Sözün ömrü
oxucunun yaddaşı qədərdir
TƏRANƏ ARİFQIZININ "KEÇİDLƏR"
KİTABI HAQQINDA
Sənət həyatın müxtəlif vasitələrlə
təzahürü - sözlər, notlar, səslər, rənglər,
bəzən də sadəcə, sükutla danışan uzun
bir hekayədir. Fikirlər çox zaman rutinimizin
boşluqlarında itib-batır, unudulur. Yazı isə
düşüncələri həkk etməklə, hər
anın ömrünü əbədiyyət qədər uzada
bilir. Yazı yalnız bir müəllifin deyil, həm də
konkret bir dövrün, bir mədəniyyətin enerji
daşıyıcısıdır. Qarşımdakı kitab
oxucusunu müxtəlif janrlar və fərqli üslubların
yaratdığı bir aləmə dəvət edir.
Buradakı hekayələr, esselər və köşə
yazılarının hər biri yalnız ona aid olan bir zaman
diliminin, məkanın və düşüncənin dilidir.
Təranə Arifqızı imzasını şeirləri
ilə tanımışam, indi qarşımdakı bu kitabdan
hekayə və esselərini oxuduqca fərqində oluram ki, əslində,
onunçun janrın fərqi yoxdur, bütün mətnləri
həssas bir ruhun bəzən pıçıltısı, bəzən
də harayıdır. "Keçidlər" kitabı
oxucunu əhvalatlar, hekayələrlə tanışlıqdan
daha fərqli, daha dərin təcrübəyə,
düşünməyə, suallara cavab aramağa, özü
ilə üz-üzə qalmağa hazır olmağa dəvət
edən bir çağırışdır.
Bu kitabın sonuncu - "Haqqımda yazılanlar" fəslindəki
resenziyalar və esselərin demək olar, hamısı Təranə
Arifqızının şeirləri haqqındadır.
"Keçidlər" kitabında toplanan müxtəlif
janrlı mətnlərlə tanış olanda elə bu
nümunələrdən də şair sözü
süzüldüyünü hiss etdim. Hər bir mətndə
şairanə həssaslıq, qadın qəlbinin təlaş
və təşviş dolu döyüntüsü duyulur. Təranə
xanım Azərbaycan Yazıçılar Birliyi
sıralarına qəbul olunmasından bəhs edən
yazısını "Şair kimi jurnalist"
adlandırıb. Elə bilirəm, esse və köşə
yazılarında düşüncələrinin daha çox
şairanə, poetik ifadəsini nəzərə alsaq, bu
başlıq çox yerinə düşür.
Bəlkə elə bu həssaslıq və kövrəkliyə
görədir ki, kitab "Ürək" hekayəsi ilə
başlayır və oxucunu ilk sətirlərdən narahat
duyğulara kökləyir, gərginlikdə saxlayır. Hekayə
insanın itkilərlə barış prosesinin mürəkkəbliyini
göstərir, sevdiklərimizlə bağlarımızın
nə qədər dəyərli olduğunu xatırladır. Təranə
Arifqızı mövzularını elə
günümüzün reallıqlarından götürür.
Hekayələri çağdaş insanın
ağrı-acısını, sevinc və ümidini, güzəranını
əks etdirir. Koronavirus pandemiyasının cəmiyyətdə
yaratdığı psixoloji və sosial gərginliyi, ailə
daxilindəki narahatlığı və insanların bir-birinə
qarşı məsuliyyət hissini qabardan "Döyülən
qapı" hekayəsi həyatda qalmaq və sevdiklərimizi
qorumaq uğrunda verilən qurbanlara dəydiyini göstərir.
Təranə xanımın hekayələri simvolik mənalandırmalarla
zəngindir. "Qıfıl" hekayəsində nar
ağacı həm böyüməyin, həm də yurdun/evin
simvolu olaraq təkrarlanan motiv kimi çıxış edir.
Ceyhun keçmişinə üz tutmaqla həm də
bütün çətinlikləri arxada qoyub gələcəyə
inamla yol alır, hər bir addımında atasının xatirəsini
yaşadır. Hekayənin sonunda qisasın rəmzi olaraq
qıfılın məhz güllə ilə
açılması psixoloji və dramatik kuliminasiyanı təşkil
edir: "Amma bu qıfıl açarla açılmazdı.
İllərin acısı, nifrəti, həsrəti
yığılmışdı onun içinə. Çiynindəki
avtomatın qundağını sıxdı. "Bu
qıfıl açılmalıdı! Mütləq
açılmalıdı! Açar açmazsa, güllə
açar!" Avtomatdan atəş çıxmasıyla
paslı qıfılın açılması bir oldu..."
Müharibə Təranə xanımın istər
hekayələrində, istər köşə yazıları
və esselərində xüsusi həssaslıqla
yanaşdığı mövzulardan biri, bəlkə də
birincisidir; bu və ya digər dərəcədə
Qarabağ dərdimizi, odundan, alovundan yanıb kül olaraq
keçdiyimiz, küllərindən doğulduğumuz
müharibənin ağrı-acılarını əks etdirir.
Bu mətnlərdə müharibənin qandonduran vahiməli
reallıqları, yaratdığı travmalar və insanın
ruhuna damğaladığı dərin izləri əks olunur.
"Müharibə" mənsur şeirində onun
dağıdıcı və amansız siması dəqiq əks
olunub. "Üzü günəşə açılan pəncərədən
həyatı seyr etmək" ilə
"dağılmış evlərin, yanmış
arzuların, küçələrdəki bombalanmış
izlərin" təsviri arasındakı ziddiyyət
müharibənin həyatın təbii axarına qorxunc
müdaxiləsini əks etdirir.
"Sirli təbəssüm" hekayəsi Nəbinin
başına gələnlərin əsasında yerli mədəniyyət,
etnik münaqişələr və kimlik məsələlərinin
ətrafında cərəyan etməklə onun "dağlar
mənimdi" deyə, israrla özünə aid olanı
qoruma əzmini ifadə edir. Nəbi üçün
gücün, qəhrəmanlığın, milli identikliyin rəmzi
olan dağlar coğrafi olmaqdan daha çox, mənəvi yurd
yeridir, dağlar elə vətən deməkdir. Hekayədə
müəllif erməni kimliyinə, məkrinə münasibətini
gizlətmir; Nəbinin Simona münasibəti timsalında
açıq-aydın nifrətini, ikrahını ifadə edir.
Erməni qalayçının qazanclı olmasa da, bu işdən
bərk-bərk yapışması, qazanların üstünə
öz mədəniyyətlərinin saxta tarixini
qazıması, Nəbinin özündən iyirmi yaş
böyük olan bu adamla qorxmadan, çəkinmədən
savaşması, öz yerinin, yurdunun, tarixinin və mədəniyyətinin
təəssübünü çəkməsi, düşmənin
hiylə ilə endirdiyi zərbədən ağlını
itirməsi iki milləti üz-üzə qoyan səbəbin
kökünü göstərir. Nəbinin qələbəsi
uzun illər sonra dünyasını dəyişəndə
simasında donan qəribə, sirli təbəssümdə
gizlidir. Ağlını, yaddaşını itirsə də,
şüuraltısından boy verən "dağlar mənimdir"
inadı, bəlkə də qələbə sorağına
boyanan təbəssümün səbəbidir.
Kitabdakı müharibə, vətən mövzulu mətnlərin
hər birindən əzmkarlıq da yağır, çarəsizlik
də. Demək olar, heç bir mətndə birtərəfli
yanaşma, quru, sxematik "alovlu vətənpərvərlik"
pafosu yer almır. Çünki müharibə yalnız
silahların danışdığı qanlı
döyüşlər deyil, həm də insanın daxili
mübarizəsinin, ziddiyyətli qərarlar
qarşısındakı acizliyinin, itkilərin gətirdiyi
uçurum boşluğu və ümidlərin solduğu əbədi
payızdır. Müharibədə bombalar təkcə şəhərlərin
səmasına yağıb məkanları darmadağın
etmir, həm də insanın könlündəki nəğmələri
susdurur, ruhun işığını söndürür, dəyərləri
sarsıdır. Savaşlar dünyanı yalnız coğrafi
olaraq parçalamır, qəlbən, ruhən insanları
qoparır. Bütün bu ağrıları özündə
cəmləyən kitabın "Köşə
yazıları" fəslinin xeyli hissəsi Qarabağ
müharibəsi və şəhidlər mövzusuna həsr
olunub. Bu mətnlərdə Təranə Arifqızı qələbə
həsrətilə silaha sarılmağa hər an müntəzir
vətəndaş da ola bilir, döyüşə gedənlərin
arxasınca bir parç su atıb yaylığının
ucunu nəmli gözlərinə sıxan kövrək qəlbli
qadın da...
Qeyd edim ki, janrından asılı olmayaraq hər bir
yazının əks etdirdiyi dövrə uyğun mövzusu
"Keçidlər" kitabını müəyyən bir
tematik ardıcıllığa kökləyir: burada daha
çox vətənpərvərlik, Qarabağ müharibəsi
mövzusu, məqamı gəldikcə pandemiya, tarixə, yurda
və adət-ənənələrə bağlılıq
mövzularında mətnlər üstünlük təşkil
edir. Odur ki, belə bir toplunun ərsəyə gəlməsi
yalnız müəllifin yaradıcı inkişafının
dinamikasını izləmək baxımından deyil, həmçinin
müəyyən bir zaman kəsimində dövrün
xarakteristikasını, ictimai-mədəni
dünyagörüşünü, siyasi-əxlaqi atmosferini,
bir sözlə, cəmiyyətin hərtərəfli vəziyyətini
analiz etmək üçün də oxucuya fürsət
yaradır. Bu kitabdan ən çox sevgini duymaq olmur - vətənə,
insana, sözə... Təranə xanım yalnız bir fəsli
"Vətən" adlandırsa da, bu kitabda mən elə
başdan-başa vətəni oxudum. Şəhidlərin
müqəddəs zirvəyə ucalan yolundan, şəhid
analarının əzablara rəğmən, qürur abidəsi
nümunəsi olmasından da bəhs edilir burada, ən uca məqama
layiq olanların yaddaşlarda sözlə heykəli
ucaldılır.
Kitabda bir neçə fərqli janrda mətnlərin
toplanması müəllif kimi, Təranə
Arifqızının çoxşaxəli yaradıcı
potensialını ortaya çıxarır. Hekayələr əsasən
yazıçının emosional və estetik
dünyagörüşünü ifadə edirsə, esse və
köşə yazıları intellekt və analizlərin nəticəsini
əks etdirir. Müxtəlif janrlı mətnləri bir kitaba
toplamasını mən Təranə xanımın, hər
şeydən öncə, özünə hesabat vermə arzusu
kimi qəbul etdim. Sanki bu illər ərzində
yazdıqlarını bir araya toplayıb onlara uzaqdan baxır;
nəyin alınıb, nəyin alınmadığını
müəyyənləşdirməyə
çalışır.
Yazılarında keçmişə, yaddaşından
boylanan uşaqlıq xatirələrinə
qayıtmağı, tamamilə unudulan və yavaş-yavaş
həyatımızdan çıxarılıb bir küncə
atılan adət-ənənələrimizi
xatırlatmağı da sevir Təranə xanım. Bunlar daha
çox Naxçıvan ərazisində tanınan, geniş
areala bəlkə də bəlli olmayan detallardır.
Buradakı bəzi hekayələri oxuyanda elə bildim, uzaq
uşaqlıq illərinə, nənəmin təndir
başında xəmir yoğurduğu, fəsəli bişirib
isti-isti kəsib nəvələrə payladığı
zamana qonaq getdim. Kəndin gündəlik həyatını təsvir
edən detallar, bu atmosferi daha da doğmalaşdıran dialektik
ifadələr, sanki çoxdankı tanışınla
üzbəsurət söhbətləşirsən kimi
canlı, hərəki danışıq dili mətndən-mətnə
adladıqca müəllifin üslubuna çevrilir.
Təranə Arifqızının xüsusən esselərində
keçidlər çoxluq təşkil edir; bəzən qəfil,
bəzən hissolunacaq elastikliklə ara-sıra söz əsas
mətləbdən yayınır, ünvana yetişənə
kimi başqa səmtlərə cığır açır,
mənalar saçır. Bir də görürsən diqqəti
məğzdən yayındırırmış kimi
görünən müxtəlif fikirlər hərəsi
öz ipliyinin ucundan tutub əsas mahiyyətin başına
dolanır. "Söz sözü gətirdi, mən də qələmin
könlünə dəymədim. Sonunda yazan odur, mən deyiləm.
Ürəyim diktə elədi amma…" - müəllif
özü belə deyir. Ürəyinin diktəsinə qulaq verən,
sözün qəlbinə toxunmayan yazardır Təranə
Arifqızı - həm mövzu seçimi, həm yazı
üslubu etibarilə.
Sözün başlanğıcı varsa da, sonu yoxdur;
hər bir oxuda fərqli mənalara və mənalandırmalara
açıqdır. Söz ömrü oxucunun oxu təcrübəsindən
qaynaqlanır. Mətn oxucuda nə qədər çox sual
yarada bilirsə, müxtəlif, rəngarəng, bəzən
bir-birindən xeyli uzaq cavablar alınır, beləcə,
sözün ömrü uzanır. O bəzən sadəcə
ilğım kimi bircə anda yanıb-sönən bir
düşüncənin, bəzən isə daha geniş bir
dünyagörüşün açarıdır. Təranə
Arifqızının "Keçidlər" adını
verdiyi topludakı yazılar da fərqli mövzulara dair fikirlər,
müxtəlif vaxtlarda baş verənlərə refleksiyalar
kimi reallaşaraq zamanın izlərini daşıyır və
yalnız müəllifin fərdi təcrübələrindən
deyil, eyni zamanda ətraf aləmlə qurulan münasibətlərdən
doğulub. Məncə, bu kitabdakı janrından asılı
olmayaraq bütün mətnlər insan olmağın,
bütün situasiyalarda insan qalmanın sonlanmayan təcrübəsini
paylaşır.
Mətanət VAHİD
525-ci qəzet .- 2025.- 16 avqust (№145).- S.20.