Ceyran xanım Qacar
Məhəmmədhəsən xanın
ömür-gün yoldaşı, dünyaya Ağa Məhəmməd
şah Qacar kimi qəhrəman bir övlad bəxş eləmiş
Ceyran xanım tayfanın ən tanınmış və
görkəmli şəxsiyyətlərindən sayılan
Qovanlu Məhəmməd xanın bacısı idi. O, hələ
Səfəvilər dövründən öz gözəlliyi,
namusu və qeyrəti ilə seçilən bu tayfanın
içərisində yaşa dolmuş, uşaqlıqdan azad və
sərbəst böyümüş, ağıllı və cəsur
bir qız olmuşdu. Ceyran xanım da bu nəslin bütün
qadın və qızları kimi cadra örtmür və həmişə
üzüaçıq gəzirdi. Qacarlar tayfasının igid
oğlu Məhəmmədhəsən də bu xüsusiyyətlərinə
görə ona vurulmuş və
taleyini həmişəlik bu gözəllə
bağlamışdı. El qaydası ilə oğlan tərəfindən
elçilər gələndə də qız evinin
adamları gələcək kürəkənlərini qorxmaz
və ürəkli bir oğlan kimi tanıdıqlarından ilk
elçilikdə "hə" cavabı vermişdilər. Və
iyirmi dörd yaşlı Məhəmmədhəsən dədə-baba
adətincə toy vurdurub, Ceyran xanımla ailə həyatı
qurmuşdu.
1742-ci ildə gözlərinin ilk ovu dünyaya gələndə
isə gənc ər-arvadın sevinclərinin həddi-hüdudu
olmamışdı. Allahın yanında Məhəmməddən
əziz bir ad olmadığını yaxşı bilən hər
iki valideyn övladlarını peyğəmbərlərinin
adı ilə adlandırmış və onu xüsusi
qayğı ilə böyütməyə
başlamışdılar. Ceyran xanım Məhəmmədhəsən
xanla birgə yaşadığı dövrdə əsl
türk qadınlarına məxsus tərzdə həm ərinə
sədaqətli bir xanım olmuş, həm də oğlu
Ağa Məhəmmədə əsl analıq etmişdi...
1750-ci ildə İranda Şahrux şahı devirib,
onun yerinə qaynatası Mirzə Seyid Məhəmmədi
qoydular. O, taxta çıxdığı ilk gündə Məhəmmədhəsən
xanı Astrabad hakimliyindən kənarlaşdırdı və
öz yaxın adamını ora hakim təyin elədi. Məhəmmədhəsən
xan başının üstünü alan təhlükəni
sovuşdurmaq üçün məcburiyyət
qarşısında qalaraq yenə də Türkmənistan səhrasına
köçdü. Lakin çox çəkmədən
arvadı Ceyran xanımın ağıllı və tədbirli
məsləhəti ilə Təbəs əyalətinin hakimi Əmir
Həsən xanla birləşib, Astrabada hücum edərək
oranı aldı. Şəhərin hakimi canını
qurtarıb, Məşhədə qaçdı. Məhəmmədhəsən
xan isə Astrabadı idarə etməyi kişi qeyrətli
qadınına tapşırıb, Təbəs hakimi ilə
birlikdə qoşun çəkib, Məşhəd üzərinə
yeridi. Həmin gündən Ceyran xanım Astrabadın ilk
qadın hakimi kimi hökmranlıq eləməyə
başladı.
...Köçəri həyat keçirən ailələrdə
uşaqların təlim-tərbiyəsinə, adətən,
ata baxırdı. Lakin Məhəmmədhəsən xanın
ömrü daim hərbi səfərlərdə keçdiyinə
görə oğlunun tərbiyəsi ilə Ceyran xanım
özü məşğul olurdu. Ağa Məhəmmədə
analıqla bərabər, həm də müəllimlik edirdi.
Lap kiçik yaşlarından ana oğluna
yazıb-oxumağı öyrətmiş, onda kitaba dərin məhəbbət və maraq
aşılamışdı. Ağa Məhəmməd Quranın kiçik ayələrini
və surələrini əzbərləyib başa
çatdırmışdı. O, İslam dininin bütün
qanun-qaydalarına əməl edərək səhər tezdən
yatağından qalxan kimi əvvəlcə dəstəmaz
alır, namaz qılır və idmanla məşğul olurdu.
Çox-çox sonralar Ağa Məhəmməd şah Qacar
anasını həm də özünün ilk müəllimi
adlandırırdı.
Ana oğlunu döyüş ruhunda tərbiyə edir,
onu gələcək mübarizələrə
hazırlayırdı. Ceyran xanım Ağa Məhəmmədə
ox atmağı, at çapmağı, tüfəng
tutmağı, qılınc çəkməyi də öyrədir,
gələcəkdə yüksək məqama
çatacağını, adlı-sanlı adam
olacağını ona təlqin edirdi. Bir sözlə, Ceyran xanım oğlunu alim və
siyasətçi kimi də yetişdirirdi. Ana Ağa Məhəmmədə elmin, savadın insan həyatındakı
oynadığı böyük roldan danışır və
Nadir şah Əfşarı tez-tez misal çəkirdi. Deyirdi
ki, Nadir şahın həddindən artıq var-dövləti,
sərvəti olsa da, özü dünyaya yiyəlik etsə də,
elmsiz və savadsız idi. Ona görə də o, dünyadan
köçəndən sonra övladlarından heç biri
atalarının çatdığı mənsəbə və
şöhrətə çata bilmədi. Əgər Nadir
şah oxumuş adam və görkəmli siyasətçi
olsaydı, şahlığını da axıra qədər
saxlaya bilər və etibar elədiyi adamlar tərəfindən
öldürülməzdi, uzun müddət şah olar və
hakimiyyət də başqasına yox, İran
övladlarına keçərdi. Anasının bu cür ibrətli
sözlərini, məsəllərini, öyüd-nəsihətlərini
Ağa Məhəmməd bir-bir yaddaş dəftərçəsinə
yazır, həmişəlik hafizəsində
saxlayırdı. Ceyran xanım onu həm də qənaətlə
yaşamağı öyrətmiş, başa
salmışdı ki, var-dövlət, pul, sərvət
qüvvət və qüdrət mənbəyidir. Şah
mütləq dövlətli, varlı-karlı olmalıdır.
Və bu müdrik kəlamları
ilə ana oğlunu gələcəkdə şah olmaq
üçün yetişdirirdi. Ağa Məhəmmədin
anası haqqında sonralar dediyi bir fikrini də xatırlatmaq
yerinə düşər: özümdə olan bütün
yaxşı keyfiyyətləri anamdan öyrənmişəm.
Ağa Məhəmmədin on-on iki yaşı olanda həyat
təcrübəsi, öyrənmək, döyüş vərdişi
qazanmaq üçün Ceyran xanım onu atası ilə hərbi
səfərlərə çıxmağa həvəsləndirirdi.
Kiçik Ağa Məhəmməd anasının
xeyir-duası və atasının
başçılığı ilə döyüş
meydanlarına çıxır, əksər hallarda da Məhəmmədhəsən
xan qoşununun öndə gedən hissəsinin
başçılığını oğluna
tapşırırdı. Ağa Məhəmməd də
bütün tapşırıqların öhdəsindən
bacarıqla gəlirdi. Kərim xan Zəndlə, Azad şah Əfşarla,
yerli hakimlərlə də demək olar ki, o dövrdə
İranda gedən bütün döyüşlərdə
iştirak etmişdi. 1757-ci ildə Ağa Məhəmməd
on beş yaşındaykən atasının Şuşa
qalasına hücumunda da fəallıq göstərmişdi.
Ceyran xanım özü də gözəl at
çapır, tüfəng oynadır, çaparaq hədəfi
sərrast nişan alırdı. O, el arasında yaxşı
bir süvari kimi tanınırdı. Məhəmmədhəsən
xanın vəfalı arvadı heç vaxt ərini
döyüşlərdə tək buraxmır, daim onunla
çiyin-çiyinə olurdu. Dinc vaxtlarda isə əl-ələ
verərək həm Astrabadı, həm də Türkmənistan
çöllərində öz tayfasının işlərini
birlikdə idarə edirdilər.
Ceyran xanımın qocaqlığının səsi-sorağı
hər yana yayılmışdı. Belə deyirlər ki, bir dəfə
Məhəmmədhəsən xan Türkmənistanda səfərdə
olarkən Astrabad hakimi onun xanımını əsir almaq istəyir.
Lakin bundan duyuq düşən Ceyran xanım bu namərdin əlindən
qurtulmaq üçün ərinin yanına getmək fikrinə
düşür. O, südəmər körpəsi Ağa Məhəmmədi
şalla kürəyinə sarıyaraq silahlanır və
atına süvar olub, karvanla yola düşür. Lakin Astrabad
hakimi beş atlı göndərir ki, Ceyran xanım səhraya
çatmamış onu tutsunlar. Tanınmasınlar deyə
atlılar türkmən paltarı geyinib və üzlərin
bürüyürlər. Onlar yarı yolda Ceyran xanımı
haqlayırlar. Bunu görən carvadarlar və xidmətçilər
qaçırlar, ancaq bu cəsur qadın yerindən tərpənmir
və düşmənlərinin dərsini vermək qərarına
gəlir. Belinə bağladığı tapancasını cəld
çıxarıb, onları nişan alır. Dalbadal
açılan güllələr basqınçılardan
ikisini atdan yerə salır. Aynalı tüfəngi ilə o
birilərini nişan almaq istəyərkən hər
üçü "asta qaçan namərddir" - deyə
dabanlarına tüpürüb, aradan çıxır. Ceyran
xanım körpəsi ilə sağ-salamat Məhəmmədhəsən
xanın yanına gəlir...
Nadir şah öldürüləndən sonra təzə
hökmdar Adil şahın sifarişilə və Ceyran
xanımın təkidi ilə Məhəmmədhəsən
xan Qacar Türkmənistandan yenə də Astrabada
qayıtdı və düşmənləri ilə
ağır döyüşlər aparmağa başladı. O,
döyüşlərə yollanarkən tayfanı idarə etməyi
yenə də Ceyran xanıma tapşırdı. Məhəmmədhəsən
xan həmişə səfərə gedərkən
arvadına deyirdi ki, əgər onun başına bir iş gəlsə,
tayfaya özü başçılıq etsin və gələcəkdə
isə estafeti Ağa Məhəmmədə versin.
Yuxarıda dediyimiz kimi, Ceyran xanım da əri ilə
birlikdə tez-tez döyüş meydanlarında olur, öz məharəti
və qəhrəmanlığı ilə
çoxlarını heyran qoyurdu. 1758-ci ildə o, Məhəmmədhəsən
xanın Şeyx Əli xan Zənddlə son
döyüşündə də iştirak elədi. Lakin Qacar
xanının bağışlanılmaz səhvi məğlubiyyətlə
nəticələndi və o, faciəli surətdə həlak
oldu. Ceyran xanım və Ağa Məhəmməd əsir
götürüldü. Şeyxəli xan Ağa Məhəmmədi
öldürmək istəyərkən Ceyran xanım
yalvar-yaxarla oğlunu ölümdən qurtardı.
Düzdür, Şeyxəli xan
"rəhmə gəlib" Ağa Məhəmmədi qətlə
yetirmədi, ancaq onu işgəncə ilə axtaladı və
ana-bala hər ikisini əsirlikdən buraxdı. Bu dəhşətli
hadisəni gözləri ilə görən Ceyran xanım gələcəkdə
Zəndiyyə sülaləsindən bir nəfəri, hətta
uşaqları belə, sağ qoymayacağını oğluna
Qurana və qılınca and içdirdi. Ağa Məhəmməd
də şahlığa çatandan sonra anasının
sözlərinə əməl edərək Kərim xan Zəndin
bütün nəslini kəsdi.
1761-ci ildə Kərim xan Zənd Ağa Məhəmmədi
və onun qardaşlarını əsir götürdü. Ərinin
ölümü və uşaqlarının yenidən girov
alınması Ceyran xanıma çox pis təsir göstərdi,
onu üzüb, əldən saldı, şəkər xəstəliyinə
mübtəla elədi. Lakin ağır xəstəliyə
düçar olmasına baxmayaraq, o, Astrabad hakimliyini ələ
keçirməyə səy göstərirdi. Bunu eşidən
Kərim xan Zənd Ceyran xanıma xəbər göndərdi
ki, əgər bu niyyətindən əl çəkməsə,
oğlu Ağa Məhəmmədin başını kəsəcək.
Övlad məhəbbəti, əlbəttə ki, anaya
üstün gəldi və o, bir az sakitləşdi. Kərim
xanın məqsədi isə çox ciddi bir təhlükəyə
çevrilmiş Ceyran
xanımı və ailəsini Astrabaddan uzaqlaşdırıb,
ölkənin mərkəzi əyalətlərindən birinə
köçürmək idi. Ona görə də o,
anasını və digər ailə üzvlərini Şiraza
gətirmək üçün Ağa Məhəmmədi
Astrabada göndərdi. Ağa Məhəmməd mənzilə
gəlib çatanda anası Ceyran xanımın iki gün əvvəl
vəfat etdiyindən xəbər tutdu. Amma oğlanları
analarını hələ dəfn eləməmişdilər,
böyük qardaşları Ağa Məhəmmədin gəlib-çıxmasını
gözləyirdilər. Nəhayət, qardaşlar
analarını harda torpağa tapşırmaq barədə
Ağa Məhəmmədin rəyini soruşdular. Böyük
qardaş analarının ən müqəddəs bir yerdə
- İranın Nəcəf şəhərində dəfn etməyi
məsləhət gördü. Ancaq qan düşmənləri,
xüsusilə, Astrabad hakimi Məhəmməd xan Qacar Qovanlu
bu işə mane oldu və bildirdi ki, cənazəni İraqa
aparmağa icazə verməyə onun səlahiyyəti
çatmır, buna ancaq şahın özü icazə verməlidir.
Əlacları kəsilən qacar qardaşları
analarını burda əmanət kimi basdırdılar və
münasib məqam yetişəndə Ceyran xanımın cəsədini
aparıb, Qumda, ya da Məşhəddə dəfn etməyi qərara
aldılar.
Qacarların tarixində
ilk qadın hökmdar olmuş Ceyran xanım Qacar Qovanlu
ömrünü belə başa vurdu. O öz
tayfalarının həyatında olduqca böyük rol
oynamış, ağıllı məsləhət və təklifləri
ilə onların inkişafına, tərəqqisinə,
yaşamasına böyük təkan vermişdi. Bu sülalə
haqqında yazan dünya tarixçilərinin bəzilərinin
fikrincə, əgər Ceyran xanım olmasaydı, əri Məhəmmədhəsən
xan İran tarixində özünə yüksək mövqe
qazana bilməz- və Azərbaycan xalqının qəhrəman
oğlu Ağa Məhəmməd şah Qacar da şahlıq
zirvəsinə ucalmazdı.
Vasif QULİYEV
525-ci qəzet .- 2025.- 16 avqust (№145).- S.17.