Vaşinqton sammiti: Cənubi Qafqaz üçün
sülh mərhələsi
Prezident İlham Əliyevin ABŞ-a səfəri,
imzalanan sənədlər həm Azərbaycan-Amerika münasibətlərində,
həm də regional sülh və təhlükəsizliyin təmin
edilməsində mühüm dönüş nöqtəsi
oldu. Söhbət ikitərəfli sənədlərdən, eləcə
də Ermənistanla imzalanmış Birgə Bəyannamədən,
sülh sazişinin paraflanmasından gedir. Ən vacib məqamlardan
biri Azərbaycan və ABŞ arasında əməkdaşlıq
və strateji tərəfdaşlıq istiqamətində yeni səhifənin
açılması, həmçinin 907-ci düzəlişin
ləğvi oldu. Bu tarixi səfər Birləşmiş
Ştatların, onun lideri Donald Trampın Azərbaycan dövlətinə,
Prezidentinə böyük hörmətlə
yanaşdığını, ölkəmizin regiondakı
roluna verdiyi önəmi göstərdi.
Trampın Azərbaycan Prezidentinə xitabən "Siz
böyük lidersiniz!", "Siz gözəl
danışıq aparırsınız",
"Xalqınız böyük xalqdır" söyləməsi,
özünün dediyi kimi, nadir hallarda təqdim etdiyi Ağ
evin rəmzi açarını hədiyyə etməsi də
bu hörmətin nümayişi idi.
Azərbaycan ABŞ-la münasibətlərə hər
zaman üstünlük verib, regionda Birləşmiş
Ştatların ən yaxın tərəfdaşı olub. Amma
təəssüf ki, xüsusilə Bayden-Blinken
administrasiyası dövründə Azərbaycan-ABŞ
münasibətlərində ciddi gərginliklər
özünü göstərdi. Əfqanıstan əməliyyatlarının
başa çatmasından dərhal sonra ABŞ
administrasiyası nankorcasına 907-ci düzəlişi yenidən
canlandırdı və bundan Azərbaycana qarşı təzyiq
mexanizmi kimi istifadə etməyə çalışdı.
ABŞ Konqresində qəbul edilən bu düzəliş və
Azərbaycanın regional siyasətinə qarşı əsassız
ittihamlar Vaşinqton və Bakı arasında əlaqələrə
mənfi təsir göstərdi. Lakin Azərbaycan hökumətinin
prinsipial mövqeyi, Prezident İlham Əliyevin ardıcıl,
məqsədyönlü diplomatik strategiyası sayəsində
bu təzyiqlər real nəticələrə gətirib
çıxarmadı. Hazırda isə Tramp
administrasiyasının rəhbərliyi ilə münasibətlərdə
yeni səhifə açılmaqla, iki ölkə arasında
qarşılıqlı faydalı əməkdaşlığın
yeni imkanları formalaşır.
Prezident İlham Əliyev yerli mediaya müsahibəsində
ABŞ-a işgüzar səfərini Azərbaycan-Amerika
münasibətləri üçün çox önəmli
adlandırıb: "Deyə bilərəm ki, bu gün
Amerika-Azərbaycan münasibətlərində yeni səhifə
açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq
səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli
maraqlarının qorunması üçün Amerika Birləşmiş
Ştatları ilə bu səviyyədə münasibətlərin
qurulması çox önəmli məsələdir. Prezident
Trampla görüşümüz çox səmimi şəkildə,
deyə bilərəm ki, dostluq şəraitində keçdi.
Bir çox önəmli məsələlər müzakirə
edildi. Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq
Xartiyasını hazırlamaq üçün Strateji
İşçi Qrupu da yaradılmışdır və əlbəttə
ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək
əməkdaşlıq istiqamətləri də
açıq-aydın təsbit edilib. Bunlar
qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat,
bağlantılar, tranzit, təhlükəsizlik, süni
intellekt, müdafiə sənayesi və müdafiə sahələrində
əməkdaşlığı və digər məsələləri
ehtiva edir".
Təbii ki, təkcə ABŞ-ın sabiq administrasiya
deyil, Makron, Avropa İttifaqı, Avropa Şurası, Avropa
Parlamenti də Azərbaycana qarşı qərəzli siyasət
aparır, dövlətimiz əleyhinə müxtəlif qətnamələr
qəbul edirdilər. Onların bu addımları həm də
sülh prosesi üçün əngələ
çevrilirdi. Azərbaycan isə öz diplomatik məharəti
ilə həm də sülhü qazanaraq bir daha öz
gücünü bütün dünyaya nümayiş
etdirmiş oldu.
Milli Məclisin deputatı Fatma Yıldırım
Vaşinqton görüşü ilə bağlı
"525"ə deyib ki, Azərbaycan və Amerika Birləşmiş
Ştatları arasında ikitərəfli münasibətlər
tarixi bir mərhələyə qədəm qoyur: "Cənab
Prezident İlham Əliyevin ABŞ-a son səfəri Azərbaycanın
beynəlxalq siyasətdə artan rolunun, güclənən
nüfuzunun və etibarlı tərəfdaş statusunun bariz
nümunəsidir. Bu səfər təkcə ikitərəfli
münasibətlər baxımından deyil, həm də qlobal
strateji əməkdaşlıq çərçivəsində
mühüm əhəmiyyət kəsb edir. Səfər
zamanı Azərbaycan və Amerika Birləşmiş
Ştatları arasında strateji tərəfdaşlıq
formatının əsaslarının qoyulması, ölkəmiz
üçün böyük diplomatik və siyasi uğur
sayılır".
Deputat bildirib ki, səfər çərçivəsində,
ABŞ tərəfindən Azərbaycanla bağlı illərlə
davam edən "Azadlığa Dəstək Aktı"na
edilən 907-ci düzəlişin tamamilə aradan
qaldırılması da mühüm hadisə oldu: "1992-ci
ildən bəri qüvvədə olan bu məhdudiyyətlər
33 il sonra, nəhayət ki, aradan qaldırıldı. Bu hadisə
təkcə siyasi və diplomatik baxımdan deyil, həm də
Azərbaycan xalqının yaddaşına yazılacaq tarixi
bir dönüş nöqtəsi kimi qiymətləndirilir.
907-ci düzəlişin tamamilə aradan qalxması cənab
Prezident İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan
uğurlu siyasətinin nəticəsidir".
Millət vəkilinin sözlərinə görə,
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında
imzalanan tarixi sənəd - "Trump Route for International Peace
and Prosperity" (Trump Yolu) layihəsi - ölkəmizin
diplomatiya salnaməsinə qızıl hərflərlə
yazılacaq növbəti böyük qələbədir:
"Bu sənəd, illərdir gərgin müzakirələrin
və ardıcıl diplomatik səylərin nəticəsi
olmaqla yanaşı, cənab Prezident İlham Əliyevin qətiyyətli
liderliyinin, strateji düşüncə və uzaqgörən
siyasətinin bariz nümunəsidir. "Trump Yolu" Azərbaycanın
əsas ərazisini uzun illərdir blokada şəraitində
yaşayan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək,
ölkəmizi birbaşa qardaş Türkiyəyə
bağlayacaq. Bu layihə təkcə yeni bir nəqliyyat xətti
deyil, həm də enerji, ticarət, logistika və kommunikasiya
sahələrində böyük strateji imkanlar yaradan regional
körpüdür. Bu marşrut Orta Asiyadan Avropaya qədər
uzanan yeni iqtisadi və ticarət magistralını
formalaşdıraraq bütün bölgənin
inkişafına təkan verəcək".
Onun sözlərinə görə, bu layihənin əhəmiyyəti
həm də siyasi müstəvidə özünü göstərir:
"Azərbaycan və Ermənistan arasında imzalanan bu sənəd,
regionda uzunmüddətli sülhün möhkəmlənməsi,
xalqlar arasında qarşılıqlı etimadın bərpası
və əməkdaşlıq üçün yeni səhifənin
açılması deməkdir. Bu, yalnız Azərbaycan və
Türkiyənin deyil, bütün Cənubi Qafqazın və
qonşu dövlətlərin faydalanacağı bir təşəbbüsdür".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) eksperti Sultan Zahidov hesab edir ki,
Vaşinqton görüşləri ölkəmiz
üçün iki əsas aspektdən mühüm əhəmiyyət
kəsb edir: "Bu səfər Trampın Azərbaycan
Prezidentini şəxsən dəvət etməsi ilə
baş tutdu və ABŞ-ın Azərbaycana verdiyi önəmin,
eyni zamanda ölkəmizin İkinci Qarabağ zəfəri nəticəsində
yaratdığı reallıqların qəbulunun göstəricisidir.
Bu, həm də Azərbaycanın uğurlu xarici siyasətinin
və diplomatiyasının nəticəsidir".
Ekspert əlavə edib ki, səfər çərçivəsində
ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq
üzrə işçi qrup yaradıldı və
qarşılıqlı Anlaşma Memorandumu imzalandı:
"Prezident İlham Əliyevin də
vurğuladığı kimi, bu sənəd ikitərəfli
münasibətlərdə yeni bir səhifənin
açıldığını göstərir.
Çünki xüsusilə Bayden administrasiyası
dövründə iki ölkə arasında münasibətlər
gərgin olub, ABŞ-ın ermənipərəst mövqeyi və
907-ci düzəlişin yenidən bərpa olunması bu
münasibətlərə mənfi təsir göstərib.
Lakin Trampın təşəbbüsü ilə qeyd edilən
düzəliş dayandırıldı və bu, Azərbaycan-ABŞ
əlaqələrində yeni mərhələnin
başlanğıcı oldu".
Onun sözlərinə görə, üçtərəfli
görüşdə regionda sülh və sabitliyin təmin
olunmasına yönəlmiş addımlar
razılaşdırıldı: "Cənubi Qafqaz kimi
münaqişələrlə dolu bir regionun sülh mərhələsinə
qədəm qoyması, məhz İkinci Qarabağ müharibəsində
Azərbaycanın qazandığı qələbə və ərazi
bütövlüyünün bərpası nəticəsində
mümkün oldu. Bu zəfər təkcə Azərbaycanın
deyil, Ermənistanın da geosiyasi yönünü dəyişdi.
Ermənistan artıq Rusiyadan uzaqlaşaraq yeni təhlükəsizlik
təminatları axtarır. Vaşinqton görüşü əslində
Azərbaycanın 2020-ci ildə başladığı və
2022-ci ildə sülh üçün təqdim etdiyi 5 prinsip əsasında
irəliləyən sülh prosesinin məntiqi nəticəsidir".
O əlavə edib ki, bu nəticələri həzm edə
bilməyən qüvvələr də mövcuddur: "Məsələn,
İranın bəzi dairələri, xüsusilə hərbi
qanadı, Zəngəzur dəhlizinə qarşı mənfi
münasibət sərgiləyir. Onlar bu layihənin öz
strateji maraqlarını zəiflədəcəyini
düşünürlər. Amma reallıq ondan ibarətdir ki,
Azərbaycan öz milli maraqları əsasında siyasət
yürüdür və başqa dövlətlərin
narahatlıqları ilə deyil, öz müstəqil
mövqeyi ilə çıxış edir.
Rusiya tərəfdən də müəyyən
narahatlıq ifadə olundu. Çünki ABŞ-ın Cənubi
Qafqaza gəlməsi Rusiyanın regional təsir dairəsinə
zərbə vurur. Lakin sual olunur: Rusiya bu vaxta qədər
Qafqazda sülh üçün nə edib? Hansı
münaqişəni həll edib? Azərbaycan bu
reallıqları çox yaxşı dərk edir və
artıq bölgədə sülhün və təhlükəsizliyin
bərqərar olması üçün bütün
imkanlarını səfərbər edib. Vaşinqton
görüşü, bir sözlə, təkcə Azərbaycan
üçün deyil, bütövlükdə Cənubi Qafqaz
və Avrasiya regionu üçün mühüm geosiyasi və
geoiqtisadi nəticələr vəd edir. Regionda sabitlik və
inkişafın təmin olunması baxımından bu
görüşün əhəmiyyəti
böyükdür".
Ekspert söyləyib ki, üçtərəfli
razılaşmada yer alan əsas məqamlardan biri Zəngəzur
dəhlizinin açılmasıdır ki, bu, təkcə Azərbaycanın
Naxçıvanla əlaqəsini bərpa etməsi demək
deyil: "Bu dəhliz Türkiyəni, Avropanı, Mərkəzi
Asiyanı və Çini birləşdirən geniş bir
ticarət yolunun əsas halqası olacaq. Bu baxımdan Zəngəzur
dəhlizinə yalnız lokal layihə kimi yox, Orta Dəhlizin
strateji hissəsi kimi yanaşmaq lazımdır. Bu da onu
göstərir ki, dəhlizdən təkcə Azərbaycan
deyil, bütün region və Avrasiya iqtisadi məkanı
faydalanacaq".
Onun sözlərinə görə, hazırda əsas
məsələ - Vaşinqtonda əldə olunan
razılaşmaların praktiki mərhələyə
keçməsidir: "Ermənistan öz
konstitusiyasını dəyişdirməli, sülh sazişini
imzalamağa hazır olmalıdır. Eyni zamanda, Zəngəzur
dəhlizi ilə bağlı texniki və siyasi işlər
sürətlə davam etdirilməlidir ki, bu tarixi fürsət
əldən verilməsin".
Pərvanə
525-ci qəzet .- 2025.- 16 avqust (№145).- S.5.