Bitkilərin gizli dili
Sıx ağaclarla, rəngarəng güllərlə,
bitkilərlə zəngin meşəyə girəndə ilk
hiss etdiyin sonsuz hüzur və sükut olur. Qulağında
quşların cəh-cəhi, yarpaqların
xışıltısı ola bilər, amma bu səslərin
arxasında daha dərin, insan qulağına çatmayan bir
pıçıltı da dolaşır. Sanki ağaclar, kollar,
otlar bir-birlərinə öz sirlərini danışır, dərdləşirlər.
Biz çox vaxt bitkilərə baxanda onları sakit, hərəkətsiz,
səssiz varlıqlar kimi görürük. Onlar nə
qaçır, nə danışır, nə də üsyan
edirlər. Amma elm son illərdə sübut edib ki, bu sakit
yaşıl dünyanın da öz dili, öz söhbəti
var - bizim eşitmədiyimiz, bilmədiyimiz bir söhbət...
Əslində, bu, bir təsəvvür deyil. Elm
sübut edib ki, bitkilər də danışır - amma bizim
bildiyimiz kimi sözlərlə yox, kimyəvi qoxularla, torpaq
altı əlaqələrlə və görünməz titrəyişlərlə.
Onların bir-birilə ünsiyyət dili kimyəvi siqnallar,
elektrik impulsları və hətta mikro-titrəyişlərdir.
Məsələn, bir ağac zərərverici həşəratların
hücumuna məruz qalanda yarpaqlarından xüsusi qoxu
molekulları ifraz edir. Bu qoxu yaxınlıqdakı digər
ağaclara xəbərdarlıq edir: "Diqqətli olun, təhlükə
gəlir!" Yaxınlıqdakı digər akasiyalar bu qoxunu
"eşidir" və dərhal müdafiə mexanizmini
işə salır, yarpaqlarını həşəratlara
dadsız və həzm olunmaz edən maddələr istehsal
edirlər.
Bu xəbərdarlıq bəzən havadan yox,
torpağın altından keçir. Hətta bəzi meşələrdə
bu ünsiyyət o qədər güclüdür ki,
"Ağac interneti" adlandırılan möcüzəvi
mikoriza sistemi də mövcuddur. Torpağın dərinliklərində,
gözə görünməyən göbələk telləri
ağacların köklərini birləşdirir. Onlar bu şəbəkə
vasitəsilə qida, su və siqnallar göndərirlər.
Qoca, iri bir palıd ağacı yaxınlığında
böyüyən gənc fidanlara əlavə qida göndərə
bilər, sanki "narahat olma, böyüyəcəksən"
deyir, onları "öz əlləri ilə" bəsləyib
böyüdür.
Bəzən isə bu ünsiyyət çox incə
bir formaya çevrilir. Təəccüblüsü odur ki, bəzi
tədqiqatçılar bitkilərin zədələnəndə
çox zəif səs dalğaları yaydığını
da aşkar ediblər. İnsan qulağı bu səsləri
eşitməsə də, xüsusi cihazlar onları qeydə
ala bilir. Elə bil yarpaqlar incə bir "ah" çəkir,
gövdələr sakitcə "danışır". Bu səslər
bizim qulağımıza çatmasa da, ətrafdakı digər
bitkilər üçün aydın bir mesajdır.
Bütün bunlar bizə göstərir ki, sükut həmişə
həqiqi səssizlik deyil. Sən meşədə dayanıb
"səssizliyi" dinlədiyini sanırsan, amma əslində
sənin ətrafında saysız-hesabsız söhbətlər
gedir: hansısa ağac kökləri ilə qonşusunu bəsləyir,
hansısa çiçək yaxınlıqdakı başqa
bitkiyə təhlükəni xəbər verir, hansısa kol
torpaq altından susuz qalan dostuna su göndərir...
Bəlkə də bu ünsiyyət, biz insanların
unutduğu bir mədəniyyətdir. O mədəniyyət ki,
orada paylaşmaq, xəbərdarlıq etmək, qorumaq var.
İnsan bəzən öz mənfəəti
üçün qonşusunu görməzdən gəlir, amma
bir ağac, öz kökündəki qidanı
bölüşməkdən çəkinmir. Bitkilərin dili
bizə təkcə bioloji bir möcüzə deyil, həm də
unudulmuş bir dərsdir.
Qədim insanlar meşəni "canlı"
adlandıranda çox haqlı idilər, əslində. Onlar
bilirdilər ki, ağacların kölgəsi altında
yalnız sərinlik yox, həm də min illərin gizli
söhbətləri, sirləri dolaşır.
Bir anlıq düşünün ki, əgər biz bir
gün bu dili öyrənə bilsək, bəlkə də
dünyanın ən qədim və səssiz, amma ən zəngin
söhbətlərinə qulaq asa biləcəyik.
Bir gün meşədə dayanıb yarpaqların
xışıltısına, bitkilərin titrəyişinə
diqqət yetirsən, bəlkə də həmin
pıçıltıların ritmini hiss edərsən.
Qulağın deyil, qəlbin eşidər onları.
Çünki bu söhbətlər min illərdir davam edir və
heç vaxt susmur. Onlar fəsillərin dəyişməsi ilə
ahəng qurur, küləyin istiqamətinə uyğun yeni
mövzular tapır. Əsas mövzu isə həmişə
eynidir: birlikdə yaşamaq.
Kim bilir... Yoxsa hər ağac, hər çiçək,
hər ot parçası bizə bir sual verir: "Siz insanlar da
bir gün yenidən bir-birinizi bizim qədər dinləməyi
öyrənəcəksinizmi?"
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 16 avqust (№145).- S.11.