Rəssam Rafael Əsədov: "Konfet
kağızlarının üzərinə şirkət
adı yazırdıq"
"Rəssamlığı bitirmiş bir insan kimi belə
xırda işlə məşğul olmaq mənə
ağır gəlirdi"
Müsahibimiz kino və televiziya rəssamı, Əməkdar
mədəniyyət işçisi Rafael Əsədovdur. O,
"Ac həriflər", "Bala-başa bəla",
"Ötən ilin son gecəsi", "Evləri köndələn
yar", "Yaşıl eynəkli adam",
"Nigarançılıq", "Topal Teymur" kimi
televiziya tamaşalarının quruluşçu rəssamıdır.
Rafael Əsədov ilə söhbəti təqdim
edirik.
- Rafael Əsədovun yaradıcılıq hekayəsi
necə başladı?
- Uşaqların təxminən 70-80 faizi şəkil
çəkməyi sevir. Amma müəyyən yaşdan sonra hər
kəs fərqli sahələrə yönəlir: biri fizik
olur, biri ədəbiyyatçı, biri riyaziyyatçı.
Kim ki rəssamlıqdan ayrıla bilmir, zaman keçdikcə bu
sahəyə daha çox bağlanır və davam edir. Rəssam
olmaq istəyir, amma bu, hər zaman gerçəkləşmir
- sadəcə istək olaraq qala bilər. Sonrakı mərhələ
taleyin işidir: ya ali məktəbə qəbul olur, ya olmur,
ya da həvəsdən düşür. Əgər insanın
içində rəssam olmaq arzusu varsa, bu yolun sonuna qədər
gedəcək. Ən vacib olan həvəsdir. Həvəs
varsa, istər-istəməz insan hər şeyə nail olur. Bu
yolda mübarizə aparırsan, bəzən səndən daha
istedadlı insanlarla qarşılaşırsan və ruhdan
düşürsən. Amma həm həvəs, həm də
istedad varsa, bir müddət sonra yenidən davam edirsən. Bu,
marafon yarışı deyil ki, kiminləsə ötüşəsən.
Hər rəssamın öz baxışı, öz üslubu
var. Ola bilər ki, hansısa rəssam sənə xoş gəlməsin,
yaxud sən onun xoşuna gəlməyəsən. Əsas odur
ki, yaratdığın əsər əvvəlcə
özünə xoş gəlsin.
- Bəziləri sənətə maddiyyat mənbəyi
kimi yanaşır. Sizin yanaşmanız necədir?
- Rəssamlar çoxdur. Elələri var ki, yalnız
dolanışıq üçün bu yolu seçiblər, sənətini
satır, ailəsini dolandırır. Bu mənə
çatmır. Sən bu işi yaradırsansa, o, artıq sənin
özününküdür, öz balan kimidir. Onu pula
satırsansa, əlindən gedir. Hətta yaxşı qiymətə
satsan belə, bilməlisən ki, onu kimə satırsan. Mən
elə insanlara rast gəlmişəm ki, hansısa rəssamın
hədiyyə etdiyi əsəri bir küncə atıb, ya da
ailəsindən kimsə bəyənmədiyi
üçün dəyərsizləşdirib. Belə
halları görəndə adamın ürəyi
sızlayır. Axı bu, sənətkarlığın məhsuludur,
buna zəhmət çəkilib. Əsər ya muzeydə
olmalıdır, ya da sənəti dərindən bilən bir
insanda. Mən çəkdiyin işi kimə gəldi
satmağı qəbul edə bilmirəm, özüm də
heç vaxt satmamışam. Səttar Bəhlulzadə
böyük rəssam və ürəyiaçıq insan olub.
Əsərlərinin çoxunu hədiyyə edib. İndi onun
işlərini elə insanların əlində görürəm
ki, baxanda çəkilən zəhmətə heyifim gəlir.
- Sizin heyif olan hansısa əsəriniz olubmu?
- Yox, olmayıb. Amma belə bir hal olub ki, dərs
dediyim vaxt işlərimdən bir neçəsini öyrənmək
üçün tələbələrimdən birinə
vermişəm. Sonra həmin işlər geri qayıtmayıb.
Tələbə özü də harada olduğunu bilmədiyini
deyib. Bu, mənə pis təsir edir, çünki həmin əsərlər
xoşuma gəlirdi və digər tələbələrimə
də göstərə bilərdim. Amma heç öz əsərimi
kiməsə hədiyyə verməmişəm.
- Necə oldu ki, AzTV-yə gedən kimi baş rəssam
oldunuz?
- Gedən kimi olmadım. Həyata və
yaradıcılığa yeni qədəm qoyanda, hara
ilişirsənsə, ora sənin taleyini müəyyənləşdirir.
Mən AzTV-yə gedəndə ağlıma belə gətirməzdim
ki, quruluşçu rəssam olacağam. Hətta o vaxt
quruluşçu rəssamın nə olduğunu belə
bilmirdim. Əvvəllər rəssamlıq məktəbini
bitirəndən sonra ali məktəbə qəbul olunmaq
üçün iki illik staj lazım idi. Əvvəlcə bir
müddət rayonda müəllim kimi işlədim, amma
gördüm ki, bu, mənlik deyil. Şəhərə gəldim
və istehsal dizaynı ilə məşğul olmağa
başladım. Konfet kağızlarının üzərinə
xırda hərflərlə şirkətin adını
yazırdıq. Rəssamlığı bitirmiş bir insan kimi
belə xırda işlə məşğul olmaq mənə
ağır gəlirdi, əsəbləşirdim. Amma dolanmaq
lazım idi. Əslində, bu çətinliklər insana
güc verirdi, çünki bilirdim ki, buradan
çıxmalıyam. Bu vəziyyət müvəqqəti
idi. O vaxt "Ulduz" jurnalı yeni
çıxmışdı. Dostum Ədalət Əzizov orada
bədii redaktor idi. Mənə dedi ki, səni tanıyıram,
illüstrasiya edə bilərsən? Razılaşdım. Dedi
ki, əvvəlcə redaktor baxsın. O vaxt baş redaktor Yusif
Səmədoğlu idi. Çingiz Ələkbərovun
"Vulkan" əsərini hazırladım. Ədalət
işləri baş redaktora apardı, o da bəyəndi. O
vaxtdan illüstrasiya ilə məşğul olmağa
başladım. Orada iki-üç rəssam işləyirdi.
Sonralar nəşriyyatlardan da sifarişlər almağa
başladım. Ədalət həm də AzTV-də və
"Danışır Bakı" qəzetində işləyirdi.
O, mənə dedi ki, gəl burada şrift yazan rəssamlarla
işlə. Razılaşdım. Artıq bu işi az-çox
bilirdim. Bir müddət bununla məşğul oldum. Amma mənim
üçün bu, vaxt itkisi idi. Çünki başqa
işlərlə də məşğul ola bilərdim. Halbuki
6 il oturub şrift yazdım və bu illər ömrümdən
getdi. Daha sonra rejissor Rauf Kazımovski məni quruluşçu
rəssam kimi işləməyə dəvət etdi, Ramiz Mirzəyev
və Tariyel Vəliyevlə işlədim. İllər
keçdikcə püxtələşib baş rəssam səviyyəsinə
qədər yüksəldim. Mənim adım baş rəssam
idi, amma bunu heç vaxt kiməsə hiss etdirməmişəm.
Adi rəssam işlədiyim dövrlə baş rəssam
olduğum dövrü bir-birindən ayırmıram. 40 il
AzTV-də çalışdım. Bayaq dediyim kimi, insan hara
ilişirsə, taleyi də orada həll olunur. Halbuki mən
tamam başqa ümidlərlə yaşayırdım.
- Hələ də həmin ümidlərlə
yaşayırsınız?
- Hazırda rəngkarlıqla məşğulam, indiki
yaradıcılığım buna yönəlib. Yağlı
boya ilə işləməyə 50 yaşdan sonra
başladım və sənətin ləzzətini əslində
o zaman hiss etdim. Televiziya məni bağışlasın. Orada
hər hansı tamaşanın ərsəyə gəlməsi
üçün 40-45 nəfər çalışır:
ssenari müəllifi, rejissor, operator, səs rejissoru, musiqi tərtibatçısı
və başqaları. Hər kəs elə bilir ki, tamaşa
onun tamaşasıdır. Bu, müştərək işdir. Rəssam
nə edirsə etsin, tamaşa yenə də rejissorun adı ilə
bağlanır. Düzdür, orada qiymətləndirirdilər,
rejissorların çoxu yaxşı iş gördüyüm
üçün mənimlə işləyirdi. Amma nə
olsun? Həmçinin bir kitabı müəllif yazır, rəssam
isə ona illüstrasiya çəkir, amma ikinci planda
qalır. Sözsüz ki, rəssam hansı sahədədirsə,
orada öz qabiliyyətini göstərməlidir. Kitaba
illüstrasiya çəkmək üçün müəllifi
hiss etməlisən, onu başa düşməlisən. Məsələn,
mənə Məhəmməd Füzulinin kitabını təklif
edəndə imtina etdim. Çünki özümə onu rəva
bilmədim. Hamımız Füzulini sevirik, amma mən yenə
də imtina etdim. Çünki onu tam dərindən anlamaq
lazımdır. Azərbaycan ədəbiyyatında Nizami Gəncəvidən, Tağı Şahbazidən
tutmuş müasir yazıçıların əsərləri
və rus klassiklərinin əsərləri üzərində
işləmişəm - Çexov, Turgenyev, Tolstoy və
başqaları. Amma yenə də bu, müştərək
işdir. Teatrda da eyni vəziyyətdir. Bir məqamı qeyd
edim, televiziyada və teatrda rəssam dramaturgiyanı çox
vaxt daha dərindən hiss edir. Bu da yəqin ki, tək işləməkdən
irəli gəlir. Elə anlar olur ki, hansısa əsərdə
elə bir ideya verirsən ki, rejissor təəccüblənir.
Deyir, bu, ağlına necə gəldi? Hətta bəzən
qısqanclıq hissi yaranır. O vaxt kvalifikasiyanı
artırmaq üçün kurslar keçirilirdi. Orada
Rusiyanın aparıcı rejissorlarından biri mənə dedi
ki, bizdə paxıllıq hissi olur, çünki bizim
ağlımıza gəlməyən şeyləri rəssamlar
görə bilir.
- Bəs bu reallıqları nə vaxt hiss etdiniz?
- Mən bunu həmişə hiss etmişəm.
İndiki aparıcı rəssamlarla birgə oxumuşam. Bayaq
dediyim kimi, insanın düşdüyü yer onun taleyini həll
edir. Mən AzTV-yə gəldikdən sonra həmin rəssamlardan
bir müddət ayrı düşdüm, sərgilərdə
iştirak etmirdim. Hər dəfə öz-özümə
deyirdim ki, bu tamaşa bitsin, başlayacağam öz işimə.
Amma orada iş heç vaxt bitmirdi. Bir gündə üç
dekorasiya qurmaq lazım gəlirdi. Beləcə, ömür
keçdi.
- Bunu əvvəldən bilə-bilə nə
üçün bu yola davam etdiniz?
- Səhv etdim. Bilirsiniz, bəzən həyatda
seçimləri insan özü etmir, həyat məcbur edir.
Amma bu gün artıq sırf rəngkarlıqla məşğulam
və kifayət qədər işlərim var.
- AzTV-də "Ac həriflər", "Bala-
başa bəla" kimi tamaşalarda işləmisiniz. Onlar hələ
də aktuallığını itirməyən, yaxşı
işlərdir. Yəni bu tamaşalarda işləmək də
sizə təsəlli olmur, eləmi?
- Baxın, mən hətta bəzən təəssüflənirəm.
Ömrümü mənə daha yaxın olan sənət
növünə, sevdiyim rəngkarlığa həsr edə
bilərdim.
- AZTV-dən çıxandan sonra fəaliyyətinizi
harada davam etdirdiniz?
- Təqaüdə çıxan ərəfədə
Mədəniyyət və İncəsənət Universitetindən
dəvət elədilər. Hazırda tələbələrə
öz təcrübəmi öyrədirəm. Bu, mənim
üçün gözlənilməz və xoş təsadüf
oldu. Ürəyimcə sənətimi öyrədirəm və
bundan zövq alıram.
- Rafael müəllim, indi gənc nəsillə
yaşlı nəsil arasında tez-tez konflikt yaşanır. Bu
hal sizdə də olubmu?
- Şəxsən məndə olmayıb. Mən
onlardan razıyam. Belə. İndi de görüm başqa nə
deyirsən?
- Daha heç nə. Siz nəsə demək istəyirsiniz?
- Dahilərdən birinin belə bir sözü var,
insana yaşamaq üçün iki səbəb
lazımdır: yaradıcılıq və sevgi. Kim olursan ol, əgər
qəlbində sevgi yoxdursa, sən heç kimsən.
Rafael müəllim sevgidən danışdıqca bu
mövzuya həsr olunan mahnıları xatırlamağa
çalışdım. Amma nədənsə qulaqlarımda
istər-istəməz "Səadət" mahnısı səslənməyə
başladı. Nə qədər düşünsəm də,
sevgiyə aid bir mahnı da yadıma düşmədi. O an
anladım ki, bəlkə elə sevgi səadətin
özüdür.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 16 avqust (№145).- S.13.