Azərbaycan-ABŞ münasibətlərində yeni tarix yazılır

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ lideri Donald Trampın rəsmi dəvəti ilə Birləşmiş Ştatlara işgüzar səfəri tarixi bir hadisə olmaqla iki ölkənin münasibətlərində mühüm səhifə açacaq. Məlumdur ki, ABŞ-nin sabiq administrasiyasının yanlış siyasəti nəticəsində iki ölkənin münasibətlərində gərginlik yaşanırdı. Baxmayaraq ki, Azərbaycan hər zaman ABŞ-la əlaqələrə üstünlük verib, etibarlı tərəfdaş kimi çıxış edib, amma Bayden-Blinken cütlüyünün  münasibətlərin xarakterinə uyğun olmayan addımları təbii ki, öz mənfi təsirini göstərdi. Sabiq administrasiya Azərbaycanın strateji əhəmiyyətini, bölgənin inkişafında, sülh və təhlükəsizliyin bərqarar olmasında rolunu dəyərləndirə bilmədi, reallıqları görmək istəmədi.

Cari ilin yanvarında ABŞ Prezidenti olaraq öz vəzifəsinə başlayan Donald Tramp isə daha fərqli siyasət aparmağa başlayıb. Tramp sülh, dialoq tərəfdarı kimi çıxış edərək, onun dövründə müharibələrə başlanmayacağını bəyan edib. Ağ Ev liderinin Cənubi Qafqaza yönəlik siyasəti də bu bölgədə tezliklə yekun sülhün əldə olunmasına hesablanıb. Eyni zamanda, Tramp bölgənin əsas gücünün Azərbaycan olmasının da fərqindədir. Əslində, Trampın birinci prezidentliyi dövründə də hər hansı müharibələrə yol verilməyib. Azərbaycan Prezidenti 3-cü Şuşa Qlobal Forumunda çıxışı zamanı bu məqama toxunaraq deyib ki, Tramp müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür: "Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın".

Dövlət başçısı, eyni zamanda, Birləşmiş Ştatlarla güclü tərəfdaşlıq münasibətləri üçün böyük potensialın olduğunu bildirib.

Yeri gəlmişkən, Trampın ilk prezidentliyi dövründə də ABŞ-Azərbaycan münasibətləri çox müsbət olub. O, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP-ın reallaşmasına öz dəstəyini verib. Tramp TAP-ı rəqabətqabiliyyətli kəmər kimi xarakterizə edərək, birmənalı dəstək verməklə əslində Azərbaycanın enerji təhlükəsizliyində oynayacağı rolu qiymətləndirmiş oldu. Bu gün artıq Azərbaycan qazı Avropaya nəql edilir, eyni zamanda yeni coğrafiya olan Yaxın Şərqə - Suriyaya tədarük edilir.

Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını da Trampın prezidentliyi dövründə azad edib.

Azərbaycanla ABŞ-ni yaxınlaşdıran məqamlardan biri də Ağ Ev liderinin fundamental dəyərlərə, o cümlədən ailə dəyərlərinə verdiyi önəmdir.

Tramp Müstəqillik Günü münasibətilə 2025-ci il mayın 28-də Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda  Azərbaycanla əməkdaşlığa dair bir sıra vacib fikirlər ifadə edib, eyni zamanda Cənubi Qafqazda sülühn önəmi vurğulanıb: "Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək.

ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır".

Azərbaycan Prezidentinin ABŞ-a səfərindən sonra iki ölkənin münasibətləri necə inkişaf edəcək? Hansı yeni perspektivlər var?

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə açıqlamasında deyib ki, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri xüsusi əhəmiyyət daşıyır və tarixi bir səfərdir: "Təəssüf ki, ABŞ-nin əvvəlki administrasiyanın dövründə Azərbaycan-ABŞ münasibətləri pozulmuşdu. Reallıqda hər zaman iki ölkənin münasibətləri yaxşı səviyyədə olub. Amma Bayden-Blinken cütlüyü bu prosesi pozdu, indi isə münasibətlərdə yeni bir mərhələ başlayıb. Bu mərhələ ondan ibarətdir ki, bizim əlaqələrimiz yeni bir önəmli dövrə daxil olub və hər iki tərəf əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır".

Deputat əlavə edib ki, Azərbaycan liderinin səfəri tarixi bir səfərdir, Ağ Evdə baş tutan görüş isə tarixi bir görüşdür: "Qeyd etdiyim kimi, Azərbaycan-ABŞ münasibətləri yeni bir mərhələyə daxil olub. Əvvəlki dövrdə bu münasibətlər fərqli idi. İndi isə yaxşı mənada tamamilə fərqlidir. Təbii ki, görüşdən gözləntilər böyükdür və inanırıq ki, bundan sonra əlaqələrimiz daha da inkişaf edəcək, daha da möhkəmlənəcək və irəli gedəcək. Biz əlaqələrimizdə yeni bir səhifənin, yeni bir mərhələnin açılmasının şahidi olacağıq. Münasibətlərimiz günü-gündən inkişaf edərək daha da möhkəmlənəcək. Deyə bilərik ki, bu, Azərbaycanın növbəti tarixi uğurudur, tarixi nailiyyətidir".

Deputat söyləyib ki, Prezidentin rəhbərliyi ilə Azərbaycan öz uğurlarını artırır, ABŞ-dəki görüş sülh prosesində irəli addım olacaq: "Zəngəzur dəhlizinin açıldığını görəcəyik və digər mühüm tədbirlərin həyata keçirilməsinə şahidlik edəcəyik. Bu da təbii ki, Azərbaycanın apardığı uğurlu siyasətin nəticəsi və göstəricisidir".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli isə "525"ə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri iki ölkə arasında münasibətlərin inkişafına birmənalı olaraq müsbət təsir göstərəcək: "Məlum olduğu kimi, iki dövlətin münasibətlərinə ciddi təsir göstərəcək bir sıra sənədlər imzalanıb. Xüsusilə də mən iki ölkənin strateji tərəfdaşlığının inkişaf etdirilməsi ilə bağlı məqamı qeyd etmək istərdim".

Ekspert əlavə edib ki, görünən odur ki, artıq Azərbaycanla ABŞ arasında münasibətlərin əsas prioritet istiqamətləri də yenilənib, yenidən müəyyənləşdirilib: "Burada mən xüsusilə üç məqamı qeyd etmək istəyərdim: enerji, tranzit, ticarət sahəsində əməkdaşlıq; süni intellekt, rəqəmsal infrastrukturla bağlı əməkdaşlıq və təhlükəsizlik. Təhlükəsizlik sahəsində əməkdaşlıq dedikdə, bu, həm müdafiə, həm də bir sıra digər müvafiq sahələri əhatə edir. İki istiqamət - enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq əvvəllər də mövcud olub. Lakin burda süni intellekt və rəqəmsal infrastruktur artıq iki ölkə arasındakı münasibətlərdə yeni xətt kimi qeyd oluna bilər. Həmçinin tranzit məsələsinin xüsusi qeyd olunması, regional kommunikasiyaların açılmasında Birləşmiş Ştatların iştirakı nəzərə alınmaqla, bu sahədə də Azərbaycan-ABŞ münasibətlərini xüsusilə qeyd etmək istərdim. Görünən odur ki, qarşıdakı perspektivdə məhz bu istiqamətlər üzrə iki ölkə arasında əməkdaşlıq dərinləşəcək".

 

Pərvanə SULTANOVA

525-ci qəzet .- 2025.- 9 avqust(№140).- S.5.