Dünyanın ən səssiz otağı: sükutun
öz səsi varmış
Esse
Təsəvvür edin ki, qapı bağlanır və
çöldəki bütün səslər bir anın
içində yox olur. Maşınların uğultusu,
insanların danışığı, uzaqlarda bir it hürməsi,
küləyin pıçıltısı... heç nə,
heç nə qalmır. Sanki kainat bircə anın içərisində
nəfəsini tutur, dünyadakı səs adlı məfhum
yox olur. ABŞ-ın Minnesota ştatındakı Orfield
Laboratoriyası - dünyanın ən səssiz otağı
insana məhz bu anı yaşadır.
Biz çox zaman "bir az sakitlik"
arzulayırıq. Həyatın səs-küyü,
maşınların uğultusu, insanların fasiləsiz
danışığı bəzən bizi yorur və biz onda səssizliyi
axtarırıq. Orfield laboratoriyası bu arzunun həddindən
artığını təqdim edir. Otaq daxilində səs-küy
səviyyəsi mənfi 13 desibeldən mənfi 23 desibel
arasında dəyişir. Yəni bu, normal eşitmə həddindən
çox aşağıdır. Otağa kənar səslərin
99 faizi daxil olmur. Əsas səbəb isə burada anekoik
kameraların yerləşməsidir.
Otaq xüsusi akustik materiallarla hazırlanıb.
Divarlar, tavan və döşəmə səs udan panellərlə
örtülüb. Bura 1 metr qalınlığında
şüşə akustik platformalar, izolyasiya edilmiş ikiqat
polad və qalın betonlardan hazırlanmş divarlarla əhatələnib.
Burada səs dalğaları əks olunmur, tamamilə yox olur.
Xarici aləmdən gələn bütün səs kəsildiyi
üçün insan yalnız öz bədəninin
içində baş verənləri "dinləməyə"
məcbur olur.
Laboratoriyanın yaradıcısı Stiven Orfildin
sözlərinə görə, sakit mühitə
düşdükdə insanlar yavaş-yavaş ona
uyğunlaşmağa başlayırlar. Orfieldin özü
otaqda 30 dəqiqə qala bilsə də, otağın rekordu 45
dəqiqədir. Yəni bu nəhəng səssizliyə insan
oğlu maksimum 45 dəqiqə tab gətirə bilib. Onun
sözlərinə görə, bu otaqda insanın fikrini səs-küy
deyil, səssizlik yayındırır və insan sakitlikdən
bir müddət sonra sanki səs-küy eşidir.
Otağa girəndə ilk hiss etdiyin qəribə bir
boşluq olur. Sanki hava belə səs çıxarmır. Bir
neçə saniyədən sonra isə səssizlik içini
bürüyür. Və birdən anlayırsan ki, sən
artıq səssizliyi yox, özünü eşidirsən.
Ürəyin ritmik döyüntüsü... damarlarından
keçən qan... hətta sümüklərinin xırda hərəkətləri.
Sən ki, bu səsləri heç vaxt eşitməmişdin.
İndi isə onlar bütün otağı doldurur. Bir
çox könüllülər bu təcrübəni
narahatlıq kimi təsvir edirlər.
Burada divarlar, tavan, döşəmə - hamısı
səsi udmaq üçün hazırlanıb. Səs
dalğaları əks olunmur, tamamilə yox olur. Bu qədər
səssizliyin içində zaman anlayışı da dəyişir.
Dəqiqələr saat kimi görünür. Bir müddət
sonra beynin balansını itirir, addım atanda yıxılacaq
kimi olursan.
Dediyimiz kimi, burada ən uzun qalan şəxs 45 dəqiqə
dözə bilib. Çoxları isə 10-15 dəqiqədən
sonra qapıya tərəf qaçaraq onları bu otaqdan xilas
etməkləri üçün yalvarıb. Çünki səssizlik
düşündüyümüz qədər rahat deyil. O, sənə
heç bir qaçış yeri qoymur. Səs-küydən
qaçanda dincəldiyini sanırsan, amma tam səssizlikdə
qaçacaq yer tapmırsan. Çünki qarşında
yalnız öz iç səsin var.
Bu fakt bir həqiqəti göstərir: biz hər nə
qədər şikayət etsək də, səs-küyə,
onun varlığına öyrəşmişik. Maşın səsləri,
küləyin uğultusu, insanların
danışığı, hətta uzaqda bir itin hürməsi
- bunlar həyatın fon musiqisidir. Bu fon kəsiləndə
insan sanki "boşluğa" düşür.
Səssizlik, çox zaman rahatlıq, dinclik və
hüzur kimi təqdim olunsa da, bəzən o, insanın
üzünə tutulan güzgü kimidir. Bəlkə də
bizi qorxudan elə budur. Orada yalnız biz varıq, bütün
pərdələr, bütün yayındırıcı səslər
yox olur və insan öz daxili monoloqu ilə üz-üzə
qalır. Səs-küylü bir küçədə, iş
otağında, ya da musiqi ilə dolu qulaqcıqların
arxasında bu səsi boğmaq asandır. Amma səssizlikdə
gizlənəcək yer yoxdur. Sənin qarşında yalnız
sən dayanırsan - bütün zəifliklərin,
bütün sualların, bütün cavabsızlıq və tənhalığınla.
Yəqin ona görə bu otaqdan çıxanlar deyir
ki, səssizlik də danışır. Sadəcə hər kəs
onun dilini anlamır. Orfield otağı - dünyada ən sakit
yer kimi tanınan o xüsusi məkan - bir növ bu həqiqətin
təcrübə ilə sübutudur. Burada səs
dalğaları yox dərəcəsindədir, amma içindəki
səslər, bəlkə də, daha aydın eşidilir.
İnsan bədəninin, ürəyinin, qanının
axışının səsini duyur. Bu səslər normal həyatın
fonunda görünməzdir, amma vahiməli sükut onları pərdə
arxasından çıxarır.
Həyat, əslində, səs və sükutun incə
balansı üzərində qurulub. Səs-küy bizi yorur,
amma tam sükut bizi daha da narahat edir. Çünki o, bizi
öz düşüncələrimizə, gizlində
saxladığımız qorxulara və həqiqətlərə
tərəf itələyir. İnsan çox zaman
başqalarının dediklərindən qaçar, amma öz
içindəki səssiz etiraflardan qaçmaq daha çətindir.
Əsl səssizlik sadəcə səsin yoxluğu
deyil. Bu, içindəki qarışıqlığın,
narahatlığın, davamlı danışan zehinin sakitləşməsi
deməkdir. Elə bir an ki, orada nə qorxu, nə
qaçış, nə də pərdə var, yalnız təmizlik
və aydınlıq doldurur içini. Amma bunu heç bir
otaq, heç bir laboratoriya tam təmin edə bilmir. Orfield
otağı bizdən kənardakı bütün səsləri
boğa bilər, amma insanın öz daxili səsini susdura bilməz.
Bu otaq, əslində, sübut edir ki, insan həyatı səs
və sükutun incə tarazlığı üzərində
qurulub. Biz səs-küydən yorularıq, amma
özümüzə belə etiraf etməsək də, onun
yoxluğu bizi daha çox qorxudur.
Əslində, səssizliklə üz-üzə
qalmaq, bəzən insanın özünə verdiyi ən
çətin, amma ən zəruri görüşdür.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 16 avqust (№145).- S.11.