Doğma nəfəs duyuncaf dikəldi Dəmirçilər
Ata yurdu işğaldan azad edilmiş
ərazilərdə olanlarımıza ithaf edirəm
2020-ci ilin 9 noyabr səhərinə ən gözəl
səhər demişdim. O vaxtdan üzü bu yana səhər
- Zəfər səsləşməsi dualarımın təkbiri
olub. Mənə elə gəlib ki, (gəlir ki) o vaxtdan sonra
bütün uğurlar başlanğıcını 9 noyabr səhərinin
dan yerindən götürür; ən gözəl səhərin
işığını ruhumuzun yol göstərəni bilirik
- Qubadlının Dəmirçilər kəndinə uğur
üstəyik.
İşğaldan qurtulmuş ərazilərdə bəzi
yaşayış məntəqələrində müəyyən
zəruri baxış - yoxlamalara, dəqiqləşdirmələrə
görə sahili sahilə birləşdirən, mənzili
ünvana yetirən körpüdə dayanmışıq.
Uğur üstə olanlara elə gəlir ki, belə anlar
ömürdən deyil - səbirsizləşir, bir göyə
baxır, bir saatına, gileyi közə, bir anı dörd ana
dönür: "dörd ana dönən bir an" içində
Qubadlının Dəmirçilər kəndinə aparacaq
körpünün uzununu "ölçməyə"
imkanımız olmasa da, enini en kimi addımlayırıq.
...Şuriyə 66 illik ömrünün
yarısını - 33 ilini gündüzlər
düşüncələrində, gecələr
yuxularında yaşatdığı Dəmirçilərə
həsrət yaşayıb. 1992-ci ildən bəri ürəyi
nəfəsi nəfəsinə dəymədiyi, izi izlərinə
qarışmadığı Dəmirçilərə - ata
yurduna çəkməkdədi. Bu beş ildə
qardaşı Nazirə görə ata yurdunun
daş-divarına, üz sürtməyə ürəyi gəlməyib,
xəstə qardaşını ovundura-ovundura ayları il eləyib.
İndi də düşüncələrində ata yurdunun
sorğularından çəkinir elə bil: "Nazir
hanı?" - "Torpaq aldı, yer gizlədi..." - deməyə
dilə gələcəkmi?..
Şuriyənin yollardan üzülməyən
baxışları sanki bir himə bənddi, dil açıb
dillənəcək:
Xeyli ləngimişəm...
Həsrət əllərim
Həsrət gözlərimi sürmələyərmi?
Əsən yellərini şər
qarışmamış
Kövrələn könlümə kürmələyərmi?..
Bərgüşad çayı görünür.
Şuriyə maşını saxlayır. İllərin o
üzündə qalmış bir hadisəni xatırlayır,
kövrəkliklə, qəhərlə xatırlayır:
12 yaşı vardı. Qubadlıdan Dəmirçilərə
qayıdırdı. Körpüyə çata-çatda
kiminsə getdikcə nazilən səsini eşitdi. Dayandı.
Yaxınlaşdı. Oğlan (adını demək istəmədi)
körpüdən keçəndə
yıxılıbmış, köynəyi armatura
ilişibmiş; suya batıb-çıxırmış, əziyyətlə
də olsa oğlanı xilas edir - Bərgüşadın sellərinə
vermir. 54 ilin o üzündə qalmış hadisə Şuriyənin
gözlərindən yaş dərir, Rafiqi də, Habili də,
məni də kövrəldir - qəhərlənirik...
Şuriyə evlərinə yaxınlaşır -
ürək çəkir, ayaqlar getmir; 1992-ci ildə burdan
üzü Bakıya gedəndə belə deyildi evləri -
eyvanları təbiətə bir pəncərə idi. Əli
yarıuçulmuş divarlarda gəzişir, yanağı
divarın sığalına dönür, daşlar nəfəsi
ilə isinir - inanmaq istəyirəm ki, daşlar bu
doğmalığı duyur. "Nazir gələ bilməyəcək,
heç zaman gəlməyəcək...", - kəlmələr
dodağında közə dönür...
Nar ağacı çiçəkləyib. Şuriyənin
baxışlarından ürkəcək bir təbəssüm
boy göstərir: nar ağacının sədaqətinə əyilir
Şuriyə, əli bu sədaqətin tumarına
dönür. "Dərd nədir? - çəkən bilər..."
- düşünürəm, üzü naməlumluğa
pıçıldayıram:
Dərdlə adaşdır həsrət,
Qaynadı, daşdı həsrət.
Yollardan yığılmayan,
Gözlərdə yaşdı həsrət...
Şuriyənin əlləri qoynunda
çarpazlaşıb. Qəhərlənib. Ömründən
düşüb qalanların həsrətidir bu həsrət.
Bunlar qayıdışsız, dönüşsüz həsrətdi;
zamanın amanı olmur. Söz zamanı da üstələyir,
amanı da:
Yerə-göyə sığanmıram,
Yer verərmi yer mənə?!
Tanrım, uşaqlığımın
Bir günümü ver mənə!
Gəlmişəm həsrətindən
Qopmuş bir işıq kimi,
Ömrünün illərini
İtirmiş uşaq kimi...
...Dəmirçilər
Daş atar, dəmirçilər.
Doğma həsrət duyunca
Dikəldi Dəmirçilər...
"Yumru Təpə...", - Şuriyə
pıçıldayır. Səsində qönçələnən
sevinc də var, hönkürən qəhər də. XIII-XIV əsrlərə
aid daş körpünü də (yaradıcısının
adı ilə tanınır - Bilalın körpüsü), həmin
dövrlərə aid türbəni də ürəyinin
gözləri ilə görür. Şuriyə zamanında
uğura çıxanları uğurlayan türbənin,
uğur yoluna çatdıran daş körpünün o tarixlərdən
bu tarixlərə çatan səsini dinşəyir sanki, sanki
eşidir də: "Dağıdılmamışıq,
sağ qalmışıq..."
"Bu, klubumuzuydu, bu, məscidimiziydi, bu, İnayət
müəllimin eviydi, bu Bilal əminin eviydi..."
Maşın dayanır. Şuriyənin maşından
düşməyə ürəyi gəlmir elə bil. Ona elə
gəlir ki, ayağı torpağa dəyincə bu gerçək
möcüzə bitəcək. Bu bitmə ruhun son nəfəsi
olacaq. Bir anlığa nəfəs dərir. Evlərinə -
evləri olmuş divarlara baxır.
Əli divarda gəzişir. Görəsən,
daşlar doğmalığı duyurmu? Üzü evlərinin
daş üzünə toxunur; bizə elə gəlir ki, indicə
hönkürtü eşidəcəyik - ya daşların
hönkürtüsünü, ya da illərlə müharibəyə
görə, Zəfərdən sonra qardaşı Nazirin
ağır xəstəliyinə görə ləngimiş
ziyarətin hönkürtüsünü...
"Nar ağacımız, sən belə
deyildin...", - qəhərlənir. Əli gəlməsə
də, nar ağacının bir yarpağını
üzür. Əyilib iki ovuc torpaq götürür -
atasının qəbri üçün; iki dəsmal arası
torpaq, ruha təsəlli, imana borc ödəmə, axirətə
sədaqət, ... kimi...
Günəş qüruba meyillənirdi. Şuriyə
evlərinin sökülüb-dağılmış
divarlarına baxırdı, biz - Şuriyənin
baxışlarına. İşğaldan azad edilmiş kəndlərimizdə
evlərinin ziyarətinə gələnlərin hamısı
bu ovqatı yaşayır (2021-ci ilin payızında Vahid Məhərrəmli
də Babaylıda bu kövrəkliyin cazibəsindəydi); gəlir
- ruhu sevinir, görür - ürəyi burxulur, gözləri
torlaşır, sözləri üyüşür, əli
Haqdan üzülmür, yanağına yaş
süzülür...
Şuriyə beş-altı çırpını
üst-üstə qaladı - rəmzi ocaq qaladı. "On illər
sonra da olsa ata yurduna gələnlərin hamısı
külü göylərə sovrulmuş ocaq yerində ocaq
qalasın...", - düşüncələrimdə bir
kövrəklik gəzişir... Mənə elə gəlir ki,
Zahidin pıçıltısını eşidirəm:
Sağ ol, qardaş, atamızın ruhuna təskinlik verdin.
İmamqulunun da səsində titrəyiş duyuram...
Qayıtmaq istəyirik. Ürəyi Şuriyəni geri
çəkir; üzünü uçurulmuş divarın
daşına söykəyir, nəsə deyir: "33 il
sükutunu Göy üzünə
pıçıldamış ev-divarım, divar-evim, sənsiz
keçən illərimi halallıq ver, halallıq
ver..."...
Kəndə gedəndə Bərgüşad belə
deyildi, dönüşümüzdə ruhumuzda da Bərgüşadın
dalğalarının eyni olan kükrəyiş hiss edirik.
Könlüm Bərgüşadla dərdləşir:
Hopammadı bu işığın rəngi daşlara,
Döyüş mədəd olammadı cəngi-daşlara,
İşğal necə agah oldu bəngü-daşlara
Bərguşad çayı?!
O illərdə çor güllələr yaş
daşa dəydi,
Daş atana daş atdılar, daş-daşa dəydi,
Haraylaşan kükrəyişin dağ-daşı əydi
Bərguşad çayı.
Bu körpünün o tayında görən nələr
var,
Bənövşətək boy göstərən düşüncələr
var.
Qanadları heydən düşmüş xatirələr
var,
Bərguşad çayı.
"Qayıtdılar!" - soraq çatar qərib
ruhlara,
Ay işığı nələr deyir gecə
ruhlara?!
Bu şükranlıq salavatdı uca ruhlara,
Bərguşad çayı!
Bir qürurun işığında qəhər
yormuşam,
Bir xeyirin ömrü üçün min Şər
yormuşam.
Faxralıdan Qubadlıya kəhər yormuşam,
Bərguşad çayı!
Rəşid FAXRALI
525-ci qəzet .- 2025.- 19 avqust (№146).- S.13.