Həsən
Həsənovun yaradıcılıq psixologiyası
Belə qədim bir ərəb məsəli var: hər
şey zamandan qorxur, zaman isə piramidalardan... Amansız və
güzəştsiz zaman piramidalarla mübarizədə məğlub
oldu. Bu məğlubiyyətin səbəbi təkcə
onların tikildiyi daş blokların keyfiyyəti və
möhkəmliyi deyil, həm də onları qədim Misirin
qumlarında ucaldan insanların yaradıcığı,
dahiliyi və tükənməz potensialıdır. Əgər
onlardan insan yaradıcılığının
çıxarsaq, onlar dağılacaq və qum dənəciklərinə
çevriləcək, zaman isə öz sirlərini əbədi
olaraq örtən yorğan kimi onları gizlədəcəkdir.
Mən bu misalı təsadüfən çəkmədim,
çünki yaradıcılıq yer üzündə
mövcudluğumuza məna verən, həm də
yaradıcının adını və onun fəaliyyətinin
nəticələrini ölümsüzləşdirərək
zamanın sərhədlərini genişləndirən heyrətamiz
bir fenomendir. Məhz bu səbəbdən bütün dövrlərin
alimləri yaradıcılığın mənbələrini
açmağa, ona "qızıl açar" tapmağa
çalışmışlar. Onlar hər yerdə
axtarırdılar: səmada və yerdə, kimyəvi
reaksiyalarda və gen strukturlarında, DNT-də və
molekullarda, lakin hər şey puç olurdu. Alimlər
yaradıcılıq prosesinin təbiətini anlamağa nə
qədər yaxınlaşırdılarsa, onun incə
toxuması əllərində həll olur, yalnız insan
beynində gedən konkret biokimyəvi proseslər
qalırdı.
Yalnız XX əsrin ortalarında alimlər belə nəticəyə
gəldilər ki, yaradıcılığın təbiətini
başa düşmək və öyrənmək yalnız
yaradıcılıq fəaliyyətinin məhsulunu deyil, həm
də yaradıcı şəxsiyyətin özünüdə
təhlil etməklə mümkündür.
Məhz buna görə hörmətli Həsən
müəllimin əsərlərini təhlil etmək istəmirəm.
Bu işləri başqaları daha yaxşı və peşəkar
şəkildə həyata keçirəcək. Mənim məqsədim
onun həyat fəaliyyətini təsvir etmək də deyil. Mən
Həsən müəllimin təkrarolunmaz şəxsiyyətinin
bəzi yaradıcı qabiliyyətlərinin təhlilinə
keçmək istəyirəm, çünki o, artıq zamanla
mübarizəni qazanıb və adını ölkəmizin həm
elm, həm də tarix salnaməsinə layiqincə yazıb.
Məcazi və orijinal təfəkkür qabiliyyəti:
Həsən müəllimin yaradıcı şəxsiyyətinin
əsas xüsusiyyətlərindən biri məhz budur. Həsən
Həsənovun bir neçə məqalə və ya
kitabını oxumaq kifayətdir ki, onun maraqlandığı
mövzulara - Azərbaycanın tarixinə necə orijinal və
təkrarolunmaz yanaşdığı aydın olsun. Bu
yaxınlarda kitab evində onun "Azərbaycanın
tarixi-coğrafi atlası" və "Azərbaycanın
tarixi-etnoqrafik atlası" adlı fundamental
kitablarının təqdimatı keçirildi. Bu kitablarda Həsən
müəllim çoxlarını maraqlandıran məsələləri
sadəcə daha yaxşı araşdırmaqla kifayətlənmədi,
həm də onları təqdim etmək üçün
heç kimin ağlına gəlməyən üsul tapdı.
Beləliklə, o, təkcə tariximizdəki mühüm
hadisələrə işıq salmadı, həm də öz
təfəkkürünün məcaziliyini və
orijinallığını sübut etdi. Görkəmli
psixoloqlar çoxdan sübut ediblər ki, adi şeyləri,
hadisələri və fenomenləri yeni, qeyri-ənənəvi
formalarda və əlaqələrdə təqdim edə bilmək
yaradıcılıq fəaliyyətinin məhsuldarlığını
əks etdirir.
Çoxşaxəli sahələrdə peşəkarlıq:
Həsən Həsənovun yaradıcı şəxsiyyətinin
digər əhəmiyyətli xüsusiyyəti bir-biri ilə
birbaşa əlaqəsi olmayan hadisələrdə, fenomenlərdə
və proseslərdə asanlıqla istiqamətlənmə
qabiliyyətidir. Mühəndis, memar, iqtisadçı,
diplomat, tarixçi alim, siyasətçi, böyük idarəçi,
menecer, yazıçı, dramaturq və s. bu, Həsən Həsənovun
yüksək peşəkar hazırlığını və
bir sahədəki biliklərini başqa sahədə
ustalıqla istifadə etmə qabiliyyətini əks etdirən
sahələrdən yalnız bir hissəsidir. Həsən Həsənovun
düşüncə çevikliyi, xüsusən tarixi
faktların və hadisələrin təfsirində fərqli
olanı birləşdirmək və ortaq cəhətləri
tapmaq bacarığı insanı heyran edir.
"Daxili görmə" qabiliyyəti:
Tanınmış yaradıcı proseslər tədqiqatçısı
F.Baranın fikrincə, "daxili görmə" qabiliyyəti
yaradıcı şəxsləri fərqləndirən əsas
xüsusiyyətlərdən biridir. Həsən Həsənov
bunun parlaq nümunəsidir. O, hadisənin mahiyyətinə son
təhlilinə qədər nüfuz edə, intuisiyası ilə
doğru istiqaməti hiss edə bilir. Mən onun bu qabiliyyətinin
bir çox dəfə diplomatik, elmi və siyasi fəaliyyətində
şahidi olmuşam. O, başqalarının ilkin olaraq görə
bilmədiyi hadisə və ya prosesin ən mühüm
xüsusiyyətlərini dəqiq müəyyənləşdirə
bilir. Təsadüfi deyil ki, Həsən müəllim
Ümummilli lider Heydər Əliyevin ən yaxın
silahdaşlarından biri idi və onun ideyalarını daim
icra edən şəxlərdən biri olub.
Nizam yaratma qabiliyyəti: Həsən Həsənovun
başqa bir heyrətamiz xüsusiyyəti də var. O, sadəcə
nizamı və dəqiqliyi sevmir, onları yaradır. Bəzən
bunu təzyiq, qəzəb və ya etirazla etsə də, tez
sakitləşir və emosional fonunu praqmatik yanaşma ilə əvəz
edir, nəticə əldə etmək üçün dəqiq
təlimatlar verir. Öz davranışı ilə fəaliyyətin
effektivliyinin əhəmiyyətini göstərir. Mən
anlayıram ki, nizam və xaos anlayışları çox
subyektivdir. Bəzən bir nəfər üçün nizam
olan şey digər biri üçün xaos kimi görünə
bilər. Lakin bu ziddiyyəti həll etmək olar: əgər
fəaliyyətin effektivliyi və məhsuldarlığı
yüksəkdirsə, deməli, hər şey
qaydasındadır. Həsən Həsənovun məhsuldarlıq
səviyyəsi çox yüksəkdir. 85 yaşında
olmasına baxmayaraq, o, enerjilidir: mühazirələr oxuyur,
kitablar yazır, alimlər və siyasətçilərlə
müzakirələr aparır, Türk dünyasının
ağsaqqallar şurasında Azərbaycanın nümayəndə
heyətində çalışır, tez-tez beynəlxalq
konfranslarda çıxışlar edir. Sadaladıqlarım
xüsusiyyətlərin onda olması Ulu öndər Heydər
Əliyevin onu seçməsi və öz kadrı kimi
yetişdirməsinin bir növ təzahürüdür. Heydər
Əliyevin tələbkarlığı və xüsusi idarəetmə
qabiliyyəti Həsən müəllimi ən uğurlu
dövlət xadimlərindən birinə çevirdi.
Vətənə xidmət: Həsən Həsənovun
ən böyük qabiliyyəti isə onun bütün
potensialını doğma Azərbaycanının rifahı
naminə istifadə etməsidir. Fərq etməz, o, harada
işləyib, hansı məsul vəzifələrdə olub.
O, həm Baş nazir, həm xarici işlər naziri, həm
diplomat, həm də alim kimi bütün fəaliyyətini Azərbaycanın
inkişafına həsr edib. Bu gün isə Türk Dövlətləri
Təşkilatında ölkəmizi təmsil edərək, əsl
ağsaqqal kimi yaradıcılıq fəallığının
nümunəsini nümayiş etdirir. Onun fəaliyyəti təkrarsızdır
və Vətənə sonsuz məhəbbətlə doludur. O,
bütün həyatı boyu Azərbaycanı istedadı və
yaradıcılığı ilə qoruyub və indi də
qoruyur.
Həsən müəllimə möhkəm
cansağlığı və tükənməz enerji arzu edirəm.
İnanıram ki, növbəti illərdə bizi
yaradıcı əsərləri ilə yenə də sevindirəcək.
Səməd SEYİDOV
525-ci qəzetn .- 2025.- 9 avqust(№140).- S.10.