Bir həyat hekayəti
İlğım
(Əvvəli qəzetimizin 12 avqust tarixli sayında)
Bayaqdan bu mənzərəyə baxan gəlin elə
bilirdi ki, qayınanası inadından dönməyəcək,
iki ayağını bir başmağa dirəyib elə dediyini
deyəcək. Amma arvad dərhal təslim oldu, daha o yan-bu yan
eləmədi, dodaqlarının altında nəsə
mızıldana-mızıldana keçib öz həmişəki
yerində - odun peçinin yarında yerə
atılmış döşəkçənin üstündə
oturdu. Və həmin o andaca gəlin bütün
aydınlığı ilə dərk elədi ki, arvad nə qədər
ki o döşəkçənin üstündə oturub, nə
qədər ki, çörəyini, suyunu bu ocaqdan alır, nə
qədər ki, onu həftədə bir dəfə iri
teştin içində oturdub çimizdirən onu "filan
yerimi yaxşı sürt, ay filan yerinə qara yara
çıxmıış" deyə acılayır,
qayını ilə baldızının planı baş
tutmayacaq, ürəklərindən keçənlər
içlərində qalacaq. Gəlinə də elə bu
lazım idi.
Rəhmətlik qayınatasının da, indi
ağır xəstə olan qayınanasının da
yükünün ağırlığını o
dalısallaq ifritə yox, məhz gəlin çəkmişdi.
Bu od-ocağın istisinə də onun balaları
qızınmalı idilər. Əgər Allah-Təala onun
balaları üçün bu qapını
açmışdısa, o qapıdan başqaları yox, məhz
onun balaları keçməliydi - başqa cür ola bilməzdi.
- Ay bala, ay uşaq, ayağınızın altında
ölüm, mənə bir fincan çay... -
qayınanasının səsi eyvana yayıldı.
- Çay yoxdur, ay arvad. Qız gedib su dalınca, indi gələcək.
- Çox istəmirəm e, bircə qurtum, sən Həzrət
Abbasın qara gözləri...
Gəlin özünü səbirli adam bilirdi. Di gəl,
iş həmişə gəlib bu yerə çatanda dözə
bilmir, az qalırdı dəli bir qiyyə çəksin.
Canını dişinə tutub birtəhər susurdu, gözlərini
döyə-döyə qayınanasının qurumuş,
qanı, rəngi qaçmış sifətinə baxır,
onu da, özünü də bu loya salana ürəyində
qarğışdan don biçirdi. Qayınanasının
ağlı qaçmışdı - burası məlum idi,
lakin nədənsə gəlinə hərdən elə gəlirdi
ki, qayınanasının bu şıltaqlıgı itmiş
ağlın, daha doğrusu, ağılsızlığın
yox, o dalısallağın, baldızının qurğusunun,
fitnə-felinin nəticəsidir. Gəlini pisikdirmək,
dost-düşmən arasında biabır eləmək
üçün həftə səkkiz mən doqquz bu
qapıya gəlib altdan-altdan nə hoqqalar
çıxarmırdılar ki! "Anama baxmırsan",
"Arvadı ac saxlayırsan,
incidirsən" kimi böhtanları eşitməkdən
yazığın qulaqları döyənək olmuşdu. Hətta
bir dəfə eltisi ilə baldızının arvada "Bircə
o qalıb ki, səni vursun, sənə əl
qaldırsın" demələrini öz qulaqları ilə
eşitmişdi. Bu cür böhtanlara duruş gətirmək
hər gəlinin hünəri deyildi. Bax beləcə
qoparağını götürə-götürə
qayınanasının başını yemiş, gəlini onun
gözlərində şümrüyə, şeytana döndərmişdilər.
- Həzrət Abbasın qara gözlərinə and
olsun çay yoxdur, qoy suyu gətirsin, dəmləyəcəm.
Arvad kiridi. Gəlin ürəyində
qızının qarasına deyinə-deyinə içi
yağlovca tavanı götürüb pilətənin
üstünə qoydu. Üzü axşama gedirdi, yavanlıq
hazırlamaq lazım idi. Bir azdan əri də
qayıdacaqdı. Görünür, gədənin işinə
görə ləngimişdi.
Gəlin pomidorların nisbətən əziklərindən
seçib qabığını soydu, sonra tavaya bir az yağ
atdı, pomidorları bıçaqla doğrayıb
cızıldayan tavaya tökdü, dönüb masanın
üstündən tavanın qapağını götürmək
istəyəndə diksinib içini çəkdi -
böyük oğlu əllərini cibinə qoyub
qapının kandarında dayanmışdı.
Gəlin "bismillah" deyib oğluna təpindi:
- Ə, bir cınqırığını
çıxarsana...
Dodaqlarında təbəssüm sayrışan Sahibin
gözləri bic-bic gülürdü. Bu təbəssüm,
gözlərindəki o ifadə ana-bala arasında yalnız
onların özlərinə məlum olan simsarlığın
təntənəsindən xəbər verirdi.
Gəlin baxışları ilə oğluna dedi ki, gir
içəri. Sahib bir göz qırpımındaca mətbəxə
keçib küncdə qoyulmuş köhnə masanın
arxasında oturdu. Gəlin tavada bişən pomidoru
qarışdırdı, sonra tələsik pilətənin duxovkasını açdı,
oradan üstünə nəlbəki çevrilmiş balaca
dolma boşqabını götürüb oğlunun
qabağına qoydu:
- Tez elə, uşaqlar gəlib görməsin.
Sahib nəlbəkini çevirdi boşqabda iki kotlet
vardı.
Bir neçə saniyədən sonra
marçıltı səsi tavada bişən pomidorun
cızıltısına qarışdı.
- A bala, nə xəbərdir? Bir az yavaş da - gəlinin
marçıltıdan xoşu gəlmirdi.
Marçıltı yalnız bir anlığa kəsildi:
- Axşam papadan soruş gör mənim işim nə
oldu?
Oğlunun danışığındakı göstəriş,
diktə tərzi anasını çaşdırmadı, əksinə, gəlinə görə
elə belə də olmalıdır, oğlunun öz
ağlı, bacarığı ilə qazandığı
üstünlüyün barından bəhrələnməyə,
ərköyünlüyə bacı-qardaşından, hətta
atasından belə fərqlənməyə haqqı
çatır. Hər halda gəlin belə fikirləşirdi.
Ona görə də asdığı babat xörəklərdən
böyük oğlu üçün əlavə bir qab
çəkib gizlədəndə, oğlu da o xörəyi
beləcə tələsik, ağzının
marçıldada-marçıldada yeyəndə,
ayaqqabının yaxşısını, paltarın gözəgəlimlilərini
ona aldıranda qətiyyən sıxılıb eləmirdi.
Oğlunun bu həyətə, bu ocağa hamıdan çox
lazımlığı onun üçün də, əri
üçün də sorğu-sualsız aydın bir həqiqət
idi və uşağın indicə xəbər
aldığı iş də həmin bu həqiqətin təsdiqi
yolunda atılacaq zəruri addımlardan biri idi. Kəndin
ağsaqqalı Ağalar kişi bir məclisdə demişdi
ki, hayıfdır, bu uşağı zay eləməyin, molla Nəcəfqulu
ilə danışın, qoy ondan dərs alsın, dinin incəliklərini
öyrənsin, sonra da təzə açılan mədrəsələrin
birində oxudun. Kəndin ən
hörmətli, mötəbər kişisinin uşağa
verdiyi bu yüksək qiymət onu da, ərini da o qədər
ruhlandırmışdı ki, elə həmin gün axşam
qızğın müzakirələrdən,
götür-qoydan sonra qərara almışdılar ki,
bütün səylərini bu nəcib işə yönəltsinlər,
molla Nəcəfqulunun ağzını arasınlar, lazım gəlsə,
ona minnətçi düşsünlər.
Uşaq indi "mənim işim" deyəndə bu
vacib məsələni bir də anasının yadına
salırdı, eyni zamanda bu işi yönünə, yöntəminə
qoymalı olan atasının bir şeyə nail olub-
olmaması ilə maraqlanırdı, dolayısı ilə
soruşurdu ki, atam adamdan-zaddan tapıbmı, öyrənibmi
ki, paxıl İldırımın dediyi kimi, molla Nəcəfqulu
havayı dərs keçmir?
- O bir allahın köməyi ilə hər şey
yaxşı olacaq. Hər şey o kişinin əlində,
ixtiyarında deyil? Allahın buyuruğu ilə hər iş
düzələcək. Sən də girməyəndən
sonra kim girəcək ora? Sən darıxma, dur ayağa, get
gör qardaşınharda qaldı. İstəsən, bir hovur
dayan qoyunların yanında, qoy gəlsin o da bir tikə
çörək yesin.
Sahib könülsüz-könülsüz qalxdı,
üz-gözünü turşudub anasına nəsə demək
istədi, amma dinmədi. Ayaqlarını sürüyə-sürüyə
eyvandan düşdü, dar cığırla həyətin
aşağı tərəfinə getdi.
Xörək bişmişdi. Gəlin tavanı pilətənin
üstündən götürdü. Sonra oğlunun xörək
yediyi boşqabı çirkli qabların yanına qoydu,
yaş əskini əlində bürmələyib masanın
üstündəki köhnə müşəmbənin
üstünə çəkdi.
Pilləkən tərəfdən hənirti gəldi.
Tutalğac fırlanıb şaqqadan vedrənin ağzına
deyəndə bildi ki, qızıdır, su gətirib
- Harda qalmısan, ay canı yanmamış? - gəlin
eyvana çıxmadı, çünki uşaq özü
hıqqana-hıqqında vedrəni mətbəxə gətirməli
idi.
- Mama!
Yox, bu səs onun qızının səsi deyildi, daha
doğrusu, danışan qızı idi, amma həyəcandan səsi
dəyişmişdi, kallaşmışdı, elə bil ilişib boğasında
qalırdı.
- Nədir, aaz?..
- Mama! - qız artıq
mətbəxin qapısının kandarında
dayanmışdı. - Gör arxın başından nə
tapmışam...
Uşaq bayaqdan yumduğu əlini açdı və
onun balaca ovcunun ortasında eyni ilə bu qızın heyrətdənmi,
sevincdənmi alacalanmış gözləri kimi girdə onluq
qızıl alışıb yanırdı
Gəlin karıxan kimi oldu, amma tez də
özünü ələ aldı. Qızın qolundan tutub
içəri çəkdi.
- Bu nədir, aaz - və indi öz səsinə də
diksindi, çünki boğazının cırmaqlayan bu səs
onun öz amiranə, qalın səsinə bənzəmirdi.
- Vedrəni doldurub qalxanda gördüm
ayağımın altındadır. Palçığa
batmışdı. Mən də götürdüm.
- Heç kim yox idi ki, arxın başında?
- Mən ora çatanda Bəsti xala əlində vedrə
evlərinə tərəf gedirdi.
- Səni görmədi ki? - gəlin özü də
baş açmırdı ki, bu sualları niyə verir,
cavablarını niyə belə səbirsizliklə gözləyir.
Uşaq cavabı bir qədər ləngitdi və gəlinə
elə gəldi ki, bu "bir az" yüz il qədər
uzandı.
- Mən arxa gedəndə görməmişdi, amma
qayıdanda doqqazımıza lap az qalmış dönüb
baxdım. Kimsə tələsə-tələsə arxın
başına tərəf gedirdi. Deyəsən, Bikə
xalaydı. Amma bilmirəm, məni gördü, ya yox.
Gəlin susdu. Qızıl onluğu Bikənin itirdiyinə
şübhəsi qalmadı. Yaxşı, bəs sonrası?
Sonrakı olacaqlar barədə gəlin hələlik aydın
şüurla fikirləşə bilmirdi. Amma ləngimək də
olmazdı, nəsə qəti bir qərar qəbul eləmək
lazım idi.
- Yaxşı, tez elə, çaydanı doldur, qoy pilətənin
üstünə. Nənən səhərdən çay istəyir.
Söhbətin belə
tez bitməsi sevincək uşağın ürəyindən
olmadı. Hər halda anasını sevindirə bilmişdisə,
onun heç olmasa yarısı qədər özü də
sevinmək istəyirdi.
- Mama, o dediyim ayaqqabıdan mənə alarsan? Bax,
burası bantlı, burası da
qayışlı ayaqqabıdan - uşaq əyilərək xırda
barmaqlarını yalın ayaqlarının üstündə
gəzdirib arzudadığı ayaqqabının
formasını göstərdi.
- Aaz, tez elə...
Anası üstünə
çımxırmırdısa, bu, razılıq kimi bir
şey idi. Ona görə də qız sevinə-sevinə
başmaqçıxan tərəfə qaçıb bayaq orda
qoyduğu vedrəni mətbəxə gətirdi, balaca
saplıcanı götürüb çaydanı doldurmağa
başladı və qəfildən başını
qaldırıb hələ də yerindən tərpənməyən
anasından soruşdu:
- Mama, Bikə xala məni görsəydi, nə olar ki?
Anası əvvəl elə bildi ki, uşaq bu sualı
elə-belə, qanmazyana verir, yəni məsələnin
ciddiliyinin anlamır. Anlamır ki, Bikə onu görübsə,
arxın başından birbaşa onlara gedəcək və
bununla da bayaqdan havasına uçduğu bantlı
ayaqqabının sevinci də uçub gedəcək öz
işinin dalınca. Amma qızın qıyılmış
balaca gözləri, qarabuğdayi sifətinin cizgiləri tamam
ayrı şey deyirdi. Doqquz yaşlı bu uşaq verdiyi bu
sualla, üzündə, gözlərində oynaşan o ifadə
ilə indi bəlkə də dünyanın ən
çoxbilmiş, ən hiyləgər uşağı
idi. Anası yalnız indi
başa düşdü ki, verəcəyi qərar, hadisələrin
bundan sonrakı gedişi qarşısındakı bu
çoxbilmiş uşağın istəyindən
asılıdır, uşaq nə istəsə, o da olacaq və
buna görə müəyyən bir qərara gəlməmişdən
əvvəl gərək bu uşağın ağzını
araya, onunla şərt bağlaya.
- Mənə bax, bantlı ayaqqabı istəmirsən?
- İstəyirəm, istəyirəm!
- Ay sağ ol. Bax, qulaq as, onda sən arxın
başından heç nə tapmamısan. Başa düşdün?
- Hə, bəs
ayaqqabını nə vaxt alırsan?
- Həftənin
axırı alaraq.
- Denən Quran
haqqı...
Əlbəttə,
başqa vaxt olsaydı, uşaq anası ilə bu cür
danışmağa cəsarət eləməzdi. Amma indi meydan
onunkuydu.
- Mənə inanmırsan? - anası soruşdu, - dedim
alacam, deməli, alacam da.
Qız daha dinmədi, çaydanı pilətənin
üstünə qoyub eyvana çıxdı, ayaqlarını
şappıldada-şappıldada
başmaqçıxan tərəfə addımladı.
Gəlin ovcunu açıb əlinin içindəki
onluğa bir də diqqətlə baxdı, sonra yaxasından
liftçiyinin içinə buraxdı.
(Ardı var)
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2025.- 19 avqust (¹146).- S.14.