Qadınlar həyatı
bəzədiyi kimi, tarixdə də fərqlənmişlər
(Əvvəli ötən şənbə
saylarımızda)
Böyük Britaniya kraliçası Viktoriya
Viktoriyanın taxt-tacda olduğu dövr Böyük
Britaniyada elmin, sənayenin və incəsənətin sürətli
inkişafı ilə əlamətdar olmuşdur.
Viktoriyanın kraliçalığı sənaye hakimiyyəti
olduğuna görə, onun təsiri bu gün də hiss olunur.
Kraliça Viktoriya 1837-1901-ci illərdə taxt-tacda
olmuşdur. O, Birləşmiş Krallıq Viktoriyası və
ya sadəcə Viktoriya kimi tanınırdı. Viktoriya 1819-cu
ildə anadan olmuş, 1901-ci ilin yanvarında
ölmüşdü. 1837-ci ildə hakimiyyətə gəlmiş,
bütövlükdə 63 il 216 gün kraliçalıq
etmişdi, beləliklə, bütün sələflərindən
daha uzun müddətdə taxt-tacda olmuşdu. Bu dövr
haqlı olaraq Viktoriya epoxası adlanır və sənaye,
siyasi, elmi və hərbi dəyişikliklər məsələləri
ilə yanaşı, ekspansiya hesabına Birləşmiş
Krallıq Britaniya imperiyasına çevrilmişdi. 1877-ci ildə
Britaniya parlamenti ona Hindistan imperatriçəsi titulunu vermək
barədə qərar qəbul etmişdi.
Viktoriya Kent hersoqu olan şahzadə Eduardın
qızı idi. Atası və babası 1820-ci ildə
öldükdən sonra anasının himayəsində
böyümüşdü. Atasının böyük
qardaşı öldükdən sonra o, 18 yaşında
artıq taxt-tacın varisi olmuşdu və qanuni əsasla
konstitusion monarxa çevrilmişdi. İlk vaxtlardan hökumət
siyasətinə təsir göstərməyə cəhd
etmiş, təyinatlar icra etməklə və fəaliyyəti
ilə milli ikonaya çevrilmişdi.
1840-cı ildə öz əmisi oğlu, Saks-Koburq və
Qote şahzadə Albertə ərə getmişdi. Onların 9
uşağı olmuşdu, övladları qitəyə
yayıldığına görə Viktoriya "Avropanın nənəsi"
adlanırdı. 1861-ci ildə əri Albert öləndən
sonra Viktoriya dərin matəmə qapılmış və
ictimai səhnədən uzaqlaşmışdı. Lakin
hakimiyyətinin ikinci yarısında onun populyarlığı
yenidən bərpa olunmuşdu. Onun qızıl və brilyant
yubileyləri (kraliçalığının 50 və 60
illiyi) ölkədə və imperiya ərazisində ictimai
bayrama çevrilmişdi. Viktoriya Uayt adasındakı Ostborn
Evində 81 yaşında ölmüşdü. Onu taxt-tacda
oğlu kral VII Eduard əvəz etmişdi.
IV Uilyam adını götürmüş kral IV Corc
1836-cı ilə elan etdi ki, o, Viktoriyanın 18 yaşı
çatana qədər yaşamaq istəyir ki, gənc
kraliçanın, anasının regentliyinə ehtiyacı
olmasın.
Viktoriyanın uşaqlığına gəldikdə,
bu dövrü özünün sonralar yazdığına
görə, o, daha çox melanxoliya vəziyyətində
keçirmişdi. Anası ona həddən artıq himayəçilik
göstərdiyindən, Viktoriya başqa uşaqlardan kənar
mühitdə böyümüşdü. 1836-cı ildə
onu Saks-Koburq və Qoteyə dəvət etdilər ki, Albertə
göstərsinlər. Albert olduqca qəşəng oğlan
olmaqla, iri və mavi gözlərə, gözəl buruna və
şirin ağıza malik idi. Onun məlahəti olduqca
xoşagələn idi. Viktoriya məktubunda Albertlə
tanışlıq imkanı yaratdığına görə
kral Leonidə minnətdarlığını bildirmişdi və
qeyd etmişdi ki, həmin oğlan onu həqiqətən
xoşbəxt edə bilər. Albert doğrudan da
hissiyyatlı, xeyirxah bir gənc idi. 17 yaşlı bu qız təkcə
Albertlə maraqlanmaqla kifayətlənməyib, hətta erkən
ərə getməyə də hazır idi. Ona görə də
bu cütlük rəsmi nişanlanmaya ehtiyac duymadı.
Viktoriya 1837-ci ilin mayında vətənə
döndü və bir ay sonra kral VI Uilyam 71 yaşında
öləndə, 18 yaşlı qız Birləşmiş
Krallığın kraliçasına çevrildi. Hökumətə
bu vaxt Viq partiyasından olan nazir lord Melburn
başçılıq edirdi. Təcrübəsiz monarxa o,
siyasi cəhətdən güclü təsir göstərirdi
və kraliça da onun məsləhətlərinə ciddi
qulaq asırdı. Melburnun qızı olsaydı, Viktoriyanı
öz qızı kimi sevərdi. Viktoriya da onu ata gözündə
görürdü. 1838-ci ilin 28 iyununda Vestminister
Abbatlığında taclanma prosesi getdi. Bayramda iştirak etmək
üçün Londona çox sayda qonaq gəlmişdi.
Viktoriya Bukingem sarayına qədəm basan ilk suveren idi.
Hakimiyyətinin başlanğıcından Viktoriya
populyarlıq qazandı. Lakin saray intriqası onun nüfuzuna
pis təsir göstərirdi. 1839-cu ildə Melburn istefa verdi,
onu Robert Piil əvəz etdi. Bu nazir Londonda ilk dəfə polis
sistemi yaratdı. Onun şərəfinə İngiltərədə
polislər indiyədək onun Robert adından
götürülmüş "bobbi" adlanır. Lakin o,
kraliçanın nəzarəti altında ölkəni idarə
etmək istəmirdi, ona görə də istefa verdikdə,
Melburn yenidən öz ofisinə qayıtdı.
Viktoriya subay qız kimi, xasiyyətlərinin
tutmamasına baxmayaraq, anası ilə yaşayardı. 1839-cu
ildə o, Albertdən xahiş etdi ki, Londonda ona qonaq gəlsin
və nişanlısı Vindzor sarayına gəldi. Onlar
1840-cı ilin fevralında evləndilər. Qız ərinə
vurulmuşdu, axşamlar başı ağrısa da, onun
yanında uzanırdı. Bunu gündəliyində geniş
surətdə təsvir edir, yazırdı ki, mənim əziz
dostum Albertlə olan kimi heç vaxt belə axşamları
keçirməmişdim. Mən əsl Səma məhəbbəti
və xoşbəxtliyi hiss edirəm. Onun əlləri
arasında olacağıma əvvəllər ümid etməmişdim.
Biz bir-birimizi dəfələrlə öpürdük. Onun
şirinliyinə və nəcibliyinə mən minnətdar
idim. Belə ərimin olacağına mən necə inana bilərdim.
Viktoriya əri ilə intim yaxınlığa daim can atmaqla,
bundan xüsusi həzz alırdı.
Albert tezliklə kraliçanın mühüm siyasi məsləhətçisinə
çevrildi. 1840-cı ildə Viktoriyanın hakimliyi ilinin sonu
qız uşağının doğulması ilə nəticələndi.
Ancaq gənc xanımın hamiləlikdən zəhləsi
gedirdi və Viktoriya adlandırdığı
övladını çirkin hesab edirdi. Bu xüsusiyyətinə
baxmayaraq, o, Albertdən əlavə, səkkiz uşaq
dünyaya gətirdi. Uşaqlara evdə dayələr
baxırdı. 1842-ci ilin mayında Viktoriya karetada gedəndə
bir nəfər ona atəş açmağa cəhd etdi, lakin
atəş açılmadı.
1846-cı ildə Piil hökuməti taxıl
qanunlarını ləğv etməyi tələb edəndə,
böhran baş verdi. Torilər bu təklifə etiraz etdilər.
Viktoriya Piili müdafiə etdi və həmin il Piil istefa verdi.
Bu dəfə onu Con Rassel əvəz etdi. Gələcək
Baş nazir Palmerston isə xarici işlər naziri oldu.
1853-cü ildə Viktoriya səkkizinci
uşağını doğdu. Krım müharibəsindən
(1853-1856-cı illər) sonra Fransa imperatoru III Napoleon
Britaniyanın yaxın müttəfiqinə çevrildi.
1861-ci ilin martında kraliçanın anası öldü.
Qadının kağızlarından aydın oldu ki, anası
qızını çox sevirmiş.
1861-ci ilin dekabrında isə Albertin vəziyyəti
yaxşı deyildi və dekabrın 14-də o, öldü. Bu
hadisə Viktoriyanı çox məyus etdi, sonrakı illərdə
o, London ictimaiyyəti qarşısına
çıxmırdı. Bu vaxt onun çəkisi artmağa
başladı.
Böyük dövlət xadimi olan Palmerston 1865-ci ildə
öldü, az sonra nazirlik Rasselə keçdi. 1868-ci ildə
isə onu Bencamin Dizraeli əvəz etdi. Xristianlığa
keçmiş bu yəhudi xadim söhbətləri ilə
Viktoriyanı çox şadlandırırdı.
Kraliça ərinin ölümündən sonra
Şotlandiyada Bal Moralda yaşayırdı, ona nökəri
Con Braun qulluq edirdi və onların arasında dostluq
yaranmışdı. Con Braun öldükdən sonra Viktoriya
onun portretini qoruyub saxlayırdı. Sonra Hindistandan olan şəxsi
katibi müsəlman Məhəmməd Əbdül Kərimlə
dostluq etməyə başladı.
Viktoriya 1901-ci ilin yanvarında öləndə Vindzor
Böyük parkında şahzadə Albertin yanında dəfn
edildi. Onilliklər boyu kraliçalıq edən görkəmli
qadın dünyanı tərk etmişdi. Onun nəticəsi
olan kraliça II Elizabet 70 il ərzində Britaniya
taxt-tacında olmaqla, öz böyük nənəsinin
rekordunu təzələdi.
Viktoriya ilə Albertin 9 uşağından çoxu,
anasının diplomatik bacarığına görə,
Avropanın kral ailələrinə daxil oldu. Viktoriya hemofiliya
geninin daşıyıcısı olduğuna görə, bu xəstəlik
onun oğlu Albertə, Rusiya çarı II Nikolayın
oğlu Alekseyə də keçmişdi. İnqilab nəticəsində
1931-ci ildə İspaniya kral taxt-tacı ilə vidalaşan
XIII Alfons da Viktoriya ilə qohumluğuna görə bu xəstəlikdən
əziyyət çəkən nəslin sonuncu nümayəndəsi
idi.
Viktoriya Vestministerdəki yeni sarayda parlamentin
açılışına gəlməklə təzə
kral ənənəsinin əsasını qoymuşdu. O, 150
institutun patronu idi. Krım müharibəsindəki igidliyi
mükafatlandırmaq üçün Viktoriya Xaç ordenini
təsis etmişdi. Bu orden rütbəni böyütmək əvəzinə
ləyaqət nişanəsi kimi verilirdi.
Viktoriyanın Şotlandiyada nökəri Con Braunla
dostluğu övladlarının xoşuna gəlmirdi, onlar bu
mehtərə nifrət edirdilər. Mətbuat Viktoriyanın
"Missis Braun" adlandırırdı, buna baxmayaraq,
kraliça onunla dostluqdan imtina etmirdi. Varis olan oğlu tif xəstəliyindən
sağaldıqda, 1871-ci ilin fevralında dövlət işlərinə
qayıtmaq üçün bundan istifadə edib, on illik fasilədən
sonra Bukingem sarayının balkonunda kütlənin
qarşısına çıxdı. Şəhər əhalisi
onun ictimai həyata qayıtdığını sevinclə
qarşıladı.
Baş nazir Bencamin Diraelinin təşəbbüsü
ilə Viktoriya Hindistan müstəmləkəsinə görə
imperatriçə tituluna yiyələndi. Bu həm də
britaniyalıları dünyanın ən qüdrətli millətinə
çevirdi. Qadın öz hakimiyyətinin sonunda imperiyanın
simvoluna çevrilmişdi. Kraliçanın Hindistana
marağı böyük idi, lakin heç vaxt orada
olmamışdı. Katibi Əbdül Kərim qadın
üçün müəllim olmaqla, "munşiyə"
çevrildi. 24 yaşlı bu adam həm də kraliçaya
doğma urdu dilini öyrədirdi. Onun təbliği ilə
Viktoriya xörəklərə kari qatılmasını
xoşlayırdı.
1897-ci ildə keçirilən brilyant yubiley
Viktoriyanın imperiyadakı şöhrətini daha da
artırmışdı. Avstraliyadakı Sidney limanı
illüminasiyadan işığa qərq olunmuşdu. Hindistanda
imperatriçənin yubileyi ilə əlaqədar 19 min dustaq
azadlığa buraxılmışdı.
22 yanvar 1901-ci ildə Viktoriya Erası başa
çatdı. O, bir neçə həftə xəstə
olduqdan sonra öldü. Oğlu və varisi VII Eduard və onun
nəvəsi, Almaniya kayzeri II Vilhelm ölüm
yatağında olan kraliçanın yanında idilər.
Viktoriya Yer kürəsi ərazisinin dörddə birinə bərabər
olan, üzərində günəşin batmadığı
bir imperiyanı idarə edirdi. Öləndə də o, həqiqi
monarx kimi öz yolu ilə getmişdir.
Səkkiz nəfər qadın tarixi şəxsiyyət
barədə söhbət getdi. Onlar müxtəlif dövrlərdə
və başqa-başqa ölkələrdə
yaşamışdılar, bir-birlərinə bənzəmirdilər.
Onları birləşdirən yeganə cəhət öz
şərəflərini yüksəltmələri idi. İlk
qadın faraon olan Hatsepşut Misirin inkişafina böyük
töhfələr vermişdi. Massaget çariçası
Tomiris adlı-sanlı sərkərdə Böyük Piri məğlub
etməklə, igidliyin dövlətin böyüklüyündən
asılı olmadığını sübut etmişdi.
Kleopatra Misirin müstəqilliyini qoruyub saxlamaq
üçün bütün vasitələrə əl
atmışdı, Romanın tabeliyində yaşamaqdansa, həyatla
vidalaşmaq yolunu seçmişdi. Çin imperatriçəsi
U dövlətini böyük beynəlxalq nüfuz sahibinə
çevirmişdi. Janna d'Ark Fransanın ingilis
işğalından azad olunmasında qeyri-adi qəhrəmanlıq
göstərmişdi. İspaniya kraliçası İzabella
Yeni Dünyanın kəşfi kimi böyük bir işə
sponsorluq etmişdi. İmperatriçə II Yekaterina
Rusiyanın böyük dövlətə çevrilməsinə
nəhəng xidmətlər göstərmişdi.
Böyük Britaniya kraliçası Viktoriya öz
adını daşıyan epoxa yaratmışdı. Bu
qadınlar gur fəaliyyətləri ilə tarixin pozulmaz səhifələrini
zəbt etmişlər. Ona görə də onlar böyük
ehtirama layiqdirlər.
Son
03.06.2025-ci il
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 16 avqust (№145).- S.22.