Məhəmmədhəsən xan Qacar  

 

 

1726-cı ildə Fətəli xan Qacar qətlə yetiriləndən sonra onun yurdunda iki oğlu qaldı: Məhəmmədhüseyn və Məhəmmədhəsən. Məhəmmədhüseyn gənc yaşlarında vəfat etmişdi. Atası öldürüləndə isə Məhəmmədhəsənin cəmi on iki yaşı vardı. Ailənin bütün yükü də onun üzərinə düşmüşdü. Digər tərəfdən də ağır vergilər köçəri həyat tərzi keçirən qacarları təngə gətirmişdi. Bu, Nadir şahın dövründə daha dəhşətli hal almışdı. Qan düşmənləri olan Nadir şah onlara olduqca pis münasibət bəsləyir, ağır vergilərlə yükləyirdi. Ona görə də qacarlar bəzən vergi verməkdən boyun qaçırır  və tez-tez şaha qarşı qiyam qaldırırdılar.

1744-cü ildə qacarlar Nadir şaha qarşı üsyana qalxdılar. Aşağıbaş tayfasının başçısı Məhəmmədhəsən xan Qacar iki min nəfər qacarlardan və min nəfər isə qonşu türkmənlərdən döyüşçü toplayaraq böyük bir qüvvə ilə Astrabada tərəf hərəkət etdi və may ayının 28-də şəhəri ələ keçirə bildi. Məhəmmədhəsən xanın atası Fətəli xanın qətlində bilavasitə əli olan Məhəmməd Zaman bəy bu vaxt Astrabadda hakim idi. O, qacarların qarşısında duruş gətirə bilməyəcəyindən və öldürüləcəyindən qorxub qaçdı. Nadir şah bu hadisəni bilcək üsyanı yatırtmaq üçün Behbud xanın başçılığı ilə Məhəmmədhəsən xanın üzərinə min beş yüz nəfərlik qoşun göndərdi.

Məhəmmədhəsən xan Behbud xanı təkbətək döyüşə çağırdı və onu yaraladı. Döyüşdə şah qoşunu məğlub oldu. Üstünlük Məhəmmədhəsən xan tərəfinə keçdi. Lakin qacar tayfa başçılarının biri xəyanət edərək öz adamları ilə Behbud xana köməyə gəldi. Məhəmmədhəsən xan onlara qalib gələ bilməyəcəyini görüb, Türkmənistan çöllərinə çəkildi. Nadir şah isə Behbud xanın əli ilə qiyamçı ailələrindən dəhşətli intiqam aldı.

Məhəmmədhəsən xan bir müddət türkmən səhralarında yaşadı. Xeyli qüvvə toplayandan sonra türkmənlərin köməyi ilə Astrabada hücum edib, hakimiyyəti ələ keçirtdi. Nadir şah bu dəfə Qorqan və Astrabad hakimi, Yuxarıbaş qacarlarından olan Məhəmmədhüseyn xanı böyük bir qoşunla onun üstünə göndərdi. Ağır döyüşlərə tab gətirməyən Məhəmmədhəsən xan yenə də Türkmənistana qaçmağa məcbur oldu. Nadir şah dəfələrlə onu tutmağa çalışsa da, nail ola bilmədi. Və dörd il burda qaçqınlıq həyatı keçirən Məhəmmədhəsən xan bir də Nadir şah öldürüləndən sonra vətəninə qayıtdı. Lakin Yuxarıbaş tayfasının başçısı Kamal Əli bəy ona qarşı çıxdı. Məhəmmədhəsən xan onu yerində oturtdu və həmin vaxtdan Astrabadda hörməti get-gedə artmağa başladı...

İranda hərc-mərclik yenidən baş qaldırdı. Şahlıq taxt-tacı uğrunda qızğın mübarizə gedirdi. Hər yerindən qalxan hakimiyyəti ələ almağa can atır, nəyin bahasına olursa-olsun, böyük İran dövlətinə sahib olmağa çalışırdı. Hakimiyyət uğrunda mübarizə aparmaqda mənəvi haqqı olan Məhəmmədhəsən xan Qacar bu şəraitdən istifadə edərək şahlıq iddiası ilə gələcək mübarizələrə hazırlaşmağa başladı. Ancaq onun qarşısında çox güclü rəqiblər vardı.

Bu vaxt isə şahlıq taxtında oturmuş Nadir şahın qardaşı oğlu Əliqulu Mirzə (Adil şah) qacarları öz tərəfinə çəkmək üçün ikillik vergini onlara bağışladı. Məhəmmədhəsən xan bu "yaxşılığı" görəndən sonra Aşağıbaş tayfasının ağsaqqallarını bir yerə toplayıb, məsləhət-müşvərət elədi. Qərara gəldilər ki, yeni şaha məktub yazıb, ondan amannamə istəsinlər ki, dağılıb türkmən çöllərinə səpələnmiş Aşağıbaş qacarları öz vətənlərinə qayıtsınlar  və daha heç kəs onlara əziyyət verib, incitməsin. Əliqulu Mirzə bu barədə bir fərman da verdi və üstəlik, Məhəmmədhəsən xan Məşhəddə öz sarayında eşikağası təyin edildi. Lakin həmin vaxt Məhəmmədhəsən xanın ayağınım altından həmişə çəkən Astrabad hakimi Səbzəli bəy Əliqulu Mirzəyə yalan məlumatlar verərək onu pislədi. Aralarında uzun-uzadı mübahisə getsə də, axır ki, Səbzəli bəyin sözlərinə inandı, Əliqulu Mirzə Məhəmmədhəsən xanı tutub, yanına gətirilməsini əmr elədi. Lakin Məhəmmədhəsən xan şahın niyyətini başa düşüb, yenə də türkmənlərin yanına qaçdı, özünə sürətlə qoşun toplamağa və şahla müharibəyə hazırlaşmağa başladı. Əliqulu Mirzə bir neçə dəfə Məhəmmədhəsən xanın üzərinə qoşun göndərdi, ancaq məğlub oldu. Bir neçə il əvvəl şah Gəncə-Qarabağ zonasında yaşayan qüdrətli və nüfuzlu "qacar əfşarı" adlanan qacarların böyük bir qismini Astrabada köçürtmüşdü. Və onlar da Əliqulu Mirzə ilə düşmənçilik münasibətində olduqlarından tezliklə öz qanlarından olan Məhəmmədhəsən xanla birləşdilər. Getdikcə qüvvətlənən Məhəmmədhəsən xan yubanmadan Astrabada hücum eləyib, oranı aldı, sonra Mazandaranı, Şahrudu və Bəstamı da özünə tabe elədi, Xorasan vilayətinin bir hissəsini ələ keçirdi. Bu qələbələrdən ruhlanan və getdikcə nüfuz dairəsi artan Məhəmmədhəsən xan Azərbaycan, Gilan, Talış, Mazandaran və İranın mərkəzi əyalətlərinə də əl uzatmağa başladı. Əliqulu Mirzə bu təhlükədən qorxaraq qardaşı, İranın mərkəzi əyalətlərinin hakimi İbrahim xanı böyük bir qoşunla Tehran və Şahrud yolu ilə Astrabada göndərdi, özü də ora başqa yolla hücuma keçdi. Qanlı döyüşlərdə Məhəmmədhəsən xan şah qoşunlarını məğlub eləyib, Tehran üzərinə hücuma hazırlaşdı. Üçillik mübarizədən sonra o, qalib çıxdı və 1750-ci ilin əvvəllərində özünü bu yerlərin müstəqil xanı elan elədi.

Şahrux Mirzə rəsmi olaraq Məşhəddə taxtda oturan kimi Məhəmmədhəsən xan ona məktub yazıb, təbrik elədi və bildirdi ki, bütün Aşağıbaş tayfası ona itaət eləyəcək. Və qacarların da istəyi budur ki, öz yerlərində arxayın yaşamağa onlara imkan versinlər. Şahrux Mirzə də özünə güclü müttəfiq axtardığına görə Astrabad torpaqlarını Məhəmmədhəsən xana verdi. Bu vaxt İbrahim xan onun üzərinə qoşun çəkdi. Şahrux Mirzə öz təzə müttəfiqi Məhəmmədhəsən xana sifariş göndərib, bildirdi ki, əgər qacarlar onunla birləşib, İbrahim xana qarşı döyüşsələr, qalib gələndən sonra çəkilən bütün xərclər onun tərəfindən ödəniləcək və Məhəmmədhəsən xanın xidmətləri yüksək qiymətləndiriləcək. Məhəmmədhəsən xan Şahrux Mirzə ilə birləşərək 1749-cu ildə Xorasan yaxınlığında İbrahim xanın qoşunlarını darmadağın etdilər və Tehrana daxil oldular. İgidliyinə və sədaqətinə görə Məhəmmədhəsən xanı Şahrux Mirzə özünə fərmandeh götürdü, ona yüz min nadiri və daş-qaşla bəzədilmiş qılınc bağışladı, az sonra isə rəsmi olaraq Astrabad hakimi təyin elədi.

Lakin çox çəkmədən Şahrux Mirzəyə sui-qəsd olundu. 1750-ci ildə onu taxt-tacdan salıb, iki gözündən də məhrum etdilər və zindana atdılar. Şahrux Mirzənin qayınatası Mirzə Seyid Məhəmməd onun yerinə keçdi və dərhal da Məhəmmədhəsən xanı Astrabad hakimliyindən götürüb, ora başqa birisini təyin elədi. Məhəmmədhəsən xan yenə də Türkmənistana qaçmağa məcbur oldu. Bu vaxt Mirzə Seyid Məhəmməd Təbəs hakimi Əmir Həsəni də hakimiyyətdən uzaqlaşdırdı. Əmir Həsən dərhal Məhəmmədhəsən xana məktub yazıb, birləşməyi təklif elədi və həm də yazdı ki, nə qədər ki, təzə şah güclənməyib, cəld hərəkət etməklə onu taxtdan salmaq olar. Məhəmmədhəsən xan da fürsəti fövtə verməyib, tayfasının ağsaqqallarını məsləhətə çağırdı və dərhal Astrabada hücum elədi. Astrabad hakimi qaçıb, aradan çıxa bildi. Məhəmmədhəsən xan arvadı Ceyranı Astrabada hakim təyin eləyib, Məşhəd üzərinə yeridi. Şəhəri döyüşsüz alıb, elə həmin gün Şahrux Mirzəni həbsdən azad edərək taxta oturtdu və onun İran şahı olması elan edildi. Məhəmmədhəsən xan Astrabada, Əmir Həsən xan isə Təbəsə yenidən hakim təyin olundu.

İranın xeyli hissəsi, o cümlədən, Cənubi Azərbaycan bütünlüklə Məhəmmədhəsən xanın əlində olsa da, ölkənin qərb hissəsini Urmiya hakimi Fətəli xan Əfşar idarə edirdi. Nadir şahın yaxın qohumu olan Fətəli xan da hakimiyyət uğrunda mübarizəyə girişmiş və Məhəmmədhəsən xanın güclü rəqiblərindən birinə çevrilmişdi. Ona görə də Məhəmmədhəsən xan bütün qüvvəsini toplayıb, Fətəli xanla  döyüşlərə girərək ölkə ərazisini, demək olar ki, tamamilə ələ keçirtdi.

Həmin vaxtlar ölkədəki bərbad vəziyyəti görən Urmiyanın qoşun başçısı Azad xan adlı bir əfqan şahlıq fikrinə düşdü və böyük bir ərazini, o cümlədən də, Təbrizi tutdu. Bütün ölkə üçün böyük bir təhlükə yarandı. Azad xanın qoşunlarını İrandan vurub-çıxarmaq üçün Məhəmmədhəsən xan Qacar qeyrəti olan bütün şiə məzhəbli xanlardan hərbi kömək istədi. Onun səsinə səs verənlərdən biri Qarabağ hökmdarı Pənahəli xan Cavanşir oldu. O, oğlu Mehrəli bəyin başçılığı ilə üç min qarabağlı süvarini Məhəmmədhəsən xana köməyə göndərdi. Qarabağ atlıları Məhəmmədhəsən xanın qoşunları ilə birləşib, yadelliləri darmadağın edərək Kürdüstana qaçmağa məcbur etdilər.

Məhəmmədhəsən xanın düşmənləri üzərində bir-birinin ardınca çaldığı qələbələr Şimali Azərbaycan xanlıqları üçün də böyük təhlükə yaratmışdı. Məhəmmədhəsən xan birinci olaraq yenicə təşəkkül tapmış Qarabağ xanlığını ələ keçirmək fikrindəydi. Bu zəngin ölkəni tutandan sonra isə məqsədi Gəncəyə, Şirvana və başqa şimal xanlıqlarına sahib olmaq idi. Həmin vaxt isə Qarabağ xanlığının və onun başçısı Pənahəli xanın qüdrəti artıb möhkəmlənmiş, şöhrəti bütün Şərq ölkələrinə yayılmışdı. Məhəmmədhəsən xan isə Qarabağ xanını gələcəkdə özü üçün böyük bir təhlükə və maneə hesab edirdi. Həm də digər xanlıqları itaətə gətirmək üçün ilk növbədə, həmin xanlıqlarla İran arasında geniş bir ərazini tutan və onun üçün böyük bir maneə olan Qarabağ idi.

Pənahəli xan özü də başqa xanlar kimi İranda parlaq qələbələr qazanan Məhəmmədhəsən xan Qacardan ehtiyat edirdi. Çünki Məhəmmədhəsən xan Qarabağ xanının yanına elçilər göndərib, bildirmişdi ki, əgər Pənahəli xan onun hakimiyyətini xoşluqla qəbul etməsə, böyük bir ordu ilə Qarabağın üzərinə yeriyəcək. Ona görə də Pənahəli xan düşmənə layiqincə müqavimət göstərmək üçün tikintisi tam başa çatdırılmamış qalasının yarımçıq qalan müdafiə hasarlarını möhkəmlətməyə, qoşununun sayını artırmağa, onları Şuşaya toplamağa başladı. Ancaq bununla belə, qorxulu düşmən təhlükəsi Pənahəli xanı təşvişə salmışdı. O, məcburiyyət qarşısında qalıb, kömək üçün o dövrün ən güclü və qüdrətli feodallarından olan Quba hakimi Fətəli xana müraciət elədi. Lakin qubalılar qarabağlılara  hərbi kömək vermədilər.

Arazın o tayında isə Məhəmmədhəsən xan qoşunlarının sayını durmadan artırırdı. O, Astrabaddan, Gilandan, Mazandarandan topladığı güclü ordu ilə 1758-ci ildə Araz çayını keçib, Muğan tərəfdən sürətlə Pənahabada doğru irəliləməyə başladı. Pənahəli xan düşmənin irəliləməsinə imkan verməyib, Xatın arxında onun qarşısını kəsdi. Gəncəli Şahverdi xan Qacar da iranlılara kömək edirdi.

Pənahabadı tutmaq üçün Məhəmmədhəsən xanın göstərdiyi bütün səylər puça çıxdı. O, bir neçə dəfə hücum etsə də, böyük tələfatla geri çəkildi. Məhəmmədhəsən xan qoşununa istirahət vermək üçün Pənahabadın dörd ağaclığındakı (28 kilometrliyindəki) Xatın arxı kənarında düşərgə saldı, çadırlar qurdurdu, səngər qazdırdı, süvari və piyada qoşunlarını təliməuyğun şəkildə nizamla yerləşdirdi və döyüşə hazır vəziyyətə gətirdi. İranlılarla qarabağlılar üz-üzə dayandılar.

Məhəmmədhəsən xan Qacar düz bir ay döyüşlər apardı, lakin Qalaya yaxınlaşmağa gücü və cəsarəti çatmadı. Ona görə də müxtəlif üsullara, hiylələrə əl ataraq cürbəcür planlar cızmağa başladı. Lakin bunların da bir nəticəsi olmadı.

Pənahəli xanın qoşunları da, öz növbəsində, tez-tez Qaladan çıxıb,  İran qoşunlarına qəflətən hücum edir və ağır zərbələr endirərək düşməni böyük itkilərə məruz qoyurdu. Qarabağlılar İran əsgərlərini əsir götürür, onlara ərzaq daşıyan karvanların yolunu kəsib, azuqələrini, atlarını, qatırlarını əllərindən alır, Arazın o tayından gələn köməyin qarşısını kəsməyə çalışırdılar. Məhəmmədhəsən xan Qacar Pənahəli xana bata bilməyəcəyini artıq başa düşürdü, geri əliboş qayıtmağı isə özünə ar bilirdi.

Məhəmmədhəsən xan çıxılmaz vəziyyətdə qalarkən İranda baş verən yeni ixtişaşlar onun Qarabağdan çıxıb getməsinə bəhanə oldu. Xəbər gəldi ki, Zəndiyyə sülaləsindən olan Kərim xan adlı birisi Məhəmmədhəsən xanın  ölkədən kənarda olmasını və Qarabağdakı məğlubiyyətini eşidib, şahlıq xəyalına düşərək böyük qüvvə ilə Şirazı, İsfahanı və başqa əyalətləri zəbt edib, indi də İraqı və Cənubi Azərbaycanın bir çox əyalətlərini, xüsusilə də, Astrabadı və Mazandıranı tutmaq fikrindədir. Bunu eşidən Məhəmmədhəsən xan Şamaxı, Gəncə, Quba və başqa şimal xanlıqları üzərinə hücum etmək fikrindən daşındı. Pənahabadın mühasirəsindən əl çəkib, təcili olaraq qoşunlarını geri - İrana çəkməyə başladı. Lakin Pənahəli xan ona göz açmağa imkan verməyib, güclü hücuma keçdi. Qarabağlılar və iranlılar arasında sonuncu şiddətli və qanlı döyüş baş verdi. Qarabağ qoşunları İran qoşunlarına üstün gəlməyə başladılar. Məğlub olduğunu görən Məhəmmədhəsən xan Qacar "asta qaçan namərddir" - deyə dabanına tüpürüb, Araz çayı istiqamətində götürüldü. Pənahəli xanın qoşunları onları Araza çatmamış haqlayıb, darmadağın etdilər. Məhəmmədhəsən xan sağ qalan əsgərləri ilə çayı o tərəfə adlaya bildi.

Pənahəli xan Məhəmmədhəsən xan üzərində çox böyük siyasi əhəmiyyətə malik olan tarixi bir qələbə çaldı. İranlılar Qarabağı talan edib, tabe etmək əvəzinə, özləri biabırcasına məğlub oldular. Hətta Məhəmmədhəsən xan Qarabağdan qaçarkən Tehrandan gətirdiyi  "Hasar" adı ilə məşhur olan iki ağır topunu və topxanasını da Xatın arxı kənarından aparmağa macal tapa bilmədi. Pənahəli xan həmin topları Qalaya gətirdi (qeyd eləmək yerinə düşər ki, bu hadisədən yetmiş beş il keçəndən sonra - 1826-cı ildə Məhəmmədhəsən xanın nəticəsi Abbas Mirzə Qacarın qızılbaş qoşunları Şuşanı mühasirəyə alarkən şuşalılar həmin toplardan iranlılara qarşı istifadə etmişdilər). Ələ keçirilən qənimət və iranlıların döyüş meydanlarında qoyub-getdikləri minlərlə insan cəsədi barədə xana məlumat verildi.

Məhəmmədhəsən xan Qacar İrana çatana qədər Kərim xan Zənd bütün Fars vilayətini, İraqı və başqa vilayətləri tutdu. Məhəmmədhəsən xan Kərim xanla müharibəyə  hazırlaşmağa başladı. Nəhayət, 1758-ci ildə iki güclü düşmən qoşunu üz-üzə gəldi. Bu, bir-biri ilə düz dörd il döyüşən sərkərdələrin sonuncu döyüşü idi. Məhəmmədhəsən xan bu vuruşmada çox kobud və bağışlanılmaz səhvə yol verdi. O, rəqibini zəif və gücsüz hesab eləyib, qoşununu bada verdi, cəmi on nəfərlə döyüş meydanını tərk eləmək məcburiyyətində qaldı. Köhnə düşməni Səbzəli bəy isə Məhəmmədhəsən xanı qarabaqara izləyərək üç yüz nəfərlik dəstəsi ilə onu mühasirəyə aldı. Qeyri-bərabər döyüş oldu. Səbzəli bəy fürsət tapıb, Məhəmmədhəsən xanı bir qılınc zərbəsi ilə atdan yerə saldı. On nəfərin hamısı öldürüldü. Səbzəli bəy Məhəmmədhəsən xanın başını bədənindən ayırdı və götürüb, Tehrana Kərim xan Zəndə apardı...

Bundan sonra İranda hakimiyyət uğrunda mübarizə estafeti Məhəmmədhəsən xan Qacarın böyük oğlu Ağa Məhəmmədhəsən xana keçdi.

 

Vasif QULİYEV

525-ci qəzet .-2025.- 12 avqust(¹141).- S.12;13.