İLHAM
ƏLİYEV ZİRVƏSİ
Bu tarix unudulmayacaq və hələ bu sammit haqqında
yalnız indi deyil, sonralar da çox yazılacaq, çox
danışılacaq. Üç dövlət
başçısının - Amerika Birləşmiş
Ştatları Prezidenti Donald Trampın, Azərbaycan rəhbəri
Prezident İlham Əliyevin və Ermənistanın Baş naziri
Nikol Paşinyanın iştirakı ilə 2025-ci ilin 8
avqustunda Vaşinqtonda keçirilən Zirvə
Toplantısı hər üç tərəf və dünya
üçün nə qədər əhəmiyyətlidirsə,
hər üç tərəf bu görüşdən fayda
ilə, qalib kimi ayrılsa da, ən çox qazanan Azərbaycan
oldu və həm məzmunu, həm də fəlsəfəsiylə
Vaşinqton Sammiti İlham Əliyev Zirvəsinə
döndü.
Azərbaycan dövlətinin başçısı
ABŞ-yə qarşısına hansı niyyətlərə
çatmağı düşünərək
yollanmışdısa, hamısına müyəssər oldu.
Amerika-Azərbaycan münasibətlərində əməkdaşlığın
və çoxşaxəli işbirliyinin tamam yeni səhifəsini
açacaq Strateji Tərəfdaşlıq Xartiyasını
hazırlamağın, yarandığı vaxtdan ötən
onillər boyunca səmərəsiz fəaliyyəti və
riyakar yanaşmaları ilə yadda qalmış ATƏT-in
Minsk qrupu ilə birdəfəlik üzülüşmənin,
Azərbaycanla Ermənistan arasında sülh sazişi mətnini
yekunlaşdırmanın, Zəngəzur dəhlizinin
açılması ilə bağlı anlaşmanı
finiş xəttinə çıxarmanın son zəruri
addımları atıldı, ikitərəfli və
üçtərəfli sənədlər imzalandı və
907-ci düzəlişin ləğvidə bu çələngdə
təntənəli cümlənin sonundakı nida işarəsi
kimi oldu.
İllərcə ardınca olduğu, həlli yolunda
usanmaz səylər qoyduğu və məqsədlərinə
çatmaqdan ötrü də durmadan
çalışdığı ümdə məsələlərlə
bağlı Azərbaycan Prezidentinin Ağ Evdən belə fərəhli
nəticələrlə qayıdışı, əlbəttə
ki, Vaşinqton sammitini onunku - Azərbaycanınkı edir!
Amerika dünyanın o başıdır, Azərbaycanla
Amerika Birləşmiş Ştatları arasında məsafə
də çox uzaqdır. O qədər uzaq ki, Bakıda
axşam düşəndə Vaşinqtonda səhər
başlanır. Ancaq zaman-zaman bu məsafənin dəyişdiyi
də çox olub. Yox, nə aralıqdakı kilometrlər
azalıb-artıb, nə də bu fərq yay vaxtına
keçidlə əlaqədar saatın dəyişməsiylə
yaranıb. Müasir dünya elə vəziyyətdədir ki,
məsafələrin yalnız köhnədən bəlli ənənəvi
ölçülərlə müəyyənləşdirilməsi
artıq keçmiş hadisəsidir. Siyasətlər ən
uzaqları da bir-birinə çox yovuq edə, ən yaxın
qonşuları da bir-birndən çox aralı sala bilir.
2025-ci il avqustun 8-i ABŞ-Azərbaycan Respublikası
münasibətlərinin bütün tarixi boyunca Bakı ilə
Vaşinqton arasındakı məsafənin ən qısa olduğu
bir gün idi. Səbəb günün içərisini
dolduran hadisələrdi.
Prezident İlham Əliyev onu müşayiət edən
nümayəndə heyəti ilə Ağ Evdə idi və
balaca bir otaqda dünya tarixinin əlamətdar anları
yaşanırdı. O otağa ona görə "balaca"
deyirəm ki, baş verən hadisə bu kiçik məkana
sığmaz qədər nəhəng idi və əsla
yalnız orada dövlət başçıları ilə təmsil
olunan 3 ölkəyə aid deyildi. Dünyanın siyasəti,
dünyanın özünün çöhrəsi, Yer kürəsinin
siyasi xəritəsi dəyişməkdədir və həmin
ağlasığmaz dəyişiklikləri edənlərin
ön sırasında biz varıq - Azərbaycan var, onun lideri
Prezident İlham Əliyev var!
Addım-addım böyük tarixlər
ömrümüzdən keçir. Baş verən bir-birindən
əzəmətli, taledəyişici hadisələrin
şahidi olmaq başqa bir məsudluqdur. Söz yox, o zəfərlər
ki bizim gözümüzün qarşısında cərəyan
edir, gələcək nəsillər həmin olmuşları
Azərbaycan tarixinin ən parlaq səhifələri kimi
qavrayacaq, bütün bunlara şahid olmuşları da müstəsna
insanlar kimi xatırlayacaq.
Bəs həmin tarixləri yaradanlar necə?
Əlbəttə ki, onların, vaxt ötüşüylə,
daha çox müqayisələr aparmaq fürsəti yaranarkən
verəcəyi qiymət indi yaxın məsafədən baxaraq
bizim verdiyimiz qiymətlərdən qat-qat dürüst və
indikindən də dəfələrlə yüksək olacaq.
Prezident İlham Əliyevin strateji düşüncəsinin
əhatəsi elə genişdir və o qədər
aydındır ki, onun böyüklüyünü bu gün
yalnız rəhbəri ilə iftixar edən Azərbaycan
xalqı deyil, bütün dünya ya açıq, ya da qəlbində
etiraf etməkdədir.
Dünyanın ən qüdrətli dövləti olan
Amerika Birləşmiş Ştatlarının Prezidenti Azərbaycan
rəhbərinin onun haqqında müxtəlif vaxtlarda söylədiyi
qiymətverici fikirləri fəxrlə öz səhifəsində
yerləşdirirsə, bunun səbəbi yalnız o deyil ki,
bunlar başqa bir dövlət başçısının
onun haqqında tərifli sözləridir. Doğrudur,
dünyada tərifdən hamının xoşu gəlir və
kim desə ki, o, daha çox tənqidi sevir, bu sözlərin
səmimiyyətinə inanmaq həmişə
müşkül olacaq. Ancaq tərifdən-tərifə də
fərq var. Axtarsanız, Donald Trampın yenidən dövlət
başçısı seçilərək fəaliyyətə
başlamasından bir qədər əvvəl də, Ağ
Evdə səlahiyyətlərinin icrasını gerçəkləşdirdiyi
son aylarda da onun haqqında dünyanın tanınmış
siyasətçiləri və dövlət xadimləri
arasından da, elə müxtəlif ölkələrin
prezidentlərindən də xoş sözlər söyləmiş
olan çoxlarının adlarını da, fikirlərini də
tapacaqsınız. Prezident Tramp həmin söylənmişlərdən
məhz Azərbaycan rəhbərinin fikirlərini seçərək
bir dəfə deyil, ardıcıl öz fərdi ictimai səhifəsində
ona görə yerləşdirir ki, bunları sadəcə tərif
və xoş sözlər olaraq yox, dərin zəkalı,
müdrik və güclü bir liderin qənaətləri kimi
qəbul edir və anlayır ki, gendən baxanlar da o sözləri
məhz həmin şəkildə qəbul edirlər.
Bu, təsəvvür ediləndir, ancaq gözlə
görülüb eşidilənə də dünya
şahiddir - Ağ Evdə Prezident Donald Tramp və Prezident
İlham Əliyev yanaşıdırlar. Mikrofonlar
açıq, kameralar işləyir, həmin andakıları
dünya görüb-eşidir və ABŞ rəhbəri Azərbaycan
dövlətinin başçısına "Siz böyük
lidersiniz" deyir və dərhal da Prezident Əliyev təvazö
ilə Prezident Trampa cavab verir: "Mən böyük liderlə
yanaşı əyləşmişəm".
Hər ikisi haqlıdır. Bunu isbat edən dəlillər
çoxsa da, sübutların ən üzdə olanı elə
həmin görüş, o cür yanaşı oturub o səmimiyyətlə
müzakirələr aparmaları, həmin görüşə
və müzakirələrə gətirib çıxaran yolu
hazırlaya bilmələridir.
ABŞ dünyadakı 200-ə yaxın dövlətdən
biri olmaqdan daha böyükdür, həmin dövlətlərin
birincisi, ən qüdrətlisidir və dünyanın qismətini
müəyyən edənlərin əvvəlincisidir.
Vaşinqtonda yalnız bu ölkənin deyil, dünyanın
aqibətinə dair layihələr cızılır, qərarlar
verilir, hərəkətlər edilir. Bir nömrəli
paytaxtdan və bir saylı ofisdən gələn hər səda
dünyanın dörd bucağında əks-sədalanır,
ardınca da hərə öz arşınına görə təhlillərə
başlayır. Söz yox, bu Zirvə Toplantısı da istisna
deyil.
Müstəqilliyimizin və ölkəmizə
qarşı erməni işğalının
başlanmasının lap əvvəlində - 1992-ci ildə
ABŞ Konqresi "Azadlığı müdafiə
aktı"na əlavə edilən və Azərbaycana
ABŞ-nin birbaşa dövlət yardımını yasaqlayan
qanunvericilik aktını qəbul etdi.
Və bununla da ölkəmiz ABŞ hökumətindən
birbaşa yardım almayan yeganə postsovet dövlətinə
çevrildi. Lap başlanğıcdan bu, erməni lobbisinin əl
altından birbaşa təsirləri və onların
şirnikləndirici cazibə dairəsində olan
senatorların vurnuxmaları ilə baş tutmuş mürtəce
bir qərar idi və təməldən həqiqətlər kəlləmayallaq
edilərək məsələ bu cür də qoyulmuşdu
ki, həmin sənəd Azərbaycan tərəfindən
Dağlıq Qarabağın "işğalı" və
Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə
qəbul edilir. Təbii, söhbət yardımda deyildi, Azərbaycan
özü özünü təmin etmək, yaşatmaq və
iqtisadi cəhətdən gücləndirə bilmək qabiliyyətini
çoxdan ortaya qoyub və həmin mənhus "düzəliş"
də guya zahirən maddi dəstəkdən imtinanı nəzərdə
tutsa da, sırf siyasi səciyyəli idi, ABŞ-nin Ermənistan-Azərbaycan
münaqişəsində heç də bizətərəf
olmayan mövqeyini əks etdirirdi. 33 il sonra həmin
"düzəliş"in, nəhayət ki, ləğv
edilməsi bir tərəfdən ABŞ-nin Azərbaycana yetərincə
sağlamlaşmış münasibətinin bəyanıdırsa,
digər tərəfdən də Azərbaycanın Qarabağ
Zəfərinin daha bir mərhələsi, illərcə davam
etmiş və çox faciələr gətirmiş həmin
qarşıdurmanın banisi və daimi
qızışdırıcılarından olan erməni lobbisi
üzərində qələbəmiz deməkdir!
Ancaq 2025-ci il avqustun 8-nə, həmin düzəlişə
xitam verilməsinə, Azərbaycan Respublikası ilə Amerika
Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanması məqsədilə Strateji
İşçi Qrupunun yaradılması haqqında Azərbaycan
Respublikası Hökuməti və Amerika Birləşmiş
Ştatları Hökuməti arasında Anlaşma
Memorandumunun, Azərbaycanla Ermənistan arasında sülh
sazişinin imzalanmasına, nəhayət, 3 dövlətin
başçısının Birgə Bəyannaməyə qol
atmasına qədər gərgin mübarizəli, çətin,
axtarışlı yol keçilib.
Qələbəyə şahid olmaq, buna heyrətlənmək,
məftun qalmaq xoşdur, amma gərək həmişə həmin
nəticəyə gətirib çıxaran uzun yolu da, bu
ağır yükü çiyinlərində
daşımışları da sayğı ilə
düşünəsən.
2025-in isti avqust günlərində dünya mətbuatının
hərarəti həmişəkindən daha çoxdur.
Vaşinqton görüşünün təfərrüatlarından
bəhs edir, qiymətləndirmələr etməyə
çalışırlar. Xarici mətbuat, o sıradan Ermənistanda
olan və erməniçiliklə bağlı bir çox xəbər
agentlikləri, saytlar, qəzetlər Vaşinqton
görüşlərini Prezident İlham Əliyevin
döyüş meydanındakı qələbəsindən
sonra masa arxasında, diplomatiya meydanında zəfəri
sayır, Azərbaycan rəhbərinin almağı qarşısına məqsəd
qoyduqlarının
çatdığını bildirir, ən vacibi isə,
bu görüşün və imzalanmış sənədlərin,
həmin sənədlərin daha yeni anlaşmaların
imzalanması üçün hazırladığı
özülün Cənubi Qafqazda qüvvələr nisbətinin
dəyişməsində, bölgədə gələcək
ictimai-siyasi gerçəkliyin necə olacağını
müəyyənləşdirməkdə həlledici rol
oynayacağını yazırlar.
Vaşinqton görüşündə Prezident
Əliyev, həmişəki kimi, parlaq idi, hədəfə dəqiq
vuran idi, nitqləri ilə, davranışları ilə
ağıl və güc saçırdı, yenə Azərbaycan
onunla böyük görünürdü.
Bütün ölçüləri ilə ABŞ və
Azərbaycan Respublikası müqayisəyəgəlməz qədər
fərqlidir. Lakin güclü lider varlığı ilə, təfəkkürü
və əməlləri ilə Vətənini də
böyütməyi, ən qüdrətli dövlətlərlə
eyni mərtəbəyə qoymağı bacarır.
Öncəgörmə Tanrının seçkin insanlara
bəxş etdiyi ayrı bir istedaddır. Böyük siyasətdəsənsə,
nə qədər məlumatlı olursan-ol, belə bir fəhm,
sabahı hissetmə, hadisələri, gedişatı qabaqcadan
görəbilmə duyğusu səndə yoxdursa, güclü
sayılmayacaqsan, illah da, son qərar və son söz səlahiyyəti
səndədirsə və belə bəsirətlilikdən məhrumsansa,
tez-tez yanılacaqsan, büdrəyəcəksən, kobud səhvlər
buraxacaqsan, başqalarını da çaşdıracaqsan,
heç vaxt da ötkün şəxsiyyətə çevrilə
bilməyəcəksən.
Prezident İlham Əliyev idarəçiliyinin 20 ili ərzində
Azərbaycanın 200 illik başağrısı və
qaçılmaz fəlakətlərinin qaynağı olan
pırtlaşıq qara (rəngi başqa cür də göstərmək
olar) düyünü biryolluq çözə bildisə, Azərbaycanı
dünyanın enerji, nəqliyyat, iqtisadi həyatında
yankeçilməz tərəfdaşlardan birinə çevirməyə
müvəffəq oldusa, ölkəmizi və dövlətimizi
beynəlxalq aləmdə bugünkü ucalığa
qaldırmağı bacardısa, respublikanı təsir dairəsində
saxlamağa can atan çoxsaylı dövlətlər və
qüvvələrin bütün məkr və təhdidlərinin
öhdəsindən gələrək müstəqil siyasətini
inamla aparmaq qüdrətini nümayiş etdirdisə, bu niyyətəçatmada
əngin bilik, sarsılmaz iradə, dəmir qətiyyət
("Dəmir yumruq" da onun bir simgəsi), əzmkarlıq,
inadkarlıq, dönməzlik, sözübütövlüklə
bərabər və bəlkə bunlardan da daha əvvəl həmin
fəhm, gələcəyi sezmə, yalnız hesablamalarla
deyil, müəyyən həlledici anlarda "altıncı
duyğu" dediyimiz daxili gücün hökmüylə hərəkət
edib qərarlar qəbul etməsinin də danılmaz yeri var!
Tarix yazılan və tarixə yazılacaq o gündə
- 2025-ci ilin 8 avqustunda Ağ Evdə Prezident İlham Əliyev
dünyanın ən qüdrətli dövlətinin
başçısı ilə yanaşı idi,
davranışları, danışıqları heç vəchlə
"böyük qardaş" qarşısında
dayananın hərəkətləri və söyləyişləri
deyildi, inamlı idi, sərbəst idi və müəyyən
məqamlarda, xüsusən, Donald Trampın Nobel Sülh
Mükafatına layiqliyi təklifini dilə gətirəndə
isə vəziyyətin sahibi idi, ona xas natiqlik məharəti
ilə auditoriyanı da tərəfinə çəkmişdi:
"Nobel Sülh Mükafatı Prezident Trampa verilməsə,
kimə verilməlidir? Mən heç bir iş görməmiş,
lakin mükafat almış şəxslərlə
bağlı Nobel Sülh Mükafatının çox müəmmalı
qərarlarının tarixinə varmaq istəməzdim. Lakin
Prezident Tramp altı ay ərzində möcüzə
yaratdı. Bir sözlə, düşünürəm ki, erməni
həmkarım da dəstəkləyəcək.
Auditoriyanın reaksiyasından hesab edirəm ki, biz qayıdan kimi
birgə məktubun hazırlanması üzərində
razılığa gələcəyik.
Ümid edirəm ki, mən, həmçinin, Prezidentin
mükafatlandırma mərasiminə qoşulacağam.
Ümidvarıq ki, o, bizi mərasimə dəvət edəcək".
Həmin günkü dialoqlarının hər birində
aşkarca duyulurdu ki, Tramp bu ünsiyyətdən çox məmnundur,
qarşısında kamil bir şəxsiyyətin
dayanmasının fərqindədir və açıqca da
söylədi: "Siz ağıllı və güclü
lidersiniz".
Bu hüsn-rəğbətsə Azərbaycanın həmin
gündəki daha bir qazancı idi. Demək, bu mehriban təmas
körpüsü sabah ölkələrimiz arasında əməkdaşlığın
daha da dərinləşməsinə yardım edəcək.
Bu, Prezident Trampın Azərbaycan lideri ilə ilk
canlı təması idi. Ancaq həmin görüşəcən
də Prezident İlham Əliyevin əvvəllər ABŞ və
şəxsən onun haqqında nələr söyləməsindən
xəbərdar idi və bildiklərinin dalğasında, təbii
ki, danışıqlar başlananadək müsbət təəssürata
köklənmişdi. Lakin təmasın ilk anlarındaca bu
xoş təəssürat qat-qat dərinləşdi. Əlavə
şərhə ehtiyac yoxdu, hər şey aydınca
görünürdü. İstər-istəməz belə
düşüncə də yaranırdı ki, elə bil
Ağ Evin bugünkü sahibi ilə bağlı Prezident
İlham Əliyevin bu görüşə qədər
müxtəlif vaxtlarda dediyi müsbət fikirlərin, o
sıradan ABŞ-də prezident seçkiləri ərəfəsində
söylədiklərinin də hamısı irəlicədən
hər sözü, hər ifadəsinədək
ölçülüb-biçilibmiş.
Öncəgörüm, uzağı qabaqcadan hiss edərək
dəyərləndirmə, sabaha hazır olmaq fəhmi elə
bu deməkdir.
Vaşinqton Zirvəsində Prezident Tramp "Sərvət
hər problemi həll etmir" söylədi və əlbəttə
ki, haqlı idi. Amma bir istisna ilə. Bu sərvət
insandırsa, böyük zəka sahibi şəxsiyyətdirsə,
çox şeyləri həll etməyə qadir olur.
Örnəyi - Prezident İlham Əliyev!
On ikinci yüzilin səlcuq tarixçisi Nəcməddin
Əbu Bəkr Ravəndi "Rahət əs-sudur və ayət
əs-surur" - "Könüllərin rahatlığı
və sevinclərin əlaməti" adlı əsərinin
sonundakı "Hökmdarların əyləncələri"
adlı fəslində dövlət başçılarına
tövsiyə edirdi ki, nərd deyil, şahmat oynamağa
üstünlük versinlər. İzah edirdi ki, nərddə zərlər
var və onlar işin gedişini dəyişə bilir - nərdtaxta
arxasında rəqibinizdən daha yaxşı oynayaraq qalib
çıxarsınız, ancaq o, uğurunuzu heçə
endirərək cığallıqla deyə bilər ki, sizə
zər verdi, ona görə uddunuz. Lakin belə də ola bilər
ki, siz oyunu hər cəhətdən yüksək səviyyədə
aparsanız da, rəqibin zərlərinin yaxşı gətirməsi
üzündən uduzarsınız. Rəqibinizsə sizi
cırnadaraq söyləyər ki, o, daha ağıllı
oynadığı üçün sizi məğlubiyyətə
uğratdı.
Böyük siyasət meydanını nərdtaxtası
sayaraq zərə bel bağlayanları da, ya uzaqbaşı bu
qəliz aləmdə dama gedişləri ilə nailiyyətlərə
çata biləcəklərinə ümid bəsləyərək
büdrəyənləri də, xar olanları da az görmədik.
Prezident İlham Əliyev qlobal siyasətdə ən
mahir qrossmeysterlərdən biri olduğunu artıq çoxdan
sübuta yetirmişdir.
Onun böyük siyasətdəki yolu əsrin dörddəbiri
həcmində (mən bura İlham Əliyevin Avropa
Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin rəhbəri və ölkənin Baş naziri kimi
çalışdığı müddəti də əlavə
edirəm) zahirən qısa tarixi dövrü əhatə etsə
də, Azərbaycanın həlli mümkünsüz kimi
görünən bir silsilə Tarixi (!) problemlərinin həllinə
müvəffəq olması dövlət xadimi kimibu şəxsiyyətin
nadirliyi və fövqəladəliyini bariz şəkildə
ortaya qoyur.
Gözümüzün qarşısında göz
açıb gördüyümüz, indiyəcən bu şəkildə
tanıdığımız dünyanın nizamı dəyişdirilir,
siyasi xəritəsi başqalaşır.
Və Böyük Azərbaycanlı İlham Əliyev
bu planetar dəyişikliklərdə bilavasitə imzası
olan müstəsna simalardan biridir.
Hər günü Zəfər salnaməmizin ayrıca
bir qürur səhifəsi olan 2020-ci ilin Vətən
müharibəsi və onun Şuşa zirvəli 8 Noyabr qələbəsi,
ardınca isə 2023-cü ilin 19-20 sentyabrındakı 23
saatlıq antiterror əməliyyatı və onun tam təmizlənmiş
Xankəndi təntənəsinin bu millət sevinclərinin
baş memarı Prezident İlham Əlievin adını
xalqın bağrının başında həmişə
yaşadacağına şəkk yoxdur.
Qurduğu güclü iqtisadiyyat, yaratdığı
mükəmməl ordu, apardığı
ölçülü-biçili siyasət və müharibə
gedişində özünün də İkinci Qadir Orduya
çevrilməsi sayəsində bu qələbəni gətirmiş
Prezident İlham Əliyevin həmin hünəri siqləti ilə
1918-ci ilin mayında qurucu babalarımızın bu millətə
istiqlalı dadızdırmasına, müstəqil milli
dövlətimizi qurmasına, unudulmaz Heydər Əliyevin 70
illik həsrətdən sonra bərpa edilmiş müstəqilliyimizin
1993-cü ildə yenidən itirilmək, 2 yaşına
çatmamış gənc dövlətimizin parçalanma və
süqut təhlükəsi ilə üzə-üzə qalarkən
göstərdiyi rəşadətlə tay tutula bilər. Ancaq
İlham Əliyevin etdiklərinin çevrəsi daha geniş
və mahiyyəti daha dərindir axı.
Nə XX yüzilin əvvəllərində ilk dəfə
elan edilərkən, nə də 1991-ci ilin oktyabrında təzədən
bərpa olunanda Azərbaycan istiqlalı heç də rəsmiyyətdə
bizə aid ərazimizin hər nöqtəsində bərqərar
olmamışdı. Bu ülvi millət arzusu və dövlət
idealını reallaşdırmaq Prezident İlham Əliyevin
siyasi tərcümeyi-halını bəzəyən hadisədir.
Bütöv Azərbaycan istiqlalı Prezident İlham
Əliyevin əsəridir! Daha bütövlərini də bunca
mötəbər zəmin üzərində zaman özü gətirəcək!
Ancaq digər mühümdən mühüm müvəffəqiyyətsə
ondan ibarətdir ki, güc və imkanlar baxımından qətiyyən
bərabər olmayan, üzdən görünən və
görünməyən qəliz qarşıdurmada
apardığı son dərəcə incə, zərgər dəqiqlikli
siyasət və çox gedişləri irəlicədən
görmək qabiliyyəti ilə Prezident İlham Əliyev Azərbaycanı
və bölgəni erməniçilikdən qat-qat təhlükəli,
əslində həmin fəsadın da doğurucusu olmuş bəladan
qurtarır. Ancaq tək Azərbaycanı da yox!
Prezident İlham Əliyevin Vaşinqton zəfəri
artıq onun yalnız Azərbaycan deyil, yeni Qafqaz
quruculuğundakı misilsiz ƏSƏRi kini dəyərləndirilməlidir.
Tarixdən gələn köhnə və nəcib ənənəylə
millət öndərlərinin, sərkərdələrin
adının qarşısına onların şücaətlərinin
və yaddaşlara həkk olunan əməllərinin nişanəsi
olan kəlmələr əlavə edilib. Birinə
"Fateh", birinə "Qurucu", birinə
"Adil", birinə "Məğlubedilməz"...
deyiblər. Qarabağ qələbəsindən sonra Prezident
İlham Əliyevin adının önündə xalq da, qələm
adamları da "Müzəffər" kəlməsini minnətdarlıq
və sevgi ifadəsi olaraq işlətməyə
başladılar. Ancaq zənnimcə, Prezident İlham
Əliyevə bugündən belə daha çox yaraşan
"XİLASKAR" sözüdür. Çünki 30 ilə
yaxın müddətdə işğal altında
qalmış Azərbaycan torpaqlarını azadlığa
çıxarmaq onun başlıca xidmətlərindən sadəcə
biridir. Vaşinqton Zirvəsindən sonra açılan
perspektivlər Prezident İlham Əliyevi Azərbaycanla
yanaşı, bütün Cənubi Qafqazın da son iki əsrdən
artıq müddətdə məruz qaldığı və gələcəkdə
davam edəcəyi ehtimalı da istisna olunmayan gözüdoymaz
imperialist iştahlardan, labüd xarici təsir və müdaxilələrdən
də xilasediciliyin əsas memarına döndərir.
Prezident İlham Əliyev təkcə yeni, qüdrətli,
qalib Azərbaycanın deyil, həm də artıq topsuz-tüfəngsiz,
yüksək zəkasının və diplomatik
istedadının sayəsində gerçəkləşdirməyi
bacardığı xilaskarlıq missiyası ilə sabahkı
daha güclü, daha yekdil, daha inkişaf etmiş Cənubi
Qafqazın xilaskarı və qurucusu adlanmağa layiqdir.
Bu misilsiz xilaskarlıq və quruculuğun təkan
nöqtəsi Zəngəzur dəhlizidir və Prezident
Trampın Azərbaycan liderinə
bağışladığı simvolik "Ağ Ev
açarı" kimi, həmin dəhliz də çox rəmzidir,
artıq məcazi mənada yox, elə sözün birbaşa
anlamında AÇARdır!
Arxada qalan illərdə bağlanmış beynəlxalq
əhəmiyyətli, Avropanın bir sıra ölkələrini
qovuşduran və mərkəzində
dayandığımız hər layihə iqtisadi səmərəsindən
savayı, həm də siyasi yük daşıyır, qoruyucu
mənası var. Zamanında Ulu öndər "Əsrin
müqaviləsi"ni bağlamaq yolunda hətta həyatını
risk altında qoyaraq ona görə inadla mübarizə
aparırdı və istəyinə də nail oldu ki, həmin
bağlaşmaya yalnız Azərbaycanın sabahkı firavan həyatına,
zənginliyinə, qüdrətinə gətirib
çıxaracaq vasitə kimi deyil, ölkəmizi və
müstəqilliyimizi ən müxtəlif xarici təhlükələrdən
qoruyacaq zireh kimi baxırdı. Vaxtın gedişi də bunu
sübuta yetirdi.
Azərbaycan dövlətinə rəhbərliyə
başladığı ilk çağlardan Prezident İlham
Əliyev də eyni xətti aparıb: Azərbaycanı
dünya əhəmiyyətli mühüm enerji, nəqliyyat,
çeşidli iqtisadi müştərək layihələrin
aparıcısına, ya aparıcılarından birinə
çevirmək, bununla həm ölkəni sərvətləndirmək,
daha qadir etmək, həm birbaşa işbirliyi və əməkdaşlıq
qurulan ölkələrlə daha sıx dostluq, tərəfdaşlıq
münasibətləri ilə bağlanmaq, üstəlik də,
qıraqdan edilə biləcək təzyiqlərdən, təxribatlardan,
həmlələrdən (hətta mümkün işğal tərpənişlərindən)
və yüz cür başqa arzuolunmazlıqlardan
sığortalanmaq.
Bu xətti gələcəkdə daha inam və qətiyyətlə
davam etdirə bilmək üçünsə tədarük
etdiyi başlıca etibarlı özüllərdən biri də
ABŞ ilə strateji əməkdaşlıq və tərəfdaşlıq
yolunun seçilməsi, bu istiqamətdə son ABŞ səfərində
ciddi addımların atılması oldu.
Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü
və qətiyyətli siyasətin və səylərin nəticəsində,
nəhayət ki, xeyir-duası Vaşinqton ZİRVƏsində
verilən "Zəngəzur dəhlizi" əslində gələcəyə
açılan möhtəşəm bir qapı, sabahın yol
xəritəsi, söz və nüfuz sahibliyinin səmtini və
keyfiyyətini büsbütün başqalaşdıran,
dünyanın iqtisadi və siyasi dəyişmə və yeniləşməsini
müəyyənləşdirən diqqətəlayiq həlqələrindən
biridr.
"Beynəlxalq Sülh və Rifah naminə Tramp
Marşrutu" (TRIPP) adlanacaq bu bağlantı layihəsi ilə
Azərbaycanın bir hissəsi digər hissəsi ilə - əsas
ərazimizlə Naxçıvan müstəqim olaraq
birbaşa gediş-gəliş imkanı qazanmaqdan əlavə,
biz tranzit ölkə olmağın yeni imkanlarını da
qazanırıq.
Azərbaycana qarşı təcavüzü davam
etdirdiyi bütün müddət boyunca Ermənistan ölkəmizin
əsas, aparıcı olduğu beynəlxalq müştərək
regional layihələrin hamısından kənarda saxlanılmışdı.
İndi bu ölkə üçün də geniş
inkişaf imkanları açılır. Ancaq yalnız iqtisadi
də deyil, onun müstəqilliyini, ərazi
bütövlüyünü qoruyacaq imkanlar. Prezident İlham
Əliyev bu haqda Vaşinqton sammitindən və Birgə Bəyannamənin
qəbulundan öncə də qarşı tərəfə
mövqeyini bildirib, onlara düz yolu göstərib: "Mən
Ermənistanın Baş naziri ilə görüşlərin
birində demişdim ki, Ermənistanın tranzit ölkə
olmaq şansı yaranacaq. Dedim ki, siz tranzit ölkə
olmağın mənasını bilmirsiniz. Çünki siz
tranzit ölkə deyilsiniz və yalnız Azərbaycan sayəsində
tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit
ölkə olmaq mümkün deyil və siz tranzit ölkə
olmağın üstünlüyünü görəcəksiniz.
Biz daha güclü tranzit ölkə olmağa
çalışırıq. Biz istəyirik ki, ərazimizdən
keçən dəhlizlər daha çox yükdaşıma
qabiliyyətinə malik olsun. Bu, pul gətirir, iş yerləri
açır və siyasi imkanlar vəd edir. Söhbət Ermənistanın
uzun illər özünü məhrum etdiyi imkanlardan gedir. Beləliklə,
bu nəqliyyat marşrutu - qısaltması TRIPP kimi səslənən
"Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu"
daha bir tarixi nailiyyət olacaq".
Doğru sözlərdir, həqiqətən, biz
bölgədə iqtisadi və siyasi m nəzarətin mənzərəsini,
keyfiyyətini və mahiyyətini dəyişəcək
önəmli tarixi hadisənin ərəfəsindəyik. Bəs
açılacaq Zəngəzur yoluna qarşı irəlicədən
də müşahidə edilmiş, indi də səslənməkdə
olan etirazlar, asıb-kəsmələr bu niyyətin gerçəkləşməsinə
nəsə maneələr yarada bilərmi? 3 liderin bir masa
arxasında oturaraq Baş Paytaxtda bu sənədi imzalaması
həmin suala "heç bir narahatlığa əsas
yoxdur" cavabıdır ki, var. Həmin mərhələyə
gəlib çatanadək bütün mümkün əksgetmələr
də, göstərilə biləcək müqavimətlər
də dönə-dönə müzakirə edilib,
ölçülüb-biçilib ki, nəhayət, bu haqda
dünyaya səslənmək, dünyanın da gözü
qarşısında imzalama mərasimi keçirmək qət
edilib. Odur ki, indi hansı vilayətdən hansı bivec hərbə-zorbalar
və cılız hədyanlar eşidilsə də, o cür
qımıldanmalar hərəkətə gəlmiş
qatarın ardınca çığıran naçarın
boş hay-küyündən artıq deyil. Ad Dəhlizin
üstündədir, "Sülh və Rifah" marşrutunun
təhlükəsizlik və fəaliyyətinin zəmanətçisi
Amerika Birləşmiş Ştatlarıdır və bu
superdövlət kiminlə necə danışmağın, nə
təhər rəftar etməyin də qaydalarını gözəl
bilir.
Zəngəzur dəhlizini, ya artıq rəsmiləşən
adı ilə deyərsək, TRİPP-i ecazkar Sabah Açarı
saymağımız, haqqında daim
düşündüyümüz və uğrunda
çalışdığımız, Yeganə Doğma Ailəmiz
olan Türk dünyası ilə bağlıdır. Mərkəzi
Asiyadan Zəngəzura çatıb Naxçıvana yetişəcək,
oradan Türkiyəyə uzanacaq, yəqin ki, uzaq olmayan gələcəkdə
Güneyə doğru da irəliləyəcək Nəhəng
Türk Yolu bir şah damar kimi türk ölkələrini
qovuşduracaq, qarşılıqlı iqtisadi maraqlar öz
töhfələrini verəcək, bütün digər bəhrələri
ilə yanaşı türk cümhuriyyətlərini bir-birinə
daha bağlı, daha vəhdətdə, iqtisadi cəhətdən
daha qüvvətli edəcək.
2025-ci ilin 8 avqustunda ABŞ və Azərbaycan prezidentləri
ilk dəfə görüşdülər və
baxışlarda, mövqelərdə, ayrıntılara
münasibətdə o qədər yaxınlıq vardı ki,
sanki çoxdan eyni yolu yanaşı gedən məsləkdaşdılar.
ABŞ-nin 45 və 47-ci prezidenti eyni adamdır. Fəqət
47-ci Prezident 45-ci Prezidentin apardığı
sülhçü, qurucu, rifahçı,
barışdırıcı, tənzimləyici xətti yenə
davam etdirsə də, o, artıq həm də başqa liderdir.
Az olmayan yaşına rəğmən, ruhən cavan olan Donald
Trampın bir məziyyəti də onun çevik
uyğunlaşma, vaxtla ayaqlaşma bacarığı,
günün yeni istəkləri və
çağırışlarını həssaslıqla sezmək
keyfiyyətidir. Bugünün Trampı ənənəvi olaraq
dünyanı dəyişməyə meyilli ABŞ-nin
özünü də dəyişir, onu bir para
yıpranmış təsisatlardan arıtlayır, qondarma
demokratiya pərdəsi altında aparılmış saxtakar,
riyakar və müftəxor təmayüllərdən azad etməyə
çalışır. Ona görə də dünənəcən
Ağ Evə qiblə kimi baxan və kəsilmiş maliyyəyə
görə indi ağzı yağlı tikədən məhrum
olmuş qondarma "azadlıq aşiqləri" asi
düşərək dünənki ibadətgahlarını
qeyzlə "Qara Ev" adlandırırlar.
Donald Tramp sülhün, yaxınlaşmanın,
bir-birinə uyğunlaşmanın ucuz sözbazlıqdan deyil,
konkret əməldən keçən modellərini təklif
edir, ağırlığı iqtisadiyyat sarı yönəldir
və "Beynəlxalq Sülh və Rifah naminə Tramp
Marşrutu"da ABŞ dövlət
başçısının sülhçü səylərinin
daha bir təsdiqidir.
Ancaq bu "Marşrut" da, Azərbaycan
Respublikası ilə Amerika Birləşmiş Ştatları
arasında Strateji Tərəfdaşlıq Xartiyasının
hazırlanması məqsədilə İşçi Qrupunun
yaradılması haqqında Azərbaycan və ABŞ hökumətləri
arasında imzalanmış Anlaşma Memorandumu da böyük
ölçüdə yeni inkişaf
sıçrayışları üçün tramplindir.
Tramp Tramplininin açdığı üfüqlərin Azərbaycana
vəd etdiyi yeni yüksəlişlər ən yaxın sabahlardan
gülümsəyir.
Gün yetişəcək ki, uzaq sabahlarda bizim
çağlara o günlərin hündürlüyündən
baxan qədirbilən xələflərimiz - gələcəyin
azərbaycanlıları Vətənin ən uca
dağının hansısa ən yüksək zirvəsini
sevimli xalqı və yurdu üçün qiymətəsığmaz
xidmətlər göstərmiş İlham Əliyevin
adıyla bağlayacaq. Hələliksə Prezident İlham
Əliyev zirvələr fəth edə-edə, millətini və
ölkəsini yeni-yeni zirvələrə ucalda-ucalda əzmlə
böyük yolunu getməkdədir. Artıq Zəfərlərə
və Zirvələrə adətkərdə olmuş Azərbaycansa
bu müzəffər gedişin növbəti xariqüladə
uğurlarının ən yaxın bəxtiyarlığını
yaşamaq intizarındadır.
9 avqust 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .-2025.- 12 avqust(№141).- S.8-9.