Ustadsız həyatın
anlamı olmaz
Ustadım professor Qəzənfər
Paşayevə
Hər bir insanın ömrünə
naxışdır ustad. Ustad gənclərə doğru yol
göstərən, uğur güzərgahını
işıqlandıran çıraqbandır. Ustadsız nə
əsl elm, nə alim, nə tələbə, nə də
şagird var. Heç şübhəsiz, Ustad adının
arxasında "pedaqoq", "müəllim",
"ziyalı", "aydın" kəlmələri yer
alır. Dünyaya gələn körpənin ustadı
ana-atası, müəllimi, övladının xoşbəxt
gələcəyi naminə gah valideyn, gah pedaqoq, gah sirdaş,
gah tay-tuş, gah da ustad statusunda bütün
bilik-bacarığını, imkanlarını bir istiqamətə
yönləndirən şəxsdir ki, bütün bunlar bir məcrada
birləşən ustad adında özünü ehtiva edir.
Günümüzün belə nadidə şəxsiyyətlərindən
biri də zəngin yaradıcılığı ilə fəaliyyətini
ara vermədən, yorulmadan, usanmadan davam etdirən Əməkdar elm xadimi,
folklorşünas alim, yazıçı, publisist, tərcüməçi,
filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayevdir.
1982-ci ildə bir mübarək gündə
şair-alimimiz, professor Mustafa İsgəndərzadənin xanəgahında
tanıdım Məhəmmədoğlu Qəzənfər
Paşayevi. Xalq şairimiz Nəriman Həsənzadə, Həmid
Abbas və el şairi Əli Qurbanov da məclisə dəvət
edilmişdilər. O günün qədəmi uğurlu gəldi
ki, Qəzənfər müəllimlə bu gün də əlaqələrimiz
davam etməkdədir. Düz 44 ildir necə gördümsə,
elə də qalmaqdadır - xoş xasiyyəti, həlim təbiəti,
rəftarı, etikanı, ədəb-ərkanı gözləyən
iffətli-nurlu şəxsiyyəti ilə. Bu münasibətimizin
sayəsində canlı ensiklopediya, müdrik şəxsiyyət
olan Qəzənfər Paşayevi özüm üçün
kəşf etdim. Dediyi kəlamlar ürəyimə
yazıldı, doğru məsləhətləri ilə elmin
zirvəsinə yön almaqda məni istiqamətləndirdi.
Doktorluq və professorluq elmi adı alanda elmi rəyini inanaraq təqdim
etdi elmi şuraya - akademik Firudin Köçərli, Azad Nəbiyev,
professorlar Babək Qurbanov, Maarifə Hacıyeva və
Gülnaz Abdullazadə kimi. Bu ustadların xeyir-duası sayəsində
qardaş Türkiyədə olduğum 25 il ərzində 35
beynəlxalq konqreslərə dəvət aldım, 200-dən
artıq elmi məqaləm mətbuat səhifələrində
yayımlandı, Türkiyə və Azərbaycanda musiqi mədəniyyətimizə
həsr olunmuş 74 kitab və monoqrafiyam işıq
üzü gördü. "Azərbaycan xalq
mahnıları" kitabımı möhtərəm
ustadım Qəzənfər Paşayevə həsr etməklə
mənəvi borcumu verməyə çalışdım.
Etiraf etməliyəm ki, Azərbaycan milli musiqi mədəniyyətimizi
uğurla təmsil etməyim Qəzənfər Paşayev kimi
müqtədir ustadımın məni yönləndirməsiylə
gerçəkləşdi. Bu illər ərzində bir
çox uğurlar qazandım, 19 il aradan sonra yabançı
kimi ilk dəfə Türk xalq musiqisinə xidmət
mükafatını (2015) aldım. İki ölkədən
professorluq ünvanını almağım Qəzənfər
ustadımın xoşməramlı məsləhətləri
sayəsində gerçəkləşdi.
Qısaca xarakterizə etsək, Qəzənfər
müəllim bu gün Azərbaycan elminin, Azərbaycan
ziyalılığının layiqli, ləyaqətli
davamçılarından biridir. Heç şübhəsiz,
bir zamanlar Qəzənfər müəllimin də ustadları
olub. O, ustadlarının -
akademik Məmmədağa Şirəliyev, Xalq şairi Rəsul
Rza, Abbas Zamanov - xeyir-duası və inamı ilə,
özünün məhsuldar çalışmaları sayəsində
Azərbaycan ziyalılığının zirvəsinə
yüksəlib - 1000-dən artıq elmi-publisistik məqalə,
tədqiqat əsərləri, 100-dən artıq monoqrafiya,
kitablar və s.
Bir xatirəmi sizinlə bölüşmək istəyirəm.
2000-ci il idi. Bacım qızı Nurlana İngilis dili fakültəsinə
qəbul olunmuşdu. Bir gün Nurlana ilə yolumuz təsadüfən
Qəzənfər müəllimin ofisindən
düşdü. Nurlananın İngilis dili fakültəsini
qazandığnı eşidəndə Qəzənfər
müəllim onu imtahan etmək qərarına gəldi.
İngilis dilində bir neçə suala Nurlana doğru cavab
verəndə sevinərək bir ustad kimi xeyir-duası ilə
bizi müjdələdi. Bu xeyir-dua sayəsində Nurlana
fakültənin "sinifkomu" - tələbə təmsilçisi
olaraq ali məktəbi fərqlənmə diplomu ilə bitirdi.
Uzun illər keçməsinə rəğmən, Qəzənfər
müəllimin verdiyi ustad xeyir-duası, öyüd-nəsihəti
sayəsində Nurlana "sinifkomluq" fəaliyyətini bu
gün də qədim Gəncə məkanında
çalışdığı dövlət qurumunda, işi,
əməli, fəaliyyəti, ciddiyyəti ilə
doğrultmaqdadır.
(Sağdan sola) Prof.Dr. Babək Qurbanov, Prof.Dr. Qəzənfər
Paşayev, Prof.Dr. İlqar İmamverdiyev Bakı, Fəvvarələr
bağı, 2007.
Təbii ki, ustad hər kəsə xeyir-dua verməz.
Xeyir-duanı almağı haqq etmək lazımdır. Hər
kəsin ustaddan xeyir-dua alması müşkül məsələdir.
Bunun üçün yorulmadan, mütəmadi
çalışmaq əzmi, geniş tədqiqat və
mütaliə gərəkdir. Ustadın verdiyi xeyir-duanı
imzasıyla doğruldan neçə-neçə elm adamı
məhz Qəzənfər bəyin diqqəti və
qayğısı sayəsində Azərbaycan elmində xidmətləri
ilə məşhur olan alimlər kimi uğurlu fəaliyyətlər
göstərməkdədirlər.
Sovetlər Birliyinin çökməsindən bir
neçə il öncə - 1988-ci il oktyabrın 23-də
A.M.Şərifzafə adına Aktyor evində ustad Mikayıl
Azaflı ilə videoçəkilişli tədbirin təşəbbüskarı,
bu möhtəşəm gecənin təşkilatçısı
ustad Qəzənfər Paşayevin sayəsində tədbir
bütün Azərbaycana səs saldı. Həmin gün
unudulmaz bir xatirə kimi ömrümə yazıldı.
Çünki açılış musiqisi olan "Azaflı
himni"ni mənim ifa etməyimi ustad Mikayıl Azaflı ilə
ustad Qəzənfər Paşayev məsləhət
bilmişdilər.
O dönəmdə Qəzənfər bəyin möhtəşəm
tədqiqat əsəri olan "Altı il Dəclə-Fərat
sahillərində" kitabı Azərbaycan oxucularına təqdim
edilmişdi. Azərbaycan oxucusu İraq Türkmənlərinin
mədəniyyəti, folkloru, şifahi xalq ədəbiyatı
nümunələri, xalq musiqisi, örf-adəti, məişəti,
ictimai-sosial yaşam tərzi ilə məhz bu kitabı
mütaliə edərək yaxından tanış oldu. Azərbaycan-Kərkük
mədəni əlaqələrinin yaranmasına və möhkəmlənməsinə
öndərlik edən, çoxsaylı tədbirlərin
keçirilməsi ilə bu nəcib işə
canı-könüldən xidmət göstərən ustad Qəzənfər
Paşayevin bu illər ərzində İraq-türkmən mədəniyyəti
ilə bağlı 20-dən artıq kitabı ("Nəsiminin
İraq Divanı", "Nəsimi haqda
araşdırmalar", "Kərkük folkloru
antologiyası", "Arzu-Qəmbər dastanı",
"Kərkük mahnıları", "İraq-Kərkük
atalar sözləri", "Kərkük
bayatıları", "İraq-Kərkük
bayatıları", "Kərkük tapmacaları",
"İraq-Türkman folkloru", "Kərkük dialektinin
fonetikası", "İraq-Türkman folklorunun janrlar
sistemi", "Kərkük folklorunun janrları",
"İraq-Türkman ləhcəsi", "Kərkük
sevdalısı" və s.) ərsəyə gəlib. Bu
xoşməramlı xidmətlərindən dolayı o, həm
Azərbaycanda, həm də İraqda bir çox mükafatlara
layiq görülüb. Bu baxımdan Qəzənfər müəllimi
İraq-Azərbaycan mədəni-ədəbi əlaqələrinin
öndəri, barış elçisi hesab edirəm. Yeri gəlmişkən,
iraqlı alim Mustafa Ziya çıxışlarının
birində Qəzənfər müəllimi "İrak
Türkmənlərinin mədəniyyət səfiri"
adlandırıb. Akademik Yaşar Qarayev isə bir zamanlar Qəzənfər
ustadımız haqda gözəl bir təsbitdə
bulunmuşdu: "Bizim nəsil üçün İraq
Füzulidən, Füzuli Kərbəladan
başladığı kimi, Kərkük də Qəzənfər
Paşayevdən başlayır". Qəzənfər
Paşayev öz yaradıcılığı ilə
bütün Türk Dünyası üçün çox dəyərli
bir şəxsiyyətdir.
Qəzənfər bəyin ustadlığı təkcə
onun fərqli illərdə yayımlanan neçə-neçə
fundamental əsərlərində görünmür,
ustadımızın əhatəli və çoxşaxəli
yaradıcılığı bir çox elm sahələrini əhatə
edir. Bu münasibətlə 2022-ci ilin bir payız günü
Qaziantep Konservatoriyasında magistr tələbələrimin
qarşısında Qəzənfər Paşayevin özü
və geniş yaradıcılığı mövzusunda
xüsusi bir seminarla çıxış edərək
ustadımızı gənc musiqiçilərimizə
tanıtmış oldum. Fəxarətlə deyə bilərəm
ki, Qəzənfər bəyin adı gələn elm aləmində
hər kəs ona böyük hörmət və ehtiramla
yanaşır. Məcazi anlamda Qəzənfər bəy
ustadlıq adlı günəşin təmsilçisi,
artıq tanınmış elm xadimləri olan vəfalı tələbələri
isə onun pərvanələridir. Ustadın
ustadlığı onun yetirdiyi elm xadimləri ilə dəyərləndirilir.
Qəzənfər bəy hər birimiz üçün ədəb-ərkan
örnəyi olmaqla yanaşı, həm də müdrikanə-fəlsəfi
fikirlər qaynağıdır. O, rəftarı ilə mənim
nəzərimdə bir munislik mücəssəməsidir. Mən
onun kiçiklərlə kiçik, böyük şəxsiyyətlərlə
ünsiyyətdə isə müdrik Qəzənfər
Paşayev olduğunu daima müşahidə etmişəm.
"Ağac bar gətirəndə başını
aşağı dikər" kimi müdrik bir atalar
sözü var. Mənim təsbitimə görə, təvazökarlıq
edərək özünü kiçildib dəyər verdiyi
şəxsi yüksək qiymətləndirmək əsilzadə
insanlara xas olan ustadlıq nişanəsidir. Geniş məfkurəyə,
intəhasız qəlbə sahib insanlar öz
ustadlıqlarını həm də bu yönləri ilə də
göstəriblər hər zaman. Qəzənfər bəyi bu
nöqteyi-nəzərdən də dəyərləndirdiyimizdə
onun bir məqaləsində ustadlıq keyfiyyətini
görürük. Qəzənfər ustadımızın
"Kredo" qəzetinin 16 avqust 2014-cü il tarixli 33-cü
(788) sayında Osman Sarıvəllioğlu Babək Qurbanovun 75
illik yubileyi münasibətilə yazdığı məqalənin
başlığı mənə bir vaxt Dədə Şəmşirin
özündən 35 yaş kiçik olan Cəmil Əkbərə
ünvanladığı bir şeirdə işlətdiyi bir
ifadəni xatırlatdı.
Şəmşirin söhbəti-sözü səndədi,
Qəlbi məhəbbəti, özü səndədi,
Əllisi məndəsə, yüzü səndədi,
Çiçəklənən solmaz bağdı
ürəyin
- deyən Dədə Şəmşir kimi ustad
aşıq özünü kiçildərək əlli rəqəmi
ilə kifayətlənir, Cəmil Əkbəri isə yüz
rəqəmi ilə mükafatlandırırdı. Bu, əslində
ustadlığın təcəllisinin pik nöqtəsidir. Qəzənfər
müəllimin Babək Qurbanova yazdığı yazıya
verdiyi "Babəksən, güclüsən, qüdrətlisən"
başlığı da, məncə, Dədə Şəmşirin
qeyd etdiyimiz misrası ilə fikir baxımından dəng gəlir.
Tələbəlik illərinin filosof-estetikçi
musiqişünas-bəstəkar dostunu bu kəlmələrlə
ucaltmaqla əslində özünün
ustadlığını, alicənablığını
göstərir. Ustadlığa layiq insanlar hər zaman bu
müstəvidə yer almaqdadır mənim könül
xanimanımda. Sənət adamlarına, elm xadimlərimizə
dəyər verən əsl ziyalılarımız
özünü kiçildib qarşıdakını
böyütməklə əslində öz
ustadlıqlarını nümayiş etdirmiş olurlar. Bu cəhət
Qəzənfər Paşayevə çox yaraşır.
Qəzənfər müəllim diqqətcil, səmimi,
təvazökar, vicdanlı, ləyaqətli, ədalətli,
dürüst, xeyirxah insan, sədaqətli dost, müdrik el
ağsaqqalı, gözəl ailə başçısı, vətənsevər
alimdir, ustadımızdır. Hesab edirəm ki, bu nəcib
keyfiyyətləri özündə birləşdirən Qəzənfər
bəyə "Dədə" titulunu da ərmağan etməyin
vaxtı çoxdan çatıb. Bu yazımda fürsətdən
istifadə edərək Qəzənfər bəyi "Ustad Qəzənfər"
adından daha yüksək mərtəbəyə ucaldaraq
"Dədə Qəzənfər" adı ilə
mükafatlandırıram. Qəzənfər bəy
günümüzün ustadı olduğu kimi, həm də
insanlıq elminin "Dədə"sidir. Zəngin
yaradıcılığı, xasiyyəti və xarakteri, rəftarı,
əxlaqı ilə bu ilahi dəyərlərin bir kəlmə
ilə məcmusudur, simvoludur "Dədə" termini
adı altında. Bu şərəfli ad Dədə Qəzənfərə
çox yaraşır. Xeyirli, uğurlu, mübarək olsun
ustadım, Dədəm Qəzənfər! Zehniniz
açıq, yazıb-yaradan əlləriniz var olsun! 27 avqustda
tamam olacaq yeni yaşınızı ürəkdən təbrik
edərim. Cansağlığı, yaradıcılıq
uğurları arzulayaraq Türk təbiri ilə deyirəm:
"Xeyirlərə vəsilə olsun, Tanrım sizi
qorusun!"
İlqar İMAMVERDİYEV
Sənətşünaslıq elmləri doktoru,
professor
525-ci qəzet .- 2025.- 16 avqust (№145).- S.14.