Bir həyat hekayəti
(Əvvəli ötən cümə sayımızda)
"Mənim rəhmətlik dədəm çox məğrur,
qabağından yeməyən kişilərdən idi. Şura
hökumətinin ilk günlərindən ona düşmən
çıxmış, dağlara çəkilmişdi. Bir
müddətdən sonra gəlib yeddi ətraf kəndin
özü kimi kişilərini ayağa
qaldırmışdı, torpağını,
mal-qarasını, qoyunlarını qaytarmaq istəyənlərdən,
onların tərəfdarlarından çoxlu qızıl
yığmışdı. Fikri bu idi ki, dəstə düzəldib
son və qəti hücuma başlasın. Qızılları
doldurduğu o küpü öz gözlərimlə
görmüşdüm - bir gecə xarala yığıb gətirmişdi
ki, cijim gizlətsin. Üstündə xırda naxışlar
da vardı".
Kişi bu sözləri deyib söhbətinə ara
verdi, gözlərini məchul bir nöqtəyə zilləyib
bir xeyri fikirə getdi və gəlin o gözlərin dərinliklərində
həsrətəmi, kədərəmi oxşar
duyğuların sayrışdığını
gördü. "Bəs sonra nə oldu, baba? Necə oldu o qızıllar?" Kişi
qeyri-müəyyən cavab verdi: "Kişini pusquya salıb
atdılar. Dəstə-filan hamısı getdi işinin
dalınca. Məlum oldu ki, hamısı boş şeydir, xam xəyaldır.
Hökumətlə hökumətlik etmək olar?" Sonra
kişi yenə susdu, yenə gözlərini bayaqkı nöqtəyə
zilləyib təsbehini çevirdi və handan-hana illərin
isti-soyuğu hopmuş, görüb götürmüş
yorğun səsi ilə öz-özünə
danışırmış kimi söhbətini
yekunlaşdırdı: "Şeytanın murdar nəfəsi
ilə lənətlənib o sarı dəmirlər. Elə
şər qüvvə var ki onlarda - xərcləməyə
qıymırsan, atmağı bacarmırsan, verməyə
ürəyin gəlmir, qalıb öz nəhs işlərini
görür, atanı oğula, qardaşı qardaşa
düşmən edir".
Doğrudanmı dururdu o küp? Doğrudanmı Qurban
kişi o küpün harada basdırılığını
bilə-bilə uzun illər susmuşdu? Belə idisə bəs
bu son xəbərdarlıq nəyə lazım idi?"
Gəlin bu suallara cavab tapa bilmirdi, amma hər gün
bir küp qızılın basdırıldığı həyətdə
o tərəfə-bu tərəfə addımlayıb bir
qarnı ac, bir qarnı tox yaşaması ilə barışa
bilmir, min fikrə düşür, dağı alana, aranı
dağa qatırdı. Küpün yerini dəqiq-dürüst
bilsəydilər, yenə də bir əncam çəkmək
olardı, hara lazımdır,
oranı da qazardılar. Amma bəla da burasında idi ki,
küpün dəqiq yeri məlum deyildi. Ona görə də gəlin
axır nəhayətdə belə qərara gəlmişdi ki,
bu söhbəti bilmərrə yadından, başından
çıxarsın. Bu da mümkün olmasa, barı cari
qayğıların siyahısından silsin. Onsuz da kişi
keçinəndə yanında kənar adam-zad yox idi. Deməli,
narahat olmağa dəyməzdi. Oturub əməlli-başlı
fikirləşməyə, ağıllı bir tədbir
tökməyə - elə bir tədbir ki, nə şiş
yanaydı, nə də kabab - macal vardı.
Amma...
Kişinin qırxı çıxandan üç
gün sonra eltisi ilə tutaşdı.
Əhvalat belə oldu.
Gəlin eyvanda oturub qızının donun
yamayırdı. Bir də gördü budur, baldızıynan
eltisi həyətə girdilər. Gəlin ayağa qalxdı,
eltisinin cavab verməyəcəyini bildiyinə görə
üzünü baldızına tutub xala xətrin qalmasın
"xoş gəldin" elədi, amma heç baldızı
da cavab vermədi. Saymazyana yuxarı qalxıb zor girdilər
arvadın otağına. Yarım saata qədər nə
xoşunlaşdılar, nə pıçıldaşdılar,
bir allah bilir. Marağın gücündən gəlinin az
qalırdı ürəyi partlasın, amma özünü ələ
aldı, içi doğransa da, eltisinin, baldızının bu
saymazlığına birtəhər dözdü. Lakin içəridən
çıxan eltisinin səliqə ilə büküb
qoltuğuna vurduğu xalçanı görəndə dözə
bilmədi. Əldə toxunmuş həmin xalça bu evin bəlkə
də ən qiymətli əşyası idi. İlmələri
usta əli ilə vurulmuşdu, naxışlarında yalan
olmasın 100 çalar vardı.
Gəncədən gələn köhnə
xalçaaxtaranlar bu xalça üçün dəfələrlə
ilan dili çıxarmış, əvəzində pul, 2-3 Gəncə
xalçası təklif etmişdilər, amma Qurban kişi
verməmişdi, demişdi ki, rəhmətlik anamın yeganə
yadigarıdır. İndi eltisi qayınanasının
saqqızını oğurlayıb - ilanın yuvasından
çıxaran dillər vardı onda - xalçanı dədəsinin
malı kimi büküb aparırdı və doqqaza gedən yolla bu evdən
uzaqlaşdıqca gəlinin içindəki
tarazlığı saxlayan tellər də bir-bir
qırılırdı. O tellərin ən sonuncu da
qırılanda gəlin dözə bilmədi, doqqaza beş
addım qalmış onları haqlayıb, Ərəb Zəngi
kimi qabaqlarını kəsdi. "Həzrət Abbas haqqı
səni cırıq-çırq eləyərəm" -
dedi. - "Əlim-ayağım dəyməmiş apar
xalçanı qoy götürdüyün yerə". Eltisi
sırtıq-sırtıq güldü, dedi özünu
cırsan da, xeyri yoxdur, uje xalçanı qayınanam verib mənə.
Gəlin gözlərini bərəldib dediklərini bir də
təkrar elədi, eltisi dubarə güldü, bu dəfə də qayıtdı
ki, hələ çox belə şeylər görüb
bağrın çatlayacaq, cızdağın
çıxacaq. Gəlin eyni
sözləri üçüncü dəfə təkrar eləyəndə
eltisi dişlərini it kimi qıcadıb atıldı
üstünə, sol əlində tutduğu xalçanı
böyrünə sıxıb sağ əli ilə gəlinin
saçını əlçimdədi və var gücü də
özünə tərəf dartdı. Gəlin bu qəfil həmlədən
çaşsa da, ağrıya fikir vermədi,
başını dik saxlayıb iki əli ilə eltinin
cağalarından yapışdı.
Hay-həşir qopdu, söyüş söyüşə
calandı. Baldızı araya girib guya onları
adalayırmış kimi əl-ayağa düşdü, amma əslində
eltisinə qahmarlıq edir, hərdən gəlinin
saçından yapışıb
dartışdırırdı. Beləcə bir neçə dəqiqə
yonuşdular. Eltisi axır ki, rahat əl-qol açmaq
üçün xalçanı buraxdı. Gəlinin həyət
tərəfdən qaçıb gələn qızı bu dəhşətli
mənzərəyə dözə bilmədi, qıyya çəkib
qonşularıgilə qaçdı.
Şöyüb kişinin arvadı Güllü arvad
özünü yetirəndə gəlin eltisini yerə
yıxıb çökmüşdü sinəsinə,
baldızı da arxadan az qala gəlinin belinə
çıxıb yumruğu dürtməyə, dürtməni
yumruğa calamışdı. Güllü arvad allaha, imama and
verib onları birtəhər aralaşdırdı.
Eltisi və baldızı gedəndən sonra gəlin ovucunda qalmış bir əlçim
tükə baxdı, amma ürəyi soyumadı,
çünki göstərdiyi bütün səylərə,
inadkarlığa, qeyri-bərabər döyüşə baxmayaraq, xalçanı qaytara bilməmişdi.
Əri axşam gəlinin həyəcanla,
ağlamsına-ağlamsına danışdığı bu əhvalatı
çox sakit qarşıladı: "Əşi, bir xalçadır da, itaparan
olsun" - dedi. Ertəsi gün baldızının əri
rayondan ismarış yolladı ki, o həyasıza deyin
özünü yığışdırsın, mənim
arvadım ona uşaq-muşaq deyil. Gəlin, əlbəttə
ki, bu xəbəri heç danızına da almadı, ürəyində
dedi ki, sən yönnü kişi olsaydın, arvadın belə
haqsız işdə o dalısallağa züy tutmazdı. Amma
o, haradan biləydi ki, iş nə
yerdədir, külək haradan əsir.
Bu hadisədən iki gün sonra qayını gəldi.
Gəlin elə bildi ki, qayını o xalça həngaməsinə
görə şurub gəlib bu həyətə.
Özünü o yerə qoymadı, yenə də irəli
yeriyib xoş gəldin elədi, hətta qabağına
çay apardı, amma qayının göy gözlərinin
dil açıb oxuduğu təlaşdan,
səksəkədən hiss etdi ki,
onu bura gətirən tamam başqa şeydir. Qaynı bir
az ordan danışdı, bir az burdan basıb bağladı, bu
həyətdə, bu evdə onun da payı olması barədə
əvvəli axırı bilinməyən
uzun bir nitq izhar elədi və axırda da qayıtdı ki, bəs
əlqərəz, həyətə ələm gətirmək
istəyir. Gəlin o saat barmağını dişlədi,
bildi ki, iş qayınanasından keçib və bu
ocağın gəlini olduğu müddətdə ilk dəfə
ürəyində qayınanasını söydü.
Kiçik qardaş çaşqın halda gah
arvadının, gah da böyük qardaşının
üzünə baxır, əgər cavab verəcəkdirsə,
o cavabı axtarıb tapa bilmirdi. Bax həmin o məqamda gəlin
deyəcəyi sözlərin bütün məsuliyyətini
öz üzərinə götürüb sinəsini verdi
qabağa: "Mənim qapımdan heç it də
addamayacaq". Qaynı da
açdı gül ağzını: "Sən mumla. Səndən
soruşan yoxdur ayın neçəsidir. Bir də sən kimsən
ki, özünü bu qapının, bu həyətin yiyəsi
sayırsan? O həyətdə bitən alaq kimi bir şeysən
sən". Gəlin də söz altında qalmadı: "Sənin
kimi kişinin palçıqdan gündə
üçünü hörərəm. Bəli, şəriətnən
də, hökumətnən də bu qapının yiyəsi
indi mənəm". "Bah, yavaş elə, boğasında
qalar" - qaynı dedi və çevrilib qardaşını
elə nifrətlə baxdı
ki, daş da o baxışların qabağında tam gətirə
bilməzdi, parka-parça olub tökülərdi. - "Sənin kimi
arvadımızın arvadı nəinki bu həyətə,
üstəlik, bu kəndə də ağalıq edəcək.
Sən niyə kişi olursan?"
Qaynının hikkəsi, iddiası gəlini ona
görə haldan çıxarmışdı ki, içinin
bütün xıltı sifətinin nahamar cizgilərində
soyuq, kinli baxışlarında bərq vuran bu adam tamahkar,
onun-bunun qismətinə ən uzadan idi və yəqin ki, indi o
küpü əldə eləmək, onun içindəkilərə
ən azı ortaq olmaq üçün altı baş ailənin
sığındığı bu yarımçıq evi yerlə-yeksan
eləyər, axtardığını tapana qədər lap həyətin
altını üstünə çevirər, heç
"uf" da deməzdi.
Qaynı gedəndən sonra gəlin qalib görkəmi
alıb ərinə üz tutdu: "Görürsən də,
hüzürə qonaq kimi gəlib, qonaq kimi gedirdi, heç bir
meşok qənd də qıymadı atasına. İndi gör necə gur-gur
guruldayır". Əri də üçcə kəlmə
ilə onun bu qalib görkəmini sındırdı: "Az
çərənlə, az!"
Üç gündən sonra baldızı gəldi,
baldızın qardaş arvadına deyə biləcəyi ən
yağlı sözləri döşədi
qabırğasına: "Özünü
yığışdır ha. Sən bu ocağa haram qata, onu
dağıda bilməzsən. Sən pis adamsan, paxılsan. Fərli
adam olsaydın, anamı bu kökə salmazdın,
qardaşımı vaxtsız qocaltmazdım və sair və
ilaxır. Gedəndə də anasını
yığışdırıb apardı. Gəlin əvvəlcə
bu incə gedişin mahiyyətinə varmadı, amma sonra
qandı ki, artıq iyrənc bir oyun başlayıb və bu
oyunda məqsəd qayınanasının xəstəliyindən
yaralanaraq gəlini kənddə,
qonum-qonşu arasında hörmətdən salmaq, əskiyə döndərməkdir.
Bir həftə sonra qayınanasını qaytarıb
qoydular evə və o da aldığı təlimata uyğun
olaraq oğluna dedi ki, allahın işidir, bilmək olmaz, birdən
o da Qurban kişi kimi böyrünü qatlayar, ona görə
də tədbirli tərpənmək, vəsiyyətnaməsini
yazıb möhürlətmək istəyir, daha doğrusu, vəsiyyətnaməni
yazdırıb, qalır onun möhürlətmək. Sonra
paltarının hansı deşiyindənsə dörd
qatlanmış bir kağız çıxartdı. O
kağızda əyri-üyrü xətlə - çox
güman ki, nəvələrindən birinin xətti idi -
yazılmışdı ki, mən filankəs filankəs
qızı Qurban Əhəd oğlundan qalan mülkü filan,
filan adlı övladlarım arasında üç yerə
bölürəm".
Gəlin bir şeyi heç cür anlaya bilmirdi:
baldızı ilə qayını arvadın
saqqızını oğurlayıb onu bu oyuna razı sala
bilmişdilərsə, arvad niyə sonda kiçik oğluna gənəşirdi?
Axı, bu, vəsiyyətnamədir, nədir onu rəsmiləşdirmək
üçün qayınanasını da götürüb elə
birbaşa rayon mərkəzinə - notariusa getmək kifayət
idi. Görünür, burada gəlinin
bilmədiyi nəsə ayrı bir mətləb vardı.
Oğlu kağıza baxdı, çox güman bu
kağızın, yaxud orada yazılanların arxasında
dayanan məkrli plandan birxəbər olduğu
üçün bir az saymazyana, bir az da ərklə dedi ki, ay
arvad, sən də uşaq kimi oynamağa iş tapdın da.
Sonra kağızı arvada qaytardı, başını
bulaya-bullaya getdi iş-gücünün dalınca.
(Ardı var)
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .-2025.- 12 avqust(¹141).- S.14.