Əməkdar
artist Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil
edib
Almaniyanın Bavariya bölgəsində ənənəvi
olaraq təşkil olunan möhtəşəm XXIX İmmlinq
Beynəlxalq Opera Festivalının təntənəli
bağlanış mərasimi keçirilib. “Grande Finale”nin
başlığı ilə keçirilən opera qala-konserti
İmmlinq Opera Festival orkestri və xorunun iştirakı ilə
yadda qalıb. Həmin gün orkestrə müxtəlif ölkələrdən
- Almaniya, Gürcüstan, Çin və Cənubi Afrikadan
dirijorlar rəhbərlik edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı
festivalda Dövlət Akademik Opera və Balet Teatrının
baş dirijoru, Əməkdar artist, beynəlxalq müsabiqələr
laureatı Əyyub Quliyev təmsil edib.
Azərbaycanlı dirijor artıq beşinci dəfə
Bavariyada Opera festivalına dəvət alır. Əvvəlki
çıxışlarında Əyyub Quliyevin rəhbərliyi
altında dahi Azərbaycan bəstəkarları - Üzeyir
Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və maestro
Niyazinin əsərləri alman musiqiçiləri ilə bərabər
böyük uğurla ifa olunub. Bu dəfə dirijorumuzla bərabər
İtaliya, İspaniya, Meksika, Gürcüstan, Bolqarıstan,
Livan, Çin, Misir və Latviyadan dəvət olunmuş
istedadlı opera müğənnilləri rəngarəng və
mürəkkəb musiqi proqramını təqdim ediblər.
Dörd saata yaxın davam edən konsertdə C. Verdi, C.
Puççini, P. Maskanyi, C. Rossini, J. Bize, C. Gerşvin, L.
Bernstayn, F. Zuppe, F. Leqar və digər böyük bəstəkarların
operalarından ariya, duetlər, səhnələr və
üverturalar sürəkli alqışlarla qarşılanıb.
Konsertin son əsəri olaraq azərbaycanlı dirijor
Əyyub Quliyev və gecədə iştirak edən
bütün müğənnilər səhnəyə
çıxaraq C. Verdinin “Traviata” operasından “Libiamo” əsərini
bərabər təqdim ediblər. Festivalın rəhbəri
Lüdviq Bauman və bədii rəhbəri Korneliya fon
Kersenbrok dinləyicələrin adından müxtəlif
ölkələrdən dəvət olunmuş
ifaçılara - müğənni və dirijorlara təşəkkürlərini
bildirib.
Qeyd edək ki, iyunun 21-dən başlayan festival
günlərində J. Bizenin “Karmen”, V. Mosartın “Sehirli
fleyta”, C. Verdinin “Taleyin gücü”, C. Puççinin “Manon
Lesko” operaları təqdim olunub, “O Sole Mio”, “Concerto Aranjues”
kimi yeni konsert proqramlarının premyeraları keçirilib.
525-ci qəzet .- 2025.- 15 avqust(¹144).- S.6.