"Cəhənnəmin xəritəsi"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Cəmilə Məmmədovadır.
Onunla məşhur rəssam Sandro Botiçellinin "Cəhənnəmin
xəritəsi" əsərindən
danışmışıq.
Sandro Botiçelli 1445-ci ildə Florensiya şəhərində
anadan olub. Botiçelli də bir çox rəssam kimi
yaradıcılığının təməlini rəssam
emalatxanasında qurub. Bir müddət sonra isə Florensiya Rəngkarlıq
məktəbinin görkəmli nümayəndəsinə
çevrilib. Onun yaradıcılığı Erkən
İntibah dövrünə təsadüf edir. Botiçellinin
yaradıcılıq xüsusiyyətlərindən, konturlamaya
diqqət, realizmə və dini janra üstünlük,
qadın gözəlliyinin tərənnümü və şəxsi
təxəyyülə, fantastikaya meyli nümunə göstərə
bilərik. Rəssamın əsərləri XIX əsrdə
işıq üzü görsə də, həm öz
dövrünün, həm də XIX-XX əsr tədqiqatçılarının
maraq dairəsi olub. Çünki onun əsərlərində
xüsusi dekorativlik, plastika yer alır. Botiçelli 1510-cu ildə
Florensiyada vəfat edib.
- "Cəhənnəmin xəritəsi"
Botiçelli yaradıcılığının hansı
dövrünə təsadüf edir?
- Bu əsəri rəssam 1480-1490-cı illərdə ərsəyə
gətirib. Botiçelli məşhur yazıçı Dante
Alighierinin "İlahi
komediya" əsərini oxuduqdan sonra bu rəsmi çəkmək
qərarına gəlib. Əsər rəssamın məşhur
işlərindəndir və renessan üslubundadır. Rəssam
axtarışlarından sonra "Cəhənnəmin xəritəsi"
mövzusunun qədim tarixi olduğunu aşkar edib.
Botiçelli sanki, üstü tozlanmış bir mövzunu cəmiyyət
üzünə işıqlandırıb. Çünki
"İlahi komediya" əsərinin mövzusunda
eramızdan əvvələ, Yunanıstanın, Romanın və
bu kimi qədim ölkələrin dini tarixinə müraciət
edildiyi bəllidir.
- Əsərin rəng həlli necədir?
- Botiçellinin bu əsəri canlı rəng
palitrasına sahibdir. Təsviri daha uzunömürlü etmək
üçün rəssam, perqament üzərində
fırça və qələmlə işləyib. Əsərdə
müxtəlif rənglərin: sarı, firuzəyi,
qırmızı, yaşıl, mavi tonlarından istifadə
olunub. Bunlarla yanaşı, qızılı rəng də
özünü göstərir.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Rəsmin kompozisiyası zəngindir və
çoxfiqurludur. Əsər dini janrdadır və burada rəssamın
dərin fantaziyası da rol oynayıb. Biz bu kompozisiyada 9 əsas
aşağıya doğru enən halqaları
görürük. Ən axrıncı, yəni
aşağıdan birinci mərhələdə şeytan yer
alır və rəssam onu buz içində təsvir edib.
Bunun səbəbi odur ki, indiki dövrdən fərqli olaraq, əvvəllər
insanlar buzla cəzalandırılacaqlarına
inanırdılar, ona görə də, şeytan buz
küpünün daxilində verilib. Təsvirdəki mərtəbələrin
öz adı olmaqla yanaşı, hər biri, öz fərdi
xüsusiyyətləri ilə fərqlənirdi. Bu mərtəbələrdə
insanlar, işlədiyi günahlara görə cəzalandırırdılar.
Birinci mərtəbə Limbus (Limbo) adlanırdı və
burada əsasən vəftiz olunmadan qaçanlar,
xristianlığı qəbul etməyənlər yer
alırdı. Bu mərtəbədə bir neçə
tanınmış tarixi şəxslərin adı çəkilir.
Məsələn: Homer, Evkild, İbn Rüşd, Siseron,
İbn Sina və b.
İkinci mərtəbədə isə ehtirasına,
erotik hisslərinə hakim ola bilməyən insanların yer
alır. Bu mərtəbəyə də tarixi şəxslərdən
nümunə gətirə bilərik. Onlardan, Dido, Kleopatra VII və
Karfagen kraliçasının adını çəkmək
olar. Üçüncü mərtəbə, Cerbus adlı
varlıq tərəfindən nəzarətə alınıb,
burada əsasən acgöz, işgəncəyə məruz
qalan insanlar yer alırdı.
Dördüncü mərtəbədə tamahkar,
şan-şöhrət düşkünü, xəsislik edən
insanlar yer alırdı. Beşinci mərtəbədən
başlayaraq artıq günahkarlara qarşı daha da şiddətli
tədbirlər həyata keçirilirdi. Bu mərtəbədə
yer alanların günahı isə, qəzəblə
yanaşmaq, kin saxlamaqdır.
Altıncı mərtəbədə artıq şiddət
edən, qəzəbinə yenik düşən insanlara hiddət
göstərənlər yer alır. Yeddinci mərtəbədəkilərin
günahı isə zorakılığa meyl etmələridir.
Səkkizinci mərtəbədə
fırıldaqçılar, yalançılar yer
alırdı. Son və doqquzuncu günah mərtəbəsində
isə satqınlar, yarıyolda qoyanlar, şər atanlar,
böhtançılar yer alır. Ümumi kompozisiyaya diqqətli
nəzər salsaq, dinamik əsər olduğunu, orada yerləşən
fiqurların əziyyətinin təsvir edildiyini deyə bilərik.
Onu da qeyd etməliyik ki, yalnız birinci mərtəbədə
günəşli və qaranlıq hissə mövcuddur ki, bu
da o halqanı digərlərindən fərqləndirir. Mərtəbələr
arasında pilləkənlər də, mövcuddur və incə
detallarla hər bir halqanın çatları da verilib. Bununla
yanaşı dekorasiyanı da vurğulaya bilərik.
- Əsər hazırda harada saxlanılır?
- Əlyazmanın əsas hissəsi 1882-ci ildə
Berlin Rəsmlər və Eskizlər muzeyinin kolleksiyasına əlavə
edilib. Daha sonra "Cəhənnəmin xəritəsi"
hissəsi də əlavə edilərək, Vatikan muzeyinə
verilib. Günümüzdə sərgilənməsə də,
əvvəllər sərgilərdə tez-tez nümayiş etdirilirdi.
- "Cəhənnəmin xəritəsi" rəssamın
digər əsərləri ilə hansı ortaq və fərqli
cəhətlərə malikdir? Məsələn,
Botiçellinin təxminən eyni dövrə aid
"Bahar" tablosu ilə müqayisə etsək, hansı məqamları
qeyd edərdiniz
- Sandro Botiçellinin "Cəhənnəmin xəritəsi"
və "Bahar" əsərlərini müqayisə etdikdə
ortya bir çox fərqli və oxşar xüsusiyyətlər
çıxır. "Bahar" 1470-ci illərə aiddir. Hər
iki əsər intibah üslubundadır, detallara diqqət
yetirilib, fəlsəfi məna, Mediçi ailəsi tərəfindən
sifariş edilib. Fərqli cəhətlərə gəldikdə
isə "Bahar" əsəri alleqorik janrdadır, "Cəhənnəmin
xəritəsi" əsəri isə dini janrda. "Cəhənnəmin
xəritəsi" əsəri daha kiçik
ölçülü, yəni 32 sm ? 47 sm-dir, "Bahar" əsəri
isə 202 sm ? 314 sm-dir. Hər iki təsvirdə zəngin rəng
qanması olsa da, fərqli tonlardan istifadə edilib.
"Bahar" əsərinda tünd tonlardan istifadə edilsə
də, "Cəhənnəmin xəritəsi"ndə
açıq rənglərə üstünlük var. Hər
iki əsərin də başlanğıc və son nöqtəsi
mövcuddur.
"Bahar" əsərində kompozisiya sağdan
sola doğru, "Cəhənnəmin xəritəsi" əsərində
yuxarıdan aşağı doğru kompozisiya
görünür. "Cəhənnəmin xəritəsi"
əsəri perqament üzərində fırça və qələmlə
işlənilib, lakin "Bahar" əsəri panel üzərində
tempera ilə işlənilib. Hər iki əsərdə də,
psixologizm hiss edilməkdədir. Digər bir fərqli cəhət
isə "Bahar" əsərini. Ufizzi Qalereyasında
saxlanılması "Cəhənnəmin xəritəsi"
isə Vatikan kolleksiyasında yer almasıdır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Bu əsər bizə cəhənnəmin var
olduğunu, insanların işlədikləri günahlara
görə axirətdə zülm çəkmələri
haqqında danışır. Sanki bir növ insanlara yol
göstərir, hansı işlərin günah olması,
qarşılığında bizi nələrin gözlədiyi
haqqında məlumat verir. Bu əsər insanları günah
işləməməyə, dininə hörmət göstərməyə,
yoldaşlarına, dostlarına qarşı xəyanət etməməyə
səsləyir. Onu da deyə bilərik ki, rəssam Dantenin əsərinin
əsas məzmununu da bizə çatdırmağa
çalışır.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 13 avqust(№142).- S.6.