Hüseynqulu xan Qacar
Məhəmmədhəsən xanın ikinci oğlu
Hüseynqulu Aşağıbaş qacarlarının Nadir
şahın zülmündən qaçıb, üz
tutduqları Türkmənistan çöllərində
doğulmuşdu. O da anası Ceyran xanımın tərbiyəsi
ilə böyümüş "ailə təhsili" almışdı.
Hüseynqulu həm atasının, həm də sonralar
böyük qardaşı Ağa Məhəmməd xanın hərbi
yürüşlərində dəfələrlə
iştirak etmiş, çox gənc ikən
sayılıb-seçilən igid bir
döyüşçü kimi tanınmışdı. Ona
görə də Ağaşıbaş tayfası arasında
bu balaca cəngavərə uşaqlıqdan "şah" ləqəbi
verilmişdi və onu "Qacar şahlarının cəddi"
adlandırırdılar.
1761-ci ildə Astrabadı almaq üçün Ağa
Məhəmməd xanın Şeyxəli xan üzərinə
ilk böyük hücumu başlandı.
Döyüşçülərinin sayı çox az - 500 nəfər
olsa da, o, düşmənin dörd minlik qoşunu ilə
qeyri-bərabər savaşa girdi. Hüseynqulu xan da
qardaşı ilə çiyin-çiyinə vuruşurdu.
Lakin Ağa Məhəmməd xan böyük itki verərək
pusquya düşdü, doqquz yerdən yaralansa da, şəxsi
igidliyi sayəsində sağ qalmış əsgərləri
ilə mühasirəni yarıb, aradan çıxa bildi. Onlar
özlərini birtəhər Əşrəf mahalının
Təngsər kəndinə yetirdilər. Bərk yorğun olan
qardaşlar dinclərini almaq üçün bir ağacın
kölgəsində yuxuya keçdilər. Lakin bu vaxt qacar
döyüşçülərini qarabaqara izləyən
Şeyxəli xanın
adamları onları yatdıqları yerdə haqlayaraq əl-ayaqlarını
bağlayıb, yubanmadan Kərim xan Zəndin hüzuruna
apardılar. Kərim xan qardaşları yanında girov
saxladı...
Çox çəkmədən İran
hökmdarına xəbər çatdı ki, Ceyran xanım
Astrabadda hökumətə qarşı çıxıb. Ona
görə də Kərim xan bu böyük və ciddi təhlükəni
aradan qaldırmaq üçün Ceyranı və onun o biri
oğlanlarını zərərsizləşdirib, bu qaynar yerdən
uzaqlaşdırmaq məqsədilə anasını və
qardaşlarını gətirmək üçün Ağa Məhəmmədi
Astrabada göndərdi. O, evlərinə gəlib çatana qədər
anası vəfat eləmişdi. Qardaşlar Ceyran
xanımın yeddisini verəndən sonra Kərim xanla
danışdıqları kimi Şiraza qayıtmalı və
üstəlik də, özləri ilə bir neçə
yaxın adamını da girov gətirməliydilər.
İranın paytaxtına getmək üçünsə onlar
Tehrandan keçməliydilər. Qızdırma xəstəliyindən
əziyyət çəkən Ağa Məhəmməd
xanın kiçik qardaşı Abbasqulu xan yolda
dünyasını dəyişdi və onu Həzrət
Əzimin məqbərəsinin yanında dəfn edib,
yollarına düzəldilər. Tehrana çatanda Kərim xan
Zəndin göstərişi ilə qacar qardaşlarını
bir-birlərindən ayırdılar. Ağa Məhəmmədlə
Hüseynqulu Şiraza, o biri qardaşlar ilə Qəzvinə
göndərildilər.
Qardaşlar Şirazda Kərim xanın yanında
yaşayarkən Astrabad hakimi Dovalu Məhəmməd xan Qacar qəflətən
baş qaldırdı, Kərim xan Zəndə tabe olmaq istəmədiyini
bildirdi. O, həddindən artıq varlandığından və
gücləndiyindən hökumətə vergi verməkdən
boyun qaçırırdı. Məhəmməd xan iki il
dalbadal vergi alanları aldatmış və guya, quraqlıq
olduğundan vergi verə bilmədiyini bildirmişdi. Ancaq vaxt
qazanmaqla o, daha da güclənir və məqamı
çatanda Kərim xan Zəndə
qarşı çıxmağa
hazırlaşırdı. Məhəmməd xan o biri illərdə
olduğu kimi, bu il də özbaşınalıq edir,
açıq-aşkar Kərim xana meydan oxuyurdu. Kərim xan Zənd
isə gələcəkdə özünə Dovalu Məhəmməd
xan Qacarın simasında güclü düşmən
qazanmamaq üçün ilanı Seyid Əhməd əli ilə
tutmaq və başını elə yerindəcə əzmək
istəyirdi. Amma yaxşı bilirdi ki, Məhəmməd
xanı birdən-birə Astrabad hakimliyindən
uzaqlaşdırsa, nəticəsi pis ola bilər. Ona görə
də Kərim xan Aşağıbaş tayfasından bir nəfəri
onun üzərinə göndərmək fikrinə
düşdü. Gözlənilmədən o, fərman verib
Hüseynqulu xanı Astrabad yaxınlığındakı
Damğan şəhərinə hakim göndərdi. Fərmanda
deyilirdi ki, Hüseynqlu xana Astrabada getməyə və
tayfasının işlərinə qarışmağa icazə
verilir, daha doğrusu, həm də Aşağıbaş
qacarlarının başçısı təyin olunur.
Hüseynqulu xan Damğana yola düşməmişdən
əvvəl Ağa Məhəmməd xan qardaşına bəzi
vacib tapşırıqlar verdi. Başa saldı ki, Damğana
hakim təyin olunmağın tayfamızın dirçəlişi
deməkdir, bizim azadlığa qovuşmağımız
üçün ələ düşən yeganə fürsətdir.
Əgər biz bu fürsətdən istifadə edə bilməsək,
ömürlük Kərim xan Zəndin qulu olaraq
qalacağıq. Bir də ki, Dovalu Məhəmməd xan sənin
Astrabada getməyinə qəti razı olmayacaq. Çünki
o, çox gözəl bilir ki, Aşağıbaş
tayfası tezliklə sənin başına toplaşacaq və
sənin qüdrətin artacaq. Ancaq sən Damğanda işə
başlayandan sonra mən Kərim xanı məcbur edəcəyəm
ki, sənə həm hərbi, həm də maddi köməklik
göstərsin. Dovalu Məhəmməd xan Qacara mütləq
üstün gəlməlisən və Astrabadı öz əlində
saxlamalısan. Öz vətənimizə sahib olandan sonra
çalış ki, Yuxarıbaş qacarları ilə
Aşağıbaş qacarlarını barışdırasan.
İşdir-şayət, birdən Kərim xan Zəndin qəzəbinə
gəlsəm, mənim də, bütün tayfamızın da
hayfını Zəndiyyə sülaləsindən alarsan. Gələcək
İran məmləkəti bizim olmalıdır. Ona görə
də tez evlənməlisən ki, sənin uşaqların nəslimizin
ənənələrini davam etdirsinlər...
Nəhayət, Hüseynqulu xan Damğana varid oldu və
dərhal da Kərim xan Zəndin onun haqqında verdiyi fərmanı
Astrabad hakiminə göndərdi. Bildirdi ki, o, Astrabadda öz
tayfasının işləri ilə maraqlanmaq istəyir. Ancaq
Məhəmməd xan Qacar Hüseynqulu xana sifariş göndərib,
Astrabada gəlməsini məsləhət görmədi. Və
Hüseynqulu xan da hələlik öz tayfasının
yanına gedə bilmədi. Ancaq Aşağıbaş
qacarları öz adamlarının Damğana hakim gəlməsindən
xəbər tutub, dəstə-dəstə gizlicə onun
yanına axışmağa başladılar. Bu tərəfdən
də Dovalu Məhəmməd xan Kərim xan Zəndə məktub
yazıb, bildirdi ki, əgər Hüseynqulu xan Astrabada ayaq
bassa, bunun nəticəsi heç də yaxşı olmayacaq,
yenə də ixtişaşlar başlanacaq. Kərim xan Astrabad
hakiminin fikrini başa düşdü ki, o, Hüseynqulu
xanın ora gəlməsinə razı deyil. Ona görə də
Ağa Məhəmmədin təsiri və təkidi ilə
onun digər qardaşlarını Qəzvindən Damğana,
Hüseynqulu xana köməyə göndərdi.
Hüseynqulu xan az bir müddətdə əsas hissəsi
Aşağıbaş qacarlarının təşkil etdiyi
altı min nəfərlik qoşun düzəltdi. Bu, onu Kərim
xan Zəndin gözündə daha da yüksəltdi, Kərim
xan ona hərbi kömək verdi.
Ağa Məhəmməd xan isə müxtəlif
adamlar vasitəsilə kiçik qardaşının
Damğandakı işlərindən vaxtaşırı xəbər
tutur, bir qürur, fərəh hissi keçirir və gələcək
qələbələrinə inamı daha da artırdı.
Eyni zamanda Hüseynqulu xana tez-tez sifariş göndərir,
qarşıdakı döyüşlər barəsində məsləhətlər
verirdi. O, məsləhətlərinin birində deyirdi ki, əgər
Dovalu Məhəmməd xan Qacarı məğlub etmək istəyirsənsə,
ilk növbədə, Damğandan Astrabada gedən yolun
üstündəki "Nəməkə" qalasını
tutarsan. Hüseynqulu xan da qardaşının sözü ilə
1769-cu ildə beş minlik qoşunla qalaya hücum eləyib,
onu mühasirəyə adlı və kömək gəlməsin
deyə, Astrabada gedən yolu tamamilə kəsdi. Hətta qalaya
gedən çayın səmtini də dəyişdi. Qalabəyi
Dovalu Fətəli xan Qacara təslim olmağı təklif elədi.
Lakin Fətəli xan gecəykən aradan çıxdı və
səhər tezdən qala sakinləri darvazaları
Hüseynqulu xanın üzərinə taybatay açdılar.
Hüseynqulu xan qalanı döyüşsüz və qurbansız
aldı.
Hüseynqulu xan çapar vasitəsilə ilk qələbə
xəbərini Kərim xan Zəndə çatdırıb,
Astrabad üzərinə yeridi. Kərim xan isə ətrafdakı
bütün hakimlərə əmr etdi ki, hamı bir nəfər
kimi Hüseynqulu xana köməyə getsin. Və qonşu
hakimlərin köməyi ilə Hüseynqulu xan Astrabadı
tutdu. Dovalu Məhəmməd xan isə qaçıb
canını zorla qurtara bildi.
Hüseynqulu xan Astrabadda möhkəmlənəndən
sonra Aşağıbaş tayfasını başına
topladı. Qardaşı Ağa Məhəmmədin məsləhəti
ilə qan düşmənçiliyi olan Yuxarıbaş
tayfasının başçısı Kamal Əli bəyə
xəbər göndərdi ki, onunla görüşmək
arzusundadır. Kamal Əli bəy məmnuniyyətlə
razılıq verib, Hüseynqulu xanın hüzuruna təşrif
buyurdu. Hüseynqulu xan ağsaqqal başçını
olduqca səmimi və hörmət-izzətlə
qarşıladı. Söhbət zamanı dedi ki, bizim
qacarların soyu, kökü birdir, bineyi-qədimdən bir
tayfa olmuşuq. Yarımız çayın o tayında,
yarımız bu tayında yaşamışıq.
Tayfamızın bir qisminin adının Yuxarıbaş, o biri
qisminin adının isə Aşağıbaş olması
bizim başımıza bəla olub, bizə bədbəxtlik gətirib.
Lap əvvəllər aramızda nə bir söz-söhbət
vardı, nə də dədə-babalarımız bir-birləri
ilə düşmənçilik edirdi. İrana gələn hər
bir təzə hökmdar öz yerini daha da möhkəmlətmək
üçün bizdən öz xeyrinə istifadə edib, bizi
bir-birimizin üstünə salışdırırdı. Və
biz də heç vaxt bir-birimizin sözünə qulaq
asmamışıq, heç bir vaxt birləşə bilməmişik,
ona görə də həmişə zəif olmuşuq. Bizə
dəyən bu qədər zərbədən və bədbəxtçilikdən
sonra aramızda hələ də davam edən
ayrıseçkiliyi indi bir kənara qoyub, bugündən əl-ələ
verməliyik, qardaş kimi mehribancasına
yaşamalıyıq. Mən indi Damğan şəhərinin
hakimi və həm də Aşağıbaş
tayfasının başçısıyam. Tayfamız
adından vəkil edilmişəm ki, öz
qardaşlarımızla - Yuxarıbaş qacarları ilə
barışıq elan edəm. Kamal Əli bəy, atam
yaşında kişisiniz və böyük təcrübəniz
olduğuna görə sizin sözlərinizə qulaq asmağa
həmişə hazıram. Bunu deyərək Hüseynqulu xan
durub, ehtiramla Kamal Əli bəyin ayağına gəldi və
böyük hörmət-izzətlə onun əllərindən
öpdü. Hüseynqulu xanın bu alicənab hərəkəti
və xoşməramlı sözləri Yuxarıbaş
tayfasının başçısının ürəyindən
oldu. Sən demə, hər iki tayfanı barışdırmaq
onun da çoxdankı arzusuymuş. Kamal Əli bəy
Hüseynqulu xanın alnından öpüb, bu işə
xeyir-dua verdi. Tayfa ağsaqqalları belə bir
razılığa gəldilər: siyasi, hərbi, iqtisadi məsələlər
tapşırılmaqla hər iki tayfaya gənc və enerjili
olan Hüseynqulu xan başçılıq eləsin, hüquq
və məhkəmə işləri üzərinə
qoyulmaqla kələntərlik vəzifəsi isə qocaman və
təcrübəli Kamal Əli bəyə
tapşırılsın.
Beləliklə, Hüseynqulu xanın səyi və
Kamal Əli bəyin köməkliyi ilə
Aşağıbaş və Yuxarıbaş tayfaları
barışdılar, bir-birləri ilə
qaynayıb-qarışdılar, yaxın qohumluq əlaqələri
yaratdılar, qız verib, qız aldılar, birlikdə əkin
əkib, biçin biçdilər.
Ancaq Hüseynqulu xan yaxşı başa
düşürdü ki, onu Astrabada göndərməkdə Kərim
xan Zəndin əsas məqsədi Dovalu Məhəmməd xan
Qacarı aradan götürməkdir. Artıq məqsədinə
də çatıb və onu geri çağıra da bilər. Ona görə də
Hüseynqulu xan bu barədə Kamal Əli bəylə məsləhətləşdi
və qərara alındı ki, Astrabad qacarların əlində
olmalıdır. Onu da bilirdilər ki, Kərim xan Zənd
Hüseynqulu xanın niyyətindən xəbər tutsa,
mütləq Astrabada qoşun yeridəcək və Ağa Məhəmmədi
də öldürəcək. Ona görə də Kərim
xanla gələcək döyüşlərə
hazırlaşmalıdırlar. Kamal Əli bəy Hüseynqulu
xana kömək edəcəyinə söz verdi. Lakin
Hüseynqulu xan məsləhət bildi ki, hələlik bu
işi görmək tezdir, çünki indi Kərim xanın
qoşunlarının qarşısında tab gətirə bilməzlər.
Ona görə də vaxt udmaq üçün Kamal Əli bəyi
Astrabadda saxlayıb, özü Damğana qayıtdı. Və
bu barədə Kərim xana məktub yazıb göndərdi.
Hüseynqulu xanın fikrini başa düşməyən Kərim
xan Zənd bu işdən çox razı qalıb, hətta
Hüseynqulu xanı cəvahirlə bəzədilmiş xəncərlə
mükafatlandırdı.
Artıq Yuxarıbaş qacarları
bütünlüklə Hüseynqulu xanın ixtiyarında idi.
O, tayfaları barışdırmaqla özünə möhkəm
dayaq yaratmışdı. Hüseynqulu xan özünə tam
arxayın olandan sonra yenidən Astrabada getdi. Bu xəbəri
eşidən Kərim xan Zənd indi-indi Hüseynqulu xanın
manevrlərinin mənasını anladı və dərhal da
Dovalu Məhəmməd xan Qacarı Mazandarana hakim göndərərək
əmr elədi ki, astrabadlılarla döyüşə
başlasın. Məhəmməd xan böyük bir
qoşunla Hüseynqulu xanın üzərinə yeridi.
Hüseynqulu xan bu döyüşün qanlı-qadalı
olduğunu duyub, özünü "cahansuz", yəni
"dünyanı yandıran" adlandıraraq düşmənə
aman verməməyi, bir nəfər əsgərə belə,
rəhm etməməyi əmr etdi və bütün qüvvəsiylə
düşmən qoşunlarının qarşısına
çıxdı. Bu tarixi döyüşdə o, qəddarlığını
və rəhmsizliyini bir daha əyani surətdə göstərdi,
düşmənlərinin hamısını qılıncdan
keçirtdi. Dovalu Məhəmməd xan Qacar da bu
döyüşdə öldürüldü. Astrabadlılar
onun başını kəsib, Hüseynqulu xanın ayaqları
altına atdılar.
Bu məğlubiyyətdən sonra Kərim xan Zənd
Ağa Məhəmmədi yanına çağırıb,
qardaşına görə möhkəm tənbeh elədi. Məktub
yazıb, Hüseynqulu xanın Şiraza gəlməsini tələb
elədi. Dedi ki, əgər, o, gəlib aman istəsə,
günahından keçəcək. Ağa Məhəmməd
qardaşına dəfələrlə məktub yazdı, ancaq
Hüseynqulu xan hər dəfə cavab verdi ki, bu yaxınlarda
Kərim xanın hüzurunda olacaq. O, Kərim xanı xatircəm
etməklə vaxtı uzadır və daha da qüvvətlənirdi.
Hüseynqulu xan Mazandaranı və Gilanı da almaq istəyirdi.
Artıq Xəzərsahili bəzi ərazilər onun nəzarəti
altında idi.
Kərim xan Hüseynqulu xanı yerli xanlar vasitəsilə
dəfələrlə öldürmək istədi. Lakin onun
bu niyyəti həyata keçmədi. Hüseynqulu xan hər dəfə
də düşmənlərinə qələbə
çaldı və Tehran üzərinə hücuma
hazırlaşmağa başladı. Belə olan təqdirdə
Kərim xan başqa bir yol axtarıb-tapdı: Hüseynqulu xan
yalnız sui-qəsd yolu ilə aradan götürülməlidir.
Ona görə də o, Yuxarıbaş tayfasından olan Dovalu
Əli xan Qacar adlı birisini tapdı, ona xeyli ənam verib,
Astrabada yolladı. Özünü xalça alveri ilə məşğul
olan tacir kimi qələmə verən qatil Hüseynqulu
xanın Astrabaddakı düşmənlərindən istifadə
edib, ona sui-qəsd təşkil elədi. Və 1775-ci ildə
Hüseynqulu xan qətlə yetirildi. Və bu işinə
görə Dovalu Əli xan öz böyük
mükafatını - Astrabad hakimi fərmanını aldı.
İranın və Qacarlar sülaləsinin tarixində Cahansuz
şah kimi iz qoyan Hüseynqulu xan ölkənin siyasi həyatından
beləcə silindi. Onu Astrabadda atası Məhəmmədhəsən
xanın yanında dəfn etdilər.
Hüseynqulu xan qətlə yetiriləndən və
Əli xan Qacar Astrabada hakim təyin olunandan sonra
Yuxarıbaş və Aşağıbaş qacarları
bir-biri ilə yenidən çəkişməyə,
düşmənçiliyə başladılar. Daha
doğrusu, Dovalu Əli xan Kərim xanın göstərişi
ilə münaqişəni daha da qızışdırdı.
Az bir vaxtda onların arasında
dəfələrlə silahlı toqquşma baş verdi. Bir
sözlə, Əli xan həm düşmənçiliyi
qızışdırır, həm də hər iki tayfaya
zülm edirdi. Onun zülmü ərşə dirənmiş və
camaat bundan boğaza yığılmışdı.
Hüseynqulu xanın keçmiş xidmətçilərindən
olmuş Yusif adlı bir nəfər yaxşı bilirdi ki, bu
davanı qızışdıran Əli xandır. Ona görə
də o, həm keçmiş ağası Hüseynqulu
xanın qisasını almağı, həm də xalqı
zinhara gətirən bu cəlladdan onların canını
qurtarmağı qərara aldı. Yusif fürsət tapıb,
güllə ilə onu vuraraq öldürdü, özü də
qaçıb Türkmənistan çöllərinə getdi.
Ağa Məhəmməd xan hakimiyyətə gələndən
sonra isə üzə çıxıb, onun hüzuruna gəldi.
O, xidmətinə görə Yusifə böyük hədiyyə
və vəzifə verdi...
Əgər Hüseynqulu xan Qacar namərd əli ilə
qətlə yetirilməsəydi, gələcəkdə
İran taxt-tacının layiqli sahibi ola bilərdi.
Vasif QULİYEV
525-ci qəzet .- 2025.- 19 avqust (№146).- S.12;13.