"Xəzər dənizində
suyun azalma dinamikası ciddi narahatlıq doğurur"
Son illər Xəzər dənizinin səviyyəsinin
azalması, suyun sürətlə geri çəkilməsi
müşahidə edilir. Su səviyyəsinin azalması ilə
sahilyanı torpaq ərazilərin sahəsi də genişlənib.
Xəzərin səviyyəsi 1990-cı illərin
ortalarından etibarən azalmağa başlayıb.
İqlim dəyişikliyi Xəzər dənizinə təsir
edən əsas amillərdən biridir. Son onilliklərdə
bölgədə hava temperaturu artıb, bu da buxarlanmanı
artıraraq su səviyyəsinin azalmasına səbəb olub.
Xüsusilə yay aylarında yüksək temperatur səbəbilə
buxarlanma həddindən artıq çox olur.
Xəzərə tökülən əsas
çaylardan biri olan Volqa çayı Xəzərin su
balansında həlledici rol oynayır. Lakin bu çayın məcrasında
tikilən su anbarları və sənaye istifadəsi su
axınını azaldır. Eyni zamanda Kür çayı da
son illərdə az su gətirir ki, bu da Xəzərin cənub
və cənub-qərb sahillərinə mənfi təsir
göstərir.
Sənaye və kənd təsərrüfatı məqsədilə
suyun həddindən artıq istismarı, xüsusilə
çay mənbələrindən çoxlu su
götürülməsi Xəzərin qidalanma balansını
pozur. Bundan başqa, Xəzərin ətrafında aparılan
neft-qaz çıxarma işləri də ekologiyaya
dolayısı ilə təsir göstərir.
Xəzər dənizinin səviyyəsinin azalması
sadəcə bir coğrafi problem deyil - bu, ekosistemlərin məhvi,
iqtisadi itkilər və sosial problemlər deməkdir. Elmi tədqiqatların
və dövlətlərarası əməkdaşlığın
artırılması ilə bu prosesin qarşısını
almaq hələ də mümkündür. Gecikmədən tədbir
görmək isə bu günümüzün və gələcəyimizin
məsuliyyətidir.
H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər
dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin
müdiri, coğrafiya üzrə elmlər doktoru, professor
Əmir Əliyev bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin
azalmasının əsas səbəblərindən biri Volqa
çayından dənizə tökülən suyun az
olmasıdır. Ə.Əliyev son günlər mətbuatda Xəzərin
əsas su mənbəsi olan Volqa çayının üzərində
bəndlərin tikilməsinin dənizdə suyun səviyyəsinin
azalmasına səbəb olduğu ilə bağlı məsələyə
də münasibət bildirib: "Düşünürəm
ki, bu, çox da təsir etmir. Xəzərin səviyyəsi
artıb-azalan zamanlarda da tikililər orada olub".
Onun sözlərinə görə, son müşahidələrə
görə, hazırda Xəzərdə suyun enmə
dövrü yaşanır, son 20-25 ildə təxminən 30
faizə qədər suyun səviyyəsi azalıb: "1837-ci
ildən Xəzər dənizində müşahidələr
aparılır. 1930-cı ilə qədər Xəzərdə
suyun səviyyəsi az stabil olub. 1930-1978-ci ilə qədər
isə 3,2 metr azalma müşahidə edilib, bundan sonra isə
1995-cı ilə qədər Xəzərdə suyun səviyyəsi
2,5 metrə qalxıb. 1996-cı ildən bu günədək Xəzərin
səviyyəsi 2,3 metr aşağıdır və bu, davam
edir. Əsas səbəb isə Xəzərdə su
balansının dəyişməsidir. Xəzər dənizi
qapalı su hövzəsidir, əsasını Xəzərə
tökülən çaylar təşkil edir. Lakin qlobal iqlim
dəyişmələri səbəbindən Xəzərdə
temperatur artıb və buxarlanma prosesi sürətlənib. Həmçinin
dənizin hövzəsinə tökülən çaylarda
suyun səviyyəsinin azalması buna təsir edir. Son 20-25 ildə
təxminən 30 faizə qədər suyun səviyyəsi
azalıb".
Coğrafiya İnstitutunun rəsmisi vurğulayıb
ki, Xəzərin səviyyəsinin dəyişməsində
müəyyən periodiklik var. Təxminən dənizdə
suyun səviyyəsi 100-150 il enir, sonra artım dövrü
başlayır: "1805-1810-cu illərdə Xəzərdə
suyun ən böyük səviyyəsi qeydə alınıb.
2040-2050-ci ilədək də dənizin səviyyəsinin 1-1,5
metr azalmasını görəcəyik. Son 4 min ildə bu
periodik dövr 8 dəfə təkrarlanıb".
Professor əlavə edib ki, Xəzərdə suyun səviyyəsi
artan dövrdə - 1995-ci ildə Azərbaycanda təxminən
50 min hektar ərazi su altında qalıb. 1 sm qalxanda isə 100
hektar ərazi su altında qala bilir. İndi isə əks
proses gedir. Təxminən 40 min hektar ərazi su altından
çıxıb. Bu proses əsasən cənub zonasında,
Abşeron rayonunda baş verir: "Son 3 ildə aparılan
monitorinqlər göstərir ki, Xəzərin enmə səviyyəsinin
sürəti azalıb. İldə 25-30 sm azalma müşahidə
edilirdisə, indi 15-17 sm-dir. Xəzər əvvəkli səviyyəsinə
yenə qayıdacaq. Sadəcə Xəzərin qayda-qanununa əməl
etməklə adaptasiya tədbirləri görmək
lazımdır".
Ekoloq Qorxmaz İbrahimovun dediyinə görə, Xəzər
dənizi quruyarsa, çox böyük ekoloji faciə baş
verəcək. İqlim dəyişiklikləri ilə
bağlı olan müxtəlif səbəblər var. Xəzərin
su daşıyıcılarının iqlim dəyişikliyinə
görə suvarmaya cəlb olunması, istilənmə və
buxarlanmanın artması, yağıntıların azalması
bu sıraya daxildir: "Xəzərdə enmə-qalxma
amplitudasını hər zaman görmüşük. Əgər
Xəzəryanı dövlətlərin onun qorunması ilə
bağlı səmimi bir planı varsa, məsələ
qaydasına düşər. Dəniz təkcə ölkəmizə
məxsus deyil. Dünyanın qapalı hövzəsi və ən
böyük gölüdür. Bu gölü xilas etmək barədə
təkcə biz yox, bütün beynəlxalq təşkilatlar
düşünməlidir. Əlbəttə, belə bir dənizi
itirmək çox kədərli hal olardı. Mən heç
də o fikirdə deyiləm ki, Xəzər dənizi yox olub
gedəcək. Amma "Xəzər quruyarsa, ərazimiz
artar", - deyə düşünənlər cahil
insanlardır. Birincisi, Aral gölünün qurumasına nəzər
salsaq, görərik ki, oradakı canlılar, təsisatlar və
biomüxtəliflik məhv olub. Bu bir yana, bir də insanlar
köç edir, yaşaya bilmirlər. Çünki duzlu səhraya
çevrilən yerdən ancaq xəstəlik yayılır.
Hazırda Urmiya gölü də qurumaqdadır. Göl quruyur
və ətrafa zəhər saçır .Azərbaycan ərazisinin
artacağını deyən insanlara demək istəyirəm
ki, Xəzər dənizi quruyarsa, ancaq zəhər
saçacaq. Əlimizdə olan torpağın dəyərini
bilirik ki, Xəzərin altından çıxıb 100, bəlkə
500 il sonra münbit torpağa çevriləcək ərazini
də səmərəli istifadə etməyi düşünək?
Xəzər qurusa, çox böyük ekoloji fəlakət
meydana gələr. Təkcə biz yox, bütün dünya bu
hadisədən təsirlənər".
Xəzər dənizində suyun azalması, ətraf
mühitinin bugünkü vəziyyəti və dəniz səviyyəsinin
enmə dinamikası ciddi narahatlıq doğurur. Çünki
dəniz səviyyəsi nə qədər tez dəyişirsə,
onun nəticələri bir o qədər ağır olur. Xəzər
dənizinin səviyyə tərəddüdləri sahilboyu
zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə
bağlı olan bir sıra sahələrinə -
balıqçılıq, dəniz nəqliyyatı,
limanların fəaliyyəti, tikinti kimi müxtəlif
sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə
təsir göstərir. Hesab edilir ki, 2050-ci ilə qədər
Xəzərin səviyyəsinin enmə ehtimalı
böyükdür".
Xəzərin səviyyəsinin həm qalxması, həm
də aşağı düşməsi böyük kataklizmlərə
səbəb ola bilər. Hazırda Xəzərin səviyyəsinin
aşağı düşməsi onun sahəsinin azalmasına
səbəb olur. Misal üçün, ən pis proqnozu
götürək: səviyyə 18 metr aşağı
düşəcəyi halda, Xəzərin səthi 3-də 1-i
qədər azalacaq. Bu o deməkdir ki, Xəzərətrafı
quru ərazilər xeyli artacaq. Burada da 5 Xəzəryanı
dövlət var və bu quru torpağın bölünmə
məsələsində siyasi problem yarana bilər. Bu, siyasi
aspektdir. Ekoloji aspektdən götürsək, Xəzərin səviyyəsinin
aşağı düşməsi duzluluğun artması deməkdir.
Duzluluğun artması orada yaşayan canlıların həyat
şəraitini dəyişəcək. Yəni ekosistem dəyişdiyi
kimi, biomüxtləliflik də dəyişəcək. Xəzərdə
yaşayan canlılar üçün qeyri-münbit şərait
yaranacaq. Digər tərəfdən, səviyyənin
aşağı düşməsi ilə suyun səthinin daha
çox qızması bir çox balıqların
yaşaması üçün çətin olacaq.
Çünki isti suda oksigenin həll olunması çətinləşir
və buxarlanma ilə atmosferə gedir. Ötən il Xəzərdə
kefal balıqlarının kütləvi məhvinin şahidi
olduq. Həmin balıqlar oksigen azlığı nəticəsində
məhv olmuşdu. Təsəvvür edin ki, bu problem get-gedə
kəskinləşəcək. Bu da biomüxtəlifliyin
pozulmasına gətirib çıxaracaq. Eyni zamanda gəmiçilikdə
problem yaranacaq. İndi Bakı buxtasındakı dəniz
limanında artıq böyük problemlər yaranıb və
iri gəmilər ora yan ala bilmirlər. Ona görə də,
daim qazıntı işləri gedir və dərinləşdirirlər
ki, gəmilər sahilə yan ala bilsin. Əgər iddia edildiyi
kimi, Xəzərin səviyyəsi 9-18 metr aşağı
düşəcəksə, dənizin şimalı tamamilə
quruyacaq. Çünki şimali Xəzərin orta dərinliyi
5 metrdir. Biz səviyyənin 9-18 metr aşağı
düşməsindən danışırıqsa, deməli,
şimali Xəzər artıq yoxdur. Şimali Xəzər
yoxdursa, onda biz Volqa çayı vasitəsilə okeana necə
çıxacağıq? Belə olduğu halda küllü
miqdarda vəsaitlə Volqa çayına axını təşkil
etmək lazımdır ki, oradan gəmilər hərəkət
edib dünya okeanına çıxa bilsin. Bundan başqa, dəniz
çay məcrasından xeyli aralı düşəcək.
Təsəvvür edin ki, Kür bir xeyli axmalıdır ki,
gedib Xəzərə tökülə bilsin. Burada
balıqların miqrasiyası məsələsində də
problem yaranacaq. Misal üçün, qızıl balıq
şirin suda kürü tökür, sonra dənizə
qayıdır. Artıq bu balans da pozulur. Başqa bir ekoloji
aspekt nədən ibarət ola bilər? Hazırda Urmiya
gölü quruyur və bu göl Xəzərdən qat-qat
duzludur. İndi gölün suyu quruyub və düz
torpağın səthində qalıb. Bir az külək əsən
kimi həmin duzu hər tərəfə yayır. Bu da ilk
növbədə insan orqanizminə zərər vurur.
Münbit torpaqlardakı əkinlərə mənfi təsir
göstərir. Xəzərin səviyyəsi 18 metr
aşağı düşsə, geniş ərazilərdə
nəhəng duz təpələri yaranacaq. Bu da ətraf ərazilərdə
yaşayışı dözülməz vəziyyətə gətirib
çıxara bilər. Bu baxımdan biz arzulamalıyıq ki,
proqnozlar özünü doğrultmasın.
Akademik Həsən Əliyev adına Coğrafiya
İnstitutunun İqlim şöbəsinin aparıcı elmi
işçisi Həsən Nəbiyev qeyd edib ki, Xəzər dənizinin
səviyyə tərəddüdlərinə Günəş
aktivliyi və atmosfer sirkulyasiyası da təsir edir: "Bir təsnifat
var və orada E, V, W və C prosesləri ayrılır. V və
W prosesləri Qərbdən gələn hava kütlələrinin
üstünlük təşkil etməsidir. E və C isə
meridianal proseslərdir. Xəzər dənizinin səviyyəsini
tədqiq etmək üçün həmin təsnifatdan
istifadə etdik. Məlum oldu ki, V proseslərinin artması, yəni
Qərbdən gələn hava kütlələrinin
üstünlük təşkil etməsi Xəzər dənizinin
səviyyəsinin artması ilə uyğunlaşır. Dənizin
səviyyəsinin enməsi E proseslərinin - meridianal proseslərin
artması ilə üst-üstə düşür. Nə qədər
ki, meridianal proseslər davam edəcək, Xəzərin enməsi
də davam edəcək. Proqnoza görə, 2050-ci ilə qədər
E və C prosesləri üstünlük təşkil edəcək.
O zamana qədər Xəzər dənizinin səviyyəsinin
enməsi ehtimalı böyükdür. 2050-2052-ci ildən
sonra V proseslərinin təkrarlanması ehtimalı var. Bundan
sonra Xəzərin səviyyəsində qalxmaları
müşahidə etmək olar. Bu onu göstərir ki, Xəzərin
səviyyəsində tərəddüdlər Günəş
aktivliyi və atmosfer sirkulyasiyası ilə də əlaqəlidir.
Təbii ki, burada digər amilləri də nəzərə
almaq lazımdır".
Sevinc QARAYEVA
525-ci qəzet .-2025.- 12 avqust(№141).- S.15.