"Bu da bir
ömürdü..."
Qarşımda bir kitab var: bir ömürdən bəhs
edən bir kitab. Ön söz səhifəsində qədimi
dostum, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
İsa Həbibbəyli yazır: "Mən Hüseyn Əsgərovu
professional jurnalist kimi tanıyıram. Onun Azərbaycan mətbuatında
öz imzası və yeri var. Müstəqillik dövrü Azərbaycan
mətbuatının, jurnalistikasının dəyərli
simalarından biridir. Həm televiziyada, həm də mətbuatda
Hüseyn Əsgərov böyük işlər
görüb". Bizim dostumuz, dilimizin, ədəbiyyatımızın
tədqiqində, inkişafında böyük işlər
görmüş akademik dostumuz, müstəqilliyimiz uğrunda
həmfikir olduğumuz İsa müəllimin Hüseyn Əsgərov
haqqında söylədiyi fikirlər onun jurnalistlik fəaliyyətinə
verilmiş qiymətdir. Mən çalışacam H.Əsgərovun
bütövlükdə həyat və fəaliyyəti,
dost-tanışa münüsibəti, bir sözlə, həyat
yolunun inkişaf pillələrindən söz açam. Beləliklə...
Naxçıvanın isti avqust günlərinin sonu
idi. "Şərq qapısı" qəzeti
redaksiyasının foyesində yığışıb adətimiz
üzrə yeni ədəbiyyat nümunələrini, beynəlxalq
hadisələri müzakirə edirdik. Həmişəki kimi
şair Hüseyn Razi, yazıçı-jurnalist Möhsün
Möhsünov, Cəlil Vəzirov (Allah hər birinə rəhmət
eləsin) söz sahibiydilər. Bu ara pilləkənləri
qalxan gənc oğlan bizə yaxınlaşıb iddalı
baxışlarla, amiranə tərzdə "redaktorun
otağı hardadı?" deyə soruşdu. Bir
anlığa söhbətə ara verildi. Otağı göstərdilər.
"Hə, təyinatla gəlmişəm. İndən belə
felyeton, tənqidi yazılar mənlikdir" deyə redaktorun
otağına tərəf getdi.
Bir neçə gündən sonra mənimlə bir
yerdə işləməyə başladı. Az bir müddətdən
sonra kollektivə alışdı. Əmisi oğlu ilə dost
olduğumdan xarakter mənə çox uyğun gəldi.
Yavaş-yavaş dostlaşdıq. Mollanəsrəddinçiydi.
Söhbətlərində universitet müəllimimiz rəhmətlik
Nəriman Zeynalovun izləri görsənirdi. Şirin söhbəti,
incə sarkazmı ətrafdakıları özünə cəlb
edirdi. Ancaq yaşlı nəsil bu gənc jurnalisti iddiasına
görə qəbul etmirdi. İlyarım bir yerdə işlədik.
Hüseyn vilayət partiya komitəsinin köməkliyilə
Naxçıvan Muxtar Respublika Dövlət Radio və
Televiziya Verilişləri Komitəsinə redaktor vəzifəsinə düzəldi
(O dövrdə informasiya vasitələrinə işə
düzəlmək üçün mütləq kommunust
partiya komitələrinə müraciət etməli olurdun).
H.Əsgərov televiziyada işləsə də, bizlərlə
əlaqəsini kəsmədi. Naxçıvan radiosunda,
televiziyasında hazırladığı reportaj, oçerklərdə,
hətta xəbərlərdə Çəlil Məmmədquluzadə
ruhu, qələm nümunələri özünü göstərirdi.
Tamaşaçı, dinləyici verilişlərdə yeni bir
havanın yarandığını hiss edirdi. "Şərq
qapısı" qəzetində çap olunan hekayələrində
Mollanəsrəddin məktəbinin, o zaman Azərbaycan gəncliyinin
yeni-yeni tanıdığı türk yazıçısı
Əziz Nesinin yaradıcılıq motivləri sezilirdi.
Ötən əsrin 80-ci illərinin əvvəllərindən
jurnalistlik fəaliyyətilə yanaşı, Naxçıvan
ədəbi mühitinə yeni nəfəs, yeni abu-hava gətirən
H.Əsgərov yaradıcılığı Azərbaycan oxucusuna
da təqdim olunurdu. H.Əsgərov Naxçıvan mühitində
müstəqilliyimiz uğrunda mübarizəyə qoşulan
az-az jurnalistlərdən idi.
Öz qələmi, verilişlərilə xalqa azadlıq
fikirləri aşılayan, "Sərhəd hərəkatı"nın
fəal üzvü olan H.Əsgərov bu səpkidə
hazırladığı verilişlərdə Azərbaycanın
tarixinə ekskursiya edir, vaxtilə Böyük, bütöv Vətən
torpağını vəsf edir, imperialist qüvvələri tərəfindən
ikiyə bölünmüş xalqı birliyə,
azadlığa səsləyirdi. Müəllifin 1988-ci ilin
sentyabrında Naxçıvan Televiziyasında nümayiş
etdirilən "Ayrılıq" verilişi 200 ilə
yaxın bir dövrdə parçalanmış, bir-birinə həsrət
qalmış bacı qardaşın, ana balanın illər
uzunu qəlblərində daşıdıqları
yanğının atəşindən yaranmışdır.
Verilişdən-verilişə "Ayrılıq"ın
tamaşaçı auditoriyası genişlənirdi. Təəssüf
ki, Azərbaycan tamaşaçısının əksər
hissəsi Naxçıvan televiziyasını izləyə
bilmirdi. Ancaq cənublu qardaşlarımızın bir qismi
"Ayrılıq"ı seyr edirdilər. Şərqi və
Qərbi Azərbaycan vilayətlərinin Arazboyu kəndləri,
Xoy, Mərənd, Maku, Culfa, Ələmdar, Qaraziyyəddin və
digər şəhər və kəndləri Naxçıvan
televiziyası jurnalistinin verilişini səbirsizliklə
gözləyirdilər. "Ayrılıq" zamanında o
tayla bu tay - cənublu qardaşlarımızın təbirincə
desək, "Şurəvi Azərbaycanı ilə Cənubi
Azərbaycan" arasında bir körpü yaratdı. Milli, mənəvi
birliyimizin ilkin özül daşlarını düzdü.
1989-cu ilin 31 dekabrında bir milləti ikiyə bölən dəmir
pərdə ortadan götürüləndə o taydan gələn
səslər arasında "Ayrılıq"a
baxırıq. Bizim əzizlərimiz Naxçıvanda
yaşayırlar. Artıq hər kəs öz doğmasının
yerin-yurdun bilirdi, adbaad çağırırdılar. Bu, bizim
qəhrəman, jurnalist H.Əsgərovun ürək verdiyi
yaradıcılıq zəhmətinin bəhrəsi idi.
Yaxşı yadımdadır, İran İslam Respublikası ilə
gediş-gəliş razılığı
alınmışdır. Cənublu
qardaşlarımızın ilk görüşünə
Hüseynlə bir getmişdik. Bizi görənlər ətrafımıza
toplaşır, Hüseyndən Naxçıvanda yaşayan
qohum-əqrabalarını soruşur, təkidlə evlərinə
qonaq dəvət edirdilər. Deyərdim ki, o dövrün qəhrəmanına
çevrilmişdi. Deyim ki, Türkiyə körpüsü
açılanda da yaxın bölgələrdən gələn
insanlar televizyon spikeri Hüseyni axtarıb tapırdılar...
Bu da ömrün 70-i!!! Hüseyn Əsgərov geriyə
baxanda gözləri önündən nələr, nələr
gəlib keçir?.. 1955-ci ilin soyuq payızının son
günlərində Şərur rayonunun Şəhriyar kəndində
dünyaya göz açıb. İkinci Cahan müharibəsinin
vurduğu zədələrin sarılması illərində
uşaqlıq və gənclik dövrünü başa vurub.
1977-ci ildə Azərbaycanın mötəbər ali məktəbinin,
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika
fakültəsini bitirib. Təyinatını doğma Naxçıvana
alıb. İlk jurnalistlik fəaliyyətinə "Şərq
qapısı" qəzetindən başlayıb. Sonralar
Naxçıvan radio-televiziya komitəsində
formalaşıb, dinləyici, tamaşaçı, oxucu rəğbəti
qazanıb, tanınmış söz sahibi olub.
Naxçıvan teatrında, Naxçıvan kukla teatrında
tamaşaları oynanılıb. Azərbaycan Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun "Molla Nəsrəddin" ensiklopediyasında
görkəmli mollanəsrəddinçilər arasında yer
alıb. Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyi tərəfindən 29 oktyabr,
2024-cü il tarixində elan olunmuş "Fərdi jurnalist
müsabiqəsi"nin ən yaxşı köşə
yazısı nominasiyasının qalibi olub.
H.Əsgərov 10 il Naxçıvan Muxtar Respublika Ali
Məclisi Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri, 11 il Naxçıvan Muxtar Respublika
Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsində
çalışıb. Azərbaycan Yazıçılar və
Jurnalistlər birliyinin üzvü, Naxçıvan Muxtar
Respublikasının Əməkdar jurnalistidir. O, peşəkar
yazıçı kimi 2021-ci ilin Prezident təqaüdçüsü
olub.
Azərbaycan Milli Mətbuatının 150 illiyi
münasibətilə ölkə Prezidenti cənab İlham
Əliyev bu ilin 21 iyulunda Azərbaycanın öncül
jurnalistlərinin bir qrupunu Dövlət mükafatları ilə
təltif edib. Təltif olunanlar arasında H.Əsgərov da
vardır. Onun çoxillik səmərəli fəaliyyəti
"Tərəqqi" medalı ilə qiymətləndirilib.
Yazıçı-jurnalist, ictimai xadim Hüseyn Əsgərovun
bu yaxınlarda "Əcəmi" Nəşriyyat-Poliqrafiya
Birliyi tərəfindən oxuculara təqdim olunan "Bu da bir
ömürdür..." kitabından bir iqtibas gətirmək
istəyirəm: "N.Ostrovskinin "Polad necə bərkidi"
romanında belə bir deyim var: İnsan üçün ən
qiymətli şey həyatdır. Həyat insana bir dəfə
verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz
keçən günlər üçün sonra əzab
çəkib, heyifsilənməyəsən, keçən
günlərin rəzaləti və alçaqlığı
üçün utanmayasan... Yaşamağa tələsmək
lazımdır".
H.Əsgərov 70 ilin astanasından geriyə
baxdıqda, sözün həqiqi mənasında
yaşamağa tələsib: Əlindəki qeyd dəftəri,
bir də bərəkətli qələmilə.
Həyatdolu, özünün sevgisi, yumoru ilə qəlblərdə
yer alan dostumuza -Hüseyn Əsgərova yaradıcılıq
uğurları, sağlam ömür yolu arzulayırıq.
Telman Quliyev
525-ci qəzet .- 2025.- 9 avqust(№140).- S.14.