Xalq yazıçısı
Elçinin portreti xatirələr işığında
Xalq yazıçısı Elçinlə yollarım
həyatın müxtəlif dönəmlərində kəsişib.
Hər dəfə bu qarşılaşmalar məndə
yalnız bir hadisənin yox, həm də bir düşüncənin,
bir yanaşma tərzinin izini buraxıb. İnsan bəzən
kitabları ilə tanıdığı
yazıçını şəxsən görəndə,
onun davranışında sözün təcəssümünü
axtarır. Mənim yaddaşımda qalan üç kiçik
hadisə Elçini mənə məhz bu cür göstərdi
- sözlə insanın bir-birinə
qarışdığı məqamda.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində
dərs dediyim illər idi. Tələbələrimdən biri
dərslərə nadir hallarda gəlirdi. Səbəbini
soruşanda isə həmişə babasının yubileyinə
hazırlaşdığını deyirdi. İmtahan zamanı
gördüm ki, onun haqqında qiymət cədvəlimdə
heç bir qeyd yoxdur. Prinsipimə sadiq qalaraq qiymət
yazmadım.
Bir gün fakültənin dekan müavini
Ə.Hacıyev dərs zamanı qapını açıb,
ona xas həyəcanla məni dəhlizə
çağırdı:
- Siz bir tələbəyə qiymət
yazmamısınız.
Dedim ki, bəli, yəqin Aysunu deyirsiniz, çünki
dərsə gəlmir. Dekan müavini bir qədər susdu,
sonra soruşdu:
- Bilirsiniz o kimdir?
- Yox, - dedim, - heç maraqlanmamışam da.
- O, Xalq yazıçısı Elçinin
qızıdır.
Bu söz məni təəccübləndirdi.
Doğrusu, Elçinin qızının tələbəm
olduğunu bilmirdim. O, sonra əlavə etdi ki, özü
dekanlığa zəng edib.
Onu da deyim ki, tələbənin kimin övladı
olması maraq dairəmdə olmayıb. Amma dekan müavininin
sonrakı cümləsi məni düşündürdü:
- Elçin müəllim onu da dedi ki, bilirəm,
çox dərs buraxıb, babasının yubileyinə
hazırlaşırdı (İlyas Əfəndiyevi nəzərdə
tuturmuş - P.M.). Müəllimə istəsə, onunla şəxsən
danışaram.
Elçin müəllimin sözlərində nə
bir göstəriş, nə də təzyiq vardı - sadəcə,
səmimi bir xahiş idi.
O, bu işi mənim başımın üstündən
də edə bilərdi. Azmı görmüşük belə
halları?! O an düşündüm ki, belə bir istisna edə
bilərəm və zəngə ehtiyac yoxdur. Elçin böyük
yazıçı idi, özümün də ona dərin
hörmətim vardı.
Beləcə, bu məsələ sakit şəkildə
həll olundu. Çox hallarda ad-san sahibi olanlar tələb
edir, göstəriş verirlər. Amma yaddaşımda
Elçin müəllimin həmin incə, təmkinli və
hörmətli yanaşması qaldı.
lll
Çoxları bilir ki, mən Azərbaycan ədəbiyyatı
və mətbuatını tədqiq edirəm, xüsusilə də
Güney Azərbaycanla bağlı mövzulara
üstünlük verirəm. Bu səbəbdən, Güney Azərbaycandakı
yaradıcı ziyalılarla əlaqə saxlayır, fikir
mübadiləsi edirdik.
Bir dəfə oradakı dostlar mənə dedilər
ki, Elçinin bir kitabını çap etdirmək istəyirlər.
Bu işdə mən onlara yardım elədim. Sonra həmin
kitabı mənə göndərib xahiş etdilər ki, onu
Elçinə çatdırım. Mən Elçinin köməkçisi
Əkrəm müəllimlə əlaqə saxladım və
o, görüşümüzü təşkil etdi.
Elçin müəllimlə görüşəndə
ona kitabı təqdim edərək dedim:
- Çalışdım ki, sizin əsərləriniz
orada, Güney Azərbaycanda, İranda da oxucuların qəlbinə
yol tapsın.
O, məmnunluqla gülümsədi və təşəkkür
etdi. Mən əlavə etdim ki, bu işi edənlər şəxsi
təşəbbüs və gücləri ilə
çalışırlar. Onlara dəstək lazımdır.
Siz bu məsələdə kömək edə bilərsinizmi?
Elçin müəllim bir qədər susdu, sonra isə
dedi:
- Düşünüb nələrsə etməyə
çalışarıq.
Sadə, lakin çoxqatlı bir cavab idi. Həssas
mövzu olduğundan o, çox söz demədi. Amma mən
onun səsində ehtiyatla yanaşı, bir məsuliyyət
yükünü də hiss etdim. Bəzən bir cümlə
çox şeyi gizlədir. Mənim üçün bu cavab həm
təsəlli, həm də ümid oldu.
lll
Elçin müəllimlə bağlı bir xatirə
də bir vaxtlar işlədiyim Azərbaycanın Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqə Cəmiyyəti ilə əlaqəlidir.
Öncə bu Mədəni Cəmiyyət-Mərkəz
haqda doğru-dürüst bilgi verim.
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və
Mədəni Əlaqə Cəmiyyətinin yaranması
1940-cı illərə gedib çıxır.
O illərdə qurulmuş Cəmiyyətin müxtəlif
şöbələri vardı. Taleyin hökmü ilə
müxtəlif səbəblərdən Vətəndən
ayrı düşmüş - xarici ölkələrdə
yaşayan soydaşlarımızla
əlaqə, mədəniyyətimizin dünya ölkələrində
yayılması, xaricdən gələn qonaqların
qarşılanması, ölkə xaricində "Azərbaycan
günləri"nin təşkili - bütün bunlar onun fəaliyyət
istiqamətlərinə daxil idi. Cəmiyyətin sonralar mətbu
orqanları da yarandı: əvvəlcə "Vətənin
səsi", sonra "Odlar Yurdu" qəzeti, habelə
"Azərbaycan bu gün" jurnalı 7 xarici dildə Sovet Azərbaycanını
Beynəlxalq aləmə tanıdırdı. Bu qurumun ilk sədri
Səməd Vurğun, sonrakı illərdə Rza Quliyev, daha
sonra isə Nəbi Xəzri oldu.
1980-ci illərin sonlarında Cəmiyyətin bir
şöbəsi və onun "Odlar yurdu" adlı redaksiya
orqanı ayrılaraq "Vətən" Cəmiyyəti
adı altında fəaliyyət göstərməyə
başladı. "Vətən" Cəmiyyətinə isə
Xalq yazıçısı Elçin sədr təyin olundu.
Mən tələbəlik illərimin ikinci kursundan bu
cəmiyyətdə işləməyə başladım.
Əvvəlcə makinaçı kimi işə qəbul
olundum, sonra xarici dillərə bələd olduğum
üçün kitabxanada çalışdım. Rəhbərlik
yazı qabiliyyətimi nəzərə alaraq məni "Odlar
Yurdu" qəzetinə keçirdi. O vaxtlar qəzet xeyli
populyar idi. Redaksiyada cəmi üç nəfər
çalışırdı: baş redaktor Ramiz Əsgər və
iki müxbir. Mən əsasən mədəniyyət və
incəsənət mövzularında yazılar
hazırlayırdım.
Bir müddət sonra "Azərbaycan bu gün"
jurnalında redaktor vəzifəsi boşaldı. Mən Cəmiyyətin
sədri Nəbi Xəzridən həmin işə keçmək
üçün icazə istədim. Xahişim nəzərə
alındı. Bu, əvvəlki işimlə müqayisədə
həm maaş, həm də məsuliyyət baxımından
daha yüksək vəzifə idi.
Tezliklə məni də "Vətən" Cəmiyyətinə
dəvət etdilər. Görünür, fəaliyyətimi,
yazılarımı nəzərə almışdılar. Amma
mən artıq yeni işimə başlamışdım və
ondan ayrılmaq istəmədim. Sadəcə təşəkkür
etdim. Sonradan anladım ki, bu dəvətin arxasında da
Elçin müəllimin diqqəti vardı. Böyük
yazıçı gənc bir jurnalistin əməyini
görür, qiymətləndirirdi.
Bu üç hadisə mənim üçün
ayrı-ayrı epizodlar deyil, bir bütöv tablonun
parçalarıdır. Elçinlə bağlı
yaddaşımda qalan ən əsas cəhət budur: o,
böyük yazıçı adını daşıyaraq sadəliyini
itirməyən bir ziyalı idi. Ümumiyyətlə, o illərdə
təcrübəyə, peşəkarlığa daha
çox dəyər verilirdi.
Pərvanə MƏMMƏDLİ
Filologiya elmləri doktoru
525-ci qəzet .- 2025.- 19 avqust (№146).- S.11.