Tapıntı
Hekayə
Səidbəy Arsanov (1889-1968) - Çeçenistan ədəbiyyatının
klassiki, yazıçı, ictimai xadim. 1925-ci ildə ilk
çeçen qəzeti olan "Serlo"nu buraxmağa
başlayıb. 1930-cu ildə Proletar
Yazıçıların Qroznı Birliyini yaradıb, müxtəlif
ictimai vəzifələrdə çalışıb. Tarixi
mövzuda roman, realist üslublu hekayələr və digər
nəsr əsərlərinin müəllifidir. 1937-ci ildə həbs
edilib, 1945-ə qədər Kolımada sürgün çəkib.
1957-59-cu illərdə Çeçen-İnquşetiya Muxtar
Respublikası Yazıçılar İttifaqının sədri
olub.
S.Arsanov nəsrinin ən yaxşı nümunələrindən
sayılan, rus işğalının, imperiya üsuli-idarəsinin
çeçen xalqının həyatına gətirdiyi
çətinlik və eybəcərlikləri, onun mənəviyyatına
vurduğu zərbələri əks etdirən
"Tapıntı" hekayəsini oxucularımıza təqdim
edirik.
Qaradinməzdir fağır Serbi. Ac qalar, kimsəyə
əl açmaz; yorular, gileylənməz. Serbi işin
ağırına girişər, bax elə indiki kimi: bir
neçə nəfər çox iri şalbanı
qaldırıb Serbinin kürəyinə qoydu, o da apardı
dedikləri yerə. Dünən o, donqarında iki kisə
qarğıdalını dəyirmana aparmışdı.
Günü sabah, bir iş çıxmasa, ov
bıçağını qapıb meşəyə -
ayının üstünə gedəsidir. Bu günlərdə
isə Serbi dəmir kimi möhkəm əlləri ilə
boğduğu dişi canavarı götürüb gəlmişdi.
Obada hamı Serbiyə hörmət göstərirdi,
bircə hampadan (Kəndin varlı, nüfuzlu sakini - tərc.)
başqa: fağır ona muzdur olmayıb deyə! Hampa intiqama
niyyətlənmişdi, ancaq uyğun məqam gözləyirdi.
Belə məqam da yetişdi: bir çeçen
öldürüldü. Kim öldürmüşdü -
bilinmirdi. Di gəl hampa "öz adamı"na
pıçıldadı: "Serbi öldürüb".
Pıçıltı həyətdən-həyətə
yayıldı. Gedib çıxdı oba
yığıncağına: orada isə həmin hampa sədrlik
edirdi. Yığıncaqda o,
açıq-açığına Serbini qətldə
günahlandırdı. Bu minvalla Serbi qanlı
çıxdı: ölənin doğmaları onu
öldürməmiş əl çəkməyəcəkdilər.
Serbi çətinə düşmüşdü:
qardaşları yox, arxası yox... Obanı gizlincə tərk
etməli oldu. Ölüm qorxusundan deyil, ailəsinə
yazığı gəldiyindən: arvadı onsuz necə
yaşayardı, qucağında da biryaşında oğlan
uşağı?! Oğul isə fağır çeçen
üçün hər şeydir - nəslinin davamı, gələcəkdə
köməyi, dayağıdır. Serbinin ardınca əliuşaqlı
arvadı da getdi.
Acı tale onları haralara yuvarlamadı?! Dağlara, dərələrə,
meşələrə, kol-koslu qobulara... İnquşların
da arasında yaşadılar, kabardinlərin də, rusların
da.
Qisasçılar Serbini qarabaqara izləyirmişlər.
Bir dəfə girəvə tapırlar, elə atəş
açılacaqmış ki, o an görürlər, saklinin
(dağlı obalarında yığcam daş ev - tərc.) pəncərəsinin
qabağında oturan Serbi oğlunu qucağına aldı.
Güllə uşağa da dəyə bilərmiş.
Uşaqları isə öldürmək olmaz: çox
böyük günahdır!
Həyat o didərginləri Vladiqafqaz şəhərinə
atır. Amma qisasçılar oraya da gəlib
çıxırlar. Görünür, onları gecə-gündüz
bircə fikir qamçılayırmış: Serbini tapıb
öldürmək! Tək bu niyyətlə
yaşayırmışlar.
Yenə də gözdən uzaq olmaq lazım gəlir.
Serbi bu dəfə ailəsi ilə Yekaterinodara gedib
çıxır, ilyarım sonra isə Rostov-Dona. Təzə
yerə azacıq isnişən kimi, izləyənlər yenə
peyda olurlar. Amma Serbi ayıq davranıb bu qıllıpapaq
adamları tez tanıyır: silahlarını
yapıncılarının altında elə gizlədibmişlər
ki, dərhal əl atıb düşmənə
ölümcül yara vura bilsinlər. Bu isə alınmır,
çünki Serbini tanımaq olmur. Necə tanısınlar?
Sanki yerlə bir olub, çuxura düşmüş gözləri
hüzn çırağına dönüb, əvvəlki -
dağlıya xas, arxayın yerişi dəyişilib,
qıvraq, işgüzar davranır; sifəti toz içindədir,
dirsəyəcən çirmənmiş qollarında mazut ləkələri
var
Yaxınlıqdan keçəndə Serbi doğma dildə
danışıq eşidir. Kaş heç eşitməyəydi!
Axı gəlmələr ondan, onun əleyhinə
danışırdılar. Halbuki Serbi öz xalqını,
oraların dağlarını, meşələrini,
çöl-çəmənini, dağ çaylarının
iti axınını, saf bulaqlarının
şırıltısını çox sevirdi! Ondan
ötrü darıxır, bağrı qana dönür...
İndi hara üz tutsun? Yenə hansısa başqa şəhərə?
Artıq neçənci dəfə hər şeyi təzədən
başlamaq asan deyil ki... Çox götür-qoydan sonra ailəsiylə
Vladiqafqaza qayıtdı. Gecəni perronun çardağı
altında yola verdilər, səhər tezdən Serbi şəhərə
çıxıb küçə-küçə
dolaşmağa başladı ki, hamı görsün: budur o,
heç yana getməyib, buradadır Serbi, bu şəhərdədir!
Bunu bir neçə gün təkrarlayan Serbi, arvadı ilə
oğlunu da götürüb yenidən Yekaterinodara getdi.
Başıbəlalı ailə Serbinin
tapdığı ötəri işlər hesabına birtəhər
dolanırdı. Gah yük daşıyır, gah yağ vurur,
gah da odun yarırdı. Rus dilini az-maz öyrənmişdi.
Serbinin doğma auldan çıxdığı
altı il vardı artıq. Oğlu irilib qoçaq, dedikcə
zirək bir oğlan olmuşdu, rusca sərbəst
danışır, evdə ata-anasına əl yetirirdi. Elə
indi də işini tamamlayıb atasına yaxınlaşdı:
- Dədə, sən dünən mənə
demişdin...
- Hə, oğlum, demişdim, gedib iş axtaracağam,
bəlkə, tapdım...
Serbi fikrə getdi. Ətrafını
büküm-büküm, gicgahına çatan
qırışlar basmış gözləri harasa uzaqlara
dikilib yol çəkirdi. Oğlu da susdu: elə bil atası
ilıq şüalar saçır, oğlanın canı
isinirdi. Atasını yamanca çox istəyirdi! Onun
yanında elə rahat olurdu ki!
"Əgər dədəmin başına pis iş gəlsə,
hündür bir ağaca dırmanıb təpəsiüstə
atılaram oradan, - oğlan belə düşündü qəfildən.
Sonra fikri başqa səmtə yönəldi: - Dədəm niyə
say-hesabı, yazmağı bilmir?"
- Hə... Bax sən say-hesabı məndən
yaxşı bilirsən, - oğlunun düşüncəsini
oxumuşdu Serbi. - Əlimdən nə gəlir mənim? Demək
olar, heç nə! Ancaq əkib-biçmək, ot çalmaq,
odun doğramaq, yer belləmək...
Atasını dinlədikcə uşağın
gözlərində fərqli - böyüklərə xas
parıltı sezilirdi. İlk dəfə fikir verirdi ki,
atasının pencəyi çox köhnəlib, əyin-başından
eyzən yoxsulluq, nimdaşlıq yağır. Amma bu pencək
uşaqdan ötrü az qala onu geyinmiş adamın özü
qədər əziz idi.
Fikrindən nə keçdisə, Serbinin üzünə
acı bir təbəssüm qondu.
- Bəlkə, bu gün iş taparam...
- Nə cür iş?- Məlumdur nə cür -
ağır... Yüngül iş verməzlər mənə,
- Serbi öz əllərinə nəzər saldı. - Bir vaxt
güc vardı ha bunlarda...
- Bəs nə vaxt gedəcəksən? - oğlan bərkdən
soruşdu, elə bil atasını ağır
düşüncələrdən ayırmaq lazım
olduğunu anlamışdı.
- Nahardan sonra gedərəm, oğlum.
- Nahara nə var bizdə? - oğlan, gözlərilə
otağı ələk-ələk eləsə də, yeyiləsi
nəsə görmədi.
- Nahar nədir, söz soruşdun da! Heç bir
şey... Biz ki səhər də heç nə yeməmişik.
Atası məyusluqla əlini yellədi, amma birdən
nəyisə xatırladı:
- E-hee... dayan görüm, məndə qəpik-quruş
olmalıydı!
Əlini cibinə salıb bir neçə mis qəpik
çıxartdı.
- Bir qəpiik, - hələ də yaxşı
danışa bilmədiyi ruscada saymağa başladı. - bu da
bir qəpiik - elədi iki qəpik. Bu daa üç qəpik -
oldu beş qəpiik... Ohoo! Soğan-çörəyə
çatar! Tez alıb gətirim, yeyək, gedib iş
axtarım! Axırıncı kəlmələri o,
çeçencə, gümrah səslə, həmişəki
mehriban təbəssümüylə dedi.
- Dədə, de görüm sən niyə sayanda
barmaqlarını qatlayırsan?
- Necə yəni? - təəccübləndi atası,
bilmədi bu suala nə cavab versin. - Mənə belə asan
olur saymaq.
- Mən isə qatlamıram, - oğlan
öyündü.
Onlar göz-göz gəldilər, bu an atası ona
nağıllardakı xeyirxah kişilər kimi
göründü.
Gün günortaya yaxınlaşanda Serbi ilə
oğlu küçəyə çıxdılar. Zir-zibilli qənbərliyi
keçəndə atanın çəkməsinin burnu bir
düyünçəyə toxundu, onu götürdü, əlində
hərləyib yerə tulladı.
- E-eey! - arxadan çağırış eşidib
dayandılar. Bir nəfər əlindəki düyünçəni
yuxarı tutub yellədirdi.
- Səndən düşüb?
- "Boşla görək! O murdar şey nəyimə
lazmdır, qoy özündə qalsın", -
düşünən Serbi ona səsləndi:
- Götür özünə!
- Sənin cındırına qalmamışam mən!
Özümdə doludur!
Adam düyünçəni tullayıb getdi.
- Götürək, ya yox? - Serbi oğluna baxdı.
- Götür, dədə, - oğlu inamla cavab verdi.
Evdə tapıntını bir küncə atıb yemək
tədarükünə girişən Serbi, oğluna dedi:
- Bir bax ona, oğlum, gör nə var içində?
Oğlan qayçını götürüb ipi kəsdi,
bükülü kağızı araladı. Kip dəstələnib
teleqraf lentinə bənzər bir şeylə eninə-boyuna
sarınmış kağız topaları döşəməyə
dağıldı. Onların altından başında tac olan
dolu bir qadının təsviri görünürdü.
- Ay oğul! - atası səsləndi. - O zibillə
çox əlləşmə, at sobaya, gəl yemək ye! Mən
indi gedirəm.
- Dədə, burada şəkillər var!
- Nə şəkillər?
Oğlan kip dəstələnmiş
kağızları toplayıb atasının qabağına
tökdü. Serbi birini götürüb baxdı, sonra o
birini... Sifəti gah qızarır, gah ağarırdı. Ha
özünü sıxdı, qışqırmasın,
alınmadı.
- Axçadır (keçmişdə bütün
Şərqdə, o cümlədən Qafqazda gümüş
pul vahidi; sonradan ümumən pul anlamında da işlədilib
- tərc.)! - deyə qışqırdı. - Allaha and olsun,
axçadır! Puldur!
Onun səsində sevincdən çox, qorxu duyulurdu.
Serbi heç vaxt bu qədər pul, belə bir məbləğ
görməmişdi. Ancaq hər halda, anladı ki, bunlar puldur
- külli miqdarda pul, ona görə də donuxub qaldı.
Öz miskin daxmasını aramla gözdən keçirdi,
sanki yoxsulluğunun şahidi olan divarlardan məsləhət
diləyirdi.
- Görürsən, başıma nə iş gəldi,
hə? - Serbi nəzərlərini oğlunda saxladı. -
Qırx il yoxsulluq çək, indi... birdən varlan. Heç
bir zəhmət çəkmədən varlan! Bu nə olan
işdir axı? Ömrümdə bir rublum olmayıb, indi isə
başımdan töküldü...
Oğlunu işarəylə lap yaxına
çağırdı, kimsə eşidəcəkmiş kimi,
pıçıltıyla:
- Oğlum, biz varlandıq, - dedi. - Çoxlu
yaxşı şeylər alarıq. Daha ayaqyalın gəzməzsən,
başqalarının yeməyinə həsədlə
baxmazsan... Allaha şükürlər olsun, biz yoxsullara rəhmi
gəldi!
Amma birdən sanki kiminsə sərt əli Serbinin təsəvvüründəki
xoş-əlvan mənzərəni pozdu. Fikrinin aynasında
xatirə canlandı: atası kiminsə uşaqlarını
yanan evdən çıxardır; yanıb məhv olmuş
evin yerində öz imkanıyla yenisini tikir - təmənnasız;
adamlar buna heyrətlənəndə o, təmkinlə deyir:
"Mənə pul-para lazım deyil. Sadəcə,
yaxşılıq etmək istəyirəm..."
Serbi dəstələnmiş pulları qəti hərəkətlə
kağıza bükür:
- Gedək, oğlum.
- Hara, dədə?
- Gedək. Bu pullar nə bizimdir, nə də əcdadımızın.
Onları aparıb vermək lazımdır.
- Kimə? Lazım deyil! - oğlan incik sifət
aldı.
- Yox, oğlum, onları başçılara vermək
lazımdır, başçılar özləri taparlar, bu pul
kiminmiş. Başçıların əlləri uzun,
hökmü böyükdür, söyə bilərlər,
zindana sala, asdıra bilərlər... Bizim obadan iki
çeçeni asmışdılar... İxtiyar
başçıların əlindədir...
Tozlu küçələrlə yeyin gedə-gedə
Serbi belə deyirdi oğluna.
Polis bölməsinin suyumsuz binasına yetişdilər.
Serbi o yan-bu yana baxdı. Aşağı uzanan pilləkən
gördü, ürəksiz addımladı.
Birinci açıq qapıdan içəridə
çox adam vardı. Yeni gələnləri tərs
baxışlar qarşılayırdı. Serbi
düyünçəni əlində bərk sıxıb
tutmuşdu. Buradakı nəzarətçilər, iznsiz girdiyi
üçün, onu yamanlayıb dəhlizə itələdilər.
Serbi az qala nahamar kərpic döşəməyə səriləcəkdi.
Qarşı küncdəki oyuqdan siçovul
çıxıb xırdaca boz yumaq kimi
dığırlandı, özünü dəhlizin
qaranlıq yerinə verib gözdən itdi. Hava karbol (xarakterik
iyi olan zəhərli dezinfeksiya maddəsi - tərc.), tənbəki iyindən və
daha hansısa qoxudan elə ağırlaşmışdı,
nəfəs almaq olmurdu.
Serbi ilə oğlu yuxarı qalxıb başqa bir
qapıdan içəri girdilər. Geniş, yarıboş
otağın o başında, masa arxasında oturmuş
pişikbığ adam pristav köməkçisi Xitrov idi. Əlindəki
peronun cırıltısı gəlirdi.
- Nə lazımdır? - pristav köməkçisi,
elə yaza-yaza, sual atdı.
- Pul tapmışıq, - Serbi müxtəsər cavab
verdi.
- Pul?
Xitrov başını qaldırdı, ucu - bir cüt
iri dəliyi olan - qırmızı düyməyə bənzər
ətli burun göründü.
- Pulmu deyirsən? - pristav köməkçisi
kürsüdən qalxıb əllərini masaya dayadı,
qapını dinşədi. Kimsənin gəlmədiyinə əmin
olub, lap astadan soruşdu:
- Hardan tapmısınız? Hanı pullar? Hə...
yaxın gəlin görüm...
Ata-oğul masaya yaxınlaşdı.
- Di ver bəri!
Xitrov əlini uzatdı, amma əli elə havada
qaldı. İçəri tosqul, topasaqqal, genpencək bir adam
girdi.
- Bu necə işdir? İndiyədək
tapmamısınız bəyəm?
Saqqallını həyəcan boğurdu. Nəfəsini
dərən kimi, düz Xitrovun gözünün içinə
baxıb bir də soruşdu:
- Deməli, tapmamısınız, hə?
Pristav köməkçisi dinməyib, təəssüflənən
adam görkəmi aldı.
- Rica edirəm sizdən, cənab Mileşkin, əyləşin,
- mehriban ev sahibi tərzində bir dəvət səsləndirdi
handan-hana.
Mileşkin kürsüyə çökdüsə də,
gözlərində inamsızlıq, hiddət ifadəsi
vardı. Bu baxışlara davam gətirib gözlərini
qırpmayan Xitrov, onun dediyini bayaqkı həlimliklə təsdiqlədi:
- Ço-ox təəssüf, amma hələ ürəkaçan
xəbər yoxdur. Narahatlığınıza qəlbən
şərikəm...
Mileşkin sıçrayıb qalxdı, otaqda
vurnuxmağa başladı. Təlaşlı qonaq o yana
çevrilən kimi, Xitrov çeçen ata ilə oğula
aydınca işarə etdi ki, küncdəki şkafın
dalında gizlənsinlər. Serbi itaət göstərdi.
- Lənət şeytana, nə vardısa, getdi! Nə
vardısa! - Mileşkin otağı ölçə-ölçə
yenə bərkdən xırıldadı.
Birdən-birə dayanıb sınayıcı nəzərlərini
Xitrovun gözlərinə zillədi.
- Hə? Vəssalam?
- Darıxıb özünüzü əldən
salmayın, cənab Mileşkin. Allahın iznilə tapılar,
gec deyil. Axı bütün axtarışçıları
ayağa qaldırmıq, - Xitrov qılıqlanıb təskinlik
versə də, səsindəki qəfil xırıltı həyəcanını
üzə vurdu.
- Ayağa, ayağa! Di onda tez tapın mənim
yüzlüklərimi! Bir ətək pul idi!
"Yüzlüklər", "pullar" kəlmələrini
eşidən kimi Serbi oğlunun biləyindən dartdı.
Oğlan sual ifadəli baxışını atasına yönəltdi.
Amma o anda Xitrov da yaşlı çeçenə baxdı,
domba gözlərini ona qeyzlə ağardıb
barmağını öz ağzına apardı. Sonra, bir qədər
də qətilik üçün yumruğunu göstərdi, yəni:
dinmə!
Mileşkin vurnuxur, yolunu kəsən kətili vurub
aşırır, fınxırır, xırıldayır,
boğucu öskürəkdən təngiyirdi. Pristav köməkçisi
dillənmirdi: hər necə olsa, qarşısındakı məşhur
zəngin, birinci dərəcəli tacir idi. Üstəlik də,
bu polis bölməsinin hamisi.
- Andıra qalsın sizin bu piştaxtanız!
Birbaşa generalın yanına gedirəm! Xitrovu
qanlı-qanlı süzən Mileşkin qəfil belə bir qərara
varıb qapıya doğru addımladı.
Serbi yenə oğlunu dümsüklədi. "Onun əvəzinə
danışmağımı istəyir", - oğlan mətləbi
başa düşüb bərkdən dilləndi:
- Ə-mi! Pulları biz tapmışıq!..
Mileşkin geri qanrılan məqamda Serbi masaya tərəf
addım atıb düyünçəni uzatdı. Xitrov
göz açmağa fürsət tapmadan Mileşkin
düyünçəni qapıb bağrına basdı, onu
qıllı əlləri ilə tumarlayıb burnunun altında
nəsə mızıldandı. Sonra qəfildən Xitrovun
üstünə qabarıb kükrədi:
- Məni axmaq yerinə qoymaq istəyirdin, hə-ə?
Məni hərifləyirdin? Mileşkini?!
Gödək, yoğun barmağını pristav köməkçisinin
lap gözünün qabağında oynatdı.
- İz-ninizlə, iz-ninizlə, - Xitrov onun
sözünü kəsdi. - Bu nə sözdür? Pullar ki
tapıldı, Allaha şükür edin, bunu da unutmayın: mənim
növbəmdə tapılıb.
Anlamışdı, tacir bütün
ildırımları, şimşəkləri onun
başına endirə bilərdi, odur ki, bunu gözləmədən
özü hücuma keçməyə qərar vermişdi.
Düyünçəyə gözucu nəzər yetirib
Mileşkinə təkəbbürlə baxdı.
- Pulları masaya qoyun. Onlar sizin deyil hələ.
İzninizlə, soruşum: nə qədər pul
itirmişdiniz?
Mileşkin, heç istəmədən,
düyünçəni masanın üstünə, amma
özünə yaxın tərəfinə qoyub,
gözünü ondan ayırmadı. Birdən sir-sifəti əyildi.
- Pul torbamı açıblar artıq! Bəlkə,
heç pulların hamısı orada deyil!
- Yaxşı, nə qədər vardı, bilirsiniz?
- Niyə bilmirəm! İyirmi üç min beş
yüz əlli rubl! Nə az, nə çox! Əgər
oğurlamayıblarsa...
- Harada itirmiş ola bilərdiniz? - Xitrov rəsmi əda
ilə suallar verirdi.
Mileşkin bir neçə küçə
sadaladı: "Rus-Azov Bankı"ndan qayıdanda oralardan
keçmişdi.
- Belə də yazarıq.
Xitrov qəsdən hərf-hərf yazır, tələsmədiyi
aşkar bilinirdi.
- Sən pulu hardan tapmısan? - pristav köməkçisi
üzünü çeçenə döndərdi.
Serbinin aydın simasından dürüstlük
saçılırdı.
- Polis küçədən... tapdım...
- Belə-ə, Polis küçəsindən
tapmısan, deməli... Nə vaxt tapmısan?
- Bir saat olar, bəlkə də iki saat...
Xitrov bir ara başını protokoldan
qaldırmadı. Sonra üzünü Mileşkinə tutub
soruşdu:
- Başqa nəsə xatırladınız?
Tacir başını bulayıb
acıqlı-acıqlı:
- Xatırlamalı bir şey yoxdur. Yoxlamaq
lazımdır, hamısı yerindədirmi... Söhbətin
öz yeri, işin öz yeri! - dedi.
Pristav köməkçisi ilə tacir yüzlükləri
saymağa girişdilər. Xitrovun saydıqlarını
Mileşkin diqqətlə yenidən sayırdı.
- On doqquz min! - Xitrov sayıb dedi.
- On doqquz! - Mileşkin təkrarladı.
- İyirmi!
- İyirmi min!
- İyirmi bir!
- İyirmi bir! - tacir təsdiqlədi.
- İyirmi iki min!
- İyirmi iki!
- İyirmi üç! - Xitrov bunu xüsusi ahənglə
deyib susdu, qalan əskinasları əlində tutmuşdu.
- İyirmi üç, - tacir təkrarlayanda heyrət
duyuldu səsində.
Yəqin, inana bilmirdi, bu qədər sərvəti
tapan kimsə bir qismini "cibişdana ötürməsin".
Çeçen kişi elə bil bu səhnəni dumanlı
görürdü.
- Bəs qalan beş yüz əlli hanı?
Xitrov Mileşkinə yalvarıcı-diləyici
gözlərlə baxdı.
Mileşkin pulları Xitrovun əlindən qapıbyan
cibinə dürtəndə hələ təkərləmə
də söylədi:
- Pullar üzdü belədən-belə,
Yenə döndü doğma sahilə.
- Zarafatsız, bu nə hərəkətdir?! - Xitrov
coşdu. - Məni kimlə
qarışdırırsınız?! Bax siz, həqiqətən,
qanundan kənara çıxırsınız!
- Nə qanundur o elə?
- "Tapılan məbləğin on faizi tapan adama
düşür" - bax belə bir qanundur, bəs bilmirdiniz?
- Necə yəni, necə yəni, - deyən
Mileşkinin səsində təsdiq də vardı, istehza da.
- Bu qanun hələ İkinci Aleksandrın
vaxtında...
- Pyotrun vaxtında... - tacir macal vermədi.
Xitrov rəqibinin gözlərinə baxdı,
qarşı tərəfin baxışları deyirdi: o, birinci
dərəcəli tacir kimi istənilən qanundan yan ötə
bilər.
Amma yox! Pristav köməkçisi də axmaq deyil, bu
faiz söhbətini axıra çatdırmalıdır o!
Bu arada Mileşkin zehnində məbləğin on faizini
hesablayırdı.
- Sarsaqlığa bax! - hesablamanı bitirəndə
çığırıb Serbiyə sarı döndü.
Sırtıq baxışla çeçeni üstdən-aşağı
süzdü, nəhayət, nimdaş geyiminə diqqət
yetirib deyindi:
- İki min üç yüz əlli rubl - buna? Belə
qətiyyən!
Tacir üzünü çevirdi, süfrə kimi
geniş dəsmalını çıxardıb, piy
basmış gödək boynunu, pörtmüş sifətini
sildi. Sonra da cibindən çıxartdığı beş
yüz əlli rublu masaya tullayıb çıxışa
doğru yeridi. Bütün bunları elə qıvraq, cəld
hərəkətlə etdi ki, Xitrov deməyə söz
tapmadı. Mileşkin astanada idi artıq, Xitrov dili topuq
vura-vura səsləndi:
- Cə-cənab Mileşkin! P-protokola y-yazılsın
bu??
- İstərsən yaz, istərsən yazma, vecimə
deyil! - tacir hörüldəyib əlini elə yellədi,
sanki geriyə nəsə tulladı. Çəkmə zərbilə
qapını açıb gözdən itdi.
Xitrov "yekaterinçə"ləri tezcə
götürüb iki qatladı, onları həris nəzərlərlə
süzüb, öz pulu kimi, cibinə dürtdü, sonra da
hirs-hikkəylə Serbiyə baxdı.
- Axmaq! İtilin burdan! İtilin!..
Serbinin gözlərində od parladı, ixtiyarsız
düyünlənən yumruqlarının damarları
şişdi... Deyərdin, əvvəlki gücü
özünə qayıdıb: bir an keçəcək, ya onu
təhqir edəni boğacaq, ya da palıd oturacaqla elə
vuracaq, elə vuracaq ki...
Baş verəcəkləri hiss edən oğlu
ağlamsınıb səsləndi:
- Dədə, gedək buradan! Gedək!
Atasının əlindən yapışıb
gücü yetdikcə dartdı.
- Heç bir şey, oğlum, - atası
yavaş-yavaş özünə gəlib toxtadı, -
heç bir şey... Hər halda, haqq-həqiqət var
dünyada, onu dərinə quylasalar da... Hər nə cür
gizlətsələr də, üzə çıxacaq.
Ağır bir hissin təsiri altında yerindən tərpəndi,
içindəkiləri dilə gətirə bilmədiyi
üçün özünə acıqlanmışdı.
Hansısa başqa məqamda bir yol tapıb etirazını
bildirərdi, bəlkə, amma indicə baş verənlər
ona ağlasığmaz gəlirdi. Onun daxili
tarazlığını pozan da elə bu idi. Yenə qan beyninə
vurdu. Qapıya çathaçatda, əlini palıd kətilin
ayağına atdı, qaldırıb zərblə beton
döşəməyə çırpdı. Taxta
qırıqları ətrafa səpələndi.
- Bu nə deməkdir belə! - Xitrov nərildədi.
Serbinin üstünə cummaq, onu zirzəmiyə
atdırıb əzişdirmək istədi, amma tez də vaz
keçdi: "Qoy rədd olsun cəhənnəminə! Pullar
ki qalır..."
Asta, ağır addımlarla küçəyə
çıxanda Serbiyə elə gəldi, ona deyilmiş
"axmaq" kəlməsini də, başqa sözləri də
bu ətrafdakıların hamısı eşidib.
Başını qaldırıb adamların üzünə
baxa bilmir, rast gələnlərdən yayınırdı.
Sakit, kimsəsiz küçədəki yoğun
qovağın yanında dayanıb ağır-ağır
köks ötürdü. Daddığı nahaq həqarət
daş kimi yığılıb qalmışdı sinəsində.
Əlindən qoparılmış mükafat deyildi Serbinin dərdi.
Heç bilmirdi də belə bir qanun var. Canına od salan belə
amansız incidilməsi olmuşdu. Oğlu atasına şəfqətlə
baxırdı.
Yol boyu dillənmədilər, miskin, qanqaraldan
daxmalarına dinməz-söyləməz girdilər... Serbi nəfəsliyə
yaxınlaşıb axşam səmasının oradan
görünən parçasını uzun müddət,
gözünü qırpmadan seyr etdi, elə bil onu üzən
fikirlərin cavabını səmada arayırdı. Amma səma
tutqun, qaramtıl idi - Serbinin həyatı kimi...
Seyfəddin Hüseynlinin tərcüməsində
Səidbəy Arsanov
525-ci qəzet .- 2025.- 16 avqust (№145).- S.18-19.