Yarımçıq qalan hər şeyin estetikası
esse
Günün sonunda masamızın üstündə
qalan qeydlər, cavablandırılmamış bir neçə
e-məktub, təxirə salınmış görüşlər,
oxuyub bitirmədiyimiz bir kitab və ya sadəcə təmizlənməyi
gözləyən bir otaq bizə hiyləgərcəsinə göz
vurur. Çünki bunların hər biri bizə görünməyən,
lakin hiss edilən yük kimi geri qayıdır.
Yarımçıq qalan işlər yalnız
vaxtımızı deyil, eyni zamanda zehni
rahatlığımızı da əlimizdən alır.
Bəzən çox sadə görünən bir
işi ertələyirik: "Sabah edərəm",
"İndi vaxtım yoxdur", "Bir az sonra
başlayaram". Amma bu cümlələr bir
ömürlük vərdişə çevrildikcə,
gündəlik həyatımızda qeyri-müəyyənlik və
narahatlıq hissi artır. Beynimiz bu işləri "bitməyən..."
kimi qeydə alır və davamlı olaraq bizə onları
xatırladır. Nəticədə, istirahət etməyə
çalışsaq belə, içimizdə bir yer heç
cür sakit durmur.
Psixoloqlar bu vəziyyəti "Zeigarnik effekt"i ilə
izah edirlər. Bu effektə görə, insan beyni
tamamlanmamış tapşırıqları tamamlananlardan daha
yaxşı xatırlayır. Yəni siz bir işi sonuna qədər
yerinə yetirmədikdə, beyniniz onu
"bağlanmamış fayl" kimi açıq
saxlayır. Bu isə zamanla zehni yorğunluğa və hətta
stressə səbəb ola bilər.
İndi mən də başqa bir işi bitirmək istəmədiyim
üçün bu yazını yazmağa başladım.
Doğum haqqında şəhadətnaməm yəqin ki, mənim
axırıncı dəfə vaxtında tamamlanmış
"əsərim" idi. Amma bilirəm ki, bu vərdiş təkcə
mənə xas deyil. Kimdir günahkar? Biz niyə daima hər
şeyi yarımçıq qoyuruq? Valideynliyimiz,
özümüz, yay aylarında tətilimiz, təhsilimiz... Bəlkə
də heç biri. Elə bu sarsaq adətimizin də səbəbi
hər şeyin arxasında səssizcə gizlənən
kapitalizmdir.
Düşündüm ki, başlamaq işin
yarısıdır. Və yazmağa başladım.
Başlamaq bu qədər cəlbedici olduğu halda, əzmkarlıq
nə vaxtdan seçilmiş bir fəzilət halına gəldi?
Ətrafımızda hər gün eşitdiyimiz bir iddia var:
mükəmməllik. Tamamilə cəfəngiyatdır. Hər
kəs bu qədər mükəmməldirsə və işləri
yarımçıq qoyursa, niyə yarımçıq
qoyduqları iş mükəmməl deyil? (İndiyə qədər
yazdığım hissəni bəyənmədiyim
üçün onu yarımçıq qoymağı
düşündüm - bu isə başqa hekayədir.)
Bizim yarımçıq qoyduğumuz işləri
mükəmməl görən insanlar kimlərdir?
Bu mövzuda məni ən çox
düşündürən sual budur: bir işi
yarımçıq qoyanda insanın həvəsi
qaçır, yoxsa səbri tükənir? Əslində, ikisi
də. Bir işi bitirmək bir daha onun haqqında
düşünməmək deməkdir. Bu isə bizim öz fəaliyyətlərimiz
üzərində qurduğumuz totalitar ierarxiyadır. Birdən
tamamlayıb rəfə qaldırdığınız işi
dəyişdirmək və ya düzəltmək istəsəniz
nə olacaq? Bir şeyi bitirmək heç vaxt onu tamamilə
bitirmək demək deyil.
Mesajlar, kitablar, hobbilər, təhsil, seriallar, filmlər,
münasibətlər, şəxsi həyatlar, sevgililər...
Bəlkə də bu şeyləri
tamamlamamağımızın - ucunu açıq
buraxmağımızın səbəbi geri qayıtmaq istəyidir.
İndi isə belə düşünək: bəlkə də
geri qayıdacağam, bəlkə yenə də istəyəcəm,
bəlkə uzaq qaldığımız vaxta rəğmən,
bunu edib-etməməyə qərar vermək üçün
özümə şans verirəm. Bu, özümə
başqası olmaq imkanı verməkdir. Və bir daha heç
vaxt kimsə olmamaq fürsəti.
Tamamlaya bilmədiyim şəxsiyyətimi və həyatımı
bəyənmirəm və özümü dəyişdirmək
ümidi ilə bütün işləri yarımçıq
qoyuram. Hər dəfə yenidən başlamaq
üçün.
Bəs başlanan və sonra yarımçıq qalan
söhbətlərin mahiyyəti nədir?
Qarşımızdakının əhəmiyyətini həmsöhbət
seçəcəyimiz qədər yüksəltmişiksə,
onun birdən-birə bu qədər laqeyd olduğu qənaətinə
necə gələ bilərik? Mən də sualı bu şəkildə
verməyi vacib hesab edirəm: Hansı daha çox məna kəsb
edir - yarımçıq qalanlar, yoxsa özünü ifadə
etməyə saatlar sərf edənlər?
Müvəffəqiyyəti və ya kimliyi
davamlılıqla, hər şeyi yüksək səviyyədə
bacarmaq ilə eyniləşdirməmək vacibdir. Hər
şeyin sonu olmamalıdır. Diplom almamaq heç kimi cahil etmədiyi
kimi, onu alanın da alim olmadığı aydındır.
Sevgilərin ən ehtiraslısının sonsuza qədər
yaşamadığını, olmaq istədiyin insan
olmamağı bəhanə edərək bir hobbidən imtina
etdiyini özünə etiraf etməlisən. Və ya
hazırkı işində uğurlu ola bilməyəcəyini
düşünüb çıxmaq, ya da kiminsə
mesajına cavab verməmək lüksünə sahib olmaq sənin
özünü daim polis idarəsində hiss etməyinə səbəb
olmamalıdır. Heç kimin yox deyə bilməyəcəyi
bir dünyada sakitcə öz qabığına çəkilmək
heç kimə zərər vermir. İngilislər demişkən:
"Relax!"
Beləliklə, gəlin bir də bizdən mükəmməllik
tələb edən yerə - sistemə baxaq.
Bir elementi olduğumuz sistem müvəffəqiyyət
fabriki kimi işləyir. Hər bir fərd bir məhsuldur, hər
məhsulun istifadə müddəti, bir məqsədi var. Kifayət
qədər tez oyan, kifayət qədər istehsal et, kifayət
qədər istehlak et. Ancaq heç vaxt razı qalma. Sistem
dayanmadan bunları əmr edir. Çünki sizi davamlı
olaraq natamam hiss etdirərək sağ qalır. Hər dəfə
"bitirdim", "bacardım" deyəndə, o sizi daha
yaxşı bir şeylə müqayisə edir. Bitirdiyiniz hər
şey növbəti tapşırığın ön
sözünə çevrilir. Buna görə sistem heç
vaxt bir şeyi həqiqətən tamamlamağa imkan vermir.
Çünki tamamlanan şey satıla bilməz və ən əsası
rəqabəti bitirər.
Görürsünüz? Kapitalizm isti havada
içdiyimiz ilıq sudur.
Mövcud qlobal sistem sizi bir layihəyə çevirir.
Sizdən hər gününüzü "məhsuldar"
keçirmək, hər hobbinizi bacarığa, hər fikri məzmuna
çevirmək gözlənilir. Həyatınızın
bazardakı piştaxta olmasını ümid edirlər.
Yarımçıq qoyduğunuz şeylər sistemdə xarab
olmuş mallar kimi qəbul edilir. Ancaq bəlkə də ən
saf mənliyiniz elə buradadır. Bitməyən, aram,
yarışmayan... Çünki sistem sadəcə tez bitirənləri,
xaosun içində özünü itirənləri
mükafatlandırır. Çox vaxt bizlər hara getdiklərini
bilməyən sürətli yarış atlarının yerinə
qoyuluruq. Hər kəs bir yerə çatmaq üçün
yarışır, amma heç kim həqiqətən
dayanıb nəfəs almır. Bunun əvəzinə nəfəs
aldığını gördükləri adama qarşı qəzəb
yaranır. Güzgü qəzəbidir bu.
Özünüzü başqasında görməyin qəzəbi.
İçərisində olduğumuz sistem sizi muxtariyyətdən
məhrum bir şeyə çevirməyə
çalışır: vaxtında işləyən,
planlaşdırılmış məzuniyyətə
çıxan, heç vaxt sual verməyən, hər şeyi
bilən, ancaq heç nə ilə maraqlanmayan adamlar cəmiyyəti.
O, hər şeyi düzəldir, sonra sizi sadəcə bir CV dəyərinə
endirir. Deyirlər, "bitirin ki, nümayiş etdirək",
"göstərin ki, işləsin". Bununla belə,
nümayiş etdirməyə dəyməyən, heç kimə
sübut olunmayan şeylər var. Sükutun, istefanın,
natamamlığın da öz estetikası var.
Yarımçıq işi qüsur hesab edən sistem sizi
bitmiş və satıla bilən etmək istəyir. Siz
bütöv olmaq məcburiyyətində deyilsiniz.
Yarımçıq olmaqdan qorxmayaraq, ən gözəl yerinə
yetirilməni yaşaya bilərsiniz. Cəmiyyətin məzmunsuz
totalitarlığını sındırıb, baş rolda
özünüzü dəyərləndirə bilərsiniz.
İşləri yarımçıq qoymaq problem və
ya cinayət deyil. 50 yaşında dənizi ilk dəfə
görən valideynlər və onların uşaqları
üçün heç deyil. İstər buna anarxizm de, istərsə
də üsyan. Amma tənbəllik haqqımızın əlimizdən
alınması daha böyük "cinayət" hesab edilməlidir.
Bu, yarımçıq işi başa çatdırmaq
üçün çağırış deyil,
yarımçıq işin özünəməxsus şəkildə
bir bütöv olduğunun sübutudur: və bu yazının
da.
Rəvan
525-ci qəzet .- 2025.- 16 avqust (№145).- S.16.