Qələmsiz
yazılanlar status-esselər
Tarixi gün!
"Bölgəmizə dayanıqlı sülh gəlib"
Tarix yaradan Prezident İlham Əliyev.
lll
Kağız kitablarla təmasda olanda nəfəs dərməyə,
oxuduqlarının dərin qatlarına varmağa imkan və vaxt
olur. Arada dayanırsan, ya səhifəni qatlayır, ya əlfəcindən
istifadə edirsən, cümlələrin səni aparıb
çıxardığı məkanda xəyalən gəzib-dolaşırsan,
müəlliflə polemikaya girirsən. Çağdaş
texnologiyaların gətirdiyi populyar formalarda, elektron kitablarda
bunları etmək çətin olur; ya çaparaq nəyəsə
nəzər yetirib keçib gedirsən, ya uzun
çıxış və müsahibə videolarında
kitabların yaratdığı kimi gəzişmələrə,
dayanmalara, nəfəs dərmələrə,
düşüncələrə ümumiyyətlə imkan
olmur. Qaçaraq aldığın informasiya elə həmin
sürətlə də unudulub gedir, itib-batır. Kitabın
vacib və önəmli üstünlüyü oxunanların
yaddaşa möhkəm yazılmasındadır, məncə.
Amma indi bu nə qədər vacibdir? Biliyin və
düşüncənin dərinliyi kiməsə
lazımdırmı? Əlüstü yeyilən təamlar mədəni
müvəqqəti sakitləşdirdiyi kimi, qaçaraq
informasiyalar da beyini aldadıcı qidalandırır,
düşünmə tənbəlliyi, xaotik ovqat yaradır.
Gileylənmək, özünü aşağı görmək,
az qala, bəzi insanların vərdişinə çevrilib. Bu
insanlar tez-tez müxtəlif qüsurları qabardır və bəzən
"niyə bizdə filosoflar, sosioloqlar, fikir,
düşüncə adamları yoxdur?" deyib təəssüflənirlər.
Son zamanlar tez-tez vərəqlədiyim, oxuduğum və məni
dərin düşüncələrə sövq edən iki
kitab var. Onlardan biri Fazil Mustafanın bu il işıq
üzü görən "Azərbaycan: qaranlıq
keçmişdən aydınlıq tarixə" kitabı,
digəri isə yazıçı İlqar Fəhminin Mədəniyyət
Nazirliyinin dəstəyi ilə 2023-cü ildə çap
olunan "Şərq arxetipləri" əsəridir.
Vaxtaşırı hər iki kitaba yenidən nəzər
salıram və qürur duyuram ki, bizim dərin fəlsəfi
düşüncəyə malik belə iki fikir adamımız
var. Fazil Mustafa hadisələrə daha çox siyasətçi-filosof
gözüylə baxırsa, İlqar Fəhmi ədəbiyyat
adamı, incəsənət xadimi mövqeyindən
yanaşır. Fazil Mustafanın kitablarında bəzən
mübahisəli məqamlar yer alsa da, bəzi oxucular bu fikirlərlə
razılaşmasalar da, yaxud müəyyən qütblərin təsiri
altında olanlar orada qüsurlar axtarsalar da, fikrimcə, onun qənaətləri
realist, doğru və ədalətlidir. Fazil bəyin
baxışları ilə bu kitabdan öncə də
tanış idim. Çox zaman da fikirlərimiz üst-üstə
düşür. Onun Azərbaycan tarixində baş verən
hadisələrə, xüsusilə Səfəvilərə,
Şah İsmayıla, Nadir Şaha münasibəti fərqlidir
və hesab edirəm ki, bu, olduqca vacib və polemikaya
açıq mövzulardır. Eyni zamanda, Fazil bəy
Gülüstan və Türkmənçay müqavilələrinə
də özünəməxsus yanaşır. "Əgər
bu müqavilələr olmasaydı, Azərbaycan harada idi? Biz
harada idik?" kimi sualları gündəmə gətirir. Onun
kitabı sitatlarla zəngindir, müəllif qənaətlərini
əsaslandırmaq üçün ayrı-ayrı alimlərin
və mütəfəkkirlərin fikirlərinə istinad edir.
Məsələn, Cəfər Cabbarlının Mirzə Fətəli
Axundzadə haqqında yazdığı məqaləsindən
gətirdiyi sitat mənim üçün yeni və
düşündürücü idi: "Çar
Rusiyasının etdiyi ən faydalı iş bizi Osmanlı
sünni şəriətindən və İran şiə
şəriətindən qurtarmaq olmuşdur". Fazil bəy
"Bizim İslamsonrası tariximiz sünnilik adı
altında ərəb, şiəlik adı altında fars
irqçiliyinə könüllü köləlikdən
başqa bir şey olmayıb" deyərək, bəzilərinin
xoşuna gəlməyəcək, topa tutacağı cəsarətli
fikirlər səsləndirir. O, bir siyasətçi kimi hadisələrə
hədsiz realist və soyuqqanlı qiymət verir. Azərbaycan
Respublikasının Şərqi Zəngəzur,
Qarabağın işğaldan azad edilmiş hissələri və
Qazaxın kəndləri ilə ərazi
bütövlüyünü və suverenliyini bərpa etməsini
"Bütöv Azərbaycan"ın bərpası kimi qiymətləndirir
və gələcəyimiz üçün dövlətimizin
möhkəmləndirilməsinin vacibliyini əsas təməl
olaraq qeyd edir. Qonşu ölkələrdə yaşayan
soydaşlarımızla bağlı populist, reallıqdan uzaq
fikirlərə də soyuqqanlı yanaşır:
"İranda yaşayan Azərbaycan türkləri demokratik və
federativ İran mərkəzli düşüncəyə,
Gürcüstanda yaşayan Azərbaycan türkləri isə
demokratik və bütövləşmiş Gürcüstan
Respublikası mərkəzli düşüncəyə
yönəldilməlidir". Fazil bəyin fikrincə, bu
gün çağdaşlıq milli ideologiyanın əsasını
təşkil etməlidir. O öz təfsirində
çağdaşlığın nə olduğunu izah edir və
bu ideyaya aydınlıq gətirir. Fikrimcə, kitabda yer alan
üstüörtülü və ehtiyatla səsləndirilən
fikirlər daha açıq və aydın şəkildə
müzakirələrə çıxarılmalı, cəmiyyətin
ziyalı təbəqəsi bu fikirlərlə yaxından
tanış olmalıdır. Azərbaycanın
çağdaşlaşması ideyası barədə Fazil bəyin
arqumentləri ətrafında düşünülməli,
dinçi, xürafatçı, cahil kəsimin populist
şüarlarının məğzi, mahiyyəti, vurduğu
ziyan aydın çatdırılmalıdır. İlqar Fəhminin
vaxtaşırı nəzər saldığım kitabında
da məni heyrətləndirən məqamlar çoxdur. O,
yazıçı və incəsənət adamı kimi
muğama, klassik poeziyaya dərindən bələddir, bu
kontekstdə xalqımızın arxetiplərini
araşdırır. Qəzəl və nərd oyununun
xalqın düşüncə tərzinə necə sirayət
etdiyini və ya əksinə, düşüncə tərzimizin
bunların yaranmasında rolunu maraqlı şəkildə təqdim
edir, düşündürücü qənaətlərə
gəlir. Eyni zamanda, teatr və səhnə sənətinə
münasibətimizin niyə avropalılar kimi deyil, soyuq və
etinasız olduğunu, bunun əvəzində toy-düyün
və dini mərasimlərə kütləvi şəkildə
qatılmağımızın səbəblərini
inandırıcı arqumentlərlə izah edir. Müəllif
"atalar və oğullar" problemini Avropa ilə müqayisə
edərkən bizim cəmiyyətimizdə nədən daha
çox "gəlin-qayınana" konfliktinin qabarıq
olduğuna da maraqlı yozum verir.
Hər iki kitabı birləşdirən ümumi cəhət
düşünməyə vadar etməsidir.
Altşüurumuzda bizi narahat edən, nigaran qoyan,
danışılmasını yasaqladığımız
mövzuları müəlliflər
qıcıqlandırıcı və cəsarətli fikirlərlə
gündəmə gətirərək beynimizi silkələyirlər.
Həqiqət isə belə silkələnmələrdən
sonra ortaya çıxır. Fikrimcə, hər iki
düşüncə adamımızın bu əsərləri
daha geniş müzakirəyə
çıxarılmalıdır. Hətta ürəyimdən
belə bir fikir keçir ki, hər iki kitabda toxunulan ortaq
mövzular ətrafında Yazıçılar Birliyində
Fazil Mustafa və İlqar Fəhminin iştirakı ilə
müzakirə təşkil edək, mütəxəssislərlə,
fikir adamlarıyla, ziyalılarla açıq diskussiya şəraitində
fikir mübadiləsi aparaq. Əsas məqsəd onların
fikirlərini ictimaiyyətə daha çox
çatdırmaqdır. İnsanların kitabdan, mütaliədən
və ümumiyyətlə düşünməkdən
uzaqlaşdığı bir dövrdə, düşüncə
adamlarının vacib fikirlərinə marağın
artırılması üçün bütün vasitələrdən
istifadə olunmalıdır. Bu günlərdə bir alim
xanımın Mirzə Fətəli Axundzadədən
tutmuş bir sıra mütəfəkkir-maarifçilərimizi
ucdantutma qaralayan fikirlərinin şahidi oldum. Fikrimcə, bu
cür anormal yanaşmalara qarşı məhz Fazil Mustafa və
İlqar Fəhmi kimi düşüncə
adamlarımızın soyuqqanlı və ağıllı
fikirləri ilə cavab verməliyik.
lll
"Dəhşətli", "misilsiz",
"dahiyanə", "şok", "möhtəşəm"...
və bu kimi sözlərdən tez-tez, yeri gəldi-gəlmədi
istifadə etməkdən çəkinək.
Sözlərin mahiyyəti və sanbalı itir.
lll
Çox yatanları başa düşmürəm.
lll
Peşəkar və istedadlı insanlar hay-küydən,
çığır-bağırdan uzaq olurlar.
Qara-qışqırıq salanlar istedadsızlar, nəyisə
zorla əldə etmək istəyənlərdir.
lll
Təfriqə, ikitirəlik salmağa
çalışmayın.
Barışdırıcılıq indi ən vacib
keyfiyyətdir.
lll
Hər həftə Qarabağa köç xəbərlərini
eşitmək qürurvericidir.
lll
Heç kim özün dartmasın. Hamımız
kiçik zərrəciklərik.
lll
Qaçaqaç həyat düşünməyə
imkan vermir.
lll
Şəkil paylaşmaq və statusları bəyənmək
də dəbdən düşəcək.
lll
İçində Günəş yoxdusa... hara gedirsən
get, qaranlıq və qaramat səni tərk etməyəcək.
lll
III Şuşa Qlobal Media Forumunda müasir media tendensiyaları
barədə çox maraqlı müzakirələr
keçirilir.
"Media savadlılığı informasiya təhlükəsizliyinin
təminatı kimi" mövzusunda panelin moderatoru beynəlxalq
xəbər aparıcısı və jurnalist Nadira Tudor
sözünün əvvəlində dedi ki, jurnalistika həm
də şövq tələb edən peşədir. Həmişə
mənim də dediyim və təqdir etdiyim bu fikir az sonra əyani
şəkildə öz təsdiqini tapdı. Panel çərçivəsində
bizim "AnewZ" telekanalının "Təyinat:
Şuşa, Azərbaycan" sənədli filminin təqdimatında
bu şövq məsələsini bir daha xatırladım.
Filmin aparıcısı Fred Nəqqaş Şuşa
haqqında elə şövqlə, elə ürəkdən
danışırdı ki, onun bu enerjisinin həmsöhbətlərinə
də sirayət etdiyinin şahidi oldum. Polad
Bülbüloğlu, Fərhad Bədəlbəyli, Yusif
Eyvazov, Şuşa şəhəri Dövlət Qoruğu
İdarəsinin İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Səmayə Məmmədova və
başqa həmsöhbətlərin
danışığındakı şövq, enerji izləyiciləri
də əməlli-başlı ovsunlamışdı.
İki gündür Şuşadayıq, amma mən
Şuşanı ən dərin şəkildə məhz bu
filmə baxarkən hiss elədim. Hətta bir neçə yerdə
bərk təsirləndim, gözlərim yaşardı. Sənətin
böyüklüyü də elə budur: reallığı bədii
təsvirlərlə, obrazlı dildə, böyük sənətkarlıqla
çatdırmaq bacarığı.
Mən Rüfət Həmzəyev başda olmaqla
"AnewZ" telekanalının əməkdaşlarını
və filmin yaradıcı heyətini təbrik edirəm. Onlar
bu film üzərində çox böyük sevgi ilə
işləyiblər. Filmin ingilis dilində təqdimatını
edən Orxan Amaşov da eyni enerji ilə, şövqlə bu
işin öhdəsindən gəldi. Düşünürəm
ki, "AnewZ"da jurnalistikanı sevən və ona
şövqlə yanaşan kollektiv çalışır.
Yeri gəlmişkən, qeyd edim ki, bu günlər Mətbuat
Şurası ilə "Azərbaycan Dəmir Yolları"
idarəsinin keçirdiyi müsabiqədə də birinci
yerin qalibləri sırasında bu kanalın əməkdaşlarının
çəkdiyi video sujet də vardı. Birmənalı olaraq
münsiflər bu işi ən yaxşı sujet kimi qiymətləndirmişdilər.
Mən mətbuatımızda ingilisdilli belə bir
kanalın varlığına sevinir və onları ürəkdən
təbrik edirəm.
lll
Romantika bitib...
lll
Sosial medianı susdurmaq istəyi müasir Don
Kixotluqdur.
Mümkünsüzdür.
lll
Qərəzli olanda, həqiqəti təhrif edəndə
gözdən düşürsən. Getdikcə sənə
inam azalır. Bir gün gəlir, doğru sözünə də
inanmırlar.
"Yalançının evi yandı, heç kim
inanmadı" məsəlində olduğu kimi.
Etibarınızı qoruyun, eviniz yanar.
lll
Bütün təzələr sürətlə
köhnəlir.
lll
Xurafat qoxusu gələn hər şeydən uzaq durun.
lll
İnam qələbənin yarısıdır.
lll
"Qarabağ"a inanırıq!
lll
Feysbuku yüngül və şou xəbərlərdən
necə xilas etməli?
lll
Elçin müəllim zəngin ədəbi irs qoyub
getdi. Romanları, hekayələri, ədəbi-tənqidi,
publisistik yazılarıyla yaddaşımızda,
dünyagörüşümüzdə silinməz izlər
buraxdı.
Elçin müəllimsiz nəfəs
aldığımız bu ilk qüssəli axşamda
böyük sənətkarın əsərlərini yada
saldım. Və nədənsə, 2021-ci ilin mart ayında
Şuşa barədə yazdığı bu kövrək
"Şuşanın dağları başı
dumanlı" yazısını bölüşmək istədim.
Ruhu şad olsun!
lll
"Report" İnformasiya Agentliyinin müxbiri
Vüsalə Abbasovanın ABŞ Prezidenti Donald Trampa sualı ətrafında
söz-söhbətlər üzücüdür. Hesab edirəm
ki, bu günlərdə baş verən hadisələrin, Birləşmiş
Ştatların paytaxtında imzalanmış və Azərbaycan
adına böyük uğur olan sənədlərin fonunda belə
bir durumun müşahidə edilməsi yolverilməzdir, tarixi
proseslərin böyüklük miqyasına adekvat deyil.
Görünür, bəziləri Vaşinqtonda
imzalanmış sənədlər ətrafında müzakirə
aparmaqdansa, ölkəmizin böyük uğurundan söz
açmaqdansa, diqqəti tamam başqa səmtə yönəltməyə,
əslində isə ictimaiyyəti başlıca mahiyyətdən
uzaq tutmağa, gündəmi dəyişməyə, daha
doğrusu, fərqli gündəm formalaşdırmağa
çalışırlar.
Azərbaycan Mətbuat Şurası olaraq tövsiyə
edirik ki, media orqanlarımız, jurnalistlərimiz həmin
olaylar müstəvisindəki hansısa xırda məsələlərə
köklənib intriqa yaratmaqdan çəkinsinlər, ölkəmizin
adı ilə bağlı ciddi reallıqlara nəzər
salsınlar. Hesab edirəm ki, indiki məqamda bu, təkcə
peşə borcunu yerinə yetirmək yox, eyni zamanda, hər
bir qələm sahibinin özünün özünə
verdiyi qiymətdir.
Onu da deyim ki, Azərbaycan jurnalistikasında həmişə
həmkar təəssübkeşliyi olub. Gəlin, bir-birimizə
təəssüb hissi ilə yanaşaq ki, sonradan təəssüflənməyək.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2025.- 16 avqust (№145).- S.8;9.