Atamın telefon dəftəri
ÖLƏN TELEFONLAR
Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri
də ölür.
Anar
Telefonun ölməsi cismani ölümündən də
betərdi. O öldü və hər şey bitdi, qurtardı,
amma hər dəfə telefon dəftərini əlinə alanda
həmin adamın adının üstündən xətt
çəkilməsini görəndə dəhşətə
gəlirsən. Çünki bu xətti sən özün
çəkmisən. Çünki o, sənə daha lazım
deyil. Və bilirsən ki, onun səsini bir daha eşitməyəcəksən.
Nə sən ona zəng edəcəksən, nə də o sənə.
Niyə? Çünki o, daha yoxdur bu dünyada, ölüb.
lll
Atam heç vaxt mobil telefonlardan istifadə etməzdi.
Bilmirəm niyə? Bilmirəm nəyə görəsə
mobil telefonlardan zəhləsi gedərdi. "Belə telefonlar əxlaqsız
qadınlara oxşayır" deyərdi. Yoox, atam yeniliyin əleyhinə
deyildi. Hətta əksinə. Amma bəzi yeniliklərin əleyhinə
çıxardı: Əəə... Kişinin evində
telefon olar. Yoxsa kişi hara gedirsə, haradan gəlirsə,
kiminlə görüşürsə, nə söz
danışırsa, özü bilər. Amma kişi harada
olur-olsun, belə telefonlar adamı tapır. Lap belə yerin
deşiyindən də tapır, çıxardır, dediyini
deyir, sözünü də deyir, kişini öz işindən
ayırır. Ev telefonlarında demək olar ki, məni
soruşan olsa, evdə yoxam. Amma bu telefonlarda mümkün
deyil. Onda gərək telefonu söndürəsən. Telefonu
açanda isə qarşı tərəfə dərhal siqnal
gedir. Onda gərək zəngələşəsən. Mobil
telefonlar satqındır, istənilən an sahibini sata bilər.
Ev telefonları isə evə sadiqdir, ondan söz almaq
mümkün deyil. Nə isə... Belə sözlər deyərdi.
Evimizdə yaşıl rəngli, rəngi
bozarmış, səhifələri didilmiş, vərəqləri
saralmış bir telefon dəftəri var idi.
Deyirdim ki, ay ata, bu telefon dəftərini dəyişək,
yaxşı deyil, ayıbdır.
- Əl vurma, mən buna öyrəşmişəm,
bu, mənim telefon dəftərimdir -
deyərdi.
Bilmirəm, Azərbaycanın başqa bölgələrində
necədir, hər halda mən eşitməmişəm: Şəkidə
isə hər kəsin öz ləqəbi var. Hamı öz ləqəbi
ilə tanınır. Bizim bu telefon dəftərində hər
kəs öz ləqəbi ilə yazılmışdı. Məsələn:
Tülkü Kamal, Quşbala Hüseyn, Erməni Mirəli və
s. Erməni Mirəli akademik Mirəli Seyidov idi - erməni
dilini səlis bildiyindən hamı ona "Erməni Mirəli"
deyərdi. O da bu ləqəbindən inciməzdi. Cücə
Vaqif, Dovşan Əhmədiyyə, Kazım zdorovıy, Qaz
Nuru, Yurist Zəkəriyyə. Zəkəriyyənin heç 8
snif təhsili də yox idi, amma qanunları, xüsusən də
notarial qanunları əla bilirdi. Hər sənədə
vurulan möhürü ən azı 10-15 dəfə
böyüdücü şüşə ilə yoxlayar,
heç kimə, heç nəyə inanmazdı. Cuhud Məmmədiyyə.
Məmmədiyə əslən cuhud deyildi, sadəcə
çox hiyləgər idi, onu aldatmaq mümkün deyildi. Hətta
belə bir söz də deyirlər ki, Azərbaycanın hər
bölgəsində, istənilən yerində yəhudilər
yaşayır, bircə Şəkidən başqa. Niyə?
Çünki yəhudilər deyirlər ki, Şəkidə
baş çıxarmaq mümkün deyil, bunlar bizdən də
bic, bizdən də hiyləgərdirlər...
Amma bu biclikdən nə atamda olub, nə də məndə.
Bundan əlavə, çox biabırçı ləqəblər
də var ki, onları demirəm. Amma onların heç biri
öz ləqəblərindən inciyib-küsən deyildilər.
Onların hər birinin adı bu telefon dəftərinə
öz ləqəbləri ilə yazılmışdı. Bu
telefon dəftəri atam üçün bir dünya idi.
Evimizə bir qız gələrdi. Deyək ki,
atamın katibəsi kimi. Atam şeirlərini bu qıza diktə
edərdi. O qız da bu yazıları kompüterdə yazar,
sonra da elektron poçtla hansısa qəzetə, ya da
hansısa nəşriyyata göndərərdi. Öz yazı
xətti də əla idi. Bir gün ondan xahiş etdim ki, bu
köhnə telefon dəftərinin üzünü təzə
dəftərə köçürtsün. Təzə dəftəri
almışdım. Qıza onu da demişdim ki, adlarının
üstündən xətt çəkilənlərin, yəni
dünyasını dəyişənlərin adlarını
yazmasın.
İki gündən sonra qız hər iki telefon dəftərlərini
mənə qaytardı.
Ay aman, yeni telefon dəftəri köhnəsindən
xeyli nazik və kiçik idi. Lap belə deyək: nərmənazik.
Dünyasını dəyişən dost-tanışların,
qohum-əqrəbanı adları bu təzə telefon dəftərinə
yazılmamışdı. Köhnə telefon dəftəri elə
bil, köhnə kişilərə, yerli-yataqlı kişilərə
oxşayırdı. Köhnə telefon dəftərinə
baxdım: dəftər kədərli idi - müdrik,
dünyagörmüş, dünyanın hər üzünə
bələd, pərişan qoca bir kişiyə bənzəyirdi.
Yeni telefon dəftəri isə bərli-bəzəkli... Nə
deyim?!
Köhnə telefon dəftərində bütün
dünyanın telefon nömrəsi var idi - Mirzə Xəzərdən
Əhməd Şmideyə, Çingiz Aytmatovdan Yevgeni
Yevtuşenkoya, Oljas Süleymenovdan Namik Kamal Zeybəkə qədər
- daha haralardan haralara qədər. Düzdür, o zaman telefon zəngləri
ATS vasitəsilə sifariş verilirdi, hər dəqiqəsi də
od bahasına. Atam onlarla tez-tez əlaqə saxlayardı - gah
onlar zəng edərdilər, gah da atam. Saatın, gecənin,
gündüzün fərqi yox idi.
Yeni telefon dəftərini atama verəndə baxdı, əlinə
aldı, sonra özümə qaytardı.
- Mənə o köhnə telefon dəftərini verin,
oradakı adamlar bütöv bir dünya idilər.
- Ay ata, Məmməd Cəfər, Mirəli Seyidov, Məmməd
Arif, Yaşar Qarayev, Əziz Mirəhmədov, Xudu Məmmədov,
Məmmədhüseyn Təhmasib, Abbas Zamanov, Tofiq Kazımov, Rəsul
Rza, Nəbi Xəzri, Məmməd Araz, Emin Sabitoğlu - onlar
yoxdurlar bu dünyada. Sən də onlara zəng eləyən
deyilsən ki. Niyə bunları saxlayırsan?
Yavaş səslə, bəlkə də
pıçıltı ilə, bəlkə də gözləri
dolmuş, qəhərli bir səslə:
- Qaytar mənim köhnə telefon dəftərimi. Bunu
isə (təzə telefon dəftərini deyirdi) tullayın
getsin. Bir də gözüm görməsin - dedi.
Qəribə adam idi. Yox, köhnə fikirli deyildi. Qətiyyən!
Yeniliyin əleyhinə də deyildi. Əlbəttə, yox! Sadəcə
dünənlərindən ayrılmaq istəmirdi. Köhnə
telefon dəftəri onun dünənləri idi. Sabahlarına
isə gümanı yox idi...
lll
Atamgildə oturmuşuq. Söhbət edirik. Amma nə
barədə, bilmirəm. Səslər eşidilir,
qırıq-qırıq, rabitəsiz sözlər
danışır. Birdən atam:
- Ə, dur bir Süleymanı yığ.
Əliyarlını deyirəm (professor Süleyman
Əliyarlı). Yığ bir danışım onunla, dərdləşmək
istəyirəm. Süleyman Əliyarlı bizim tarixi əla bilir.
Mahmud da əla bilir, amma o, artıq dünyasını dəyişib
(köhnə telefon dəftərində Mahmud İsmayılovun
adının qarşısında "imperator"
yazılmışdı).
Hmmm.... Ay ata, Süleyman Əliyarlı
dünyasını dəyişib, yoxdur bu dünyada, səndən
bir neçə il sonra dünyasını dəyişdi.
Atam kədərlə başını buladı. Bir qədər
ötdü:
- Hə, onda dur bir Midhəti yığ (akademik Midhət
Abbasovu deyirdi). Ondan bir söz soruşmalıyam.Köhnə
telefon dəftərində Midhət adının
qarşısında "kişi adam, sonra isə akademik"
yazılmışdı. Demək, kişilik akademik adından
da qat-qat yüksəkdir, böyükdür.
- Ay ata, o da yoxdur bu dünyada.
Atamla kədərlə mənə baxırdı. Yenə
bir qədər ötdü.
Danışırıq, söhbət edirik, amma nə
barədə bilmirəm. Birdən atam:
- Yaxşı yadıma düşdü. Dur bir
Kissinceri yığ. Atam Şirməmməd Hüseynova həmişə
"Kissencer" deyərdi. Bu telefon dəftərində də
elə beləcə də yazılmışdı -
"Kissencer" (çünki telefon dəftərində
başqa Şirməmmədlərin adları var idi deyə onu
"Kissencer" yazarmışdı). Dünyada gedən
bütün prosesləri, nəyin necə və nə zaman
olacağını professor Şirməmməd Hüseynov əla
bilirdi, ona görə də atam və dostları Şirməmməd
Hüseynova "Kissencer" deyərdilər. Heç nə
demədim. Sonra yavaş səslə:
- Ay ata, axı o da dünyasını dəyişib.
Atam mənə baxır, nəsə deyir, qəribə-qəribə
adlar çəkir. Və birdən:
- Dur bir Gülhüseyni yığ (şair
Gülhüseyn Hüseynğolunu deyirdi). Oğul mənim
çox dostlarım olub. Gülhüseynlə mən lap
cavanlığımdan tanışam. Dostluq etmişik. Hələ
siz bu dünyada yox idiniz. Gülhüseyn qədər
bütöv, sınmaz, əyilməz adam hələ görməmişəm.
48-49-cu illərdə həbs olunanda bütün əzablara,
işgəncələrə dözüb, tab gətirib, amma mənim
adımı verməyib. Nə o, nə də İsmixan
(İsmixan Rəhimovu deyirdi). İsmixan yoxdur bu dünyada,
bilirəm. Amma bu telefon dəftərində adı durur. Dur,
dur bir Gülhüseyni yığ.
Doğrudur, sonralar aramızda Gülhüseynlə bir qədər
soyuqluq oldu, amma fərq etməz. Gülhüseyn elə
Gülhüseyndir. Bütöv, sınmaz, əyilməz bir
insandır.
- Ay ata, o da səndən sonra dünyasını dəyişdi,
yoxdur bu dünyada.
Atam köks ötürür. Gözləri dolur:
- Ay oğul, çoxdandır səndən soruşmaq
istəyirdim, amma sözün düzü, üzüm gəlmirdi.
Ötən səfər mən sənə mane oldum. Bilmirəm
niyə? Səni çox istəmişəm, dəli kimi istəmirəm.
Amma həmişə də sənə qarşı... bilmirəm
niyə. Nə oldu sənin akademikliyin, ay oğul. O vaxt,
düzdür, sənin müxbir üzv seçilməyinə
etiraz etmişdim, amma sonra başa düşdüm ki, səhv
etmişəm. Yaxşı, daha olan olub, keçən
keçib. Dur, dur, bir Mahmudu yığ (Akademiyanın Prezidenti
Mahmud Kərimovu deyirdi). Onunla bir danışım.
- Ay ata, ehtiyac yoxdur. Həm də Mahmud Kərimov da
yoxdur bu dünyada, o da dünyasını dəyişib.
- Ay oğul, o ki cavan idi. Ona nə oldu?
- Bilmirəm. Amma nəsə oldu.
Atam kədərlə mənə baxırdı. Bir
siqaret yandırdı. Qırıq-qırıq, rabitəsiz səslə:
- Oğul, bu yaxınlarda Vaqifin bir şeirini oxudum.
İnan ki, ağladım (Vaqif Səmədoğlunu deyirdi).
"Sən mənim doğma anamsan, azadlıq. Mən sənin
yad qapırlarda böyümüş balan". Ay aman, nə
gözəl və kədərli təsvirdi. Dur, bir onu
yığ sözümü deyim. İnan ki, bizim
günümüzü bu misralar qədər təsvir edən
olmayıb. Dur, bir onu yığ.
- Ata, nə deyim sənə? O da yoxdur bu dünyada, dəyişib
dünyasını.
Atam kədərlə başını bulayır.
Yenə də nədənsə
danışırıq. Heç nə başa
düşmürəm. Birdən deyir ki:
- Yaxşı, bu dünyanın axırı nə
olacaq? Aləm bir-birinə qarışıb. Bunu bilsə-bilsə
Vəfa bilər. Atası rəhmətlik Mirzağa gözəl
alim idi. Amma siyasət-zad bilməzdi (Vəfa Quluzadəni
deyir). Dur, bir onu yığ. Bir az söhbət edək. Görək
bu qarışıqlıq nə zaman bitəcək?
Heç nə demirəm. Susuram. Diqqətlə mənə
baxır:
- Ay oğul, yoxsa o da....
- Hə, ay ata, o da.
Yenə də nədənsə
danışırıq.
Atam birdən ayağa qalxır:
- İmamverdini görmək istəyirəm (İmamverdi
Əbilovu deyirdi. Telefon dəftərində adı belə
yazılmışdı - "İmamverdi nur kündəsi").
Sən məni lap kədərləndirdin. Ürəyim doludur.
Əliyə denən maşını çıxarsın,
gedirəm İmamverdigilə - Neftçalaya. Bu dünyada
heç kəsə deyə bilmədiyimi o kişiyə deyirəm,
ürəyimi boşaldıram.
Yavaş səslə:
- Ay ata, otur. İmamverdi Əbilov da yoxdur bu dünyada,
o da dünyasını dəyişib. Əli də yoxdur
(Əli atamın 43 il şəxsi sürücüsü olub).
Atam oturduğu yerə çökdü:
- Bəs mən bu qədər dərdi kiminlə
bölüşüm? Gümanım bircə İmamverdiyə
çatırdı. O da yoxdur.
Yenə sükut. Sakitlik. Atam yavaş səslə:
- Ay oğul, bu dərdlər məni boğur. Dünya
elə bil ki, boşalıb. Sən lap məni kədərləndirdin.
- Ay ata, nə edim, sən soruşdun, mən də
cavab verdim.
- Dur, bir Habili yığ, onunla söhbət edim,
könlüm açılsın. Dur, dur, Habili yığ
(Habil Əliyevi deyirdi). Darıxmışam onun məzəli
söhbətlərindən ötrü.
Dinmədim. Atam yavaş səslə:
- Yoxsa o da?
- Hə, ay ata.
Bir qədər də ötdü. Atam yenə də nədənsə
danışırdı.
- Dur, heç olmasa Elçini yığ. Onunla bir məsələni
danışmaq istəyirəm. O ki cavandır. Cavan
olmalıdır. Yəqin ki, sağdır.
- Yox, ay ata, Elçin də bu günlərdə
dünyasını dəyişdi. 83 yaşında. Sənin
yaşına qədər yaşadı. Sən də 83
yaşında dünyanı dəyişmişdin.
Hər ikimiz susuruq.
Birdən atamdan soruşuram:
- Sənin telefon dəftərində bir ad da var (qəsdən
o adamın adını çəkmirəm. O adam da
dünyasını dəyişib. Adının yanında
"satqın" sözü yazılmışdı). Atam kədərlə gülümsədi:
- O məni 60-cı illərdə satmışdı. Sonralar
mənə işi düşdü. Arvadı xəstə idi.
Mən ona kömək elədim. Telefon nömrəsini o zaman
götürdüm ki, işlərini həll edəndən
sonra ona zəng eləyim deyim. Lazım olan dərmanları
tapdım, arvadını xəstəxanaya düzəltdim.
İndi neyləsin ki, Allah onu satqın yaradıb?
Yaxşı, sən mənim işlərimə qarışma.
Dur bir filankəsi yığ (O, filankəsin də
adını qəsdən çəkmirəm). Heç olmasa
onunla danışım.
- Ay, ata o sağdır. Amma... əqidəsi
ölüb. Əqidəsini qəsdən öldürüb.
Demək olar ki, yoxdur.
- A bala, o ki hər şeyi başa düşən adam
idi, o niyə belə etsin? Mən onu əqidə adamı
bilirdim.
- Nə isə.... Bəs filankəs? (onun da
adını qəsdən çəkmirəm). Dur onu
yığ. O ki...
- Ay ata, sən vaxtı
ilə elə onu hey tərfləyərdin. Mən də səninlə
mübahisə edirdim. O, sağdır. İstəyirsən onu
yığım. Amma o özünü sənin yanında əqidəli
adam kimi göstərirdi. Mən isə sənə deyirdim ki, o
bu dünyaya əqidəsiz gəlib, əqidəsiz də gedəcək.
O öz əqidəsini öldürməyib, çünki onun
əqidəsi olmayıb. Əla aktyor olub. Milləti əla
aldadıb, barmağına dolayıb. İstəyirsən onu
yığım, danış onunla.
- Yox, yığma, istəmirəm.
- Yaxşı, yığmıram, ay ata. Bu dünya sən
gördüyün dünya deyil, dünya çox dəyişib,
ay ata.
- Ay oğul, bəs siz bu dünyada necə
yaşayırsınız?
- Yaşayırıq da, birtəhər
yaşayırıq.
- Ay oğul, görürəm dəyişməyən
bir sənsən.
- Nə deyim, bəlkə də sən deyəndir.
Atam yavaş şəslə, pıçıltı
ilə:
- Dəyişmə oğul, dəyişmə.
Amanın günüdür, dəyişmə. Səni necə
əkmişəmsə, elə də qal.
Gülür, əlini çiynimə qoyur:
- Möhkəm ol, ay oğul, - Sonra üzünü mətbəxə
tərəf tutur. - Ay Dilarə, bir çay gətir.
Boğazım lap qurudu.
Yenə də nədənsə
danışırıq.
Bir qədər ötür:
- Ay, Dilarə çay nə oldu?
- Ay ata, o da... Ay ata, sən mənimlə o dünyadan
danışırsan. Bu gün sənin 100 yaşındır,
ay ata. Hamımız səni yad eləyirik. Səni yad eləyənlər
sağ olsunlar.
lll
Atamın hüzr günlərində evi ələk-vələk
elədim. O boz rəngli telefon dəftərini tapa bilmədim.
O telefon dəftəri mənə çox lazım idi. Axı,
o kimə lazım ola bilər? Ancaq mənə. Kimdən
soruşdumsa, bilmədi. Fikrimdə tutmuşdum ki, atamdan mənə
heç nə lazım deyil. Bəzi kitablar, telefon dəftəri
və bir də saatı... İşim çətinə
düşəndə o saata baxıram. Onun
çıqqıltısını eşidəndə sakitləşirəm.
Elə bilirəm, atam deyir: Sən heç nədən çəkinib
ehtiyat edən oğullardan deyilsən. Heç vaxt
qabağından yemə, oğul, mən də sənin yanındayam.
İsfəndiyar VAHABZADƏ
525-ci qəzet .- 2025.- 19 avqust (№146).- S.10;11.