İğdırda Azərbaycan-Türkiyə Gənclər
Teatrı yaradılıb
Türkiyədə Azərbaycanəsilli insanların
da çox yaşadığı İğdır şəhərində
“Bir millət iki dövlət” Azərbaycan-Türkiyə Gənclər
Teatrı yaradılıb. Teatr artıq bir neçə ildir
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi
tərəfindən iki ölkə arasında mədəni əlaqələrin
genişləndirilməsi, milli mədəniyyətimizin, eləcə
də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın
dövlətçiliyi, Azərbaycan-Türkiyə münasibətləri
və Türk dünyasının birliyi üçün
göstərdiyi müstəsna xidmətlərinin geniş təbliği
məqsədilə həyata keçirilən layihələr əsasında
ərsəyə gəlib.
AZƏRTAC xəbər verir ki, İğdır
Valiliyinin də dəstək göstərdiyi layihə çərçivəsində
məşqlər və tamaşalar üçün şəhərin
100-cü il Kitabxanası, Şəhər Mədəniyyət
Sarayında müvafiq yer ayrılıb.
Teatra rəhbərlik, bu istiqamətdə mühüm
təcrübəyə malik, Naxçıvan Dövlət
Universitetinin incəsənət fakültəsinin teatr və mədəniyyətşünaslıq
üzrə baş müəllimi, Azərbaycanın Əməkdar
artisti, rejissor Tofiq Seyidova həvalə edilib.
Artıq gənc aktyorların seçimləri
aparılıb, məşqlərin keçirilməsi və
tamaşaların hazırlanması prosesinə
başlanılıb. Teatrın repertuarına Azərbaycan-Türkiyə
qardaşlığı, ortaq dəyərlərimiz, tariximiz,
habelə hər iki ölkənin
yazıçılarının bu istiqamətdə əsərlərinə
geniş yer verəcək.
Gələcəkdə teatrın İğdırla
yanaşı, Türkiyənin fərqli bölgələrində
milli mədəniyyətimizi təbliği nəzərdə
tutulur.
525-ci qəzet .- 2025.- 16 avqust (№145).- S.16.