Nəsillərə örnək olan
qüdrətli poeziya
Bəxtiyar Vahabzadə-100
Xalq şairi, istiqlal carçısı Bəxtiyar
Vahabzadə çağdaş Azərbaycan ədəbiyyatında
ən çox sevilən və oxunan, şeirləri dillər əzbərinə
çevrilən şairlərimizdəndir. Əlbəttə
ki, bu sevgi səbəbsiz deyil. Bəxtiyar Vahabzadə
yaradıcılığında bütöv bir xalqın
arzusunu, istəyini, sevincini, kədərini, tarixi
keçmişini, mübarizə əzmini, milli və bəşəri
hisslərini qələmə alıb. Bütöv bir
xalqın adından danışmağın nə qədər
çətin, məsuliyyətli və şərəfli
olduğu aydıdır. Bu mənada, düşünürəm
ki, nə yaxşı bizim Bəxiyar Vahabzadə kimi mütəfəkkir-şairimiz
olub. O, yaşadığı zamanın mühüm ictimai-siyasi,
mədəni hadisələrini şeirlərində,
poemalarında, dram əsərlərində, hətta publisistik
məqalələrində elə dəqiq, təsirli əks
etdirib ki, tarixçilər onun əsasında həmin
dövrün tarixi salnaməsini yarada bilər.
İstiqlal şairi Bəxtiyar Vahabzadə şairliyə,
söz sənətinə qəlbinin səsi ilə gəlmiş,
bu yolun çətinliyi onu heç vaxt
qorxutmamışdı. O, şairliyə həmişə
müqəddəs bir sənət kimi səcdə etmiş, bu
sənəti çox yüksək qiymətləndirmişdi.
Həm də o, şairliyi vətənsevərlikdən
ayrı təsəvvür etməmiş, poeziyanı vətən
eşqindən ayrı düşünməmişdi. Əgər
ölməz sənətkarımız Abbas Səhhət "Vətəni
sevməyən insan olmaz" deyirdisə, Bəxtiyar Vahabzadə
isə birmənalı şəkildə "vətənini
ürəkdən sevməyən insandan heç vaxt şair
olmaz" deyib və onu poetik dillə belə ifadə edib:
Şairin bədəni bu ana torpaq,
Nəfəsi Xəzərdir, qanı Kür, Araz.
Çox şey vətənsiz də yaşayar, ancaq
Şairsə vətənsiz, elsiz yaşamaz.
Məncə, bu şeiri Bəxtiyar Vahabzadə
yaradıcılığının epiqrafı hesab etmək
olar.
O, müəllimliyi zəhməti hesabına
qazanılmış ikinci sənət hesab edir, şairliyi isə
Tanrının bəxş etdiyi fitri bir istedad kimi dəyərləndirir.
Şairin yaradıcılığında xüsusi önəm
daşıyan, gənclərin tərbiyəsinə, təhsilinə
həsr olunan "Qiymət" poemasının lirik qəhrəmanı
şair və müəllimdir. Bəxtiyar Vahabzadə bu
poemasında da iki sənəti bir-biri ilə
qarşılaşdırır, onların hansının
üstün olmasını müəyyənləşdirməyə
çalışır:
Müəllimlik mənim günüm, həyatım,
Şairlik ən uca duyğularımdır.
Gördüyümüz kimi, bu iki sənətin
müqayisəsində B.Vahabzadə şairliyə daha
çox üstünlük verir. Hətta müəllim kimi
etdiyi bəzi nöqsanlarına da şair gözüylə
baxır, hər iki sənətdə həmişə ucada
durmağa, ləyaqətini, mənliyini qorumağa
çalışır.
Bütün dövrlərdə B.Vahabzadə
yaradıcılığının baş və
aparıcı mövzusu Azərbaycan olub. Doğma yurdu Azərbaycanın
şanlı tarixi keçmişi, füsunkar təbii gözəlliyi,
əsrlər boyü başına gətrilən müsibətlər,
xalqın doğma torpaq uğrunda mübarizəsi, yetirdiyi
böyük dahi şəxsiyyətlər, maddi və mənəvi
sərvətlər B.Vahabzadə
yaradıcılığında özünəməxsus
çalarlarla tərənüm olunur. Onun şeirlərinin hər
misrasından doğma Azərbaycan torpağının ətri
gəlir. "Azərbaycan", "Bakı",
"Göygöl", "Vətən torpağı",
"Bu yerlər", "Əsir torpaqlarım" və sair
şeirlərindəki səmimi hisslər oxucunun qəlbini
ehtizaza gətirir. Bakı, Şəki, Şuşa,
Laçın, Qarabağ və başqa bölgələrimiz
haqqında yazdığı şeirlər Azərbaycanın əlvan
təbiətindən toxunmuş xalını xatırladır.
Şair üçün bu həyatda ana, vətən, torpaq,
dil qədər doğma, əziz heç nə yoxdur:
Vətən torpağından yaranmışam mən,
Şeirimdir vətənin gül-çiçəkləri.
Məsləkim rəngini dəyişdirməyən
Vətən torpağıdır əzəldən bəri.
Xalq şairi B.Vahabzadə təkcə öz vətəninin,
xalqının deyil, bütün bəşəriyyətin dərdinə,
qəminə şərik olmağa çalışıb.
Milliliklə bəşəriliyin qovuşması onun
yaradıcılığının əsas keyfiyyətlərindən
biri kimi diqqət cəlb edir:
Birinin dərdinə ortaq olmadan
Yaşamaq, ay ana, yaşamaqmıdır?
Demək olar ki, şairin bütün
yaradıcılığının əsas qayəsini, ana xəttini
"Yaşamaq yanmaqdır, yanasan gərək" ifadəsi təşkil
edir. O, bu sənət amalına bütün
yaradıcılığı boyu sadiq qalıb. Əsərlərinə
ana dili, vətən, torpaq, azadlıq və istiqlal uğrunda fədakar
mübarizə ruhu hakim kəsilib. Onu da qeyd edim ki, Vətən
anlayışı B.Vahabzadə
yaradıcılığında özünəməxsus
orijinal deyimlərlə təsvir olunub, onun əsərlərində
vətən sanki toxunulmazlıq simvolu kimi bir daha təsdiqlənir.
Şair təkcə vətən torpağını tərənnüm
etmir, eyni zamanda, oxucusunu bu torpağın qədrini bilməyə,
onu qorumağa, ona dikilən yad gözlərə qarşı
amansız olmağa çağırır. Torpaq dərdini, vətənin
bölünməsinin böyük faciəsini həssaslıqla
duyan şair ürək ağrısıyla qələmə
aldığı "Gülüstan" poemasında bədii
sözün qüdrəti ilə xalqın
parçalanmasına qarşı özünün kəskin
etirazını bildirir:
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınctək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı, ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
Dərdlərini dilə gətirməkdə şairin
məqsədi o deyil ki, oxucularını kövrəltsin,
ağlatsın. Məqsəd dərdin
böyüklüyünü oxucuya çatdırmaq, biganəlik,
laqeydlik zülmətində olan insanları bu zülmətdən
qurtarmaq, oxucusunu əzəli-əbədi torpaqlarına sahib
çıxmağa, öz haqq səslərini ucaltmağa
çağırmaqdır.
Bəxtiyar Vahabzadənin bədii
yaradıcılığında ana dili məsələsi də
mühüm yer tutur. O, bu mövzuya aid neçə-neçə
şeir yazmış, hətta poemalarında da bu mövzuya dəfələrlə
müraciət etmişdi. Akademik İsa Həbibbəylinin təbirincə
desək, "Şair ayaqlar altında tapdanan, qapılar
arxasında qalan ana dilimizin qorunması ilə bağlı həm
əməli işində, həm də əsərlərində
bu mövzuya ürək ağrısı ilə
toxunmuşdur". Xalq şairi Bəxtiyar Vahabzadə əksər
əsərlərində ana dilimizin dövlət idarələrində
sıxışdırılmasına qarşı öz kəskin
etirazını bildirib. 1988-ci ildə qələmə
aldığı "İki qorxu" poemasında xalqın
haqq və hüququnun tapdanmasına, ana dilimizin
sıxışdırılmasına qarşı bəzən
açıq, bəzənsə müxtəlif üsullardan
istifadə edərək kəskin nifrətini bildirməkdən
çəkinmir:
Vətəndən qovuldu ana dilimiz,
"Ana dili" dedik gəlmə, yad dilə.
Ərəbcə danışdıq ölülərlə
biz,
Rusca qırıldatdıq dirilər ilə.
Şair bir çox əsərlərində ana dilinin
xalqın milli varlığının göstəricisi
olduğunu, "dil yoxdursa, millət də yoxdur" fikrini
ifadə edib. Öz uşaqlarını evdə də rus dilində
danışdırıb, rus məktəblərinə
oxumağa qoyan müəllimlərə yazdığı
"Riyakar" şeirində şair belə insanlara
qarşı qəzəbini dilə gətirib:
Mənim övladıma ana dilində
Dərs verən "ağıllı" müəllimə
bax!
"Vətən", "Vətən" deyir,
öz övladını
Əcnəbi dilində oxudur ancaq.
Azərbaycan ədəbiyyatında orijinal deyim və
duyum tərzi ilə seçilən Bəxtiyar Vahabzadə
filosof şairdir, fəlsəfi ruhlu şairdir. Həqiqətən
də, onun şeirləri oxucuları dərindən
düşündürən, onlara böyük məna
aşılayan misilsiz sənət inciləridir. B.Vahabzadə
"sənətkar üçün ən vacib şərtlərdən
biri ilk növbədə qəlbə, hissə təsir etmək,
ürəklərə yol açmağı bacarmaqdır"
deyir.
Şairin güclü müşahidə qabiliyyəti,
insan psixologiyasını dərindən duymaq, gördüklərini,
duyduqlarını xüsusi mənalandırmaq
bacarığı vardı. Bəlkə də ilk
baxışdan diqqəti o qədər də cəlb etməyən,
çoxlarımızı düşündürməyən,
adi görünən hadisələr onu
düşündürür və narahat edirdi, qəlbinin
narahatlığı təsirli bir şeirə çevrilirdi.
Bu da ondan irəli gəlirdi ki, o, müraciət etdiyi hər
hansı bir mövzunu adilikdən çıxarmağı, ona
yeni məna verməyi, bir növ ozününküləşdirməyi
bacarırdı. Fikrimin təsdiqi üçün şairin
"Yazıq" adlı şeirindən nümunə gətirmək
istərdim:
Bir qanmazın qarşısında alışsan,
Yanmağını nöqsan bilər o nadan.
Anlamazı anlatmağa çalışsan,
Yana-yana söylədiyin söz yazıq!
Min boyunu bir halqaya saldılar,
Doğma deyib yada səcdə qıldılar.
Üstəlik də, bizi bizdən aldılar,
Alan qocaq, satan maymaq, biz yazıq!
Gördüyümüz kimi, şair poeziya nümunələrində
insanları düşündürən çox ciddi məsələlərdən
bəhs edir, bunları fəlsəfi mövqedən
bütün ziddiyyət və incəlikləri ilə
işıqlandıraraq oxucusunu düşündürür.
Həyat və ölüm daim şairi
düşündürən suallardan olub. O, bir bəndlik
şeirində də sanki həyatla ölümün tərifini
verir və əsrlər boyu insanları düşündürən
bu labirintin açıqlamasını açmağa
çalışırdı:
Ömür başdan-başa, beşikdən qəbrə
Həyatın sevinci, qəmi deyilmi?
Ölüm bir ömürlük iztirabların
Ağrının-acının cəmi deyilmi?
Bəxtiyar Vahabzadə həm də çox nikbin,
mübariz şair olub. Dərd əlindən acizləşməyən,
əksinə, dərdi özünün ən yaxın dostu,
sirdaşı sayan, dərdsiz günlərini ömründən
saymayan, bir gün belə dərdsiz qalmadığını,
doğulandan dərdlə qoşa yarandığını
söyləyib. O, "həyatın iki rəngdə
olduğunu, yalnız həmişə ağı götürərək
cah-cəlal içərisində yaşayanın
cahilliyini" ifadə edib:
Sevinc axtarırsan al yasaq deyil,
Dərd çəkən ürəkdən dərd
qaçaq deyil,
Həyat iki rəngdi, təkcə ağ deyil,
Birini götrmək cəhalətindir.
Bəxtiyar, bildinmi sən kimsən, nəsən?
De, hansı rüzgardır başından əsən?
Dünyanın yasına qəhqəh çəkməsən,
Dünyanın toyuda müsibətindir.
Şairin lirikasının əsasını sevgi
şeirləri təşkil edir. O, sevgi və məhəbbəti
insan mənəviyyatını zənginləşdirən,
insanı həyata bağlayan bir hiss kimi mənalandırır.
B.Vahabzadənin məhəbbət lirikasında, bu
mövzudakı hər misrasında oxucu onun qəlb
çırpıntılarını, ürək
döyüntülərini eşidir. Buna görə də onun
sevgi şeirləri oxucu qəlbinə çox asanlıqla yol
tapır:
Nə məni anladın, nə məni duydun,
Sən mənim könlümü xaraba qoydun.
Kimi qınamalı?
Yox, yox heç kəsi...
Öz könlüm özümdən indi uzaqdır.
Məhəbbət, məhəbbət - barıt zərrəsi
Ürəyə düşdüsə,
partladacaqdır.
Dillər əzbərinə çevrilən "Bir
salama dəymədi" şeirində şair iztirab və
duyğularını o qədər məharətlə ifadə
edib ki, sanki şeir yox, məhəbbət faciəsi
haqqında gərgin bir qüssə oxuyursan. Dəfələrlə
oxuduğumuz bu şeir lirik və qissəli bir hekayə təəssüratı
yaradır.
Yüz illər keçsə də, Bəxtiyar Vahabzadə
yaradıcılığı çox sevilib-seçilən,
insanı öz dünyasından alan, onu
düşündürən, kamilləşdirən,
bugünkü və gələcək nəsillərə
örnək olan qüdrətli poeziya kimi yaşayacaq.
Aypara BEHBUDOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
(Naxçıvan Dövlət Universiteti)
525-ci qəzet .- 2025.- 19 avqust (№146).- S.15.