Günəş enerjisi: aktuallıq
da artır, tələbat da
Müasir dünyada enerji ehtiyacları durmadan artır.
Ənənəvi enerji mənbələri – neft, qaz və
kömür – təkcə məhdud ehtiyatlara malik deyil, eyni
zamanda ətraf mühitə ciddi zərər vurur. Bu səbəbdən
bəşəriyyət son onilliklərdə bərpaolunan
enerji mənbələri, xüsusilə də günəş
enerjisinə böyük maraq göstərir. Günəş
enerjisi Günəşin yaydığı işıq və
istilikdən əldə olunan enerjidir. Bu enerji fotovoltaik panellər
və ya günəş kollektorları vasitəsilə
elektrik və ya istilik enerjisinə çevrilə bilər.
Müasir dünyada günəş enerjisi bərpaolunan
enerjinin ən perspektivli və ən böyük potensiala malik
növü sayılır. Günəş texnologiyaları
günəş şüasını fotovoltaik (PV) panellər
və ya günəş radiasiyasını cəmləşdirən
güzgülər vasitəsilə elektrik enerjisinə
çevirir. Günəş enerjisindən elektrik enerjisi əldə
etmək məqsədilə günəş panellərindən,
istilik və isti su təminatı üçün isə
günəş kollektorlarından istifadə edilir.
Günəş panelləri işığa həssas
yarımkeçirici materiallardan hazırlanmış və
ümumi çərçivəyə salınmış bir
neçə qatdan ibarət olan fotoelementlər vasitəsilə
günəş enerjisini elektrik enerjisinə çevirən
qurğulardır. Bu zaman işığın intensivliyi nə
qədər böyük olarsa, elektrik enerjisinin hərəkəti
də bir o qədər yüksək olur.
Günəş panelləri vasitəsilə günəş
enerjisi sabit cərəyan (DC) şəklində istehsal olunur,
daha sonra isə bu enerjinin şəbəkəyə
inteqrasiyası üçün dəyişən cərəyana
(AC) çevirən güc çeviricilərdən - invertorlardan
istifadə edilir. Konsentrasiya edilmiş günəş enerjisi
(Concentrated Solar Power - CSP), böyük miqyaslı elektrik
stansiyalarında elektrik enerjisi istehsal etmək
üçün günəş şüalarını
toplayan güzgülərdən istifadə edilir. Bir
konsentrasiya edilmiş günəş enerjisi elektrik
stansiyası adətən günəş
şüalarını hündür nazik qülləyə
yönləndirən güzgülər ilə əhatə
olunan sahəyə malikdir.
Günəş kollektorları içərisində
kanallar olan metal istilikdəyişdiricidən ibarətdir ki,
hava, su və ya digər istilikdaşıyıcı maddələr
həmin kanalların içərisində hərəkət
edir. Kollektorların konsentratorsuz, konsentratorlu, açıq və
bağlı tipli növləri mövcuddur. Hamar konsentratorsuz
günəş kollektorları hazırda ən çox istifadə
edilən növ hesab edilir. Səmərəliliyinə görə
günəş kollektorlarından istifadə mərkəzləşdirilməmiş
enerji sistemlərində özünü daha yaxşı
doğruldur.
Günəş panellərinin ömrü təxminən
30 ildir və istehsalda istifadə olunan materialın
növündən asılı olaraq müxtəlif
çalarlarda olur.
Son illərdə texnologiyaların, iri həcmli
dünya iqtisadiyyatının, rəqabətqabiliyyətli təchizat
zəncirlərinin inkişafı və təcrübələrin
təkmilləşməsi bərpaolunan enerji mənbələrindən
istehsal xərclərində azalma tendensiyasına gətirib
çıxarmışdır. Belə ki, mürəkkəb
yarımkeçirici fotoelementlərin faydalı iş əmsalının
artırılması, günəş elektrik enerjisinin maya dəyərinin
daha da azalmasına imkan yaradıb.
Günəş panelləri vasitəsilə kommersiya
miqyasında minlərlə kvadratmetr sahə əhatə edən
müxtəlif gücdə elektrik stansiyaları
quraşdırılır. Günəş panelləri evlərin
damlarında mini şəbəkələr və ya şəxsi
istifadə üçün daha kiçik konfiqurasiyalarda mərkəzləşdirilməmiş
şəkildə quraşdırıla bilər.
Günəş enerjisi ehtiyatlarına malik inkişaf
etməkdə olan ölkələrdə elektrik
ötürücü xətlərin yaxınlığında
yaşamayan insanları elektrik enerjisi ilə təmin etmək
üçün kiçik həcmli, mərkəzləşdirilməmiş
günəş panellərindən istifadə olunması
mümkündür.
Azərbaycan Günəş radiasiyası
baxımından əlverişli ölkələrdəndir.
Xüsusilə Naxçıvan, Cəbrayıl, Goranboy,
Füzuli, Sabirabad və Şirvan kimi bölgələrdə
günəşli günlərin sayı il ərzində
280-300 günə çatır. Bu isə günəş
enerjisindən geniş istifadə üçün
böyük potensial yaradır.
Azərbaycan hökuməti və beynəlxalq tərəfdaşlar
(Avropa İttifaqı, UNDP və s.) günəş enerjisi sahəsində
müxtəlif pilot layihələr həyata keçirir və
bu sahənin inkişafı üçün yeni investisiyalar cəlb
olunur.
Enerji üzrə ekspert Vüsal Qasımovun dediyinə
görə, günəş enerjisi dünyada ən sürətlə
inkişaf edən bərpaolunan enerji növüdür. Bu sahəyə
investisiya qoymaq həm iqtisadi, həm də ekoloji baxımdan
çox vacibdir. Azərbaycan kimi günəşli günlərin
çox olduğu ölkələrdə bu potensialdan istifadə
edilməməsi böyük itki sayılmalıdır:
“Günəş enerjisi atmosferə zərərli qazlar
buraxmır, təbiətə heç bir zərəri yoxdur.
Bu, iqlim dəyişikliyi ilə mübarizədə ən
vacib resurslardan biridir. Günəş enerjisi yerli və sərhədsiz
bir resursdur. Ölkənin enerji idxalına olan
asılılığını azaldır və enerji təhlükəsizliyini
artırır. Ucqar və elektriklə təminatı zəif
olan kəndlərdə günəş panelləri sayəsində
insanlar dayanıqlı və sərfəli enerji əldə edə
bilər.
Uzunmüddətli dövrdə günəş enerjisi
sistemi özünü tam şəkildə doğruldur.
Quraşdırma xərcləri geri qayıdır və ailələr,
müəssisələr enerji xərclərinə qənaət
edir. Günəş enerjisi – təkcə alternativ deyil,
strateji enerji çıxış yoludur. Bu texnologiyaya
keçid nə qədər tez baş verərsə, gələcək
üçün bir o qədər sağlam zəmin
yaradılar.
Enerji məsələləri üzrə ekspert
İlham Şaban deyib ki, günəş panellərinin ölkəyə
gətirilməsinin gömrük rüsumundan azad olanması həmin
sahənin inkişafına müsbət təsir edəcək:
“Bir müddət öncə elektromobil və hibrid avtomobillərlə
bağlı da belə bir qərar verilmişdi. Qərara əsasən
3 yaşdan yuxarı avtomobillər ölkəyə gətirilərkən
gömrük və idxal rüsumlarından azad edildi. Bu qərardan
sonra isə Azərbaycanda həmin avtomobillərin sayı
artdı. Avtomobil parkının yenilənməsində kifayət
qədər canlanma oldu. Bu günə qədər dövlət
öz xətti və investisiyası ilə bir sıra xarici
şirkətlərlə bağlanmış xüsusi
müqavilələr əsasında günəş və
külək turubinlərindən enerji almaq üçün
elektrik stansiyalar tikirdi. Bundan sonra isə günəş panelləri
artıq məişətə ayaq açacaq. İnsanlar
öz evlərinin damlarında günəş panellərini
daha münasib qiymətə quraşdırmaq imkanı əldə
edəcək”.
İlham Şabanın sözlərinə görə,
günəş panellərinin hazırlanma texnologiyası istər
Amerika Birləşmiş Ştatlarında, istər Çində,
istər Afrikada, yaxud elə Azərbaycanda olsun, yenə də
eynidir. Yəni günəş panellərini elə
hazırlamaq olmaz ki, onun altına istini, soyuğu saxlayan, izolə
edilmiş material yapışdırasan və sonra da
taxtanın üstünə vurasan: “Hətta İlon Maskın
bir layihəsi var, ABŞ-də artıq üç ildir həyata
keçirir. Belə ki, evlərin damını tamamilə
günəş panelləri ilə örtürlər və
bunu etməmişdən öncə xüsusi izolə
edilmiş material çəkirlər. Yəni bu, istiliyi
saxlayır, onun davamlılığını artırır.
Ancaq bu gün hətta Amerika kimi yerdə satış həcmləri
həddindən artıq çoxdur, qiyməti kifayət qədər
bahalıdır. Bu gün 100 kvadratmetrlik bir evin damını
metal örtüklə bağlamaq üçün təqribən
6-7 min manat xərc tələb olunur. Onu altdan izolə etmək
üçün isə təqribən 1500-2000 manat arasında
izolə materiallarından istifadə olunar. Çünki evlərdə
hava qızdıqca yuxarı qalxır və ən böyük
itkisi məhz dam örtüyündə baş verir. Kim ki onu
yaxşı izolə edə bilir, o, elektrik enerjisinə qənaət
etmiş olur".
İlham Şaban qeyd edib ki, bu problemlərlə həyət
evlərində də rastlaşılır: "Məsələn,
insanlar 100 min manat xərc çəkərək bir-iki mərtəbəli
ev tikirlər və minimal 5000 manat xərcləyib onu izolə
etmirlər. Sonra da deyirlər ki, 2 ayda limiti qurtardım. Ancaq həmin
kapital xərcini çəkdikdə eyni limiti 6-8 ay saxlamaq
olur. Bu izolyasiya materiallara çəkilən xərci isə təqribən
5-6 ilə qazanmaq olur. Burada qızıl ortanı tapmaq
vacibdir".
Elektrik enerjisi isə günəş panelləri
(fotovoltaik sistemlər) vasitəsilə əldə edilir. Günəşdən
alınan elektrik enerjisi iki formada istifadə edilə bilər:
şəbəkəyə qoşulu sistemlər (on-grid) və
müstəqil, yəni şəbəkədən ayrı
çalışan sistemlər (off-grid). Şəbəkəyə
qoşulu sistemlərdə əldə edilən enerji
birbaşa elektrik şəbəkəsinə
ötürülür və bu yolla həm fərdi istifadə,
həm də geniş miqyaslı enerji təchizatı təmin
olunur. Şəbəkədən ayrı çalışan
sistemlərdə isə elektrik enerjisi akkumulyatorlara toplanır
və ehtiyac olduqda məişət və ya təsərrüfat
məqsədləri üçün istifadə olunur.
Günəşdən alınan istilik enerjisi yay
aylarında daha səmərəli olur, çünki bu enerji
birbaşa Günəşin yaydığı istilikdən
asılıdır. Elektrik enerjisi isə əsasən Günəş
şüalarının intensivliyindən – yəni işıq
selindən (parlaqlıq səviyyəsindən) asılı
olaraq yaranır. Fotovoltaik panellər Günəşin
istiliyindən deyil, məhz şüa axınından
(fotonlardan) elektrik enerjisi istehsal edir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 15 avqust(¹144).- S.7.