarını rəhbər tuturdu. O əmin
idi ki, "tələbə müəllimdən
yaxşı deyilsə, deməli,
bu, müəllimin
günahıdır".
A.Tağızadənin pedaqoji fəaliyyətinin əhəmiyyətli
mərhələsini onun qardaş Türkiyədə, Bilkənd
Universitetində çalışdığı illər təşkil
edir. Burada o, "Musiqi və səhnə sənətləri"
fakültəsində işləyərək maraqlı təşəbbüslərə
imza atmış, tələbə-bəstəkarların
konsertlərini düzənləmiş, gəncləri
müasir musiqi yaradıcıları ilə
görüşdürmüş, fakültənin
sayılıb-seçilən professorlarından biri
olmuşdur.
A.Tağızadə "Azərbaycan musiqi
tarixi"nin III cildi üçün oçerklərin müəllifi,
"Üzeyir Hacıbəyli: məqalələr, oçerklər,
esselər, arxiv materialları" (2014) toplusunun elmi redaktoru və
tərtibçisidir. Sonuncu kitab Aida xanımın Üzeyir
Hacıbəyli şəxsiyyətinə sonsuz sevgisi,
heyranlıq dolu münasibətinin təzahürü idi.
Aida xanım Azərbaycanı beynəlxalq forumlarda təmsil
etmişdir: 1976-cı ildə Pezaroda SSRİ və İtaliya bəstəkarlarının
görüşündə iştirak etmiş, 1987-ci ildə
Praqada konfransda "Musiqinin humanist mahiyyəti"
mövzusunda məruzə ilə çıxış
etmişdir.
Aida xanım və Tofiq müəllim Əliyevin
qurduğu ailə haqqında söz deməmək
mümkünsüzdür. T.Əliyev uzun illər Neft və
Kimya İnstitutunun rektoru kimi çalışmış, iki dəfə
SSRİ Dövlət mükafatı laureatı olmuşdu, lakin
vəzifə və fəxri adlar onu heç zaman təkəbbürlü
etməmişdi. Bu ailədə əsas sərvət maddi nemətlər
deyil, mənəvi dəyərlər idi. Evin qapısı hər
zaman açıq idi - yaşından, ən əsası,
mövqeyindən asılı olmayaraq hər qonağı eyni
səmimiyyətlə qarşılayırdılar. Valideynlərin yolunu övladlar davam
etdirmişlər: Fuad - elmlər doktoru, Türkiyənin Yeditəpə
Universitetinin informasiya texnologiyaları və elektrotexnika
üzrə professoru, Nigar xanım - musiqişünas, müəllim,
sənətşünaslıq üzrə fəlsəfə
doktorudur.
Mənim təsəvvürümdə Aida xanım, əsl
Musiqi adamı - Homo Musicus idi, həyatının son
anınacan piano arxasına keçərək, öz bənzərsiz
harmoniya və gəzişmələr aşılanmış
çalğısı ilə hamını heyran edərdi.
Ən ümdə keyfiyyətlərindən biri də
özünə tənqidi yanaşmaq bacarığı idi.
Yaşadığı ömrü bütün xülya və
yanlışlıqlara rəğmən, gözəl
adlandırar və Allaha minnətdar olduğunu söyləyərdi.
Aida Tağızadə dərin bilikləri, nadir müəllimlik
istedadını ruh ucalığı və həyata hikmətli
baxışla uzlaşdırmağı bacardı. "O vaxt
ki biz hər hansı bir işi sevinc və həvəslə gerçəkləşdiririk,
onda, deməli, öz Taleyimizə - Tanrının bu torpaqda
bizim üçün nəzərdə tutduğu ali missiyaya
riayət edirik", - bu sözlər Aida xanımı çox gözəl səciyyələndirir. Əminliklə demək olar ki, o,
yaradıcılıq yolunun əvvəlindən öz Taleyinə
sadiq qalıb və Azərbaycan musiqi sənəti və elmində
məxsusi mövqe qazanıb.
Böyük alim, böyük insan Aida xanım
Tağızadənin elmi irsi musiqi tariximizin ayrılmaz hissəsidir.
Onun kübar, nəcib, son dərəcə şərəfli -
gözəl və cazibədar obrazı qəlblərdə
daim yaşayacaqdır.
Zümrüd DADAŞZADƏ
Professor, Əməkdar incəsənət xadimi
525-ci qəzet .- 2025.- 9 avqust(¹140).- S.15.