İlyas Əfəndiyev və Elçin
Hələ orta məktəbdə oxuduğum illərdə
dərslərimdən daha çox bədii kitablar oxuyur,
mütaliədən böyük zövq alırdım. Əsərlərini ləzzətlə oxuduğum
yazıçılardan biri İlyas Əfəndiyev idi.
"Söyüdlü arx", "Körpüsalanlar" və
"Dağlar arxasında üç dost"
romanlarını sözün həqiqi mənasında su kimi
içir, birnəfəsə oxuyur, bütün o hadisələri
təsəvvürümdə canlandırır,
özümü də o hadisələrin içində,
sevdiyim qəhrəmanların arasında hiss edirdim. Teatra
uşaqlıqdan vurğun olduğumdan "Söyüdlü
arx"a sevgim, heyranlığım daha çoxdu. Sovet ideologiyasının
sifarişinə və sosrealizmin tələblərinə
uyğun olaraq sovet adamlarının yüksək mənəvi
keyfiyyətlərindən, proletar inqilabınının
xalqlara bəxş etdiyi xoşbəxt həyatdan, mənəvi
nələr-nələr gətirən hadisələrdən bəhs
edən çoxcildli romanlar sırasında İlyas Əfəndiyevin
prozası öz səmimiliyi, realizmi və təbiiliyi ilə heyrətamiz təsir
gücünə malik idi. Uşaq sadəlövhlüyü ilə
özüm özümə sual edirdim, niyə o biri yazıçılar da İlyas Əfəndiyev
kimi yazmırlar?
Teatrı böyük məhəbbətlə, ehtirasla
sevən bir yeniyetmə kimi İlyas Əfəndiyevin
dramaturgiyasından da xəbərdar idim. Onun pyesləri əsasında
qoyulan tamaşaları görməsəm də, onlar
haqqında daha çox "Kommunist" qəzetinin 4-cü səhifəsində
(o zamanlar qəzetlərin 4-cü səhifəsi maraqlı
olurdu, ona görə hamı qəzetləri 4-cü səhifədən
oxuyurdu) dərc edilən resenziyaları böyük maraqla
oxuyur, izləyirdim. "Sən həmişə mənimləsən"
pyesinin, onun əsasında Tofiq Kazımovun
hazırladığı tamaşanın uğuru mənə
oxuduğum məqalələrdən məlum idi. Məktəbi
bitirib Bakıya gələndə isə birinci işim
artıq bir ildi səhnədə
oynanan "Sən həmişə mənimləsən"
tamaşasına baxmaq oldu. Daha sonralar "Məhv olmuş
gündəliklər", nəhayət, məşhur "Unuda bilmirəm"! Bu
tamaşada Həsənağa Turabovla Amaliya Pənahovanın
aktyor məlahəti daha parlaq, daha qabarıq
görünürdü. Cənubi Azərbaycan mövzusu Azərbaycanın ana
teatrında möhtəşəm
bir səhnə ilə canlandırılırdı. Məmmədrza
Şeyxzamanovun ifasında səslənən cənub, vətən,
məcburi ayrılıq və həsrət dolu monoloq
bütün zalı titrədirdi. O dövr üçün bu
çox cəsarətli hadisə idi, həm dramaturq
üçün, həm də teatrın özü
üçün. Həmin səhnə hər dəfə
gurultulu alqışlarla qarşılanırdı. Niyə belə
inamla deyirəm, çünki o tamaşaya dəfələrlə
baxmışdım, tamaşaçı münasibətini də
dəfələrlə görmüşdüm. "Unuda bilmirəm"
tamaşası şəxsi həyatımda da böyük rol
oynadı. Çox sevdiyim qızın ailəsindən "hə"
cavabı almaq müşkülə çevrilmişdi, bir
növ əsərin qəhrəmanının problemi ilə həyatda
özüm üzləşmişdim. Məsələni elə
qurdum ki, qızın anası ilə,
yəni gələcək qayınanamla məhz bu tamaşada
uğurlu tanışlıq yapa bildim.
Bir dramaturq kimi mənim dramaturji mütaliəm kifayət
qədər genişdir. Həm
klassik, həm müasir rus
dramaturqlarının əsərlərindən öyrənirdim,
Avropa, Amerika dramaturqlarının əsərləri ilə də
tanışlığım az deyildi, amma etiraf edim ki, mənim dramaturgiyaya gəlməyimdə
İlyas Əfəndiyev yaradıcılığı, konkret
desək, dramaturgiyası daha böyük rol oynadı, mən
onun pyeslərindən necə yazmağı öyrəndim,
bildim ki, səhnəyə uydurma romantik hadisələri, yalan
qarışıq tarixi obrazları deyil, hər gün
gördüyümüz, tanıdığımız sadə
adamları, müasirlərimizi gətirməliyik.
Tamaşaçı səhnədə özünü görmək
istəyir. Mən onun pyeslərini oxuya-oxuya, tamaşalarına
baxa-baxa nəsrdən birdəfəlik ayrılıb
dramaturgiyaya keçdim. İlyas Əfəndiyev isə proza ilə
dramaturgiyanı paralel şəkildə, ömrünün
sonunadək davam etdirdi, həm də çox uğurla davam
etdirdi. "Geriyə baxma, qoca" adına və məzmununa
görə ədəbiyyatımızın ən gözəl
avtobioqrafik romanlarından biridir.
Yaradıcılığını bu qədər
sevdiyim yazıçı ilə şəxsi
tanışlığım, münasibətim yox dərəcəsində
idi. Amma bircə dəfə görüşmək imkanı
oldu. Ötən əsrin 92-ci ilində Azdramada "Meydan"
adlı əsərimin bədii
şurada müzakirəsi vaxtı dedilər İlyas Əfəndiyev
də şuranın üzvü kimi məclisdə iştirak
edəcək. Onu da dedilər ki,
çoxdandır müzakirələrə
qatılmır. Gəldi və
pyesin oxunuşuna axıradək qulaq asdı. Kiçik fasilədə
mənimlə maraqlandı, tanış olduq. Dedi, mən
axır vaxtlar səhhətimlə bağlı bədii
şuranın müzakirələrində olmuram, həm də
gəlib çox vaxt bəyənmədiyim yazılara qulaq asa
bilmirəm, olur oxunu yarımçıq qoyub gedirəm, müəllifləri
də rəncidə eləyirəm, amma biləndə ki, yeni,
tanımadığım müəllifdir, Elçindən
soruşdum, kimdi o Əli Əmirli, dedi "ciddi
yazıçıdır". Onda qərara gəldim ki,
iştirak edim.
Əlbəttə, çox-çox köhnədən
xatirimdə qalan bu təəssüratları təzələyən
Elçin itkisi oldu. İlyas Əfəndiyevdən fərqli
olaraq Elçinlə tanışlığım, az da olsa
ünsiyyətim vardı. Onun da
yaradıcılığını yaxşı bilirdim.
Dramaturgiyasına sayğım da böyük idi. Dünya ədəbiyyatını
qoyuram bir tərəfə, Azərbaycan ədəbiyyatını,
xüsusilə müasir Azərbaycan ədəbiyyatını
heç kim Elçin qədər bilmirdi. Niyə belə
inamla deyirəm? Bizim ədəbi reallığımızda
xoşa gəlməyən bir qayda var, yaşlı nəsil
yazıçılar gənc nəsli, demək olar, oxumur, gənc
nəsil də yaşlıları. Təbii ki, bir-birlərini
də bəyənmirlər. Halbuki ən vacib olan yazarın
yaşı deyil, yazının keyfiyyətidir. Elçin yeganə
yazıçı idi ki, yaşından, mövqeyindən, hətta
tərbiyəsindən asılı olmayaraq bütün
yazarları oxuyurdu. Bir qayda
olaraq yüksək vəzifəsi, mövqeyi, nə bilim statusu
olan yazıçılar sıraviləri saya salmır,
onları oxumağı vaxt itkisi, bəlkə də özlərinə
əskiklik hesab edirlər. İyirmi beş il Baş nazirin
müavini olmuş, yüksək dövlət
mükafatlarına layiq görülmüş Xalq
yazıçısı Elçin isə çox az adamın
və ya heç kəsin tanımadığı yazarları
da oxumağa vaxt tapırdı, bəyəndikləri
haqqında təəssüratını yazıb mətbuata
çıxarırdı.
Onu da deyim ki, hansı vəzifədə işləməyindən
asılı olmayaraq Elçin ilk növbədə
yazıçı idi. Çoxları da onun yüksək
dövlət vəzifəsində olduğundan xəbərsizdi,
xalq onu məhz yazıçı kimi tanıyırdı.
Çünki o özü də
yaradıcılığını hər bir vəzifədən
üstün bilirdi. Bilirdi ki, bu həyatda olmayanda da, onu məhz
zəngin, parlaq yaradıcılığı yaşadacaq.
Sağlığında olduğu kimi, adı ən
istedadlı Azərbaycan yazıçılarının ön
cərgəsində olacaq.
Bir vacib məqam da var, Elçin İlyas Əfəndiyevi
bir oğul kimi dərin məhəbbətlə sevirdi. Lap
uzaqdan da onun atasına nə qədər bağlı
olduğu aydın görünürdü. Elə bir
yazısı, elə bir çıxışı, müsahibəsi
olmazdı ki, İlyas Əfəndiyevdən
söz açmasın, onun əsərlərindən
danışmasın, yada salmasın,
yaradıcılığını böyük məhəbbətlə
qiymətləndirməsin. Onların qəribə
yazıçı, sənətkar bağlılıqları da
vardı: hər ikisi yazıçı-dramaturq və haqlı
olaraq Xalq yazıçısı idi. Yaradan hər ikisinə
82 il ömür yazmışdı. İlyas Əfəndiyev
"Hökmdar və qızı" tamaşasının
premyerasına baxa bilmədi, əcəl imkan vermədi.
Elçinə də "Baş" romanı əsasında
Azdramada Mehriban Ələkbərzadənin
hazırladığı
tamaşanın premyerasında iştirak etmək qismət
olmadı. Amma təsəlli yeri var. Hər iki dramaturq onlarla
tamaşalarının premyeralarında iştirak etmiş,
bitib-tükənməyən tamaşaçı
alqışları görmüş, əsl dramaturq xoşbəxtliyi
yaşamışdı.
Elçinlə vida mərasimi də ağır,
dramatik bir hadisə, hamını göz yaşına boğan
çox qəmgin tamaşa idi. Günay xanımın
bitib-tükənməyən hönkürtü səsi hələ
də yaddaşımı ağrıdır. Çox az adam
yazıçının ağır xəstə olduğunu
bilirdi, o, öz xəstəliyi haqqında haqlı olaraq mətbuata
informasiya ötürmürdü, odur ki, onun qəfil
ölüm xəbəri hamını
sarsıtmışdı. İnsan axını ilə
dolub-boşalan salonda adamların üzündə dərin
hüzn, kədər, iztirab vardı. Bu, tək bir adamın
itkisi deyildi, bu, tamam bir Elçin epoxasının bitməsi
idi. Altmışıncılar ədəbi nəslinin ən
parlaq nümayəndələrindən birinin əbədiyyətə
qovuşması idi.
Əli ƏMİRLİ
525-ci qəzet .- 2025.- 16 avqust (¹145).- S.12.