Şabranda Qulu Ağsəsə
həsr olunmuş poeziya axşamı
Bu günlərdə Azərbaycan Yazıçılar
Birliyi, Rəssamlar İttifaqı və Bəstəkarlar
İttifaqının üzvləri üçün fəaliyyət
göstərən "Şabran" İstirahət Kompleksində
şair, publisist, "Ulduz" jurnalının baş redaktoru
Qulu Ağsəsin yaradıcılığına həsr
olunmuş poeziya axşamı keçirilib.
Tanınmış aktrisa Simuzər Ağakişiyeva və
rəhbəri olduğu "SAY Production" tərəfindən
hazırlanmış tədbirdə şairin qələm
dostları, istirahət kompleksinin qonaqları və gənclər
iştirak ediblər.
Gecədə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin tələbə və
məzunları - Kənan Hüseynov, Murad Hacızadə,
Hüseyn Rzayev, Zəhra Əliyeva, Fəxri Ələsgərli,
həmçinin, Azərbaycan Milli Konservatoriyasının tələbəsi
Şəkurə Rəhimli iştirak edərək şairin
yaradıcılığından şeirlər, sözlərinə
yazılmış mahnılar səsləndiriblər.
Tədbirin əlamətdar hadisələrindən biri
də balaca ədəbiyyatsevər İpək Məcidin
iştirak olub. Belə ki, İpək Məcid Qulu Ağsəsin
ona həsr etdiyi "İpək" şeirini səsləndirib,
gənc incəsənət nümayəndələri də həmin
şeirə bəstələnmiş mahnını ifa ediblər.
Sonda Qulu Ağsəs qısa zamanda yüksək
peşəkarlıqla hazırlanmış tədbirə
görə təşkilatçı Simuzər
Ağakişiyevaya və gənclərə öz təşəkkürünü
bildirib.
Simuzər Ağakişiyeva bu cür tədbirlərin
gələcəkdə də müxtəlif zonalarda, fərqli
istirahət məkanlarında keçirilməsinin vacibliyini
vurğulayıb, yaxın zamanda bir layihə şəklində
ədəbiyyat, poeziyasevərlərə təqdim etmək
arzusunu dilə gətirib.
525-ci qəzet .- 2025.- 16avqust (№145).- S.16.