"Adi bir kəlmədən
xoşbəxt olan insanam"
Teleaparıcı Jalə
Həsənli: "Evdə mənə deyirlər ki, səndə
dəli cəsarəti var"
Kütləvi İnformasiya Vasitələrinin hansı
sahəsində işləmişəmsə, ünsiyyət
quracağım insanların əsas peşəkarlığına
üstünlük vermişəm. Və bir də qarşı
tərəflə aramızdakı yaş fərqinin heç
zaman fərqinə
varmamışam, baxmayaraq ki, bunu mənə irad tutub:
"O ki dünənin uşağıdır" deyənlər
də olub. Amma həmin o dünənin uşaqları zamanla elə
peşəkarcasına ayaqlaşıb bizi heyrətləndirirlər
ki, onlara təşəkkür etməklə kifayətlənmək
azdır.
Biz 30 ilə yaxın torpaqları işğal
altında olan, insanları təcavüzə məruz qalan bir
ölkədə yaşasaq da, çox haqsızlıqlar
görsək də, müharibə şəraitində
olduğunu bilə-bilə inkişaf edən dövlətin vətəndaşlarıyıq.
Demək olar ki, dünya bacardığı qədər bu
münaqişəni unutdurmağa nail olduğunu
düşündüyü, insanlarımızın ümidinin
artıq itirdiyi bir vaxtda beş il əvvəl bir payız səhəri
bizi illərlə gözlədiyimiz xəbərlə yuxudan
oyatdı. Sülh deməkdən usanan və sonunda bezən bir
dövlət əks-hücum əmri ilə bütün
dünyanı silkələdi. Azərbaycanın bütün
efir məkanları, sosial şəbəkələri, mətbuatı
xəbər poliqonuna çevrildi bir anda. Və bir neçə
saatdan sonra bütün Azərbaycan və Dünya azərbaycanlıları
efirdən qəhər içində boğulan bir səslə
xəbər eşitdi: "Bəzi
torpaqlarımız işğaldan azad olunub. Füzulinin
dörd kəndi, Cəbrayılın iki kəndi
işğaldan azad edildi. Gözümüz aydın olsun".
Həmin ərəfədə onun bu
çıxışı digər ölkə efirlərində
də yer aldı. O vaxtdan beş il ötüb. Son zamanlar isə
onun ölkəmizə qarşı dil uzadanlara qarşı
sillə kimi cavabları bu cəsarət sahibi ilə həmsöhbət
olmaq fikrimə bir təkan oldu. Şənbə qonağımız
ARB24 kanalının "Nə baş verir?" siyasi-analitik
verilişinin aparıcısı
Jalə Həsənlidir.
- Başlayaq müjdə xəbərli həmin
gündən...
- Bu yaxınlarda böyük mobil operator şirkətlərindən
biri mətbuatın 150 illiyilə bağlı reklam
çarxı hazırlamışdı. Orada şəhid
jurnalistlərlə paralel mənim görüntümü də
yerləşdirmişdilər. Onlarla eyni sırada olmaq,
onların davamçısı kimi görünmək mənim
üçün böyük qürur və fəxrdir. Hər
dəfə bu xəbər haqqında danışanda təzədən
o tarixə, həmin saata qayıdıram, yenə həmin studiyada
oluram. Həmin gün Prezidentin köməkçisi Hikmət
Hacıyev brifinq keçirirdi və bütün kanallar
canlı bağlantı ilə artıq ora qoşulmuşdu.
Bizdə texniki problem yarandığından həmin vaxt
qoşula bilmədik. Rejissor mənə bildirdi ki, növbəti
xəbərləri oxu, brifinqdən vacib informasiya gəldikcə
sənə çatdıracağıq. Digər xəbərləri
oxuduğum anda birdən qulaqlıq açıldı və
ilk olaraq efir otağındakı sevinc dolu təşvişi
eşitdim. Xəbərləri çatdıra-çatdıra
düşünürəm ki, görəsən, hansı xəbər
gəldi ki, hamı belə sevinir. Ürəyim tez-tez
döyünməyə başladı.
- Amma siz tək Azərbaycanın deyil, bütün
dünyanın eşitdiyi ilk qələbənin müjdəçisi
oldunuz...
- İndiyə qədər o anların, keçirdiyim
hisslərin adını tapa bilmirəm. Birdən rejissorun səsi
gəlir - Jalə, yaz-yaz, Füzulinin dörd, Cəbrayılın
iki kəndi azad oldu, tez ol, yaz. Eşitdiyi xəbərin
sevincindən əl-ayağı əsən Jalə kənd
adı yaza bilər? Hiss edirəm ki, var gücümlə
sevincimdən qışqırmaq istəyirəm.
Çünki həm iyul hadisələrində, ondan əvvəl
Aprel döyüşlərində hamımız bir sarsıntı
yaşamışdıq və indi bizi nələrin gözlədiyindən
xəbərsiz idik. Və birdən mənə azad olan ilk kəndlərin
adlarını elan etməyimi deyirlər.
Düşünün, mən torpağı otuz ilə
yaxın işğal altında qalan bir torpağın vətəndaşı
idim. Qanlı 20 yanvar gecəsində dünyaya gəlmişəm,
Zəngilandan, Cəbrayıldan olan qonşularımız var
idi, onların evlərinə sığmayan xeyli sayda
qaçqının əzabını görmüşəm.
Mərhum anamın böyük Şuşa sevgisi vardı.
"Şuşanın dağları" mahnısını hər
dəfə eşidəndə kövrəlirdi, Qarabağla
bağlı xatirələri yada düşürdü,
şuşalı rəfiqələrini xatırlayardı...
Uşaqlığı bu xatirələrlə dolu olan bir
aparıcıya qəfil deyirlər ki, torpaqlarımız azad
olub. Canlı efir də olsa, o qələbəyə sevinmək
bir vətəndaş olaraq mənim də haqqım idi. Sizcə,
belə xəbəri sakit, emosiyasız çatdırmaq
mümkün ola bilərdimi? Nə qədər
özümü sıxsam da, sonda qəhərimi boğa bilmədim.
Mən efirdən gözümüz aydın olsun demişdim,
studiyadan çıxan kimi də hamı mənə
gözaydınlığı verirdi. İllərin həsrətini
geridə qoymağa başlamışdıq.
- Efirə qədər yol gələn Jalə Həsənlini
tanıyaq...
- Vətənim üçün çox
ağrılı qanlı yanvar gecəsində
doğulmuşam və hər il doğum günümdə
valideynlərim məni Şəhidlər xiyabanına ziyarətə
aparırdı. Saat 12-yə qədər mütləq Şəhidlər
xiyabanında olurduq. Bakının ən hündür nöqtəsindən
şəhərə baxardım, fit verən gəmilərin səsini
dinləyərdim. Bu vərdiş illər keçsə də,
qorunub saxlanılan bir adətə çevrildi. Həm
doğum günümdə, həm də Vətən
müharibəsindən sonra hər həftənin cümə
günü mən Şəhidlər xiyabanına gedirəm.
Bunu özüm üçün bir qaydaya çevirmişəm.
Onları unutmamaq, adlarını yaşatmaq üçün.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Efirə qədər yol gələn Jalədən
danışmağımı istədiniz. Özümü ya səhnədə,
ya da efirdə görmək istəmişəm həmişə.
Arzum olub ki, tarixi-dramatik filmlərdə aktrisa kimi çəkilim,
müxtəlif rollarım olsun. İncəsənətə
olan marağı həmişə özümlə
daşımışam. Anam jurnalist idi, gözəl şeirlər
yazardı, qələmi çox gözəl idi. Bəzən
satirik və kəskin yazırdı və bunu çox bəyənirdim.
Məni tamaşalara aparardı, gözüm səhnədə
olsa da, xəyallar qurardım. Düşünərdim ki,
görəsən, nə vaxtsa mən də hansısa bir
tamaşada oynaya biləcəyəmmi? Məni də
tamaşaçı ayaq üstə alqışlayacaqmı? Məktəbdə
müəllimlərim, sinif yoldaşlarım məni istəyimə
doğru daima həvəsləndiriblər. Lakin qismət elə
gətirdi ki, mən pedaqoji təhsil aldım.
- Yəni ixtisasca müəllimsiniz...
- Düzü, istəmədiyim bir fakültədə
təhsil almalı oldum. Sıralamanı sinif yoldaşım
yazmışdı və oradakı üçüncü yerə
düşdüm. Lakin ikinci kursda oxuyarkən eşitdim ki, ATV
kanalında gənclərə fürsət üçün
bir kastinq keçirilir. Fürsəti
əldən buraxmayıb müraciət etdim. İlk olaraq
seçilən otuz nəfərin arasına düşdüm və
mərhələləri keçə-keçə sona qalan
dörd nəfərdən biri oldum. Artıq on üç
ildir televiziyadayam, efirdəyəm. Anladım ki, istək, həvəs
nə qədər güclü olarsa, insan arzularını
gerçəkləşdirə bilər. Yeddi-səkkiz ilə
qədər ATV kanalında çalışdım, daha sonra
İctimai televiziyanın ana xəbərinə dəvət
aldım. Orada mənə geniş xəbər platforması təqdim
olundu və onun sayəsində özümü
tamaşaçıya həm də informasiya sahəsində təqdim
edə bildim. Daha sonra ARB24 kanalı ilə yollarımız kəsişdi
və bu günədək "Nə baş verir?" deyərək,
tamaşaçılara ölkə və dünya siyasi
gündəmindən xəbər verirəm.
- Tamaşaçı ilə ünsiyyətdən əlavə,
onun rəğbətini qazanan Jalə aparıcının tərifini
versin...
- Aparıcı cəmiyyətin mənfi və müsbətlərini
göstərməli olan, həqiqətləri deməli olan tərəfdir.
Aparıcı siyasi-sosial problemlərdə öz mövqeyini
ortaya qoya bilən insandır. Hamı bilir ki, diktor
yazılanı oxuyur. Mən efirə gələndə
çalışdım ki, yazılan mətni olduğu kimi
deyil, öz qavradığım kimi tamaşaçıya
çatdırım, xəbərə münasibətimi,
öz yanaşmamı qoyum. Aparıcı cəmiyyəti
doğru istiqamətləndirə biləcək gücə
sahib bir fiqurdur. Ona görə də efirdəki hər
danışdığımıza, hər addımımıza
diqqət etməliyik. Axı hər gün minlərlə
insana örnək oluruq. Çətinliyi, məsuliyyəti
çoxdur, bununla belə, işimi çox sevirəm.
- Amma siz sırf xəbər
aparıcısısınız, özü də
yaradıcılığı sevən bir insansınız. Xəbərlərdə
isə yaradıcılıq yoxdur...
- Yaradıcılığı olmayan həmin xəbəri,
onun studiyasını o qədər sevirəm ki... Xəbərdəki
ciddiyyəti sevirəm, çünki xarakterimin simasını
görürəm orada, yəni xəbərdəki insanam. Demirəm
ki, xəbər aparıcıları rəsmiyyət donunda
yaşayır. Onlar da deyir, gülür, əylənir. Lakin
onların onların bir inandırıcılığı var
və bunun üzərindən o, tam sərbəst ola bilmir. Xəbər
aparıcısı qapını döyməyi
arzuladığın qonaqdır. Mən bunu xüsusən Vətən
müharibəsi dövründə daha çox hiss etdim.
Düzdür, bu gün sosial şəbəkələr üzərindəki
kanallar, səhifələr bizləri qabaqlayır. Növbə
bizə gələnə qədər istifadəçilər
xəbərlərdən məlumatlı olur. Amma sizi
inandırıram ki, orada yazılan xəbərlə
aparıcının tamaşaçıya
çatdırdığı xəbər arasında böyük
fərq var. Çox vaxt tamaşaçı xəbəri
oxumaq yox, daha çox eşitmək istəyir. Xəbəri
oxudum keçdim deyə bir şey yoxdur, onu duymaq
lazımdır. Bəzən deyirlər ki, xəbər monoton
olmalıdır, o, heç bir emosiya qəbul etmir. Mənə
görə bu, sovet dövrünün dəsti-xəttidir. Hər
gün yenilənən dünyamızda xəbərə
yanaşma da dəyişir. Əlbəttə, hər xəbərdə
münasibət bildirmək olmaz, rəsmi görüşlər,
sərəncamlar, fərmanlar - bunlarda əlavə mimikaya
ehtiyac yoxdur. Amma cəmiyyətin içindən xəbər
verəndə, xüsusilə hansısa sosial problemlərdən
danışanda tamaşaçı hiss etməlidir ki, sən
də bu ölkənin vətəndaşısan və
oxuduğun xəbər səni də ya sevindirir, ya kədərləndirir.
Bir məqama da toxunum. 24 saat ərzində xəbər
aparıcısının qarşısından sevincli xəbərlər
kimi, ən sevdiklərinin acı xəbəri də keçə
bilər. Məhz belə bir yükü daşıya biləcək
efir simasıdır xəbər aparıcısı... Təəssüflər
olsun ki, mən bunu yaşamışam.
- Çətin olmayacaqsa, qayıdaq həmin xəbərə...
- Çox sevdiyim Qənirə Paşayevanın acı
xəbəri gələndə efirdə idim və bunu ictimaiyyətə
mən çatdırmalı oldum.
- Əslində onunla bağlı sual var... El
arasında sizi ikinci Qənirə Paşayeva
adlandırırlar, eşitməmiş olmazsınız...
- Nə yaxşı o insana sağlığında dəyər
verildi. Qənirə xanımı dövlət də sevirdi,
millət də. Mən onu ANS-dəki vaxtlarından sevmişəm,
sürətli danışığını, eyni zamanda səlis
nitqini eşitmək zövq verirdi. Təbii ki, deyilənləri
eşitmişəm. Bəlkə Allahın bir qismətidir ki,
həm xarici görünüşümlə, həm
çıxışlarımla, həm də səs tonumla məni
ona bənzədirlər. O da vətənini çox sevirdi,
ölkəsinə dil uzadanın ağzından vuraraq bildirirdi
ki, mənim ölkəm, millətim haqqında danışmaq sənin həddin
deyil. Çox bağlı idim o insana, demirəm mütəmadi
görüşürdük. Tədbirlərdə, verilişlərdə,
müsahibələrdə üz-üzə gəlirdik. ATV səhər
proqramında qonağım da olmuşdu və həmişə
məni görəndə qucaqlayıb deyərdi ki, sən mənim
qızımsan. Ona bənzədilməyimdən yalnız
qürur duya bilərəm və onun adına layiq ola bilərəmsə,
nə xoş mənə.
- Anladığım qədər efirdə rahatsan...
- Çox rahatam... Kameraların qarşısına
çıxana qədər əlimizdə əvvəlcədən
hazırladığımız xəbərlər olur ki,
mütləq həmin mətnlərin üzərindən
keçib onları özümükünləşdirirəm.
Lap yeni, məni həyəcanlandıra biləcək bir xəbər
gəlsə belə, ona hər zaman hazıram. Studiyaya daxil
olub yerimi alandan, qırmızı işıqları görəndən
sonra bilirəm ki, artıq efirdəyik. Mən isə elə zənn
edirəm ki, studiyada deyiləm, hansısa bir
tamaşaçının evindəyəm, onunla ünsiyyətə
girirəm. Çalışıram ona çatdırım ki,
bilirsən, bu gün Zəngəzur dəhlizinin
açılması ilə bağlı artıq bir sıra
addımlar atılır. Əziz tamaşaçı, bu
artıq o deməkdir ki, növbəti mərhələdə
dəhliz açılacaq. Yəni çalışıram ki,
verdiyim xəbəri hər yaş kateqoriyasından olan
tamaşaçıya çatdıra bilim.
- Yəqin ki, efirin də sevmədiyi nələrsə
var...
- Efir süniliyi sevmir,
hörmətsizliyi sevmir, mədəniyyətsizliyi sevmir. Efir
qışqıra-qışqıra danışmağı
sevmir, belə insanları tamaşaçı da qəbul
etmir...
- Efirdən lazımi ünvanlara cəsarətli
mesajları məharətlə
çatdırırsınız... Deməli ki, xarakterinizdə
cəsarət var...
- Qorxu bilməyən insanam, hətta evdə də mənə
deyirlər ki, səndə dəli cəsarəti var. Məni
valideynlərim bir qədər oğlansayağı
böyüdüblər. Vaxtilə professional karate, kinqboksla məşğul
olmuşam və bunların verdiyi cəsarət də vardı
məndə. Amma zamanla, yaş üstünə yaş gəldikcə
kənardan özünü izləməyi bacarırsan. Əgər
əvvəl mən emosiyalarla hərəkət edirdimsə,
indi daha təmkinliyəm, məni qıcıqlandıracaq bir məqama
göz yummağı bacarıram, gülüb keçməyi
bacarıram. Bununla belə, cəsarətim çoxdur.
Heç kimin dövlətimin marağına zidd hər
hansı bir ifadə səsləndirməyinə imkan vermərəm.
Hər zaman dövlətimin yanındayam və istənilən
cavabı verməyə hazıram. İstər Rusiya olsun, istər
İran olsun, ya molla rejimi, ya da bir başqası, fərq etməz.
- Ciddiyyətdən çox danışdıq, amma
efirdə fors majorlar da az olmur...
- Bir dəfə başıma gəlib, amma bir daha istəməzdim.
Rəsmi xəbər oxuyuram. Bir dolu operatorumuz vardı, efir
başlayandan sonra studiyaya daxil olanda ayağı ilişdi və
yıxıldı. Hamı ilə birlikdə özü də
səssiz gülür, mən isə canlı efirdə sərəncam
oxuyuram. Var gücümlə əlimi sıxmışam ki,
gülməyimi nəyin bahasına olursa olsun saxlaya bilim. Elə
ki mətn bitdi və süjetə keçid oldu, mən də
gülməyə başladım. Studiyadan çıxandan
sonra gördüm ki, əllərimi necə möhkəm
sıxmışamsa, dırnaqlarım ətimə keçib
ovcumu qanadıb. Başa gələn hadisə tək bu olub.
- Jalə Həsənli həm bir evin
xanımıdır, həm də anadır...
- Evdə olanda hamıya bayramdır. Mətbəxi
çox sevirəm, çeşid-çeşid yeməklər
bişirməkdən, şirniyyat hazırlamaqdan zövq
alıram. Bakılı ailərində qız
uşaqlarını erkən yaşından xəmirlə
tanış edirlər. Qızlar onu yoğurmağı,
yaymağı yaxşı bilirlər. Mən də onlardan biri
olduğumdan xəmir yeməklərini həvəslə
hazırlayıram. Mən adi bir kəlmədən xoşbəxt
olan insanam. "Jalə, nə ləzzətlidir" kəlməsini
eşitmək mənə bütün yorğunluğumu
unutdura bilər. Mən övladımıza göstərdiyim
diqqət və qayğıdan savayı, onun mənəviyyatının
zəngin, tərbiyəsinin düzgün olmasında daha
maraqlıyam. Çünki gələcəyimiz onların əlindədir.
Çox arzu edirəm ki, yetişməkdə olan yeni nəslin
yürüdüyü yolda nə ot-ələf bitsin, nə də
qanqal. Bizim yaşadığımız ağır tarixlə
bir daha üz-üzə qalmasınlar.
SÖZARDI: Onu dinlədikcə
düşünürdüm ki, efirdən görünən
sakit, təmkinli simanın arxasında zəngin mənəvi
bir dünya var. Onun səsi, danışığına hopan səmimiyyət
peşəkarlıqdan savayı, ürəkdən gələn
sevginin işığıdır. Və inanırsan ki, Jalə
Həsənli addımladığı yolda heç zaman
özü olmaqdan vaz keçməyənlərdəndir.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 9 avqust(№140).- S.12;13.