Azərbaycan qlobal
ekoloji problemlərin həllinə vacib töhfələr verir
Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin
sürətli inkişafı insan fəaliyyətinin ətraf
mühitə mənfi təsirinin artması və təbii sərvətlərin
həddindən artıq istismarı ilə nəticələnib.
Ekoloji tarazlığın qorunub saxlanması, təbii
ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer
havasının çirklənmədən mühafizə edilməsi
ümumbəşəri problemə çevrilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
bildirilir ki, demoqrafik artımla yanaşı, istehlakın kəskin
artması, gələcəkdə bərpası mümkün
olmayacaq. Təbii ehtiyatların tükənməyə
başlaması kimi narahatlıq doğuran məsələlər
ətraf mühitlə bağlı düşüncə və
fəaliyyətlərə də öz təsirini göstərib.
Şübhəsiz ki, ətraf mühitlə bağlı
problemlər bütün insanları narahat edir və bu problemlərin
öyrənilməsi bəşəriyyətin
inkişafının ən vacib tələblərindən
biridir.
Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət
və ətraf mühit arasında zəruri balansın
saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz
və iqtisadi baxımdan optimal modelinin - davamlı
inkişafın formalaşdırılması hesabına ola bilər.
Hər bir ölkənin özünəməxsus ətraf
mühit strategiyası və siyasət xətti olsa da, qlobal məqsədlər
insanların sağlam mühitdə yaşamasının təmin
edilməsi, cəmiyyətin sahib olduğu ətraf mühit dəyərlərinin
qorunması və inkişafı, ətraf mühitin keyfiyyətinin
yaxşılaşdırılmasına istiqamətlənib. Azərbaycan
son illər sosial və iqtisadi inkişaf sahələrində
kifayət qədər nailiyyətlər əldə edilib və
bu nailiyyətlərin dayanıqlı olması əsas prioritet
kimi qəbul edilib. Nazirlikdən vurğulanıb ki, Azərbaycanda
ətraf mühit problemlərinin həlli istiqamətində
genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin
yaxşılaşdırılmasına yönəldilən
dövlət siyasəti ölkənin dayanıqlı
inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Ekoloji təhlükəsizliyin təmin olunması
üçün ətraf mühitin çirklənməsinin
minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi,
indiki və gələcək nəsillərin tələbatını
ödəmək məqsədilə təbii sərvətlərdən
səmərəli istifadə ölkənin ekoloji siyasətinin
əsas istiqamətləridir.
Ölkənin ekoloji strategiyası, ətraf mühitin
qorunması sahəsində fəaliyyətin
koordinasiyasının gücləndirilməsi yolu ilə milli,
beynəlxalq və regional səviyyələrdə təbii
ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf
prinsiplərinin tətbiqi, ölkənin iqtisadi və insan
resurslarının istifadəsində
davamlılığın təminatına yönəlib. Azərbaycan
hələ 2003-cü ildə "Ekoloji cəhətdən
davamlı sosial-iqtisadi inkişaf üzrə Milli Proqram" qəbul
edib. Minilliyin İnkişaf Məqsədlərindən biri olan
Ətraf mühitin davamlılığını təmin etmək
üzrə fəaliyyət planına əsasən davamlı
inkişaf prinsipləri dövlət siyasəti və
proqramlarına daxil edili.
Müasir dövrdə enerji təhlükəsizliyi və
ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri
bəşəriyyəti narahat edən əsas problemlərdəndir.
Problemlərin həlli istiqamətində alimlər və
mütəxəssislər tərəfindən müxtəlif
fikirlər yürüdülür ki, bunlardan da bu gün
üçün ən önəmlisi alternativ və bərpa
olunan enerji mənbələrindən istifadədir.
Bütün dövlətlər özlərinin yanacaq-enerji
balansına yeni enerji mənbələrinin cəlb edilməsinə
çalışırlar. Bu yarışda külək,
günəş, biokütlə, dalğa, qabarma-çəkilmə,
kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi
enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ enerji
mənbələrinin potensial imkanları sonsuzdur və
onların ekoloji səmərəliliyi heç kəsdə
şübhə doğurmur.
Nazirlikdən qeyd olunub ki, ölkədə
iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə
bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi
üçün təmiz texnologiyaların tətbiqinə
böyük yer verilir. "Yaşıl iqtisadiyyata" sərmayələrin
cəlb olunması üçün ekoloji cəhətdən təmiz
alternativ enerji mənbələrindən geniş istifadə
etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat,
tikinti və digər sahələrdə enerjidən səmərəli
istifadə üzrə tədbirlər həyata keçirilir.
Azərbaycan, qlobal iqlim dəyişmələrini bəşəriyyətin
üzləşdiyi ən çətin problemlərdən biri
hesab edir və bu problemin qarşısının
alınmasına yönəldilən birgə səyləri dəstəkləyir.
İqlim dəyişmələrinin təsirindən inkişaf
səviyyəsindən asılı olmayaraq heç bir ölkə
sığortalanmamışdır və bunu baş verməkdə
olan ekstremal təbii fəlakətlər əyani şəkildə
göstərməkdədir.
Davamlı inkişaf konsepsiyasının müddəalarına
uyğun olaraq iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət
təşkil etməsi, üstünlüyün ətraf
mühitin qorunmasına verilməsi, alternativ enerji mənbələrindən
səmərəli və dayanıqlı istifadə planetimiz
üçün əmələ gələcək zərərin
qarşının alınması istiqamətində
mühüm rol oynayacaq.
Ümumilikdə ölkədə ekoloji vəziyyət,
təbii ehtiyatlar, onların mühafizəsi və bərpası
davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə
çevrilib. Xüsusilə qeyd etmək yerinə düşər
ki, qlobal ekoloji problemlər üzrə milli səviyyədə
tələbatların qiymətləndirilməsi, həlli
yollarının müəyyənləşdirilməsi, beynəlxalq
təşkilatlarla əlaqələrin genişləndirilməsi
Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ekoloji
problemlərin həllinə yönəldilən tədbirlərin
səmərəliliyini artırmaq, operativ həll
olunmasını təmin etmək, o cümlədən, ətraf
mühitin sağlamlaşdırılması məqsədilə
ardıcıl işlər həyata keçirir. Uzun illər ərzində
yaranan ekoloji problemlər təhlil edilərək, onların
kompleks həllinə yönəldilən və davamlı
inkişaf prinsiplərinə əsaslanan milli və dövlət
proqramları təsdiq edilən və onların icrası
istiqamətində tədbirlər görülüb. Ölkədə
mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib,
milli parklar yaradılıb, ətraf mühitin
qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər
həyata keçirilib.
Bu proqramların əsas məqsədi ətraf
mühitin mühafizəsinə yönəldilən dövlət
əhəmiyyətli investisiya layihələrinin sistemli və
səmərəli şəkildə həyata keçirilməsini
təmin etməkdən ibarət olub. Ətraf mühitlə
bağlı qəbul olunan proqramların uğurla
reallaşdırılması, ekoloji problemlərin daha səmərəli
həlli məqsədilə müvafiq sərəncamların
imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər
sırasına qaldırılmasına aydın misaldır. Təbii
ehtiyatların istismar intensivliyi nəzərə alınaraq Xəzər
hövzəsinin Azərbaycan üzrə ekoloji təhlükəsizliyinin
təmin edilməsi sahəsində ardıcıl tədbirlərin
həyata keçirilməsi, aparılan işlərin tam
ekoloji nəzarətdə saxlanılması, eyni zamanda, ekoloji
ekspertiza tələblərinin mövcud dünya
standartlarına uyğun qurulması problemlərin azalmasına
və bu sahədə əsaslı dönüşün
yaranmasına gətirib çıxarıb.
Vurğulanıb ki, Azərbaycanda yürüdülən
ekoloji siyasətin əsas məqsədi indiki və gələcək
nəsillərin ehtiyaclarının təmin edilməsi naminə
mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması
və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi
ilə davamlı inkişafın təmin edilməsindən
ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı
olmasını təmin etmək üçün iqtisadi fəaliyyət
zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan
qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin
minimuma endirilməsi tələb olunur: "Ekoloji siyasətin əsas
istiqamətləri ətraf mühitin mühafizəsinin təmin
edilməsi üçün aztullantılı, güclü və
çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi,
beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə
ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin
genişləndirilməsidir. Ən əsası isə əhali
arasında ekoloji təbliğatın və maarifləndirmənin
gücləndirilməsidir".
İndi Yer kürəsinin bir qitəsində baş
verən təbiət hadisəsi təkcə həmin qitə
ölkələrinin yox, eyni zamanda bütün dünyanın
problemi sayılmalıdır və onu aradan
qaldırmağın yolları birgə
axtarılmalıdır. Bu, heç də insanların təbiət
hadisələrinin yarada biləcəyi fəsadları önləmək
təşəbbüsü kimi yox, artıq
çıxış yolunun qalmadığı kimi başa
düşülməlidir. Artıq dünyanın itirə biləcəyi
meşələr, çəmənliklər, bitki
örtüyü ilə zəngin sahələri qalmayıb.
"Qırmızı xətt"i keçmək daha
ağır fəlakətlərə yol aça bilər.
Ölkəmizdə iqtisadiyyatın inkişafı və əhalinin
sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə
yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə
və ekoloji tarazlığın qorunması dövlətin
daim diqqət mərkəzindədir. Bununla əlaqədar
olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə
və təbii ehtiyatlardan səmərəli istifadəyə
dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin
qorunması və sağlamlaşdırılması sahəsində
mühüm praktiki addımlar atılıb. Bir sıra iri su
hövzələri tikilib, torpaqları şoranlaşmadan təmizləmək
üçün drenaj sistemləri qurulub, Bakı şəhərində
və onun ətrafında çoxlu yaşıllıqlar, Xəzərsahili
qumluqlarda sahil bərkidici və torpaqların
erroziyasının qarşısının alınması məqsədi
ilə meşə örtüyü zolaqları salınıb,
flora və faunanın qorunub saxlanması və inkişaf
etdirilməsi üçün bir sıra təbiət
qoruqları və yasaqlıqları yaradılıb.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 16 avqust (№145).- S.23.