Hər doğum
günündə bir yaş da böyüyən sevgi
Vətən müharibəsi
şəhidi Amil Hüseynovun xatirəsinə
Bir körpə göz açdı dünyaya...
Avqustun isti bir günündə, mayası igidliklə, qəhrəmanlıqla
yoğrulan bir kəndin qoynunda! Ağlayaraq haray saldı bu
dünyaya gəlişini, elə o an doldu ciyərlərinə
bu vətənin, bu kəndin havası. Balaca ovucları ilə
anasının barmaqlarından bərk-bərk yapışan bu
körpə, sanki böyüklərin dünyasına
qatılmağa tələsirdi. Baxışlarında
günahsız bir dünyanın saflığı vardı. Elə
o vaxtdan öz məsum baxışlarıyla bu dünyanın
ağır yükünü çiyinlənəcəyindən
xəbər verirdi. Adını Amil qoydular. Mənası -
“Sözünə əməl edən”, “təsir edən”,
“iş görən”, “əməl sahibi” deməkdir. Onun adı
ilə həyatı arasında dərin bir uyğunluq var idi.
O, bu adı sadəcə daşımadı – həyatı
boyunca yaşadı, sübut etdi və haqqını verdi.
O, hələ çox balaca idi... Hələ topaqla
oynayarkən həyatın nə olduğunu bilmirdi. Bircə
onu yaxşı bilirdi ki, bu torpaq onundur. Torpaqla oynamaq onun
üçün uşaq əyləncəsindən ziyadə
bir bağlılıq idi. Oynamaqdan doymurdu, balaca əlləri
palçığa bulaşır, təmiz paltarları
toz-torpaq olurdu. Başı elə qarışırdı ki,
anası onu çağıranda belə oyunundan ayrılmaq istəmirdi.
Elə o vaxtdan çox sevirdi torpağın qoxusunu,
ayaqlarının altında bir-birinə toxunub
xışıldayan daşları. O sevgi zamanla
böyüdü və Amilin ürəyində Vətənə
çevrildi. “Qələbə” elə onun üçün o
vaxt torpaqdan, daşdan qurduğu qalalar idi. O torpağın
üstündə balaca barmaqlarıyla çəkdiyi cizgilərin
zamanla böyüyüb bir şəhidin addım izlərinə
çevriləcəyini anlalayacaq yaşda deyildi hələ.
O, artıq böyümüşdü... Hər
şeyi dərk edirdi. Qəlbində böyüyən cəsarəti,
mərdliyi, qeyrəti, əzmi, səxavəti, fədakarlığı,
incəliyi, sevgini ayna kimi göstərən
baxışlarındakı saflıq olduğu kimi
qalırdı. Köçkünlük həyatının,
doğma kəndindən uzaqda böyüməsinin, onun əlindən
alınmış uşaqlığının acısı
vardı köksündə. O saflığın içində
düşmənə qarşı hiddət də
böyütmüşdü. Bir zamanlar oyuncağı torpaq
olan bu uşaq indi əllərində torpağı qorumaq
üçün silah tuturdu. Əvvəllər üzərində
oturub oynadığı torpağı qorumaq üçün
indi ayağa qalxmışdı. O, təkcə
döyüşmədi, həm də yaşatdı - ailəsinin,
kəndinin adını, xalqının şərəfini,
qürurunu. İndi O, əsl qələbəni
gerçəkləşdirmişdi. “Zəfərin Amili” olaraq əbədiyyətə
qovuşdu. Amma bu əbədiyyət yoxluq deyil, onun yolunun
sonsuzluğudur. Onun üçün daim axan zamanın
tıqqıltısıdır.
Torpağın azadlığı uğrunda bitən
hekayə, torpaqla başlamışdı... Artıq 16 avqust təkcə
bir evin, bir ailənin deyil, butün Azərbaycanın qəlbində
tarixə çevrilmiş bir gündür. Bu günün
xatirəsi bütün xalq üçün bir qəhrəmanın
doğum günü olaraq doğmalaşıb. Gənc surəti,
yaraşıqlı cismi, yaşındakı 34 rəqəmi dəyişməyən
doğum günlərində hər il böyüyən
yalnızca sevgi və qəhrəmanlıqdır.
Və bu gün onun həsrəti ilə böyüyən
bir kədər içində doğulduğu günü yad
edirik. Doğum günündə onun təzə geyimi yenilənən
plakatları, fotolarıdır. Hədiyyələri məzarına
düzülən gülləri, açılan süfrəsi
isə bir fatihə duası və bir qismət
halvasıdır. Biz isə bu sadə və müqəddəs,
fəqət ağrılı həqiqətlə
barışmağa məcburuq.
Sən daha böyümürsən, igid,
yaşının üstünə yaş gəlmir, amma hər
doğum günündə bir az da ucalırsan! Çünki sən
bu vətən üçün doğulmuş oğulsan! Cənnətdəki
39 yaşın mübarək!
Ruhun şad, məkanın cənnət olsun, qəhrəman
şəhid!
Həyat yolu haqqında qısa arayış:
Hüseynov Amil Rasim oğlu 1986-cı il avqust ayının
16-da Füzuli rayonun Əhmədalılar kəndində anadan
olmuşdur. Birinci sinifə Bakıda fəaliyyət göstərən
Ağdam rayon 36 saylı tam orta məktəbində getmiş və
həmin məktəbin məzunu olmuşdur. Orta məktəbi
bitirdikdən sonra 2004-2006-cı illər ərzində Beynəlxalq
Sülhməramlı ordu tərkibindəki Kosovoda fəaliyyət
göstərən Azərbaycan Sülhməramlı
qoşunlarında həqiqi hərbi xidmət yolu
keçmişdir.
O idmanın karate növü ilə məşğul
olmuş, Respublikada və xaricdə keçirilən
yarışlarda iştirak edərək yüksək nəaliyyətlər
qazanmışdır. Hərbi fəaliyyətinə 2010-cu ildən
Azərbaycan Respublikasının Daxili qoşunlarında
başlamışdır. Daha sonra Azərbaycan
Respublikasının Milli Ordu sıralarında Müddətdən
artıq Həqiqi Hərbi xidmətdə kəşfiyyatçı
kimi fəliyyətini davam etdirmiş, 2013-cü ildə
Türkiyədə kəşfiyyatçı olaraq təlim
kursu keçmişdir. O, həmçinin, Beyləqanda və
Füzulidəki N saylı hərbi hissələrdə Azərbaycan
və Ermənistan Silahlı Qüvvələrinin təmas
bölgələrində xidmət etmişdir. 2020-ci il
sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin
fəal iştirakçısı olan, ən ön
sıralarda döyüşən Amil Hüseynov Füzuli və
Xocavənd uğrunda gedən döyüşlərdə kəçfiyyatçı
olaraq xüsusi şücaət göstərmişdir.
Oktyabrın 10-da ildən şəhidlik zirvəsinə ucalan qəhrəmanımızın
nəşi 60 gündən sonra Füzuli rayon Əbdürrəhmanlı
kənd istiqamətindən tapılmış və 10 dekabr
2020-ci ildə öz doğma kəndində böyük
izdihamla son mənzilə yola salınmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamına əsasən, Amil Hüseynov
şəhadətindən sonra "Füzulinin, Xocavəndin, Cəbrayılın,
Şuşanın azad edilməsinə görə", "Vətən
uğrunda" , “Cəsur döyüşçü”
medalları və 3-cü dərəcəli “Vətənə
xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Xalisə MƏMMƏDOVA
Vətən müharibəsi şəhidi Amil
Hüseynovun həyat yoldaşı
525-ci qəzet .- 2025.- 15 avqust(¹144).- S.6.