Vaşinqton sammiti:
Bakı sülhü diktə edir, İrəvan tələsməlidir
“Ermənistan keçmiş Sovet Respublikaları
arasında yeganə dövlətdir ki, sərhədlərini
başqa ölkəyə həvalə edib”
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri,
Prezident Donald Trampla ikitərəfli formatda, daha sonra Ermənistanın
Baş naziri Nikol Paşinyanın iştirakı ilə
üçtərəfli formatda keçirilən
görüşlər, əldə edilən razılaşmalar
mühüm əhəmiyyət kəsb etməklə, beynəlxalq
gündəmin də əsas müzakirə mövzusu olaraq
qalmaqdadır.
Səfər zamanı ABŞ və Azərbaycan
arasında strateji tərəfdaşlıq üzrə
işçi qrupun yaradılması, qarşılıqlı
Anlaşma Memorandumunun imzalanması, 907-ci düzəlişin
aradan qaldırılması ikitərəfli münasibətlərdə
yeni bir səhifənin açılması deməkdir. Bayden
administrasiyası bilərəkdən Azərbaycanla münasibətləri
gərginləşdirən addımlar atdı, ölkəmizə
təzyiq məqsədilə müxtəlif vasitələrdən
istifadə etdi ki, onlardan biri də həmin düzəlişin
qüvvədə saxlanılması idi. Bayden administrasiyası
dövründə gərginləşən ikitərəfli əlaqələr
hazırda qarşılıqlı etimad və siyasi dialoq əsasında
yenidən canlanır. Prezident İlham Əliyevin ABŞ-a səfəri
həm Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsi
baxımından, həm də bütövlükdə regional
sabitlik, dayanıqlı sülh, əməkdaşlıq
perspektivləri üçün əhəmiyyətlidir.
Ağ Evdə Prezident İlham Əliyevin ABŞ
Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol
Paşinyanla görüşü, Birgə Bəyannamənin
imzalanması uzun illərdən sonra nəhayət ki, Cənubi
Qafqazda gərginlik dönəminin başa çatması,
regionda müharibə ehtimalının tam aradan
qaldırılması, kommunikasyaların blokadadan
çıxarılması deməkdir. Eyni zamanda, burada
ATƏT-in Minsk qrupunun ləğvi, Ermənistanın Azərbaycana
ərazi iddialarının yer aldığı
konstitusiyasının dəyişdirilməsi öhdəliyi təsdiqləndi.
Azərbaycan dövləti İkinci Qarabağ
müharibəsindən və bir günlük antiterror əməliyyatlarından
sonra regionda sülhün bərqərar olması
üçün çox mühüm səylər göstərib,
nəticələrə nail olub. Bu baxımdan Əbu-Dabidəki
ikitərəfli görüşdə şifahi
razılaşmalar Vaşinqton görüşündə
artıq imzalarla təsdiq edildi. 17 bəndlik sülh
sazişinin mətni də XİN başçıları tərəfindən
məhz Vaşinqtonda paraflanaraq ilkin imzalar atıldı. Bu
razılaşmalar Qafqazın sabit, təhlükəsiz gələcəyi,
sülh, rifah üçün qarant rolunu oynayır.
Bəllidir ki, regionda sülhü istəməyən
qüvvələr var, xüsusilə ABŞ
görüşündən sonra İran və Rusiyadan müəyyən
açıqlamalar verildi. Bu iki dövlətin müxtəlif səviyyələrdə
“nahatlıqlarını” ifadə etmələrinin səbəbi
bəllidir. Çünki Qafqazı öz təsirlərində
saxlamaq, daimi gərginliyin
mövcud olduğu münaqişə meydanı kimi görmək
istəyirlər. İndi razılaşmaların həyata
keçirilməsi üçün böyük
ölçüdə İrəvandan çox şey
asılıdır. Çünki Azərbaycan dövləti
indiyə kimi nə deyibsə onu edib, öz imzasına,
sözünə hörmət göstərib. Ermənistan tələsməlidir,
yekun sülh sazişinin imzalanması üçün öz
öhdəliklərini vaxt itirmədən yerinə yetirməlidir.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mövzunu “525”ə
şərhində deyib ki, mübahisəsiz dünyada bir
nömrəli dövlət ABŞ-dır: "Heç kim
demir ki, ABŞ olan yerdə bütün problemlər həllini
tapır, amma deyə bilərik ki, ABŞ olmayan yerdə
ümumiyyətlə heç bir problem həllini tapmır. Ona
görə də Birləşmiş Ştatların Ermənistan-Azərbaycan
münaqişəsinin tamamlanmasında, bölgədə
normal münasibətlərə nail olunmasında çox
müsbət təsiri olacaq. Bu baxımdan həm indi, həm gələcəkdə
tərəflər əldə edilmiş razılaşmaya əməl
etməyə meyilli olacaqlar, nəinki vəziyyəti dəyişməyə.
ABŞ-ın bu iştirakçılığı müəyyən
mənada Rusiyanı, İranı və digər bəzi
ölkələri hansısa müdaxilələrdən
çəkindirən amildir. Razılaşma Azərbaycanla Ermənistan
arasında ikitərəfli qaydada əldə olunub, ABŞ
müəyyən mənada bir himayə edən, təminatçı
kimi, sığortaçı kimi bu prosesdə iştirak edir.
Yəni bilavasitə müdaxilə etməsə də, belə
deyək, əli bölgənin üzərində olur. Bu,
vacibdir”.
Deputat söyləyib ki, Vaşinqton
görüşündə həm Azərbaycan- Ermənistan məsələlərinin
həllinə doğru, həm də ABŞ-Azərbaycan,
ABŞ-Ermənistan münasibətlərində bir irəliləyiş
əldə olundu: “Yada salmaq istəyirəm ki, Paşinyan
hökumətinin ABŞ-la münasibətləri çox isti
idi. Demokratlar hakimiyyətdə olanda onu himayə edirdilər,
onların xeyrinə qərarlar qəbul edir, diplomatik səylər
göstərirdilər. Hərbi yardımlar etməyə
başlamışdılar. Baxmayaraq ki, Ermənistan
Rusiyanın müttəfiqidir, amma bu prosesə artıq start
vermişdilər. Blinken getmək ərəfəsində Erməntanla
Strateji Tərəfdaşlıq Xartiyası imzaladılar. Onlar
öncədən “stavkanı” Kamala Harrisə etmişdilər,
amma sonda əliboş qaldılar. ABŞ-a hansısa şəkildə
müraciət etməyə heç üzləri yox idi. Bu
görüşlə Ermənistan demək olar ki,
ABŞ-ın dəstəyini qaytarır. Bu, Paşinyan
hökuməti üçün vacibdir. Düzdür, əvvəlki
münasibət olmayacaq. Demokratların zamanında USAID-in xətti
ilə balaca Ermənistana 100 milyon dollarlıq maliyyə
yardımları edilirdi. İndi bu qurum yoxdur, amma ayrı xətlər
var, hansılardan ki, Ermənistan yenə də özünə
maliyyə və hərbi dəstəyi gözləyəcək.
Eyni zamanda, Rusiya ilə münasibətləri korlanır.
Bunlara bir çətir lazımdır ki, Rusiya gəlib Ermənistanı
tam şəkildə əzməsin. Azərbaycan isə
özünü daha sərbəst hiss edir, biz Bayden
administrasiyasının təzyiqlərindən
özümüzü kifayət qədər qoruduq. Azərbaycan
Prezidenti seçkiyə 7-8 ay qalmış açıq şəkildə
bəyan etdi ki, respublikaçılarla əməkdaşlığımız
həmişə üstün olub və Trampın qələbəsini
gözləyirik. Təbii ki, Tramp bunu yaddan
çıxartmayıb və biz ABŞ-la ikitərəfli
münasibətlərimizi irəli aparmaq üçün
yaxşı şanslar qazandıq”.
Deputat Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti
arasında Əməkdaşlıq Memorandumunun imzalanmasına
da diqqət çəkib. Bildirib ki, “ExxonMobil” dünyanın
bir nömrəli energetika şirkətidir. Bu sənəd qeyd
edilən sahədə əməkdaşlığı daha da
genişləndirəcək: "Hamı müşahidə
etdi ki, Tramp Azərbaycan Prezidentini necə qarşıladı,
hansı münasibəti göstərdi, Paşinyanı necə
qarşıladı. Bunlar hamısı əhəmiyyətlidir
və bunu bütün dünya görür, həmin
münasibətə uyğun şəkildə Azərbaycanla
davranmağa başlayır. Bu, həm şimal qonşumuz, həm
cənub qonşumuz, həm Avropa İttifaqı
üçün təsirlidir. Bütün bu vacib məqamlar nəzərə
alınmaqla səfər, görüşlər çox əhəmiyyətli
idi. Nəhayət, sülh sazişinin mətni XİN
başçıları tərəfindən paraflandı. Bu o
deməkdir ki, razılaşma şifahi idi, indi XİN
başçıları imzalalarla onu təsdiqlədilər.
Paralel olaraq Minsk qrupunun buraxılması ilə bağlı
ATƏT-ə məktub ünvanlandı. Yəni müəyyən
mənada, Əbu-Dabidə əldə olunmuş şifahi yol xəritəsi
Vaşinqtonda üçtərəfli bəyanatla
yazılı şəkildə öz əksini tapdı. Həmin
yol xəritəsinə əsaslanaraq
Ermənistan-Azərbaycan normallaşma xətti müəyyən
bir ardıcıllıqla qəbul edilib”.
R.Musbəyov deyib ki, Ağ Evdə liderlərə
ünvanlanan suallar zamanı Qarabağa ermənilərin
qayıtması, Bakıda mühakimə olunan ermənilərlə
bağlı cürbəcür cəfəng mövzuları
gündəmə gətirməyə
çalışdılar, amma cavablardan anladılar ki,
bütün bunların heç bir perspektivi yoxdur.
Çünki atılacaq addımlar ardıcıl müəyyən
edilib.
Vaşinqton razılaşmalarından sonra İran və
Rusiyadan gələn müxtəlif bəyanatlara diqqət
çəkən R.Musabəyov bildirib ki, ABŞ İsraillə
birgə İran üçün bir nömrəli düşməndir:
“Təbii ki, İran Ermənistan sərhədində
ABŞ-nin hansısa bir şirkətinin təhlükəsizliklə
məşğul olmasından qorxur. Amma müdaxilə etmək
imkanları məhduddur. Baxmayaraq ki, deyirlər İsrailə,
ABŞ-a qalib gəldik, amma İran bu müharibədən
hansı vəziyyətdə çıxdı. Ona görə
də indi Vilayəti (İranın ali dini liderinin baş
müşaviri - red.) bir şey deyir, prezident Pezişkian
başqa bir şey deyir. Bizim üçün vacib olan əsas
rəsmi mövqedir və Pezişkian, Xarici İşlər Naziliyi
bəyan edir ki, ABŞ ilə razılaşma elə şəkildə
həyata keçiriləcək ki, İranın maraqlarına
toxunmayacaq. İran xarici işlər nazirinin müavini Ermənitana
səfər etdi, Paşinyan telefon danışığı
zamanı müəyyən izahatlar verdi. İndi
Pezişkianın Ermənistana səfəri gözlənilir.
Rusiyaya gəlincə, bu ölkədə hesab edirdilər ki,
Ermənistan onların tam əlaltısıdır. İndi
görür ki, əlindən çıxır, ABŞ-ın
şirkəti əraziyə gələcək, Ermənistan sərhədində
isə rus hərbçiləri dayanır. Bu məsələlər
öz həllini tapmalıdır. Lakin bu Ermənistanın
problemidir. Zəhmət çəksinlər, öz dövlətlərinin
sərhəd təhlükəsizliyini özləri təmin
etsinlər. Keçmiş 15 sovet respublikları arasında
yeganə Ermənistandır ki, öz sərhədlərini
başqa dövlətə həvalə edib. Məsələn,
Tacikistanı götürək, baxmayaraq ki, Əfqanıstana
görə kifayət qədər problemlərlə
qarşılaşır, amma sərhədlərinin təhlükəsizliyini
özü təmin edir. Ermənistan isə bunu başqa
dövlətə həvalə edib. Bu məsələlər
öz həllini tapmalıdır.
Amma bu, Ermənistanın, Paşinyan hökumətinin
işidir”.
Pərvanə
525-ci qəzet .- 2025.- 15 avqust(¹144).- S.4.