Kamal Abdullanın
“Seçmələrin seçməsi – Qranulalar” kitabı
Almaniyada nəşr olunub
Xalq yazıçısı Kamal Abdullanın aforizmlər
və seçilmiş fikirlər toplusu olan “Seçmələrin
seçməsi – Qranulalar” kitabı Almaniyada alman dilində
çap olunub.
AZƏRTAC xəbər verir ki, “Epubli-Pem” nəşriyyatında
işıq üzü görək kitabı alman dilinə H.
Hermann Kiel tərcümə edib.
Kitabda müəllifin uzun illər ərzində
yazdığı şeir, esse, pyes, hekayə, roman, publisistika
və elmi məqalələrdən seçilmiş, “qranula” –
yəni mətnin cövhəri hesab olunan fikirlər ilk dəfə
ayrıca şəkildə təqdim olunur.
Müəllif kitabın “Ön söz”ü kimi “Məni
sevən oxucuma son hədiyyəm” başlığı
altında aşağıdakı fikirləri oxuculara
ünvanlayır:
“İllərdən bəri yazdığım müxtəlif
şeirlərin, esselərin, pyeslərin, hekayə və
romanların, publisistik məqalələrin və elmi əsərlərin,
verdiyim intervülərin hər birinin içində yer
almış və bu gün də öz məzmunu, tutumu,
forması ilə diqqətimi çəkən misralar, cümlələr
günlərin bir günü sanki dil açıb mənə
dedilər ki, bizim bir-birimizdən zaman və məkanca
ayrılığımıza son qoy və bizi bir-birimizin
yanında yerləşdir. Sən görəcəksən ki,
bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik.
Onlar qeyri-səlis məntiq dili ilə desək, içində
olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri)
idi. Qranula, başqa cür ifadə etsək, cümlədən
(mətndən) bütün artıq hissələri siləndən
sonra yerdə qalan cövhərdir”.
Kitabın redaktoru Orxan Aras əsər
üçün yazdığı “Ön söz”ündə
bu nəşrin gənc nəslin mənəvi
formalaşmasında əhəmiyyətini vurğulayıb:
“Kamal Abdulla kimi təcrübəli yazıçının
keçmişdən bu günə toplayıb
ötürdüyü aforizmlər gənclər
üçün xüsusilə önəmlidir. Bu kitabda təkcə
onun öz əsərlərindən vacib dialoqlar deyil, həm də
onların sevgisini yenidən alovlandıran qlobal incəsənət
hərəkatları haqqında bəzi dəyərli sitatlar
var”.
Kitabda yalnız müəllifin əsərlərindən
deyil, əvvəlki nəşrlərdə yer almayan yeni
nümunələr də təqdim olunub. Eyni zamanda, əhvalat
və mövzuya uyğun olaraq Kamal Abdullanın sevdiyi
yazıçı və şairlərin şeirləri,
misraları və fikirləri də kitabda yer alıb.
Bu nəşr Azərbaycan ədəbiyyatının
seçilmiş fikirlər vasitəsilə beynəlxalq
auditoriyaya təqdim edilməsi baxımından mühüm
hadisə hesab olunur.
Qeyd edək ki, “Seçmələrin seçməsi –
Qranulalar” kitabı Bakıda 2024-cü ildə işıq
üzü görüb.
Müəllifi kitabı yazmağa ruhlandıran imzalar
Xalq şairi Ramiz Rövşən, akademik Rafiq Əliyev, Nazim
Müzəffərli və Fərhad Təhməzlidir.
525-ci qəzet .- 2025.- 15 avqust(¹144).- S.6.