Nəqliyyatda ənənəvi
yanacaqdan imtina: ekoloji tarazlıq naminə önəmli
addım
Ekoloji problemlərin kəskin şəkil
aldığı indiki dövrdə dünyanın 10-dan
çox ölkəsi qarşıdakı illərdə benzin və
dizellə işləyən avtomobillərin
satışını xeyli azaltmağı
planlaşdırdıqlarını açıqlayıb.
İngiltərə hökuməti havanın çirklənməsi
və qalıq yanacaq tullantılarının azaldılması
üçün 2035-ci ildən gec olmayaraq benzin, dizel və
hibrid nəqliyyat vasitələrinin satışına
qadağa qoyulacağını elan edib. İlk dəfə həm
elektrik, həm də benzinlə işləyən hibrid nəqliyyat
vasitələrini də yasaq siyahısına daxil edən
London rəhbərliyi infrastrukturunun hazır olacağı təqdirdə,
yasaq tarixinin daha da irəli çəkiləcəyini bildirib.
Fransa 2040-cı ilədək qalıcı yanacaqla
işləyən nəqliyyat vasitələrinin
satışına qadağa qoymağı və bütün
dizel avtomobillərini yollardan kənarlaşdırmağı
planlaşdırır. Görünən odur ki, Avropanın əksər
ölkələri avtomobil bazarı ilə bağlı bu
prosesi seçiblər. Havanı çirkləndirən əsas
mənbələrdən birinin məhz avtomobil nəqliyyatı
olması danılmaz reallıqdır. Statistikaya görə,
avtomobillərin işlənmiş qazlarının havanın
çirklənməsində arzuolunmaz payı 85 faiz təşkil
edir. Belə ekoloji cəhətdən həssas məsələnin
mümkün həlli kimi avtomobillərdən imtina etməyi və
velosipedə keçidi təklif etmək olardı. Ancaq
böyük şəhərdə belə bir həll çətin
ki, təsirli ola və ayrıca fərdin seçiminə
çevrilə bilər.
Ölkə miqyasında və ümumilikdə qlobal səviyyədə
karbon neytrallığına nail olmağın əsas istiqaməti
ekoloji cəhətdən təmiz nəqliyyat sisteminin
inkişafı və yeni enerji mənbələri əsasında
çalışan avtomobillərdən (NEV) istifadədir ki,
bu tip nəqliyyat vasitələrinə elektrikli avtomobillər,
hibrid avtomobillər və hidrogen yanacağı ilə
avtomobillər daxildir.
Nəqliyyat məsələləri üzrə ekspert
Elməddin Muradlının sözlərinə görə,
Prezidentin təsdiq etdiyi dövlət proqramına uyğun
olaraq ölkədə ətraf mühitin qorunması məqsədilə
bir çox addımlar atılır: "Bunlardan biri də ətraf
mühiti daha az zəhərləyən və ya ümumiyyətlə
heç bir zərəri olmayan nəqliyyat vasitələrinin
ölkəyə gətirilməsini
stimullaşdırmaqdır. Bununla bağlı müəyyən
güzəştlər də tətbiq edilir. Burada hibrid və
elektromobilləri xüsusi qeyd etmək olar. Hibrid avtomobillər
atmosfer havasına 50 faizə yaxın daha az qatqı, zəhərli
maddə buraxır. Elektromobillərin isə ümumiyyətlə
heç bir zərəri yoxdur. Bununla bağlı atılan
addımlar bu ilin əvvəlindən tətbiq olunmağa
başlandı və bu sahədə artıq xeyli irəliləyiş
var".
İnsanların hibrid avtomobillərinə
marağının artdığını bildirən
E.Muradlı əlavə edib ki, belə nəqliyyat vasitələri
həm elektriklə işləyir, həm də ənənəvi
yanacaq sərf edir: "Marağın artmasına daha bir səbəb
isə hibrid avtomobillər ənənəvi nəqliyyat vasitələrinə
daha yaxındır. Bu da müəyyən qədər
sürücüyə üstünlüklər verir. Təəssüf
ki, elektromobillər üçün ölkədə hələlik
infrastruktur geniş yayılmayıb. Belə nəqliyyat vasitələri
üçün enerjidoldurma məntəqələrinin
sayı kifayət qədər deyil. Bu baxımdan hələ
belə avtomobillərin alınmasına sürücülər
tərəddüdlə yanaşır. Bu sahədə irəliləyişlərə
nail olmaq lazımdır. Həmin məntəqələr
bölgələrdə də olmalıdır. Ümumilikdə
isə son illər belə avtomobillərin alınmasında rəqəmlərdə
artım var. Hesab edirəm ki, yaxın gələcəkdə
bu sahədə inkişafın şahidi olacağıq".
Ekspert İlqar Hüseynlinin sözlərinə görə,
bir müddət əvvəl ölkəmizə hibrid
maşınları daha çox taksi xidmətlərini həyata
keçirmək üçün gətirilirdi:
"Çünki 60 km/saata qədər maye yanacaq məsrəfi
olmur. Yalnız bu sürət həddini keçdikdə
yanacaqdan istifadəyə keçirlər. Buna görə,
paytaxt daxilində həmin avtomobillərdən istifadə etmək
əlverişlidir. Bu isə ailə büdcəsi
üçün iqtisadi səmərəlilik baxımından
faydalıdır. Avtomobil idxalı ilə məşğul olan
iritutumlu şirkətləri müşahidə etdikdə dizel
yanacağı ilə işləyən, "Euro 5"
standartlarına çox da uyğun olmayan avtomobillərin
sürətli idxalını görürük. Bu isə o deməkdir
ki, bir az imkanlı şəxslər həmin avtomobillərə
üstünlük vermirlər. Əsasən, aztəminatlı
ailələr bu avtomobilləri almağa və hazırda olan
avtomobilini ona dəyişməklə məşğuldurlar.
Ancaq indi hibrid avtomobillərə marağın digər vətəndaşlar
tərəfindən də artdığı müşahidə
olunur".
İ.Hüseynli bildirib ki, araşdırmalara əsasən,
ekologiyaya ən çox yanacaqla işləyən avtomobillər
zərər vurur. Lakin hibrid avtomobillər ekologiyanın dostu
hesab olunur. Çünki bu maşınların iş mexanizmi
elə qurulub ki, 60 km-ə qədər yanacaqdan istifadə etmədən
elektrik enerjisi ilə çalışa bilir. Eyni zamanda,
çalışdığı müddət ərzində
enerji depolayır. 60 km-dən yuxarı sürət həddi ilə
hərəkət edən zaman isə alternativ enerji vasitələrindən
istifadə edir. Onsuz da böyük şəhərlərdə
nəqliyyat sıxlığı olduğundan, 60 km sürət
həddini aşmaq olmur. Bu sistem həm də
sürücülərin sürət həddinə və təhlükəsizlik
qaydalarına əməl etmələrinə şərait
yaradır".
Mütəxəssis qeyd edib ki, dünyanın əksər
ölkəsi yanacaqla işləyən avtomobillərdən
istifadəni azaltmağı planlaşdırır: "Məsələn,
Belçikada hökumətin qəbul etdiyi qərara əsasən,
yanacaqla işləyən avtomobilini satışa
çıxaran hər bir vətəndaşa dövlət
müəyyən məbləğ ödəyir. Hökumət
bu yolla avtomobillərin istifadəsini məhdudlaşdırmaq
istəyir. Bu baxımdan ölkəmizdə hibrid avtomobillərə
marağın bu şəkildə artması təqdirəlayiqdir".
Ekoloq Vaqif Əliyev bildirib ki, ekoloji cəhətdən
yanaşanda, benzinlə müqayisədə qazın
üstünlüyü çox böyükdür: "Yanacaq
məhsullarının ekologiyaya təsirinin müqayisəsi
havaya buraxdıqları tullantıların miqdarı ilə
ölçülür. Məsələn, daş
kömür, benzin və qazı müqayisə etsək, ekoloji
cəhətdən ən yaxşısı, ən az zərərlisi
qazdır. İndi benzinin qiyməti artandan sonra
sıxılmış qaza üstünlük verənlərin
sayı da çoxaldı, amma ümumilikdə energetika təşkilatları
belə, qazla işləməyə üstünlük verirlər.
Havaya buraxılan tullantının miqdarının azalması
üçün bu, çox önəmlidir. Düzdür,
dünyada ümumiyyətlə, alternativ enerji mənbələrinə
daha çox üstünlük verilməsinə gedilir. Amma
bunun maya dəyəri bir az baha çıxır. Ənənəvi
yanacaq məhsullarından ən dəyərlisi qazdır. Məsələyə
gələcəyə yönümlü baxsaq, ondan da
yaxşısı elektriklə işləyən
maşınlardır. Zamanla buna keçmək daha
yaxşı olar. Çünki ekologiyaya zərər
vurulmaması üçün bunlar daha vacibdir".
Nəqliyyat eksperti Ərşad Hüseynov
vurğulayıb ki, Prezident İlham Əliyevin sözügedən
Sərəncamı Azərbaycanda elektromobillərin kütləviləşməsinin,
onlardan geniş istifadə olunmasının
qarşısında duran maneələrdən birinin aradan
qaldırılmasına yönəlib. Həmin maneə isə
ölkəmizdə elektromobillərin elektrik enerjisi ilə
doldurulması şəbəkəsinin azlığı ilə
bağlıdır. Hazırda belə məntəqələrə
yalnız Bakı şəhərinin bəzi yerlərində
rast gəlmək mümkündür. Rayonlarımızın əksəriyyətində
isə bu şəbəkələr yoxdur. Bu səbəbdən
də elektriklə işləyən avtomobillərdən
istifadə edənlər konkret olaraq uzaq məsafələrə
səyahət etməkdə çətinlik çəkirlər.
Rayonlarda yaşayanlar isə demək olar ki, elektromobillərdən
istifadə etmirlər. Düşünürlər ki,
elektromobil alsalar, rayonda onu istismar edə bilməyəcəklər.
Bu, olduqca aktual problemdir. Çünki Azərbaycan təkcə
Bakı şəhərindən ibarət deyil. Avtomobilləşmə
prosesinə ölkənin hər yerində eyni şəkildə
yanaşılmalıdır: "Elektromobillərin
populyarlaşması ölkəmizdə 2018-ci ildə qəbul
olunmuş "Yol hərəkətinin təhlükəsizliyinə
dair Dövlət Proqramı"nda nəzərdə
tutulmuş vacib bir istiqamətin tərkib hissəsidir. Həmin
istiqamət də ondan ibarətdir ki, ölkəmizin kifayət
qədər köhnə olan avtomobil parkını müəyyən
tədbirlər hesabına tədricən yenilənməsinə
ehtiyac var. Bunun üçün Azərbaycanda artıq
utilizasiya ilə bağlı qanunvericilik qəbul olunub. Bununla
yanaşı, elektromobillərin ölkəyə idxalı ilə
bağlı çoxsaylı güzəştlər müəyyən
olunub. Həmin güzəştlərə əlavə dəyər
və aksiz vergilərindən azadolunma, hətta gömrük
rüsumunun sıfır səviyyəsində hesablanması
kimi mühüm tədbirlər daxildir. Eyni zamanda 2021-ci ildə
Vergi Məcəlləsinə edilən dəyişikliklərə
əsasən, elektrik mühərrikli avtomobillərin şarj
edilməsi üçün tələb olunan ikinci və
üçüncü səviyyəli doldurma
avadanlıqları əlavə dəyər vergisindən azad
olunub".
Ekspert qeyd edib ki, elektromobillərin populyarlaşması,
bu tip nəqliyyat vasitələrindən istifadə hazırda
dünyada dəb halını alıb. Həmin dəb də
ona yönəlib ki, daxiliyanma mühərrikli avtomobillərdən
atmosferə atılan tullantıların miqdarını minimuma
endirməklə planetimizdə daha dayanıqlı ekoloji vəziyyət
yaradılsın.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 13 avqust(№142).- S.3.