Elçin müəllimə vida
sözü
Dünən bu acı xəbəri eşidəndən
sonsuz qüssə və qəhər içində
düşüncələrə dalıb Elçin müəllimlə
bağlı xatirələri, onun yazdığı əsərləri
yada saldım və fikirləşdim, təskinlik ondadır ki,
Elçin müəllim zəngin bir irs qoyub gedib, dopdolu bir həyat
yaşayıb. Onun dövlət adamı, ictimai xadim,
yazıçı kimi fəaliyyətini Ümummilli lider Heydər
Əliyev də, cənab Prezident İlham Əliyev də
yüksək qiymətləndiriblər.
Xalq yazıçısı Elçin Əfəndiyevin
"Ölüm hökmü", "Ağ dəvə",
"Mahmud və Məryəm", "Baş"
romanları Azərbaycan nəsrinin ən sanballı, yetkin
nümunələri sırasındadır. Bu romanlar uzun illər
sonra da ədəbiyyatsevərlərin diqqətini çəkəcək,
oxunacaq, öyrəniləcək, dönə-dönə təhlil
ediləcək.
Elçin müəllimin kino və dramaturgiya
yaradıcılığı da diqqətəlayiqdir. Onun
ssenari müəllifi olduğu məşhur filmlər -
"Arxadan vurulan zərbə", "Bağ
mövsümü", "Hökmdarın taleyi" kimi ekran
əsərləri milli kinomuza istiqamət verən, onu fərqli
yönlərdən təqdim edən sənət nümunələridir.
Dramaturgiyası isə xüsusilə tədqiq
olunası sahədir. "Şekspir", "Mənim ərim
dəlidir", "Qatil" pyesləri, eləcə də
son vaxtlarda "Baş" romanı əsasında Əməkdar
incəsənət xadimi Mehriban Ələkbərzadənin
quruluş verdiyi eyniadlı səhnə əsəri təqdirə
və diqqətə layiqdir.
Elçin müəllimin dramaturgiyası ilə
bağlı bir çox araşdırmalar aparılıb,
peşəkarlar tərəfindən yüksək səviyyədə
dəyərləndirilib. İlk olaraq hekayə kimi qələmə
alınan, sonradan səhnələşdirilən "Parisdə
avtomobil qəzası" hekayəsinin "Ah Paris, Paris"
adlı səhnə variantını illər öncə
görmüşdüm. Dərin alt qatları olan,
dövrümüzün mənzərəsini canlandıran, bir
çox insanın əxlaq və düşüncəsini
özündə əks etdirən bu hekayənin səhnə
quruluşu da olduqca uğurlu idi.
Yazıçı Elçinin povest və hekayə
yaradıcılığı xüsusi və daha əhatəli
müzakirə tələb edir. Onun ayrı-ayrı hekayələrinin
bizim düşüncəmizə birmənalı təsiri
danılmazdır. Bir yandan "Baladadaşın ilk məhəbbəti",
"Baladadaşın toy hamamı", "Dolça" və
bu səpkili digər hekayələr müəllifin Abşeron
ab-havasını necə həssaslıqla qələmə
almasının nümunəsidir. O biri yandan da, Qarabağ
koloriti, Şuşa sevgisi hələ lap gənclik illərindən
onun yaradıcılığında özünü parlaq
yönləri ilə göstərməyə başlayıb. Gənc
yaşlarında yazdığı, Şuşanın
ovqatını, eyni zamanda ilk sevgi macərasını
özündə əks etdirən "Şuşaya duman gəlib"
povesti bu mənada unudulmaz nəsr əsərlərindəndir.
Yaxud da insan psixologiyasının, insanın fərqli məqamlarda
keçirdiyi hiss və duyğuların ustalıqla əks
olunduğu "Beş dəqiqə və əbədiyyət"
hekayəsi. Janr və üslubca bir-birindən kəskin fərqlənən
bu hekayələr, düşünürəm ki, müəllifin
digər yaradıcılıq istiqamətlərindən daha dərin,
daha əhatəli şəkildə araşdırılmalı
mövzudur. Bir hekayəçi kimi Elçin Əfəndiyev əvəzolunmazdır.
Yazıçının son illər çapdan
çıxmış "Qırx beş" adlı hekayələr
kitabı da ədəbiyyatımıza sanballı töhfədir.
Onun tərcüməçi kimi fəaliyyətinin, ələlxüsus
dünya dramaturgiyasından çevirmələrinin, bu sahə
ilə bağlı apardığı təbliğatın,
dramaturgiya haqqında dərin və
düşündürücü fikirlərinin yeri isə ədəbiyyatımızda
bambaşqadır.
Elçin müəllimin publisistikası da daim
yaddaşlarda yaşayacaq. Onun publisistik əsərləri
içərisində mənim tez-tez xatırladığım
və yaddaşımda əbədi qalan ötən əsrin
80-ci illərində qələmə aldığı
"Yaxın-uzaq Türkiyə" oçerki vaxtında
çox böyük rezonansa səbəb olmuş, ciddi
reaksiyalarla qarşılaşmışdı. Qapalı sərhədlər
çərçivəsində Türkiyə haqqında nəsə
öyrənməyə təşnə vaxtlarımızda ən
ümdə xəyallarımızdan olan bu qardaş ölkəni
bizə tanıtmaq, onu "yaxın və uzaq" adı ilə
təqdim etmək o dövr üçün hamının diqqət
kəsildiyi məqam idi.
Sonralar Elçin müəllim Xaricdə Yaşayan Həmvətənlərlə
Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən"
Cəmiyyətinin Rəyasət Heyətinin sədri oldu. Mənim
onunla ilk təmaslarım da elə bundan sonra başladı. Azərbaycanın
iki tanınmış alimi - Aydın Məmmədovla Dilarə
Əliyeva avtomobil qəzasında həlak olmuşdular. Mənə
çox əziz olan Aydın Məmmədovla Azərbaycan Tərcümə
Mərkəzində bir yerdə çalışırdıq.
Aydın müəllimin faciəli ölümü onu
yaxından tanıyan, istedadına bələd olan Elçin
müəllim üçün də çox ağır itki
idi. İndi də xatirimdədir, o vaxt Aydın müəllimin
xatirəsini əbədiləşdirmək üçün
"Vətən" Cəmiyyətində bir komissiya
yaradılmışdı, mən də o komissiyanın
üzvü idim. O vaxtlar Elçin müəllimin həm məmur,
həm də yazıçı kimi yüksək
bacarıqlarını birləşdirməyinin şahidi
olmuşdum. "Vətən" Cəmiyyətində işləyərkən
onun gördüyü işlər o dövr üçün
çox əhəmiyyətli və vacib idi. O illər bizim
mühacirlərin vətənə ilk gəlişini də
Elçin müəllim təşkil etmişdi. Komitənin mətbu
orqanı olan "Odlar yurdu" qəzetində mühacirlər
haqqında məqalələr işıq üzü
görürdü. Fransada yaşayan yazıçımız
Baninlə Elçin müəllimin söhbətləri, onun
haqqında yazdığı yazılar Azərbaycanda bir ilk
idi. Hamımız bu yazıları böyük təşnəliklə
oxuyurduq. Bu yazılar, bütövlükdə Elçin müəllimin
publisistikası tariximizlə bağlı maraqlı və
lazımlı bir çox mövzuları tədqiq etmək,
araşdırmaq baxımından qiymətli və zəngin mənbədir.
Uzağa getməyək, həyatının son illərində
yazdığı "Mircəfər Bağırov kim
idi?" adlı böyük və əhatəli məqaləsində
o, hədsiz maraqlı informasiyaları bir yerə cəmləmişdi.
Azərbaycanın həddindən artıq mütaliəli
ziyalısı, söz və fikir adamı kimi Elçin müəllim
həm ədəbi yeniliklərə, həm klassikaya, həm də
tarixə yaxından bələd olması ilə seçilirdi.
Onun ədəbi-tənqidi məqalələri hər zaman Azərbaycan
ədəbiyyatşünaslığına yön verib, ədəbi
mühitdə çalxalanma yaradıb. Elçin müəllimin
ədəbi-tənqidi məqalələrini mən hələ
gənc yaşlarımdan maraqla oxumuşam. Sonralar "525-ci qəzet"də
biz o yazıları silsilə şəklində dərc
edirdik. Çox vaxt bu yazılar geniş müzakirə obyektinə
çevrilirdi. Yazıçılar Birliyində keçirilən
belə ədəbi-tənqidi müzakirələrdə
Elçin müəllim özü də iştirak etməyə
çalışırdı.
Elçin müəllim son illər "Ədəbin
evi"nin keçirdiyi Mir Cəlal Paşayev adına hekayə
müsabiqəsinin münsiflər heyətinin də sədri
idi. O, hər dəfə müsabiqəyə təqdim olunan
hekayələrlə bağlı müzakirələrdə məmnuniyyətlə
iştirak edir, öz dəyərli fikir və tövsiyələrini
bildirirdi. Biz bu müzakirələrdə onun
çağdaş ədəbiyyatımızın taleyi ilə
bağlı narahatlıqlarını da hiss edirdik.
Elçin Əfəndiyev uşaq ədəbiyyatına
xüsusi qayğı ilə yanaşırdı. Onun bu
mövzuda ayrıca məqalələri də var. O, həmişə
uşaq ədəbiyyatının vacibliyi, gərəkliliyi
haqda düşünür və bunu tez-tez
vurğulayırdı. Hətta özü də silsilə
uşaq hekayələri yazır və çap etdirirdi.
"525-ci qəzet"də ardıcıl şəkildə
onun uşaq hekayələri çap olunmuş, oxucularda, ədəbi
mühitdə müsbət rezonans doğurmuşdu. Bu hekayələr
zahirən uşaqlar üçün olsa da, dərin alt qatlara
malik, böyük mənalar kəsb edən əsərlər
idi. Fikrimcə, bunun özü də gələcəkdə tədqiq
olunmalı zəngin bir irsdir.
Elçin müəllimin müsahibələrinin də
ayrıca tədqiqinə ehtiyac var. O, müsahibələrində
də ictimai həyatımızda, ədəbiyyatımızda
baş verən hadisələri təhlil edirdi. Son müsahibələrindən
biri olan "Xəstəxana özü də bir filosofdur"
başlıqlı məqaləsi böyük maraq
doğurmuşdu. O, bu müsahibəni xəstəxanada yatarkən
vermişdi. Həmçinin, yenə də son müsahibələrindən
olan "Dünya, deyəsən, dəli olub"
başlıqlı müsahibəsində onun bu gün
dünyada baş verən qlobal problemlərlə bağlı
düşüncələri yer almışdı.
Elçin müəllim həmişə
çalışırdı ki, hansısa ədəbi dəyəri
kənarda qoymasın. Məsələn, Mir Cəlal
Paşayev, Təhsin Mütəllimov, Şirindil
Alışanov, İntiqam Qasımzadə və digər ədəbiyyatşünaslar
haqqında məqalələr yazır, xüsusi həssaslıq
göstərərək yubileylərində onları yaddan
çıxmağa qoymurdu. Eyni zamanda müsahibə və məqalələrində
gənc yazarlar haqqında da elə dəqiq fikirlər söyləyirdi
ki, heyrət etməyə bilmirdin. Gənc yazarların şəstlə
Elçinin öz müsahibələrində onların
adlarını çəkməyini, oxumağını necə
yüksək qiymətləndirdiklərinin dəfələrlə
şahidi olmuşam.
Dediyim kimi, Elçin müəllimlə ilk təmasımız
onun "Vətən" Cəmiyyətində
çalışdığı dövrə təsadüf
edirdi. Sonralar Baş nazirin müavini vəzifəsində
çalışarkən də təmaslarımız davam elədi.
Həmçinin, "525-ci qəzet"lə bağlı da
çox xatirələrimiz var. Uzun illər "525-ci qəzet"
Elçin müəllimin əsərlərini çap edən
əsas mətbuat orqanı olub. Yadımdadır, 2000-ci illərdə
Elçin müəllimin "Ədəbi düşüncələr"
silsilə yazılarını çap edirdik. Həmin
"Ədəbi düşüncələr" vaxtilə
onun hansısa bədii əsərlər, yaxud baş verən
önəmli hadisələr barədə yazıb kənara
qoyduğu fikirlər, təfərrüatlar idi. O qeydləri
indiki dövrdə mənim də tez-tez müraciət etdiyim
"Qələmsiz yazılanlar" üslubuna yaxın bir
üslub, bəlkə də onun ilk
başlanğıclarından biri adlandırmaq olar. İndi bu
janr daha aktualdır. "Ədəbi düşüncələr"i
biz hissə-hissə çap etdikdən sonra Elçin müəllimin
bu silsiləsi, fikirləri haqqında "Nostalgiya, pessimizm və
qürur" adlı bir məqalə də
yazmışdım. Sonra o, bu silsilə düşüncələrini
kitab halında çap etdirdi.
Elçin Əfəndiyevin Qarabağla, Şuşa ilə
bağlı yazıları, hesab edirəm ki, ən çox da
atası - Xalq yazıçısı İlyas Əfəndiyevdən
qaynaqlanan və uşaqlıq, gənclik yaddaşında
özünə yuva quran mövzular idi. Azərbaycan ədəbiyyatına
"Geriyə baxma, qoca", "Üçatılan" kimi
dəyərli nəsr nümunələri bəxş edən
İlyas Əfəndiyevin bu əsərlərindəki
Qarabağ koloriti, Qarabağın xüsusi aurası
Elçinin əsərlərində də özünü
büruzə verirdi. O, Şuşanı çox sevirdi.
"Qaçqınlar" silsiləsindən
yazdığı hekayələrdə, xüsusən,
"Bayraqdar" povestində Şuşanı,
Şuşanın əhalisini, qaçqın və məcburi
köçkün şəraitində yaşayan insanları təsvir
edir, onların düşüncələrini, Şuşaya
qayıtmaqla bağlı əzm və ümidlərini qələmə
alırdı.
2000-ci illərin əvvəllərində biz
Elçin müəllimin "525-ci qəzet"də
çap olunan "Sarı gəlin" əsərinə
"İlin əsəri" bədii mükafatını
vermişdik. Bu mükafatın təqdimatını Yazıçılar
Birliyində böyük qələbəliklə
keçirtdik. Bu, həm də ədəbi cameənin diqqətini
belə bir gözəl hekayəyə cəlb etmək, ədəbi
mühiti hərəkətə gətirmək niyyəti
güdürdü.
Elçin müəllimin bizi tərk etdiyi, onsuz nəfəs
aldığımız ilk axşamda mən onun bu sadaladığım
və sadalamadığım əsərlərini, onunla
bağlı yadıma düşən xatirələri gözlərim
önünə gətirdim. Amma sosial şəbəkələrdə
paylaşmaq üçün Elçin müəllimin 2001-ci
ilin mart ayında yazdığı "Şuşanın
dağları başı dumanlı" yazısını
seçdim. Hələ 2020-ci ildə, 44 günlük Vətən
müharibəsi davam edərkən Elçin müəllim
oktyabrın 18-də Azərbaycanın Ali Baş
Komandanının dünyanın ikili standartlarını pozan əzmkarlığı
barədə öz hisslərini bildirmiş, işğaldan
azad olunan kəndlərimizdən, şəhərlərimizdən
söz açmışdı. Qələbəmizdən sonra
Anar müəllimin təklifi ilə "Qarabağ dastanı:
30 ilin həsrəti, 44 günün zəfəri" adlı
kitab hazırladıq. Bu kitabda əslən Qarabağdan olan
yazıçılar öz doğulduqları rayon və kəndlər
haqqında yazılar təqdim edirdilər. Amma Elçin
müəllim mövzunu özü seçdi və dedi ki,
"mən Şuşadan yazmaq istəyirəm". Beləcə,
Şuşadan yazdı, həm də necə yazdı -
çox dərin və sanballı bir xatirə yazısı
ortaya çıxdı. Bu yazıda o, ilk dəfə
Şuşaya getməyini, 1982-ci ilin qarlı 14 yanvar
günündə Ümummilli liderin rəhbərliyi ilə
Şuşada Vaqifin məqbərəsinin
açıldığını xatırladı. Bu xatirələrdə
ən xırda detallar belə unudulmurdu. Dərin müşahidəsi,
iti yaddaşı sayəsində yazıçılar
arasında keçən söhbətləri, baş verən
hadisələri elə dəqiqliklə qələmə
almışdı ki, həmin hissələri oxuduqca özünü
o qarlı 14 yanvar günündə hiss edirdi. Sətirlərin
arasından, az qala, ayaqlar altındakı qarın
xışıltısını, küləyin səsini də
duymaq olurdu. 1982-ci ilin 29 iyulunda keçirilən Vaqif Poeziya
Günləri də eynən o cür - dəqiq və hərtərəfli
şəkildə qələmə alınmışdı. Bu
xatirələri oxuduqca o yaddaşa heyrət etməmək
mümkün deyildi. Fikrimcə, Elçin Əfəndiyevin bu
yazısı Şuşa haqqında yazılmış ən
gözəl xatirələrdən biridir.
2021-ci ilin avqustunda Molla Pənah Vaqifin
Şuşadakı məqbərəsinin ikinci dəfə
açılışında Müzəffər Ali Baş
Komandan, cənab Prezident İlham Əliyev geniş nitqlə
çıxış etdi, Şuşa haqqında
danışdı. Elçin müəllim də azad
Şuşada ilk dəfə idi ki, olurdu. Onun oradakı
çıxışı da olduqca
düşündürücü idi. O, Şuşanın
azadlığını xalqımızın böyük zəfəri
adlandırdı, Ali Baş Komandanın əzmkarlığını,
iradəsini xüsusi qeyd etdi, eyni zamanda Ümummilli liderin bu
günləri görməsi ilə bağlı arzusunu da
bildirdi. Həmin çıxışda o, atası İlyas
Əfəndiyevi də yada saldı, Şuşanı görməyin
hər bir azərbaycanlının ən ümdə arzusu
olduğunu vurğuladı. Ən təsirli məqam isə,
fikrimcə, bu cümləsi idi: "Mən Şuşanın
azad olunacağına inanırdım, amma bunu mənim görə
biləcəyimə ümidim yox idi". Təbii ki, yazı
boyunca təskinliklə bağlı sadaladığım məqamlar
öz yerində, amma Elçin müəllimin doğma
Şuşanın, Füzulinin, Qarabağın
azadlığını görmək sevincini yaşaması da
bizim üçün bir ayrı təskinlik, bir ayrı təsəllidir.
Müsahibələrinin birində demişdi ki, hər
dəfə məzuniyyətə gedəndə özüylə
yeni kitablar götürür və məzuniyyətdən yeni
yazılarla əlidolu qayıdır. Ona görə biz də
Elçin müəllimin məzuniyyətdən
qayıtmağını səbirsizliklə gözləyirdik.
Bilirdik ki, o, yenə də qəzetimizə hansısa kitablar,
problematik ədəbi mövzular barədə
yazılarını göndərəcək, yeni bədii əsəri,
hekayəsi ilə oxucularını sevindirəcək.
Elçin müəllimin bizi əbədi tərk
etdiyi bu günlərdə mən yenə də
düşünürəm ki, o, əbədi məzuniyyətə
gedib və bu məzuniyyətdən də əlidolu
qayıdacaq. Yeni nəsillər yetişdikcə, yeni ədəbiyyat
sevdalıları doğulduqca, onlar Elçin müəllimin əsərlərini
ilk dəfə oxuyacaq və Abşeron koloritini, Qarabağ
ab-havasını necə məharətlə təsvir etdiyinə,
hekayələrində insan psixologiyasını necə
ustalıqla açdığına heyran qalacaqlar. Bu əsərlər
həmişə yeni olacaq. Hər dəfə Elçin müəllimin
məzuniyyətdən əlidolu qayıtdığı kimi,
yeni nəsillər üçün onun bu yeni-köhnə
yazıları həmişə yaşayacaq.
Son zamanlar akademik İsa Həbibbəyli, Xalq
yazıçısı Anar və Elçin müəllimlə
arabir birlikdə oturur, maraqlı söhbətlər edirdik. Bu
söhbətlər zamanı Elçin müəllimin
qızları tez-tez zəng vurur, nigaranlıqla harada olması
ilə maraqlanırdılar. Onda o, söhbətə ara verib bu
zəngləri cavablayırdı. Bu zaman onun üzündəki
məmnunluq gözümüzdən qaçmırdı. O,
qızlarının bu sonsuz sevgisindən, onunla bağlı
nigarançılıq duyğusundan məmnun
görünürdü.
Mən bu qüssəli günlərdə onun həyat
yoldaşı Nüşabə xanıma, qızları
Günay xanıma, Humay xanıma, Aysu xanıma
başsağlığı verir, acılarını
bölüşürəm. Eyni zamanda demək istəyirəm:
Elçin müəllim, telefonunuzu bağlı saxlamayın,
sizə sevgi və minnətdarlıq dolu zənglər həmişə
gələcək!
Ruhunuz şad olsun! Rahat uyuyun!
4 avqust 2025.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2025.- 9 avqust(№140).- S.8;9.